Ərazi rəy sorğusu komissiyası səsvermənin nəticələri haqqında məntəqə rəy sorğusu komissiyalarının protokolları əsasında bütün məlumatları ümumiləşdirir və müvafiq ərazidə yerli rəy sorğusu günündən ən geci 2 gün keçənədək səsvermənin nəticələrini müəyyən edir və müvafiq qərar qəbul edir. Həmin qərardan müvafiq məhkəməyə şikayət edilə bilər.
Məntəqə rəy sorğusu komissiyalarının protokollarında göstərilmiş məlumatların ümumiləşdirilməsini ərazi rəy sorğusu komissiyasının üzvləri şəxsən həyata keçirirlər. Səsvermənin nəticələri barədə ərazi rəy sorğusu komissiyası protokol tərtib edir, bu protokola ərazi üzrə yerli rəy sorğusu məntəqələrinin sayı haqqında məlumat, məntəqə rəy sorğu komissiyalarından daxil olmuş protokolların sayı və bu Qanunun 30-cu maddəsində göstərilən məntəqə rəy sorğusu komissiyaları protokollarının ümumiləşdirilmiş məlumatları daxil edilir.
Ərazi rəy sorğusu komissiyasının protokolu 4 nüsxədə tərtib edilir və komissiyanın bütün üzvləri tərəfindən imzalanır. Protokola ərazi üzrə məntəqə rəy sorğusu komissiyalarının bütün məlumatlarını ümumiləşdirən cədvəl əlavə edilir. Protokolda səsvermənin nəticələri həm sözlə, həm də rəqəmlə ifadə edilir.
Bütövlükdə protokolla və ya onun ayrı-ayrı hissələri ilə razılaşmayan ərazi rəy sorğusu komissiyasının üzvü protokola xüsusi rəyini əlavə edə bilər; bu barədə protokolda müvafiq qeyd edilir.
Protokolun 1-ci nüsxəsi və ərazi üzrə məntəqə rəy sorğusu komissiyalarının bütün məlumatlarını ümumiləşdirən cədvəl ilə birlikdə ərazi rəy sorğusu komissiyasının fəaliyyəti qurtaranadək komissiyanın katibində qalır.
Səsvermənin nəticələri haqqında protokolun 2-ci nüsxəsi və yerli rəy sorğusunun nəticələrinə dair ərazi rəy sorğusu komissiyasının qərarı müşahidəçilərin və media subyektləri nümayəndələrinin ümumi tanışlığı məqsədi ilə ərazi rəy sorğusu komissiyasının otağında asılır.
Səsvermənin nəticələri haqqında protokolun 3-cü və 4-cü nüsxələri və yerli rəy sorğusunun nəticələrinə dair ərazi rəy sorğusu komissiyasının qərarı yerli rəy sorğusu keçirilən ərazinin bələdiyyəsinə və müvafiq icra hakimiyyəti orqanına göndərilir.
Yerli rəy sorğusuna çıxarılan məsələ o halda qəbul edilmiş sayılır ki, yerli rəy sorğusunda iştirak etmək hüququ olan vətəndaşların siyahısına daxil edilmiş vətəndaşların azı 25 faizi iştirak edərsə və səsvermədə iştirak etmiş vətəndaşların yarısından çoxu yerli rəy sorğusuna çıxarılan məsələnin "lehinə" səs versin.
Yerli rəy sorğusunun nəticələrinə dair ərazi rəy sorğusu komissiyasının qərarı beş gün ərzində elan olunur.