1.0. Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:
1.0.1. yetkinlik yaşına çatmayanlar - on səkkiz yaşınadək olan şəxslər;
1.0.2. baxımsız - təlim-tərbiyə vermək, yaxud saxlamaq vəzifəsinin valideynləri və ya digər qanuni nümayəndələri tərəfindən yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi nəticəsində davranışına nəzarət olunmayan yetkinlik yaşına çatmayan;
1.0.3. kimsəsiz - müəyyən yaşayış və ya qalmağa yeri olmayan yetkinlik yaşına çatmayan;
1.0.4. sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayan – baxımsızlıq və ya kimsəsizlik nəticəsində həyatına və ya sağlamlığına təhlükə yaranan, yaxud tərbiyə edilməsi və ya saxlanması üçün tələblərə cavab verməyən şəraitdə olan, yaxud hüquq pozuntuları törədən yetkinlik yaşına çatmayan;
1.0.5. sosial təhlükəli vəziyyətdə olan ailə - uşaqları sosial təhlükəli vəziyyətdə olan ailə. Valideynləri və ya digər qanuni nümayəndələri yetkinlik yaşına çatmayanların tərbiyəsi, təhsili və (və ya) saxlanılması üzrə öz vəzifələrini üzrlü səbəblər olmadan yerinə yetirməyən və (və ya) onların davranışına mənfi təsir göstərən və ya onlarla qəddar rəftar edən ailə;
1.0.6. fərdi profilaktik iş - sosial təhlükəli vəziyyətdə olan ailələrin və yetkinlik yaşına çatmayanların sosial-pedaqoji və sosial-psixoloji reabilitasiyası və (və ya) yetkinlik yaşına çatmayanlar tərəfindən hüquq pozuntularının törədilməsinin qarşısının alınması üzrə fəaliyyət;
1.0.7. yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası - sosial təhlükəli vəziyyətdə olan ailələrlə və yetkinlik yaşına çatmayanlarla fərdi profilaktik işlə birgə həyata keçirilən, yetkinlik yaşına çatmayanların baxımsızlığına, kimsəsizliyinə, habelə onlar tərəfindən hüquq pozuntularının törədilməsinə imkan yaradan səbəb və halların aşkar edilməsinə və aradan qaldırılmasına yönəldilmiş sosial, hüquqi, pedaqoji və digər tədbirlər sistemidir;
1.0.8. yetkinlik yaşına çatmayanların tərbiyəsi, təhsili və ya saxlanılması sahəsində valideynlərin və ya digər qanuni nümayəndələrin öz vəzifələrini yerinə yetirməməsinin üzrlü səbəbləri - yetkinlik yaşına çatmayanların valideynlərinin və digər qanuni nümayəndələrinin stasionar tibb müəssisələrinə yerləşdirilməsi, xəstəliyin terminal (son) mərhələsində olması, uzunmüddətli ezamiyyətə göndərilməsi, barəsində həbs qətimkan tədbirinin seçilməsi, inzibati həbsdə olması və ya aradan qaldırılması yetkinlik yaşına çatmayanların valideynlərinin və digər qanuni nümayəndələrinin iradəsindən asılı olmayan başqa səbəblərdir.