Qanunvericilik › Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 10

Maddə 10. Əhalinin sosial müdafiəsi orqanları və sosial xidmət müəssisələri

Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

10.1. Əhalinin sosial müdafiəsi orqanları öz səlahiyyətləri daxilində:

10.1.1. yetkinlik yaşına çatmayanların baxımsızlığının profilaktikası tədbirlərini həyata keçirir, həmin şəxslərin tərbiyəsi, saxlanılması üzrə öz vəzifələrini yerinə yetirməyən, onların davranışına mənfi təsir göstərən, yaxud onlarla qəddar rəftar edən valideynlər və ya digər qanuni nümayəndələr barəsində fərdi profilaktik işi təşkil edir;

10.1.2. yetkinlik yaşına çatmayanlar üçün ixtisaslaşdırılmış sosial reabilitasiya müəssisələrinin, habelə yetkinlik yaşına çatmayanlara və onların ailələrinə sosial xidmət göstərən digər müəssisə və xidmətlərin fəaliyyətinə nəzarət edir, eləcə də adı çəkilən müəssisələr şəbəkəsinin inkişafı üçün tədbirlər görür;

10.1.3. yetkinlik yaşına çatmayanlara və onların ailələrinə sosial xidmətlər göstərən müəssisə və xidmətlərin fəaliyyətinə sosial reabilitasiyanın müasir metodikalarını və texnologiyalarını tətbiq edir.

10.2. Əhalinin sosial müdafiəsi orqanlarının sosial xidmət müəssisələri öz səlahiyyətləri daxilində:

10.2.1. yetkinlik yaşına çatmayanların, onların valideynlərinin və ya digər qanuni nümayəndələrinin xahişi ilə, yaxud yetkinlik yaşına çatmayanların hüquq pozuntularının profilaktikasını həyata keçirən orqan və müəssisələrin vəzifəli şəxslərinin təşəbbüsü ilə sosial təhlükəli vəziyyətdə olan və ya digər çətin vəziyyətə düşmüş yetkinlik yaşına çatmayanlara ödənişsiz sosial xidmətlər göstərir;

10.2.2. sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanları, habelə sosial xidmətlərə ehtiyacı olan yetkinlik yaşına çatmayanların üzvü olduğu ailələri aşkar edir, onların sosial reabilitasiyasını həyata keçirir, fərdi sosial reabilitasiya proqramlarına uyğun olaraq onlara lazımi yardım göstərir;

10.2.3. yetkinlik yaşına çatmayanların asudə vaxtının təşkili, yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsi yolu ilə yetkinlik yaşına çatmayanlarla fərdi profilaktik işin aparılmasında iştirak edir, dövlət yardımına ehtiyacı olan yetkinlik yaşına çatmayanların sağlamlaşdırılmasına və istirahətinin təşkilinə yardım edir.

10.3. Əhalinin sosial müdafiəsi orqanlarının və sosial xidmət müəssisələrinin vəzifəli şəxsləri aşağıdakı hüquqlara malikdirlər:

10.3.1. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada yetkinlik yaşına çatmayanlara baş çəkmək, onlarla, onların valideynləri və ya digər qanuni nümayəndələri, o cümlədən digər şəxslərlə söhbətlər aparmaq;

10.3.2. səlahiyyətlərinə aid məsələlər üzrə dövlət orqanlarından və digər müəssisələrdən məlumatlar almaq.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver