8.1. Barəsində fərdi profilaktik iş aparılan yetkinlik yaşına çatmayanların, onların valideynlərinin və ya digər qanuni nümayəndələrinin Azərbaycan Respublikasının Konstitusiyasında, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə, Azərbaycan Respublikasının qanunlarında və digər normativ hüquqi aktlarında təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqları təmin edilir.
8.2. Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası sisteminə daxil olan müəssisələrdə saxlanılan yetkinlik yaşına çatmayanlar aşağıdakı hüquqlara malikdirlər:
8.2.1. yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası sisteminə daxil olan müəssisəyə yerləşdirilməsi barədə valideynlərinə və ya digər qanuni nümayəndələrinə məlumat vermək;
8.2.2. yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası sisteminə daxil olan müəssisədə yerləşdirilməsinin məqsədləri, müəssisənin hüquq və vəzifələri, o cümlədən onun daxili intizam qaydaları haqqında məlumat almaq;
8.2.3. yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası sisteminə daxil olan müəssisənin vəzifəli şəxsləri tərəfindən qəbul edilən qərarlardan bu sistemin yuxarı dövlət orqanlarına və ya məhkəməyə şikayət etmək;
8.2.4. sayı məhdudlaşdırılmadan telefon danışıqları və görüşlər vasitəsilə ailəsi ilə əlaqə saxlamaq;
8.2.5. sayı məhdudlaşdırılmadan məktub və teleqramlar almaq və göndərmək, bağlama və digər poçt göndərişlərini almaq;
8.2.6. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş normalar əsasında pulsuz yeməklə, geyimlə və digər zəruri ləvazimatlarla təmin olunmaq;
8.2.7. vəkildən və ya Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq hüquqi yardım göstərmək hüququna malik olan digər şəxslərdən pulsuz hüquqi yardım almaq.
8.3. Bu Qanunun 8.2-ci maddəsində göstərilən hüquqların sadalanması yetkinlik yaşına çatmayanların digər hüquqlarının inkar edilməsi və ya məhdudlaşdırılması kimi təfsir edilə bilməz.