Qanunvericilik › “Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2008-ci il 30 iyun tarixli 4 nömrəli Qərarında dəyişiklik edilməsi barədə (Ali Məhkəmə Plenumunun qərarı, 04.04.2025) › Tam mətn

“Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2008-ci il 30 iyun tarixli 4 nömrəli Qərarında dəyişiklik edilməsi barədə (Ali Məhkəmə Plenumunun qərarı, 04.04.2025)

“Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2008-ci il 30 iyun tarixli 4 nömrəli Qərarında dəyişiklik edilməsi barədə (Ali Məhkəmə Plenumunun qərarı, 04.04.2025) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyini təmin etmək vəzifəsi Ali Məhkəmənin Plenum qərarlarının təkmilləşdirilməsi üzərində işin davamlı olaraq aparılmasını, bu qərarların qanunvericiliyə edilmiş dəyişikliklərə uyğunlaşdırılmasını, işlərə baxılması zamanı ortaya çıxan, eləcə də məhkəmələrdən, digər orqanlardan daxil olan müraciətlərdə Ali Məhkəmə qarşısında qaldırılan hüquqi problemlərin səmərəli şəkildə həll edilməsini tələb edir.

Qeyd olunanlara əsasən və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 79, 79-1 və 80-ci maddələrini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu

Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” 2008-ci il 30 iyun tarixli 4 nömrəli Qərarında aşağıdakı dəyişikliklər edilsin:

1.1. ikinci abzas aşağıdakı redaksiyada verilsin:

“Azərbaycan Respublikası 1993-cü il 28 iyul tarixli 652 nömrəli Azərbaycan Respublikası Milli Məclisinin Qərarı ilə BMT-nin Baş Məclisi tərəfindən 1985-ci il noyabrın 29-da qəbul olunmuş “Birləşmiş Millətlər Təşkilatının yetkinlik yaşına çatmayanlar barəsində ədalət mühakiməsinin həyata keçirilməsinə aid minimal standart qaydaları”na və 1992-ci il 21 iyul tarixli 236 nömrəli Milli Məclisin Qərarı ilə BMT-nin “Uşaq hüquqlarına dair” Konvensiyasına qoşulduğundan Azərbaycan Respublikasının Cinayət və Cinayət-Prosessual məcəllələrində həmin sənədlərin müəyyən etdiyi bir çox məsələlər öz əksini tapmışdır.”;

1.2. üçüncü abzasın birinci cümləsində “Respublikanın” sözü “Azərbaycan Respublikasının” sözləri ilə, ikinci cümləsində “çatmayanlar şəxslərin” sözləri “çatmayanların” sözü ilə və həmin cümlədə “yeniyetmələrin” sözü “yetkinlik yaşına çatmayanların” sözləri ilə əvəz edilsin.

2.1. üçüncü abzasda “Məhkəmələr bu” sözləri “Bu” sözü ilə, “yetirməlidirlər” sözü “yetirilməlidir” sözü ilə əvəz edilsin.

2.2. dördüncü abzasda “CPM-nin” sözü “Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM)” sözləri ilə əvəz edilsin;

2.3. beşinci abzas ləğv edilsin.

3.1. birinci abzasdan “Məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası” sözləri çıxarılsın;

3.2. ikinci abzasın birinci cümləsi aşağıdakı redaksiyada verilsin:

“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – CM) 84.1-ci maddəsinə əsasən cinayət törədərkən on dörd yaşı tamam olmuş, lakin on səkkiz yaşına çatmayan şəxslər yetkinlik yaşına çatmayanlar hesab olunurlar.”;

3.3. ikinci abzasın ikinci cümləsi müvafiq olaraq üçüncü cümlə hesab edilsin və həmin abzasa aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“Cinayət-prosessual qanunla əməlin baş verdiyi anda cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatmayan şəxslərə tərbiyəvi xarakterli məcburi tədbirlərin tətbiqi, 14 yaşına çatmadıqları üçün fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslərin cinayət prosesində iştirakı, onların malik olduqları hüquqlar və hüquqların həyata keçirilməsi qaydası və s. bu kimi məsələlər tənzimləndiyindən, CPM-in 428.2-ci maddəsi ilə “yetkinlik yaşına çatmayanlar” cinayətin törədilməsi anınadək on səkkiz yaşına çatmamış şəxslər kimi müəyyən edilmişlər.”;

3.4. dördüncü abzas aşağıdakı redaksiyada verilsin:

“CPM-in 429-cu maddəsində yetkinlik yaşına çatmayanın yaşı (doğulduğu il, ay, gün) yetkinlik yaşına çatmayanlar barəsində icraat zamanı müəyyən edilməli olan mühüm hallar sırasında göstərildiyindən, işdə buna dair mötəbər məlumatların olmaması və yaxud məlumatların ziddiyyətli olması işin mahiyyəti üzrə qanuni həllini qeyri-mümkün etdikdə, CPM-in 303.3.6-cı maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında işə baxılmasına xitam verilməsinə və işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasına əsas verən hal kimi qiymətləndirilməlidir.”.

4.1. birinci abzasın birinci cümləsi aşağıdakı redaksiyada verilsin:

“Yetkinlik yaşına çatmayan cinayət törətmiş şəxslər barəsində işlərə baxılarkən nəzərə almaq lazımdır ki, CPM-in 92.4.2-ci maddəsinə əsasən bu növ işlər üzrə müdafiəçinin cinayət prosesində, o cümlədən məhkəmə baxışında iştirakı məcburidir və şəxsin yetkinlik yaşına çatmasından asılı olmayaraq ilk dəfə dindirildiyi, ona tutulması haqqında cinayət prosesini həyata keçirən orqanın qərarının, tutma haqqında protokolun və ya həbs qətimkan tədbirinin seçilməsi haqqında qərarın elan edildiyi andan təmin olunmalıdır.”;

4.2. ikinci abzas aşağıdakı redaksiyada verilsin:

“Yetkinlik yaşına çatmayanların məhkəmədə müdafiəçi ilə təmin edilməsinin məcburiliyi dedikdə, onların bütün məhkəmə icraatlarında (birinci instansiya məhkəməsinin hazırlıq iclası və məhkəmə baxışı, apellyasiya instansiyası məhkəməsinin ilkin baxışı və məhkəmə iclası, kassasiya instansiyası məhkəməsinin iclası, hökmün və ya məhkəmənin digər yekun qərarının icrası ilə əlaqədar məsələlərə baxılması üzrə məhkəmə iclası və s.) müdafiəçi ilə təmin edilməsi ehtiva olunur.”;

4.3. üçüncü abzasın birinci cümləsində “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin” sözləri “CPM-in” sözü ilə əvəz edilsin və həmin abzasın ikinci və üçüncü cümlələrində hər iki halda “Cinayət-Prosessual Məcəlləsinin” sözləri “CPM-in” sözü ilə əvəz edilsin.

5.1. birinci abzasın ikinci cümləsində “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 434-cü” sözləri “CPM-in 434.1-ci” sözləri ilə, “şübhəli” sözü “təqsirləndirilən” sözü ilə, “az ağır zorakı cinayətin, habelə ağır və ya xüsusilə ağır cinayətin” sözləri isə “ağır və ya xüsusilə ağır cinayətin, 16 yaşına çatmış təqsirləndirilən şəxslərə isə həmçinin az ağır cinayətin zorakı üsulla və ya iki dəfədən çox” sözləri ilə əvəz edilsin;

5.2. ikinci abzasda “Cinayət-Prosessual Məcəlləsinin” sözləri “CPM-in” sözü ilə əvəz edilsin.

6.1. birinci abzasın birinci cümləsində “435-ci” sözü “435.3-cü” sözü ilə və həmin abzasın ikinci cümləsində “Cinayət-Prosessual Məcəlləsinin” sözləri “CPM-in” sözü ilə əvəz edilsin;

6.2. dördüncü abzasda “Məhkəmələr nəzərə almalıdırlar ki, şübhəli” sözləri “Şübhəli” sözü ilə, “Cinayət-Prosessual Məcəlləsinin” sözləri “CPM-in” sözü ilə, “hüquqlar” sözü “hüquqları” sözü ilə əvəz edilsin.

7.1. birinci abzasda “qanuni nümayəndə funksiyasına” sözləri “cinayət prosesində onun qanuni nümayəndəsinin iştirakına” sözləri ilə əvəz edilsin;

7.2. ikinci abzasın birinci cümləsinə “Məhkəmə” sözündən sonra “yaxın qohum olan” sözləri əlavə edilsin, ikinci cümləsindən “Azərbaycan Respublikası” sözləri çıxarılsın.

8. 7-ci bənd aşağıdakı redaksiyada verilsin:

“7. Yetkinlik yaşına çatmayan şübhəli və ya təqsirləndirilən şəxsə dair cinayət prosesində onun xronik psixi xəstəliyi, ruhi fəaliyyətin müvəqqəti pozulması, əqli gerilik və ya sair psixi xəstəliyi haqqında əsaslı məlumatlar olduqda, CPM-in 140.0.2-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqan (CPM-in 331.7-ci maddəsində nəzərdə tutulmuş hal olduqda - məhkəmə) yetkinlik yaşına çatmayanın ictimai təhlükəli əməli törədərkən və mövcud psixi vəziyyətinin müəyyən edilməsi üçün məhkəmə psixiatrik ekspertizası, o cümlədən yetkinlik yaşına çatmamış şəxsdə psixi inkişafdan geri qalmanın mövcud olub-olmamasının və bu halın onun öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək qabiliyyətinə təsirinin aydınlaşdırılması üçün kompleks məhkəmə psixoloji-psixiatrik ekspertizası təyin edir.”.

9. 8-ci bənd aşağıdakı redaksiyada verilsin:

“8. Yetkinlik yaşına çatmayanlar tərəfindən 18 yaşına çatmış şəxslərin iştirakı ilə törədilmiş cinayətlər haqqında işlərə baxılarkən onlarla cinayətin yetkinlik yaşına çatan iştirakçısı arasındakı qarşılıqlı münasibətlərin xarakterinin dəqiq araşdırılması zəruridir. Çünki belə araşdırma yetkinlik yaşına çatmayanın cinayətin törədilməsinə, habelə CM-in 171-ci maddəsində nəzərdə tutulmuş fahişəliyə, pornoqrafiya tamaşalarında iştirak etməyə və ya digər əxlaqsız əməllərə cəlb edilməsində yetkinlik yaşına çatmış şəxsin rolunun müəyyən olunması üçün mühüm əhəmiyyət kəsb edir.

Yetkinlik yaşına çatmamış şəxsləri cinayətkar fəaliyyətə, fahişəliyə, pornoqrafiya tamaşalarında iştirak etməyə və ya digər əxlaqsız əməllərə cəlb etməyə görə yalnız yetkinlik yaşına çatmış və cinayəti qəsdən törətmiş şəxslər cinayət məsuliyyətinə cəlb oluna bilərlər. Yetkinlik yaşına çatmış şəxs cinayətin törədilməsinə cəlb etdiyi şəxsin yetkinlik yaşına çatmamasını bilmədiyi halda, o, CM-in 170 və ya 171-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilə bilməz. Təqsirkarın cinayətin törədilməsinə və ya CM-in 171-ci maddəsində nəzərdə tutulmuş əxlaqsız əməllərə cəlb etdiyi şəxsin yetkinlik yaşına çatmamasından məlumatlı olması sonuncunun zahiri əlamətləri, onların arasında qohumluq, tanışlıq münasibətlərinin olması, əməlin, onun elementlərinin törədildiyi yerin orta məktəb və yaxud əsasən yeniyetmələrin getməyə üstünlük verdikləri digər yer olması və s. bu kimi obyektiv hallara görə də müəyyən edilə bilər.

CM-in 170 və 171-ci maddələri ilə başa çatmış cinayət əməlinə görə məsuliyyət yetkinlik yaşına çatmayan şəxsin cəlb edildiyi cinayətin və ya CM-in 171-ci maddəsi ilə ehtiva olunan hər hansı əxlaqsız əməlin törədilməsinə yönələn, o cümlədən cinayətə hazırlıq üzrə ilk hərəkəti etməyə başladığı andan yaranır. Buna başlamadan yetkinlik yaşına çatmayan şəxs cinayət əməlini və ya CM-in 171-ci maddəsində nəzərdə tutulmuş əxlaqsız əməli törətməkdən imtina etdikdə və yaxud təqsirkar özünün və ya yetkinlik yaşına çatmayanın iradəsindən asılı olmayan digər səbəblərdən yetkinlik yaşına çatmayanı cinayətkar fəaliyyətə və ya əxlaqsız əməllərə cəlb etməyə müvəffəq olmadıqda, sözügedən əməl CM-in 170 və ya 171-ci maddəsində göstərilən cinayəti törətməyə cəhd kimi CM-in 29-cu maddəsinə istinad olunmaqla tövsif olunmalıdır.”.

10.1. birinci abzasdan “Azərbaycan Respublikası” sözləri çıxarılsın;

10.2. ikinci abzasda “çatmayan şəxsi” sözləri “çatmayanı” sözü ilə əvəz edilsin və həmin abzasdan “Azərbaycan Respublikası” sözləri çıxarılsın.

11. aşağıdakı məzmunda 9-1 və 9-2-ci bəndlər əlavə edilsin:

“9-1. İstər CM-in 170-ci maddəsində nəzərdə tutulmuş əmələ, istərsə də CM-in 171-ci maddəsi ilə ehtiva olunan əmələ görə cinayət məsuliyyətinin yaranmasının əsasını yetkinlik yaşına çatmayanın hüquqa və əxlaqa zidd olan əməllərə cəlb edilməsi təşkil etdiyindən və bu səbəbdən “yetkinlik yaşına çatmayanı tərbiyə etmək vəzifəsini daşıyan şəxs” anlayışının CM-in 170-ci maddəsində göstərilən “cəlb etmə” əməlinə münasibətdə bir cür, CM-in 171-ci maddəsində göstərilən “cəlb etmə” əməlinə münasibətdə başqa cür təfsir edilməsi (fərqləndirilmə) üçün obyektiv əsas olmadığından, CM-in 170.2-ci maddəsində təsbit edilən tövsifedici əlamət şərh edilərkən CM-in 171.2.3-cü maddəsinin dispozisiyası nəzərə alınmalı və birinci normada “yetkinlik yaşına çatmayanı tərbiyə etmək vəzifəsini daşıyan şəxs” dedikdə, yetkinlik yaşına çatmayanın valideynləri və ya üzərinə qanunla yetkinlik yaşına çatmayanı tərbiyə etmək vəzifəsi qoyulmuş digər şəxslər və ya yetkinlik yaşına çatmayanlara nəzarəti həyata keçirmək vəzifəsini daşıyan təhsil, tərbiyə, tibbi və ya digər müəssisənin müəllimi və ya digər işçisi başa düşülməlidir.

9-2. CM-in 170.3-cü maddəsində nəzərdə tutulmuş yetkinlik yaşına çatmayanı cinayətkar qrupa cəlb etmə dedikdə, təqsirkar tərəfindən yetkinlik yaşına çatmayanın (cəlb edilənin özü nəzərə alınmadan) ən azı iki nəfərdən ibarət olan cinayətkar qrupa (məsələn, qabaqcadan əlbir olan bir qrup şəxsin və ya mütəşəkkil dəstənin cinayətkar fəaliyyətinə) cəlb olunması başa düşülür.”.

12. 10-cu bənd aşağıdakı redaksiyada verilsin:

“10. Yetkinlik yaşına çatmayanın fiziki və ya psixi məcburiyyət təsiri altında, yaxud təqsirkardan maddi, xidməti və ya sair asılılığından istifadə olunmaqla cinayətkar fəaliyyətə və ya CM-in 171-ci maddəsində nəzərdə tutulmuş əxlaqsız hərəkətlərə cəlb edilməsi kimi halın mövcud olub-olmaması bu cinayətlərin obyektiv cəhətini təşkil edən faktiki halların araşdırılması ilə yanaşı, həm də cəza təyin etmə məsələsinin həlli baxımından yetkinlik yaşına çatmayanlarla bağlı cinayət prosesində müəyyən edilməsi tələb olunan mühüm əhəmiyyətli məsələdir. Belə ki, CM-in 59.1.6-cı maddəsində qeyd olunan hal cəzanı yüngülləşdirən hal qismində təsbit edilmişdir və müəyyən edildiyi təqdirdə yetkinlik yaşına çatmayana cəzanın təyin edilməsi zamanı nəzərə alınmalıdır.”.

13.1. birinci abzasın birinci cümləsində “Məhkəmələrə izah olunsun ki, yetkinlik” sözləri “Yetkinlik” sözü ilə əvəz edilsin, həmin cümlədən hər iki halda “Azərbaycan Respublikası” sözləri çıxarılsın, həmin cümlədə “yetkinlik yaşına çatmamış şəxsin həyat və tərbiyə şəraiti, əqli və psixi inkişaf səviyyəsi, şəxsiyyətlərinin digər xüsusiyyətləri, yetkinlik yaşına çatmış şəxslərin ona təsiri və s.” sözləri “yetkinlik yaşına çatmayanın həyat və tərbiyə şəraiti, psixi inkişaf səviyyəsi, onun şəxsiyyətinin digər xüsusiyyətləri və kənar şəxslərin ona təsiri” sözləri ilə əvəz edilsin;

13.2. ikinci abzasda “edərkən məhkəmələr nəzərə almalıdırlar ki,” sözləri “edilərkən” sözü ilə əvəz edilsin.

13.3. üçüncü abzasda “etməlidir” sözü “edə bilər” sözləri ilə əvəz edilsin.

14. aşağıdakı məzmunda 11-1-ci bənd əlavə edilsin:

“11-1. Yetkinlik yaşına çatmayanlara cəza təyin edərkən nəzərə almaq lazımdır ki, CM-in 85.1-ci maddəsi ilə bu kateqoriyadan olan şəxslər üçün cəmi beş cəza növü (cərimə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması və müəyyən müddətə azadlıqdan məhrumetmə) nəzərdə tutulmuş və CM-in 85.2-85.5-ci maddələri ilə onların hər biri üçün azaldılmış məbləğ və ya qısaldılmış müddətlər müəyyən edilmişdir. O cümlədən CM-in 85.5-ci maddəsi ilə nəzərdə tutulmuşdur ki, azadlıqdan məhrum etmə yetkinlik yaşına çatmayanlara on ildən çox olmayan müddətə təyin edilir.

Ona görə də, yetkinlik yaşına çatmayanlara CM-in 85.2-85.5-ci maddələrinin tələblərinə əsasən CM-in Xüsusi hissəsinin sanksiyasında göstərilən cəzanın aşağı həddindən də az cəza təyin etmək zərurəti yarandıqda, bu cəza CM-in 62-ci maddəsinə istinad edilmədən təyin edilməlidir.

Yetkinlik yaşına çatmayanın təqsirli bilindiyi CM-in Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının aşağı həddi 10 ildən yuxarı olduğu halda da ona CM-in 85.5-ci maddəsinin tələbinə əsasən 10 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilərkən CM-in 62-ci maddəsinə istinad etməyə ehtiyac yoxdur. Lakin belə cinayətlərə görə təqsirli bilinmiş şəxslərə 10 ildən az müddətinə və ya CM-in Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmayan daha yüngül növ cəza yalnız CM-in 62-ci maddəsinə istinad olunmaqla və onun tətbiqi üçün əsaslar (cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan müstəsna hallar) olduqda təyin edilə bilər.”.

15. 12-ci bənd aşağıdakı redaksiyada verilsin:

“12. Yetkinlik yaşına çatanadək cinayət törətmiş şəxs barəsində CM-in 66 və 67-ci maddələrinin müddəalarına uyğun olaraq cəza təyin edilərkən nəzərə alınmalıdır ki, cinayətlərin və ya hökmlərin məcmusu üzrə təyin edilən cəzanın müddəti və miqdarı da CM-in 85-ci maddəsində nəzərdə tutulan hədlərdən yuxarı, o cümlədən azadlıqdan məhrum etmə cəzasının müddəti on ildən artıq ola bilməz. Bu səbəbdən yetkinlik yaşına çatmayanlara cinayətlərin və ya hökmlərin məcmusu üzrə cəza təyin edilərkən məcmuya daxil olan cinayətlərdən birinə görə on il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edildiyi halda, qəti cəza az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin edilir.

Şəxsin təqsirli bilindiyi bir neçə cinayətin bir qismi yetkinlik yaşına çatanadək, digər qismi yetkinlik yaşına çatdıqdan sonra törədildikdə, cinayətlərin məcmusu üzrə cəza təyin edilərkən, əvvəlcə CM-in 85-ci maddəsinin tələbləri nəzərə alınmaqla 18 yaşına çatanadək törədilmiş cinayətə görə, sonra isə yetkinlik yaşında törədilmiş cinayətlərə görə cəza təyin edilməli və CM-in 66-cı maddəsinə uyğun olaraq qəti cəza müəyyən olunmalıdır.

Cinayət qanununun eyni maddəsi ilə tövsif olunan cinayətlərdən bir qismi yetkinlik yaşına çatanadək, digər qismi isə yetkinlik yaşına çatdıqdan sonra törədildikdə həmin maddə ilə cəza ümumi əsaslarla, yəni xüsusi normalara istinad edilmədən təyin olunmalıdır.

Yetkinlik yaşına çatmayanlara cinayətə hazırlığa və ya cinayətə cəhdə görə müvafiq olaraq CM-in 63.2 və ya 63.3-cü maddəsinə əsasən cəza təyin edilərkən CM-in Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddi kimi CM-in 85-ci maddəsində nəzərdə tutulan müddətlər əsas götürülməli və bu halda da CM-in 63.2, 63.3 və 85-ci maddələrinin tələblərinə əsasən ona CM-in Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş cəzanın aşağı həddindən az müddətə cəzanın təyin edilməsi zərurəti yarandıqda, bu cəza CM-in 62-ci maddəsinə istinad edilmədən təyin olunmalıdır.

Yetkinlik yaşına çatmayanlar barəsində CM-in 70-ci maddəsini tətbiq etməklə cəza təyin edilərkən hər bir halda şərti məhkum edilənlərin üzərinə müəyyən vəzifələrin qoyulması haqqında məsələ də müzakirə edilməlidir.

Nəzərə almaq lazımdır ki, CM-in 59.1.2-ci maddəsinə görə cinayətin yetkinlik yaşına çatmayan şəxs tərəfindən törədilməsi cəzanı yüngülləşdirən haldır.”.

16.1. birinci cümlədə “Məhkəmələr yetkinlik” sözləri “Yetkinlik” sözü ilə, “72 və 73-cü” sözləri “72-74-1-ci” sözləri ilə, “mümkünlüyünü” sözü “mümkünlüyü” sözü ilə, “saxlamalıdırlar” sözü “saxlanılmalıdır” sözü ilə əvəz edilsin;

16.2. ikinci cümlə aşağıdakı redaksiyada verilsin:

“Böyük ictimai təhlükə törətməyən cinayət törətmiş yetkinlik yaşına çatmayan şəxsin işi üzrə səmimi peşmanlıqla və yaxud zərərçəkmişlə barışmaqla bağlı şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsas verən, müvafiq olaraq CM-in 72.1 və 73.1-ci maddələrində nəzərdə tutulmuş hallar müəyyən olunduqda, yetkinlik yaşına çatmayanın cinayət məsuliyyətindən azad edilməsinin mümkünlüyü məsələsinə mütləq baxılmalıdır.”.

17. 15-ci bənd çıxarılsın.

18. 16-cı bənd aşağıdakı redaksiyada verilsin:

“16. CM-in 85.1-ci maddəsi ilə yetkinlik yaşına çatmayanlara təyin edilməsinə yol verilən cəzalar sırasında yalnız cərimə cəzası CM-in 43-cü maddəsində həm əsas, həm də əlavə cəza kimi təsbit edildiyindən, müstəsna olaraq cərimə yetkinlik yaşına çatmayanlara əlavə cəza qismində təyin edilə bilər. Əlavə cəza qismində təyin edildiyi hallarda da CM-in 44.3-cü maddəsi ilə yanaşı, CM-in 85.2-ci maddəsində nəzərdə tutulmuş cərimə cəzasının yetkinlik yaşına çatmayanlara təyin edilməsinin şərtləri və həddi barədə tələblərə əməl olunmalıdır.”.

19.1 birinci cümlədə “və islah işləri” sözləri “, islah işləri və azadlığın məhdudlaşdırılması” sözləri ilə, “47.3 və 49.3-cü” sözləri isə “47.3, 49.3 və 52-1.5-ci” sözləri ilə əvəz edilsin;

19.2. ikinci cümlədə “əvəz edilmiş” sözləri “əvəz etmə qaydasında müəyyən olunmuş” sözləri ilə əvəz edilsin.

20.1. birinci abzasdan “İzah olunsun ki, Azərbaycan Respublikası” sözləri çıxarılsın və həmin abzasda “çatmayan şəxsin” sözləri “çatmayanın” sözü ilə əvəz edilsin;

20.2. ikinci abzasdan “şəxs” və “həm məhkəmə hazırlıq iclasında, həm də” sözləri çıxarılsın.

21.1. birinci abzasdan “Məhkəmələr nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası” və “şəxs” sözləri çıxarılsın;

21.2. ikinci abzasın birinci cümləsində “çatmayanları” sözü “çatmayanlar” sözü ilə, “verərkən” sözü “verilərkən” sözü ilə, “şəxslər” sözü “şəxslərin” sözü ilə, “biləcəklər” sözü “biləcəyindən əminlik olmalıdır” sözləri ilə əvəz edilsin, “məhkəmə əmin olmalıdır ki,” sözləri çıxarılsın;

21.3. ikinci abzasın ikinci cümləsi aşağıdakı redaksiyada verilsin:

“Bunun üçün müvafiq materialların tələb edilməsi, valideynlərin və ya onları əvəz edən şəxslərin həyat şəraitinin, yetkinlik yaşına çatmayanın onların nəzarətinə verilməsinə münasibətlərinin, yetkinlik yaşına çatmayanın maddi təminatı imkanlarının və s. əhəmiyyət kəsb edən məsələlərin araşdırılması zəruridir.”.

22.1. birinci abzasdan hər iki halda “Azərbaycan Respublikası” sözləri çıxarılsın və həmin abzasda “çatmayan şəxsi” sözləri “çatmayanı” sözü ilə əvəz edilsin;

22.2. ikinci abzasın birinci cümləsində “Belə hallarda, nəzərə” sözləri “Nəzərə” sözü ilə əvəz edilsin və həmin abzasın ikinci cümləsi aşağıdakı redaksiyada verilsin:

“İttiham hökmünün nəticəvi hissəsində cinayətin törədilməsində təqsirli bilinən yetkinlik yaşına çatmayana cəza təyin edilmədən, birbaşa məhkəmə tərəfindən müəyyən edilmiş tərbiyəvi xarakterli məcburi tədbirin tətbiqinə dair qərar göstərilməlidir.”.

23. 21-ci bəndin birinci abzasının birinci cümləsində “Cinayət Məcəlləsinin” sözləri “CM-in” sözü ilə əvəz edilsin.

24. 22-ci bəndin ikinci abzasından “məhkəmələr” sözü çıxarılsın və həmin abzasda “müddət də” sözləri “müddətdə” sözü ilə, “halları” sözü “hallar” sözü ilə, “təsirini” sözü “təsiri” sözü ilə, “almalıdırlar” sözü isə “alınmalıdır” sözü ilə, üçüncü abzasda “Cinayət-Prosessual Məcəlləsinin” sözləri “CPM-in” sözü ilə əvəz edilsin.

25. 24-cü bənddə “çatmayan şəxslərin” sözləri “çatmayanların” sözü ilə əvəz edilsin, həmin bənd müvafiq olaraq 25-ci bənd hesab edilsin və aşağıdakı məzmunda 24-cü bənd əlavə edilsin:

“24. CM-in 92-ci maddəsinə əsasən şərti məhkum etməyə görə məhkumluq istisna olmaqla, məhkumluğun həmin Məcəllənin 83.3-cü maddəsində nəzərdə tutulmuş müddətləri cinayət törətmiş yetkinlik yaşına çatmayanlar üçün qısaldılır və azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzanın çəkilib qurtardığı gündən altı ay, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə növündə cəzanın çəkilib qurtardığı gündən bir il, ağır və ya xüsusilə ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə növündə cəzanın çəkilib qurtardığı gündən isə üç il keçdikdə məhkumluq ödənilmiş hesab edilir.”.

Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri

Bakı şəhəri, 4 aprel 2025-ci il

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver