Qanunvericilik › Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 30

Maddə 30. Nəqliyyat vasitələrinin texniki vəziyyəti və onların texniki baxışdan keçirilməsi

Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

I. Azərbaycan Respublikasının ərazisində yol hərəkətində iştirak edən nəqliyyat vasitələrinin texniki vəziyyəti və avadanlığı yol hərəkətinin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi baxımından bu Qanuna 1 saylı Əlavə ilə müəyyən olunmuş tələblərə uyğun olmalıdır. Texniki cəhətdən nasaz olan bu Qanunun 30-cu maddəsinin VI hissəsinin 1-ci bəndində nəzərdə tutulmuş nəqliyyat vasitələri yol hərəkətinə buraxılmamalıdırlar.

II. Nəqliyyat vasitələrinin sahibləri və ya nəqliyyat vasitələrinin texniki vəziyyətinə cavabdeh olan şəxslər:

1) nəqliyyat vasitələrinin istismarı zamanı onların texniki vəziyyətinə dair müəyyən edilmiş tələblərə riayət etməlidirlər;

2) nəqliyyat vasitələrinin texniki cəhətdən saz vəziyyətdə saxlanılması üçün onlara vaxtlı-vaxtında texniki xidmət göstərməlidirlər;

3) texniki vəziyyəti dövlət standartlarının, yol hərəkəti qaydalarının tələblərinə uyğun gəlməyən, habelə müəyyənləşdirilmiş qaydada qeydə alınmamış, normativ tələblər pozulmaqla avadanlıq quraşdırılmış və ya avadanlığı dəyişdirilmiş və ya qanunla müəyyən edilmiş hallarda texniki baxışdan keçməmiş nəqliyyat vasitələrinin istismarına yol verməməlidirlər.

III. Nəqliyyat vasitələrinə texniki xidmət yalnız nəqliyyat vasitələrinin sahibləri, xüsusi texniki biliyə və ixtisasa malik olan şəxslər və yaxud Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada texniki-təmir stansiyaları (sahələri) tərəfindən həyata keçirilir. Nəqliyyat vasitələrinin sayı 10 və daha artıq olan hüquqi şəxslər nəqliyyat vasitələrinə texniki xidməti bu məqsədlə təşkil etdikləri texniki-təmir stansiyalarında (sahələrində) həyata keçirirlər.

IV. Nəqliyyat vasitəsinə texniki xidmət göstərilməsi qaydası Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilən “Nəqliyyat vasitələrinə və onların qoşqularına dövlət texniki baxışının keçirilməsi qaydaları haqqında”, “Nəqliyyat vasitələrinə texniki xidmət göstərilməsi haqqında”, “Nəqliyyat vasitələrinə texniki xidmət göstərən texniki-təmir sahələri haqqında” və “Nəqliyyat vasitələrinə texniki xidmət göstərən texniki-təmir stansiyaları haqqında” nümunəvi əsasnamələrlə müəyyən edilir.

V. İstismarda olan nəqliyyat vasitəsinə həmin modelin normativ-texniki sənədlərində nəzərdə tutulmayan hissələr quraşdırmaq yolu ilə onun konstruksiyasının parametrlərinin dəyişdirilməsi beynəlxalq normativlərə və standartlara uyğun gəlməlidir. Nəqliyyat vasitəsinin tam kütləsinin və bu kütlənin oxlar üzrə paylanmasının, ağırlıq mərkəzinin, təkər bazasının və ya təkər düsturunun pozulmasına, habelə tormoz və sükan idarə sisteminin əvəz olunmasına səbəb olan dəyişikliklər edilməsi qadağandır.

VI. Nəqliyyat vasitələrinə bu Qanunun 27-ci maddəsinin ikinci və üçüncü hissələrində nəzərdə tutulmuş orqanlarda aşağıdakı müddətlərdə texniki baxış keçirilir:

1) bu Qanunun 27-ci maddəsinin ikinci hissəsinin 2–5-ci bəndlərində və üçüncü hissəsində nəzərdə tutulmuş nəqliyyat vasitələrinə, həmçinin avtobuslara, icazə verilən maksimum kütləsi 3,5 tondan artıq olan yük avtonəqliyyat vasitələrinə, təhlükəli yüklərin daşınması üçün xüsusi təyinatlı texniki təhlükəsizlik üzrə uyğunluq sertifikatı olan nəqliyyat vasitələrinə – ildə bir dəfə;

2) bu Qanunun 27-ci maddəsinin ikinci hissəsinin 1-ci bəndində nəzərdə tutulmuş nəqliyyat vasitələrinə (bu maddənin VI hissəsinin 1-ci bəndində göstərilənlər istisna olmaqla):

istehsal olunduqları vaxtdan dörd il keçdikdə – iki ildə bir dəfə;

istehsal olunduqları vaxtdan on il keçdikdə – ildə bir dəfə.

Növbəti texniki baxışın keçiriləcəyi gün müəyyən edilərkən bu maddənin VI hissəsində nəzərdə tutulmuş müddətlər əvvəlki texniki baxışın keçirildiyi gündən hesablanır. Nəqliyyat vasitəsinin növbəti texniki baxışının keçiriləcəyi gündən 20 gün ərzində texniki baxışdan keçirilməməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş qaydada məsuliyyətə səbəb olur.

VI-I. Nəqliyyat vasitəsinə texniki baxışın keçirilməsi zamanı aşağıdakılar təmin olunmalıdır:

1) texniki baxışın keçirilməsi üçün internet vasitəsilə elektron formada müraciət etmə və münasib vaxtı seçmək imkanının yaradılması, habelə nəqliyyat vasitəsinin texniki baxışın keçirilməsi barədə vaxtı və tarixi göstərilməklə müraciət edən şəxsə məlumatın verilməsi;

2) texniki baxışın fasiləsiz olaraq keçirilməsi;

3) texniki baxışın növbələrin yaranmasını istisna edən şəraitdə xüsusi avadanlıqlarla təchiz olunmuş yerlərdə keçirilməsi;

4) dövlət rüsumunun, “Tullantılar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilən utilizasiya haqqının, bu Qanunun 30-cu maddəsinin VIII hissəsində nəzərdə tutulan inzibati cərimənin yalnız bank, poçt, plastik kart, elektron ödəmə sistemləri və ya İnternet vasitəsi ilə ödənilməsi;

4-1) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 57.1 - 57.4-cü, 57.6.3-cü və 97.4-cü maddələrində nəzərdə tutulmuş qaydada çatdırmaq mümkün olmayan yol hərəkəti, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlər üzrə sənədlərin çatdırılması;

5) növbələrin yaranmasını istisna edən, sənədlərin qəbulu və verilməsinin elektron idarəetmə sistemi.

VI-II. Aşağıdakı müddətdə nəqliyyat vasitələri texniki baxışa cəlb olunmur:

1) bu Qanunun 27-ci maddəsinin ikinci hissəsinin 2–5-ci bəndlərində və üçüncü hissəsində nəzərdə tutulmuş nəqliyyat vasitələri, həmçinin avtobuslar, icazə verilən maksimum kütləsi 3,5 tondan artıq olan yük avtonəqliyyat vasitələri, təhlükəli yüklərin daşınması üçün xüsusi təyinatlı texniki təhlükəsizlik üzrə uyğunluq sertifikatı olan nəqliyyat vasitələri – istehsal olunduğu vaxtdan bir il müddətində;

2) bu Qanunun 27-ci maddəsinin ikinci hissəsinin 1-ci bəndində nəzərdə tutulmuş nəqliyyat vasitələri (bu maddənin VI-II hissəsinin 1-ci bəndində göstərilənlər istisna olmaqla) - istehsal olunduğu vaxtdan dörd il müddətində.

VII. Texniki baxış keçirilməsi üçün nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs müvafiq orqana nəqliyyat vasitəsini və aşağıdakı sənədləri təqdim etməlidir:

1) nəqliyyat vasitəsini idarə etməyə hüquq verən sənədi;

2) nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsini;

4) “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumunun və “Tullantılar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilən utilizasiya haqqının ödənilməsi barədə sənədi;

VII-I. Avtonəqliyyat vasitələri “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sahiblərinin mülki məsuliyyəti icbari qaydada sığortalandıqda, sərnişin daşımaları xidmətini həyata keçirən avtonəqliyyat vasitələrinə münasibətdə isə habelə sərnişinlərinin (şəhərdaxili və ya qəsəbədaxili daşınan sərnişinlər istisna olmaqla) fərdi qəza sığortası həyata keçirildikdə texniki baxışa buraxılır. Bu halda müvafiq icbari sığorta müqaviləsinin mövcudluğu “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan elektron informasiya sistemi vasitəsi ilə yoxlanılır.

VII-II. Texniki baxış keçirilməsi üçün zəruri olan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.

VIII. Nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs tərəfindən müvafiq sənədlər və nəqliyyat vasitəsi bu Qanunun 27-ci maddəsinin ikinci və üçüncü hissələrində nəzərdə tutulmuş orqanlara təqdim edildikdə və onun barəsində qanuni qüvvəyə minmiş və icrası təxirə salınmamış və ya icrasına möhlət verilməmiş yol hərəkəti, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə tətbiq edilən cərimə ödənildikdə, həmin orqanlar təxirəsalınmadan nəqliyyat vasitəsinin texniki vəziyyətini yoxlayır, mühərrik, ban və şassi nömrələri, habelə rəngini tutuşdurmaq məqsədilə müayinə edir.

Bu Qanunun 30-cu maddəsinin VI hissəsinin 1-ci bəndində nəzərdə tutulmuş nəqliyyat vasitələrində bu Qanuna 1 saylı Əlavədə nəzərdə tutulmuş nasazlıqlar aşkar edildikdə nəqliyyat vasitəsinin sahibinə həmin nasazlıqlar barədə bildiriş verilir. Bildirişdə qeyd edilən nasazlıqlar aradan qaldırıldıqdan sonra nəqliyyat vasitəsinin həmin hissələrinə yenidən texniki baxış keçirilir. Bildirişdə qeyd edilən nasazlıqlar müəyyən edilmədikdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sistemi vasitəsilə nəqliyyat vasitəsinin texniki baxışdan keçməsi barədə elektron talon tərtib olunur.

Bu Qanunun 30-cu maddəsinin VI hissəsinin 2-ci bəndində nəzərdə tutulmuş nəqliyyat vasitələri texniki baxışdan keçirildikdən sonra müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sistemi vasitəsilə həmin nəqliyyat vasitəsinin texniki baxışdan keçməsi barədə elektron talon tərtib olunur. Texniki baxış zamanı bu Qanuna 1 saylı Əlavədə nəzərdə tutulmuş nasazlıqlar aşkar edildikdə nəqliyyat vasitəsinin sahibinə həmin nasazlıqlar barədə bildiriş verilir və həmin nazaslıqların aradan qaldırılması tövsiyə olunur. Bu Qanunun 30-cu maddəsinin VI hissəsində nəzərdə tutulmuş müddətdə nəqliyyat vasitəsi növbəti texniki baxışdan keçirilərkən bildirişdə qeyd edilən nasazlıqlar təkrar aşkar edilərsə həmin nasazlıqlar aradan qaldırılmayanadək nəqliyyat vasitəsinin texniki baxışdan keçməsi barədə elektron talon tərtib olunmur.

Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sistemi nəqliyyat vasitəsinin texniki baxışdan keçməsi barədə elektron talon tərtib olunduğu anda onu dərhal elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərir. Müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi texniki baxış haqqında elektron talonu hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılmış elektron kabinetə yerləşdirir və onu şəxsin elektron ünvanına (olduğu halda) göndərir.

Texniki baxışdan sonra beynəlxalq sərnişin və yük daşımalarında iştirak edən nəqliyyat vasitələrinin sahiblərinin müraciəti əsasında onlara, həmçinin kağız daşıyıcıda texniki baxış talonu verilir.

IX. Bu Qanuna 1 saylı Əlavə ilə istismarı qadağan edilən nəqliyyat vasitələrini idarə etməyə və onu vaxtında texniki baxışdan keçirməməyə görə nəqliyyat vasitəsinin sahibləri nəqliyyat vasitəsinin texniki vəziyyətinə cavabdeh olan şəxslər və ya sürücüləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

X. Nəqliyyat vasitəsinin sahibindən və ya sərəncam vermək hüququ olan digər şəxslərdən bu Qanunla nəzərdə tutulmayan sənədləri tələb etməyə, nəqliyyat vasitələrinə texniki baxışın keçirilməsində süründürməçiliyə yol verməyə və ya onların həllindən qanunsuz olaraq imtina etməyə görə bu Qanunun 27-ci maddəsinin ikinci və üçüncü hissələrində nəzərdə tutulmuş orqanların vəzifəli şəxsləri, nəqliyyat vasitəsinin sazlığı haqqında sənədin verilməsində süründürməçiliyə yol verməyə, onların verilməsindən qanunsuz olaraq imtina etməyə, həmin sənədin və sənəddəki məlumatların həqiqətə uyğun olmamasına görə nəqliyyat vasitəsinə texniki xidmət göstərən texniki-təmir sahəsinin və ya stansiyasının müvəkkil edilmiş şəxsləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver