I. Bu Qanunun 33-cü maddəsinin birinci hissəsində nəzərdə tutulmuş sürücülük vəsiqəsini almaq istəyən hər bir şəxs:
2) yol hərəkətinin qaydaları üzrə nəzəri və nəqliyyat vasitələrini idarəetmə vərdişləri üzrə təcrübi imtahanları verməli;
3) Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumu ödəməlidir.
I-I. Sürücülük vəsiqəsini almaq istəyən hər bir şəxs yol hərəkəti qaydaları üzrə nəzəri və nəqliyyat vasitələrini idarəetmə vərdişləri üzrə təcrübi imtahanlara müstəqil hazırlaşa bilər və ya nəqliyyat vasitələri sürücülərinin hazırlanması kursunda hazırlıq keçə bilər. “A” və “B” kateqoriyalarına, “A1” və “B1” altkateqoriyalarına kateqoriyalarına aid nəqliyyat vasitələri istisna olmaqla, digər kateqoriyalara aid nəqliyyat vasitələrinin idarə edilməsi üçün sürücülük vəsiqəsini almaq istəyən hər bir şəxs nəqliyyat vasitələri sürücülərinin hazırlanması və onların ixtisasının artırılması kursunda hazırlıq keçməlidir.
II. Sürücülük vəsiqəsi almaq istəyən şəxs Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına aşağıdakı sənədləri təqdim etməlidir:
1) Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi (müvafiq olaraq Azərbaycan Respublikasının ərazisində əcnəbinin şəxsiyyətini təsdiq edən sənəd və ya Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsi);
2) müstəqil hazırlıq keçən şəxslər istisna olmaqla, digər şəxslər üçün müvafiq kateqoriyalı (altkateqoriyalı) nəqliyyat vasitələri sürücülərinin hazırlanması üzrə tədris planlarında və proqramlarında nəzərdə tutulan həcmdə hazırlıq keçmələri barədə təhsil müəssisəsinin sənədi;
3) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmuş formada tibbi arayış;
4) sürücülük vəsiqəsi verilməsi üçün dövlət rüsumunun ödənilməsi sənədi.
II-I. Sürücülük vəsiqəsinin verilməsi üçün zəruri olan sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər ərizəçidən tələb edilmir. Belə sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.
III. Sürücülük vəsiqəsi almaq istəyən şəxs Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına sənədləri bilavasitə və ya internet vasitəsilə təqdim edir (göndərir). Sənədlər bu Qanunun 33-cü və 35-ci maddələrində göstərilən tələblərə uyğun olduqda şəxsə yol hərəkəti qaydaları üzrə nəzəri və nəqliyyat vasitələrini idarəetmə vərdişləri üzrə təcrübi imtahan verəcəyi tarix və vaxt barədə bilavasitə və ya internet vasitəsilə məlumat verilir. Sənədlər göstərilən tələblərə uyğun olmadıqda şəxsə uyğunsuzluğun aradan qaldırılması qaydası izah olunur. Şəxs yaşadığı və ya olduğu ərazi üzrə imtahan-qeydiyyat məntəqəsində imtahan vermək hüququna malikdir.
IV. Bu Qanunla müəyyən edilmiş yaş və sağlamlıq vəziyyəti tələblərinə cavab verən:
1) sürücülərin hazırlanması və onların ixtisasının artırılması kurslarının məzunları;
2) avtomobil nəqliyyatı vasitələri ixtisası üzrə kadrların hazırlanması nəzərdə tutulmuş ali və orta ixtisas təhsili müəssisələrinin məzunları;
3) yol hərəkətinin qaydaları üzrə nəzəri və nəqliyyat vasitələrini idarəetmə vərdişləri üzrə təcrübi imtahanlara müstəqil hazırlaşmış şəxslər Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etdikdən sonra, üç gün müddətində yol hərəkəti qaydaları üzrə nəzəri və nəqliyyat vasitələrini idarəetmə vərdişləri üzrə təcrübi imtahanlara buraxılırlar.
IV-I. İmtahanların qəbulu və sürücülük vəsiqəsinin verilməsi zamanı aşağıdakılar təmin olunmalıdır:
1) dövlət rüsumunun, şəxs barəsində qanuni qüvvəyə minmiş və icrası təxirə salınmamış və ya icrasına möhlət verilməmiş yol hərəkəti, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə tətbiq edilən inzibati cərimənin yalnız bank, poçt, plastik kart, elektron ödəmə sistemləri və ya İnternet vasitəsi ilə ödənilməsi;
1-1) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 57.1 - 57.4-cü, 57.6.3-cü və 97.4-cü maddələrində nəzərdə tutulmuş qaydada çatdırmaq mümkün olmayan yol hərəkəti, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlər üzrə sənədlərin çatdırılması;
2) növbələrin yaranmasını istisna edən sənədlərin qəbulu və verilməsinin elektron idarəetmə sistemi;
3) sənədlərin qəbulu və verilməsi, həmçinin imtahan prosesini interaktiv şəkildə əks etdirən monitorlar, o cümlədən imtahan zalında videokamera;
4) nəzəri imtahanın informasiya-kommunikasiya texnologiyaları vasitəsilə verilməsi;
5) nəqliyyat vasitələrini idarəetmə vərdişləri üzrə təcrübi imtahanların qəbulunda növbələri istisna edəcək sayda və imtahan verilən gün istehsal tarixi beş ildən artıq olmayan, imtahan prosesini qeydə alan videokameralarla təchiz edilmiş nəqliyyat vasitələrindən istifadə.
IV-II. “B” kateqoriyasına aid nəqliyyat vasitələrini idarə etmək hüququ verən sürücülük vəsiqəsini almaq istəyən şəxsin seçiminə əsasən nəqliyyat vasitələrini idarəetmə vərdişləri üzrə təcrübi imtahan mexaniki və ya avtomatik transmissiyalı nəqliyyat vasitəsində verilə bilər. Mexaniki transmissiyalı nəqliyyat vasitəsində idarəetmə vərdişləri üzrə təcrübi imtahanı müvəffəqiyyətlə vermiş şəxsə mexaniki və avtomatik transmissiyalı nəqliyyat vasitələrini idarə etmək hüququ verilir. Avtomatik transmissiyalı nəqliyyat vasitəsində idarəetmə vərdişləri üzrə təcrübi imtahanı müvəffəqiyyətlə vermiş şəxsə isə yalnız avtomatik transmissiyalı nəqliyyat vasitələrini idarə etmək hüququ verilir.
V. Sürücülük vəsiqəsi Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının imtahan-qeydiyyat məntəqələrində yol hərəkətinin qaydaları üzrə nəzəri və nəqliyyat vasitələrini idarəetmə vərdişləri üzrə təcrübi imtahanları müvəffəqiyyətlə vermiş şəxslərə həmin orqan tərəfindən 30 dəqiqə ərzində verilir. Sürücülük vəsiqələrinin verilməsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş “Nəqliyyat vasitəsini idarə etmək hüququ verən sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən imtahanların qəbul edilməsi və onlara sürücülük vəsiqəsinin verilməsi qaydaları haqqında” Əsasnaməyə uyğun olaraq həyata keçirilir.
VI. Sürücülük vəsiqəsinin dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır:
1) onun etibarlıq müddətinin qurtarması;
2) sahibinin soyadı, adı və ya atasının adının dəyişdirilməsi;
3) onun yazılarında dəqiqsizlik müəyyən edilməsi;
4) onun yararsız hala düşməsi;
5) onun itirilməsi;
7) yol hərəkətinin tənzimlənməsi sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş sürücülük vəsiqəsinə malik Azərbaycan Respublikasının vətəndaşının ölkə ərazisinə daxil olduğu vaxtdan bir aydan artıq müddətdə burada nəqliyyat vasitələrini idarə etmək niyyətində olması;
8) yol hərəkətinin tənzimlənməsi sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş sürücülük vəsiqəsinə malik olan əcnəbi və ya vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün icazə alması.
VII. Sürücülük vəsiqəsinin dəyişdirilməsi sahibinin ərizəsi əsasında əvvəllər malik olduğu bütün kateqoriyalar (altkateqoriyalar) saxlanılmaqla, bu Qanunun 35-ci maddəsinin VIII hissəsində nəzərdə tutulan sənədlər təqdim edildikdə və şəxs barəsində qanuni qüvvəyə minmiş və icrası təxirə salınmamış və ya icrasına möhlət verilməmiş yol hərəkəti, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə tətbiq edilən inzibati cərimə ödənildikdə imtahansız Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən 30 dəqiqə ərzində həyata keçirilir.
VIII. Sürücülük vəsiqəsinin dəyişdirilməsi üçün aşağıdakı sənədlər təqdim edilir:
1) Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi (müvafiq olaraq Azərbaycan Respublikasının ərazisində əcnəbinin şəxsiyyətini təsdiq edən sənəd və ya Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsi);
2) sürücülük vəsiqəsi (sürücülük vəsiqəsinin itirilməsinə görə onun dəyişdirilməsi halı istisna olmaqla);
3) qanunla müəyyən edilmiş dövlət rüsumunun ödənilməsi barədə sənəd;
4) bu Qanunun 34-cü maddəsinin V hissəsinin 2–4-cü bəndlərində nəzərdə tutulduğu hallarda tibbi arayış.
Sürücülük vəsiqəsinin dəyişdirilməsinə səbəb onun yazılarında dəqiqsizlik müəyyən edilməsi ilə bağlı olduqda dövlət rüsumu ödənilmir.
VIII-I. Sürücülük vəsiqəsinin dəyişdirilməsi üçün zəruri olan sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər ərizəçidən tələb edilmir. Belə sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.
IX. Sürücülük vəsiqəsində göstərilmiş kateqoriyaların (altkateqoriyaların) dəyişdirilməsi məqsədi ilə sürücülük vəsiqəsinin dəyişdirilməsi bu maddənin birinci— beşinci hissələrində nəzərdə tutulmuş qaydada həyata keçirilir.
X. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş sürücülük vəsiqələrindəki məlumatların mərkəzləşdirilmiş uçotunu aparmalıdır.
XI. Hər hansı şəxs bu Qanunla müəyyən edilmiş qaydada ona sürücülük vəsiqəsinin verilməsi və ya dəyişdirilməsi haqqında ərizəyə baxılmamasından və yaxud belə ərizənin süründürülməsindən, habelə yol hərəkətinin qaydaları üzrə nəzəri və nəqliyyat vasitələrini idarəetmə vərdişləri üzrə təcrübi imtahanlara onun buraxılmasından imtina edilməsindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər.
XII. Bu Qanunun tələblərinə zidd olaraq, sürücülük vəsiqəsinin verilməsi və ya dəyişdirilməsi haqqında ərizəyə baxılmamasında və ya baxılarkən süründürməçilik edilməsində, yol hərəkətinin qaydaları üzrə nəzəri və nəqliyyat vasitələrini idarəetmə vərdişləri üzrə təcrübi imtahanlara buraxılmasından əsassız imtina edilməsində, habelə sürücülük vəsiqəsinin oğurlanmasında, qanunsuz hazırlanmasında, saxtalaşdırılmasında, satılmasında və ya ondan qanunsuz istifadə olunmasında təqsirli şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.
XIII. Nəqliyyat vasitəsini idarə etmə hüququnun məhdudlaşdırılması müddəti qurtardıqda sürücülük vəsiqəsi aşağıdakı qaydada qaytarılır:
1) nəqliyyat vasitəsini idarə etmə hüququ bir ildən çox müddətə məhdudlaşdırılmış şəxslərə nəqliyyat vasitəsini idarəetmə vərdişləri üzrə təcrübi imtahanı müvəffəqiyyətlə verdiyi gün;
2) nəqliyyat vasitəsini idarə etmə hüququ bir il və daha az müddətə məhdudlaşdırılmış şəxslərə imtahansız, həmin müddət bitdiyi gün.
XIV. Sürücülük vəsiqəsində, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində və nəqliyyat vasitəsinin texniki baxışdan keçməsi barədə elektron talonda göstərilən məlumatlar Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilə (əldə edilə) bilər. Bu sənədlərdə göstərilən məlumatların Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilməsi həmin sənədlərin təqdim edilməsinə bərabər tutulur.