Qanunvericilik › Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 65

Maddə 65. Məcburi hərəkət istiqaməti nişanları

Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

I. Məcburi hərəkət istiqaməti nişanları sürücülərə nəqliyyat vasitələrinin hərəkətinin icazə verilmiş istiqamətini, sürətini müvafiq nəqliyyat vasitələrinin hərəkətini, eləcə də piyadaların hərəkəti üçün nəzərdə tutulan yolları göstərir.

II. Bu nişanların dairəvi forması və mavi fonu vardır.

III. 4.1.1, 4.1.2, 4.1.3, 4.1.4, 4.1.5, 4.1.6 nişanları yalnız oxlarla göstərilən istiqamətlərdə hərəkətə icazə verir. Sola dönməyə icazə verən nişanlar geriyə dönməyə də icazə verir. 4.1.1-4.1.6 nişanlarının qüvvəsi avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşıma qaydalarına uyğun olaraq təsdiq edilmiş marşrut sxemi üzrə reyslərin yerinə yetirilməsi zamanı ümumi istifadədə olan nəqliyyat vasitələrinə şamil edilmir.

IV. 4.1.1—4.1.6 nişanlarının qüvvəsi qarşısında nişan qoyulmuş yolun hərəkət hissəsinin kəsişmə yerinə şamil edilir.

V. Yol sahəsinin başlanğıcında qurulmuş 4.1.1 nişanı ən yaxın yolayrıcına qədər qüvvədə olur. Bu nişan həyətlərə və yola bitişik digər ərazilərə girmək üçün sağa dönməyi qadağan etmir. 4.4 nişanı minik avtomobillərinin, avtobusların, motosikletlərin, mopedlərin və icazə verilmiş maksimum kütləsi 3,5 tondan artıq olmayan yük avtomobillərinin hərəkətinə icazə verir. Bu nişan işarələnmiş sahədə yerləşən müəssisələrə xidmət edən, habelə həmin sahədə yaşayan vətəndaşlara xidmət edən və ya məxsus olan digər nəqliyyat vasitələrinin hərəkətinə də icazə verir. Belə hallarda, nəqliyyat vasitələri işarələnmiş sahəyə təyinat yerinə ən yaxın yolayrıcından girib-çıxmalıdırlır.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver