Qanunvericilik › Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 9

Maddə 9. Avtomobil yollarının layihələşdirilməsi, tikintisi, yenidən qurulması və təmiri zamanı yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi

Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

I. Azərbaycan Respublikası ərazisində avtomobil yollarının layihələşdirilməsi, tikintisi, yenidən qurulması və təmiri sahəsində bütün işlər yol hərəkəti təhlükəsizliyi üzrə beynəlxalq standartlar, qaydalar və normativlər, habelə nəqliyyat vasitələrinin avtomobil yollarında hərəkəti üçün ayrılmış zolağın yetərliliyinin təmin edilməsi zərurəti nəzərə alınmaqla həyata keçirilməlidir. Avtomobil yollarının layihələşdirilməsi, tikintisi, yenidən qurulması və təmiri qaydası Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.

II. Avtomobil yollarının təmiri, tikintisi, yenidən qurulması, tədqiqi və sınağı üzrə layihə və podrat işlərinin icrası müsabiqəsi əsasında seçilən hüquqi və fiziki şəxslər tərəfindən yol təsərrüfatı orqanları ilə bağlanan podrat müqavilələri əsasında həyata keçirilir.

III. Avtomobil yollarının tikintisinə, yenidən qurulmasına və təmirinə dair birtipli və ya fərdi layihələrdə yol hərəkəti təhlükəsizliyinin, ətraf mühitin mühafizəsinin, habelə əlilliyi olan şəxslərin spesifik ehtiyaclarının təmin edilməsi ilə bağlı olan bütün tədbirlər kompleksi nəzərdə tutulmalıdır.

IV. Avtomobil yollarının tikintisinə, yenidən qurulmasına və təmirinə dair layihələr yol hərəkətinin təhlükəsizliyi qaydalarının, normativlərinin və standartlarının tələblərinə uyğunluğu baxımından Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) ekspertizadan keçirilməli və onlarla razılaşdırılmalıdır. Ekspertiza keçirilməsi zamanı aşkar edilmiş uyğunsuzluqlar aradan qaldırılmalıdır.

V. Şəhərlərarası avtomobil yollarının sanitariya-mühafizə zonasında yolların tikilməsinə, yol kompleksi tikililərinin ucaldılmasına, səsudan qurğuların və çirkləndirici maddə tutucularının qurulmasına, mühəndis kommunikasiyalarının, bionəqliyyat yollarının çəkilməsinə, yaşıllıq zolağı salınmasına, xidmət obyektlərinin açılmasına və hərəkət təhlükəsizliyi tələbləri nəzərə alınmaqla, müəyyənləşdirilmiş qaydada hazırlanan və razılaşdırılan layihələrə uyğun olaraq icazə verilir. Payız-qış mövsümündə yolun sanitariya-mühafizə zonasında müvəqqəti qarsaxlayan qurğunun qurulmasına icazə verilir.

VI. Avtomobil yollarının tikintisi, yenidən qurulması və təmiri zamanı yol hərəkəti təhlükəsizliyi təyinatlı məsrəflərin azaldılması qadağandır.

VII. Müvafiq razılaşdırma olmadan, layihəçi layihələşdirməyə dair müəyyən edilmiş tələblərdən və ya tapşırıq şərtlərindən kənara çıxdıqda, bu uyğunsuzluğu öz hesabına aradan qaldırır. Layihənin ayrı-ayrı hissələrinin həyata keçirilməsini qeyri-mümkün edən şərait yarandıqda, işlərin icraçısı yol hərəkətinin təhlükəsizliyinə dair əlavə tədbirlərin hazırlanması məqsədilə layihəçiyə və sifarişçiyə məlumat verməlidir.

VIII. Tikilmiş, yenidən qurulmuş və ya təmir olunmuş avtomobil yollarının yol hərəkəti təhlükəsizliyinin təmin edilməsinə dair inşaat normalarının, qaydalarının, standartlarının və digər normativ sənədlərin tələblərinə uyğunluğu avtomobil yollarının qəbul edilmə aktı ilə təsdiq olunur. Avtomobil yollarının qəbul edilmə aktı yalnız nəzarət qaydasında keçirilmiş müayinənin, yoxlamanın və sınağın nəticələri əsasında xüsusi komissiya tərəfindən verilir. Bu komissiyanın avtomobil yollarının və müvafiq yol qurğularının mülkiyyətçilərinin təqdimatı əsasında təşkili qaydası və tərkibi, habelə avtomobil yollarının qəbul edilməsi zamanı müayinənin, yoxlamanın və sınağın keçirilməsi qaydası Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

IX. Avtomobil yollarında svetoforlar, yol nişanları, nişanlama xətləri və yol hərəkətinin təşkilinin digər texniki vasitələri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydaya uyğun olaraq tətbiq olunur.

X. Avtomobil yollarının layihələşdirilməsini, tikintisini, yenidən qurulmasını və təmirini həyata keçirən hüquqi və fiziki şəxslər yol hərəkəti təhlükəsizliyinə dair standartlara, qaydalara və normativlərə əməl edilməməsinə görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver