1.1. Bu Təlimat Dövlət Yol Polisi əməkdaşlarının hərəkətin təhlükəsizliyi tədbirlərinin təbliği sahəsində rolunu və funksiyasını, yol hərəkəti iştirakçılarının intizamın yüksəldilməsi məqsədilə təbliğat fəaliyyətinin əsas istiqamətlərini, yol hərəkəti ilə bağlı insanların həyat və sağlamlığının qorunması, xüsusilə uşaqlarla bağlı yol-nəqliyyat hadisələrinin qarşısının alınması üzrə profilaktiki tədbirləri müəyyən edir, habelə kütləvi informasiya vasitələri və ictimai qurumlarla qarşılıqlı əlaqələrin təşkili, yol hərəkəti təhlükəsizliyi problemlərinin monitorinqi, əyani təşviqat materiallarının çapı ilə əlaqədar fəaliyyəti tənzimləyir.
1.2. Azərbaycan Respublikasının Konstitusiyası, “Polis haqqında”, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunları, Azərbaycan Respublkası Prezidentinin fərman və sərəncamları, Daxili İşlər Nazirliyinin “Mətbuat xidməti haqqında” və “Baş Dövlət Yol Polisi İdarəsi haqqında” Əsasnamələri, digər müvafiq əmr və göstərişləri, habelə bu Təlimat yol hərəkəti təhlükəsizliyinin təbliği üzrə xidməti fəaliyyətin normativ hüquqi əsasını təşkil edir.
1.3. Yol hərəkəti təhlükəsizliyinin təbliğat obyektlərini yol hərəkəti iştirakçıları təşkil edir.
1.4. Yol hərəkəti təhlükəsizliyinin təbliğat subyektləri - Dövlət Yol Polisinin qurumları, təhsil və məktəbəqədər uşaq müəssisələri, təkmilləşdirmə təhsil müəssisələri, kütləvi informasiya vasitələri, hüquqi və fiziki şəxslər, habelə fəaliyyəti yol hərəkəti təhlükəsizliyinin təmin olunması ilə əlaqədar olan ictimai qurumlardır.
2.1. Yol hərəkəti təhlükəsizliyi tədbirlərinin təbliği - yol hərəkəti sahəsində biliklərin yayılmasına yönəlmiş fəaliyyət, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi məsələlərinin, yol hərəkəti iştirakçılarının davranışını nizamlayan qanunvericiliyin və hüquqi normaların, nəqliyyat vasitələrinə və yol hərəkətinə olan texniki tələblərin təbliği, baş vermiş yol-nəqliyyat hadisələri və onların səbəbləri barədə əhalinin vaxtlı-vaxtında məlumatlandırılması və keçirilən tərbiyəvi-profilaktik tədbirləridir.
2.2. Yol hərəkəti iştirakçıları arasında tərbiyəvi işin aparılması - küçə və yollarda mənfi davranış stereotiplərinin aradan qaldırılması məqsədilə yol hərəkəti iştirakçılarının şüuruna psixoloji və pedaqoji təsiri, yol hərəkəti təhlükəsizliyi sahəsində qanunvericiliyin və normativ aktların tələblərinin icrasının zəruriliyi ilə əlaqədar lazımi vərdişlərin formalaşdırılması və inkişaf etdirilməsidir.
2.3. “Yol hərəkəti qaydaları”nın öyrədilməsi - yol hərəkəti iştirakçılarının “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarının öyrənilməsinə yönəldilmiş, küçə və yollarda təhlükəsiz davranış üçün lazım olan bilik və bacarıqların yaranması ilə bağlı planlı və sistemli şəkildə həyata keçirilən təhsil prosesidir.
2.4. Profilaktiki tədbirlər - yol-nəqliyyat hadisələrinin və yol hərəkəti sahəsində qanun pozuntularının qarşısının alınması üçün həyata keçirilən kompleks ictimai, tərbiyəvi təbliğat tədbirləridir.
2.5. Fərdi profilaktiki tədbirlər - konkret yol hərəkəti iştirakçılarının: sürücülərin, sərnişinlərin, piyadaların davranışına və şüuruna təsir edən məqsədyönlü tərbiyəvi tədbirlərdir.
2.6. Xüsusi profilaktiki tədbirlər yol hərəkəti sahəsində qanun pozuntularının aşkar edilməsi və qəza hadisələrinin qarşısının alınması məqsədilə, Baş Dövlət Yol Polisi İdarəsi və onun struktur qurumları tərəfindən təşkil olunmuş kompleks xüsusi tədbirlərdir (reydlər, əməliyyatlar, xidmətin aparılması ilə bağlı videoçəkilişlər və s.).
Yol hərəkəti təhlükəsizliyinin təbliği aşağıdakı istiqamətlər üzrə həyata keçirilir:
3.1. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun və yol hərəkəti sahəsində mövcud digər qanunvericiliyin öyrədilməsi;
3.2. Əhalinin yol-nəqliyyat hadisələri, onların başvermə səbəbləri, habelə yol hərəkətinin şəraiti barədə məlumatlandırılması;
3.3. Məktəbəqədər, ümumtəhsil və xüsusi təhsil müəssisələrində vətəndaşlara yollarda təhlükəsiz davranma qaydalarının öyrədilməsinin təşkili;
3.4. DYP-nin və ictimai qurumların yol hərəkəti təhlükəsizliyinin təmin olunması üzrə fəaliyyətinin birgə təşkili;
3.5. Təhlükəsiz hərəkət tədbirlərinin kütləvi informasiya vasitələrində işıqlandırılması;
3.6. DYP tərəfindən fərdi və xüsusi profilaktiki tədbirlərin keçirilməsi.
4.1. Yol hərəkəti təhlükəsizliyinin təbliği üzrə xidməti fəaliyyətin əsas məqsədləri:
- Azərbaycan Respublikasının yol hərəkəti sahəsində normativ hüquqi aktların və qanunvericiliyin, yol hərəkəti təhlükəsizliyinə dair digər məsələlərin, Dövlət Yol Polisinin (bundan sonra DYP) məqsəd və vəzifələrinin yol hərəkəti iştirakçılarına izah edilməsi;
- Yol hərəkəti iştirakçılarının yol hərəkəti sahəsində şüurunun, onların Dövlət Yol Polisinin əməkdaşları ilə qarşılıqlı əlaqələrinin formalaşdırılması;
- Yol hərəkəti təhlükəsizliyinin təmin olunması məsələləri üzrə biliklərin yayılması.
4.2. Yol hərəkəti təhlükəsizliyinin təbliği üzrə xidməti fəaliyyətin əsas vəzifələri:
- Küçə və yollarda əhalinin yol hərəkəti təhlükəsizliyi qaydalarına riayət etməsi məqsədilə ictimai-profilaktiki və tərbiyəvi təbliğat tədbirlərinin təşkili;
- Kütləvi informasiya vasitələri və ictimai qurumlarla qarşılıqlı əlaqələrin yaradılması;
- Uşaqlarla bağlı yol-nəqliyyat hadisələrinin qarşısının alınması, yol hərəkətində qəzaların baş verməsinin və qanun pozuntularının profilaktikasına yönəlmiş tədbirlərin təşkili;
- Yol hərəkəti iştirakçılarının yol hərəkəti sahəsində qanunvericilik, habelə normativ aktlar, Dövlət Yol Polisinin fəaliyyəti və yol hərəkəti təhlükəsizliyi məsələləri barədə məlumatlandırılması;
- İctimai fikrin sistematik monitorinqi və onun göstəriciləri əsasında müvafiq qərarların qəbul edilməsi.
5.1. Yol hərəkəti təhlükəsizliyinin təbliği aşağıdakı təşkilati tədbirlərdən ibarətdir:
- yol hərəkəti iştirakçıları ilə aparılan məqsədli profilaktiki və tərbiyəvi təbliğat tədbirlərinin müəyyən edilməsi;
uşaqlarla bağlı yol-nəqliyyat hadisələrinin qarşısının alınması tədbirlərinin müəyyən edilməsi;
- kütləvi informasiya vasitələrində çıxışların mövzularının müəyyən edilməsi;
- mətbuat konfransları, brifinqlər və “dəyirmi masaların” mövzularının seçilməsi;
- ictimai rəyin monitorinqi mövzularının seçilməsi;
- müsabiqə və sərgilərin mövzuları, keçirilmə vaxtı və yerinin müəyyən edilməsi;
- ictimai təşkilatlarla keçirilən birgə tədbirlərin istiqamətlərinin müəyyən edilməsi;
- əyani təşviqat vasitələrinin mövzularının müəyyən edilməsi və istehsalı üzrə sifarişlərin verilməsi.
5.2. Yol hərəkəti təhlükəsizliyinin təbliği tədbirlərinin metodiki təminatı - metodiki tövsiyələrin, dərsliklərin, proqramların, yaddaş kitabçalarının, anketlərin, sorğu vərəqələrinin, kütləvi tirajlı qəzetin, qəza hadisələri barədə statistik məlumatların, məcmuələrin, qabaqcıl təcrübənin yayılması ilə əlaqədar monoqrafiya, broşüra və vərəqələrin, bukletlərin, təqvimlərin və s. təşviqat vasitələrinin çap edilməsinin təşkili və Baş DYP İdarəsinin struktur qurumlarının bu vasitələrlə təmin edilməsindən ibarətdir.
5.3. Yol hərəkəti təhlükəsizliyinin təbliği tədbirlərinin uçotu.
DYP bölümlərində yol hərəkəti təhlükəsizliyinin təbliği üzrə aşağıdakı göstəricilərin uçotu aparılır:
- yol hərəkəti təhlükəsizliyinin təmini məsələləri üzrə təşkil olunmuş ictimai reklam kompaniyalarının sayı və müddəti;
- uşaqlarla bağlı yol-nəqliyyat hadisələrinin profilaktikası üzrə səhiyyə, təhsil orqanları və ictimai qurumlarla birlikdə təşkil olunmuş tədbirlərin sayı;
- uşaqlarla bağlı yol-nəqliyyat hadisələrinin profilaktikası tədbirlərində iştirak edən uşaq təşkilatlarının sayı;
- uşaq avtomeydançalarının, avtoşəhərciklərinin, yol hərəkəti təhlükəsizliyi kabinetlərinin, orta məktəb və uşaq bağçalarının sayı, habelə bu yerlərdə keçirilən tədbirlərin sayı;
- kütləvi informasiya vasitələri üçün hazırlanmış və göndərilmiş məlumat materiallarının (press-relizlərin) sayı;
- keçirilmiş mətbuat konfranslarının, brifinqlərin, “dəyirmi masaların” sayı;
- dövri mətbuatda nəşr olunan materialların, radio və televiziya verilişlərinin sayı;
- keçirilmiş monitorinqin nəticələri və sorğuda iştirak edənlərin sayı;
- DYP ilə qarşılıqlı fəaliyyət göstərən ictimai qurumların adı və sayı;
- çoxsaylı kollektivlərdə, məktəblərdə və iri təhsil müəssisələrində keçirilən tədbirlərin sayı;
- əyani təşviqat vasitələrinin, nəşr, reklam və suvenirlərin, plakat, buklet, təqvim və vərəqələrin tirajı və sayı.
Yol hərəkəti iştirakçıları arasında təhlükəsizlik tədbirlərinin təbliği məqsədilə aşağıdakılar həyata keçirilir:
6.1. Yol hərəkəti təhlükəsizliyi məsələlərinə dair qüvvədə olan Azərbaycan Respublikasının qanunvericilik və normativ aktlarının öyrənilməsi, bu əsasda hüquqi təbliğatın aparılması məqsədilə məlumatların və informasiya materiallarının hazırlanması;
6.2. Tematik foto-sərgilərdə, yollarda və küçələrdə reklam daşıyıcılarında, təmir emalatxanalarında, avtonəqliyyat müəssisələrində, vağzallarda, stadionlarda, avtodayanacaqlarda, ictimai nəqliyyatda əyani təbliğ informasiyalarının yerləşdirilməsinin təşkili;
6.3. Xeyriyyə tədbirlərinin, festivalların, viktorinaların, idman və digər kütləvi tədbirlərin təşkil olunması;
6.4. Sosial reklam kampaniyalarının keçirilməsi;
6.5. Təşkilatların və ictimai qurumların müsbət təcrübəsinin yayılması, profilaktiki və tərbiyəvi təbliğat tədbirlərinin keçirilməsi;
6.6. Fərdi profilaktik tədbirlərin keçirilməsi;
6.7. Yol hərəkəti sahəsində ictimai təhlükəsizliyin və hüquq qaydalarının icrası məqsədilə xüsusi profilaktik tədbirlərin keçirilməsi və əhalinin bu barədə xəbərdar edilməsi;
6.8. Yol hərəkətinin təşkilində edilmiş dəyişikliklər, maneələrin aradan qaldırılması, avtomobil tıxaclarının qarşısının alınması tədbirləri, nəqliyyat vasitələrinin dövlət texniki baxışından keçirilməsi qaydaları barədə əhalinin məlumatlandırılması.
Uşaqlarla bağlı yol-nəqliyyat hadisələrinin profilaktikası Daxili İşlər Nazirliyi ilə maraqlı təşkilatlar (təhsil və səhiyyə orqanları, qəzet və jurnal redaksiyaları, ictimai birliklər), habelə valideyn komitələri və əmək kollektivləri ilə sıx qarşılıqlı əlaqədə həyata keçirilir. Bu məqsədlə iş aşağıda göstərilən istiqamətlərdə aparılır:
7.1. Uşaq və yeniyetmələrin iştirak ilə baş vermiş yol-nəqliyyat hadisələrinin uçotu və təhlili, onların yaranması səbəblərinin və şəraitlərinin müəyyən olunması (hadisələrin təhlili yol hərəkəti iştirakçılarının fərqləndirilmiş kateqoriyalar, yaş, təhsil və yaşayış yeri üzrə, hadisənin başvermə vaxtı və yeri ilə əlaqədar olaraq aparılır);
7.2. Maraqlı təşkilatları və əhalini uşaqlarla bağlı yol-nəqliyyat hadisələrinin vəziyyəti, keçirilən profilaktik tədbirlər barədə xəbərdar etmək;
7.3. Yol hərəkəti təhlükəsizliyinin təşkili, uşaqların və yeniyetmələrin toplaşdığı yerlərdə, onların hərəkət marşrutlarında nizamlama vasitələrinin texniki vəziyyəti ilə bağlı DYP rəhbərliyi qarşısında məsələ qaldırılması;
7.4. Uşaqların qruplarla daşınmasını həyata keçirən avtonəqliyyat müəssisələrinin sürücüləri, bu müəssisələrin rəhbərləri və digər vəzifəli şəxsləri ilə uşaqlarla bağlı yol-nəqliyyat hadisələrinin profilaktikası mövzusunda görüşlərin keçirilməsi və söhbətlərin aparılması;
7.5. Məktəb və məktəbəqədər müəssisələrdə, profilaktik və tərbiyəvi təbliğat tədbirlərinin keçirilməsində təhsil işçilərinə kömək edilməsi, onların əyani vəsaitlərlə təmin olunması, müvafiq tədris proqramlarının hazırlanması, küçə və yollarda təhlükəsiz davranış vərdişlərinin uşaqlarda formalaşdırılması;
7.6. Xüsusi mövzulara dair çap məhsullarının hazırlanması və resenziyalaşdırılması;
7.7. Təhsil orqanlarına uşaqlar tərəfindən yol hərəkəti qaydalarının pozulmasına dair məlumatların verilməsi;
7.8. Uşaqlarla bağlı yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədilə təhsil müəssisələrində profilaktiki tədbirlərin təşkili üzrə məsul şəxsə kömək göstərilməsi;
7.9. Təhsil işçiləri ilə uşaqlarla bağlı yol-nəqliyyat hadisələrinin profilaktikası məsələləri üzrə konfransların, iclasların və seminarların keçirilməsi;
7.10. Uşaqların və yeniyetmələrin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisələri üzrə nəzarət işlərinin aparılması. Nəzarət işlərində aşağıdakı məlumatlar toplanır:
- Yol nəqliyyat hadisəsinin başvermə tarixi, yeri, vaxtı, yol şəraiti, hadisənin növü, nəqliyyat vasitəsi və günahkar şəxslər;
- hadisənin başvermə şəraiti;
- hadisənin başvermə səbəbləri;
- zərərçəkənin adı, soyadı, atasının adı, təvəllüdü, oxuduğu yer;
- zərərçəkənin kateqoriyası: (piyada, sərnişin, velosipedçi, sürücü)
- hadisənin nəticəsi, zərərçəkənin diaqnozu;
- görülmüş tədbirlər;
- zərərçəkənin oxuduğu təhsil müəssisəsində DYP tərəfindən görülən profilaktiki tədbirlər;
- planlaşdırılan tədbirlər.
7.11. Ümumtəhsil məktəblərində və uşaq bağçalarında yol hərəkətinin təhlükəsizliyi üzrə kabinetlərin, avtomobil meydançalarının və avtomobil şəhərciklərinin yaradılmasına və təşkilinə, tədris proqramlarının, vəsaitlərinin, ssenarilərinin, uşaq oyunları tamaşalarının, yol hərəkəti mövzusuna dair səhnə əsərlərinin və viktorinaların işlənib hazırlanmasına əməli kömək göstərilməsi;
7.12. “Yol hərəkəti qaydaları”nın biliciləri arasında rayon, şəhər və bölgə müsabiqələrinin, uşaqlarla bağlı yol-nəqliyyat hadisələrinin profilaktikasına dair işin təşkilinə baxışların, dərs ilinin başlanması və sona çatması ərəfəsində məqsədli tədbirlərin, gənc velosipedçilərin yarışlarının təşkili və keçirilməsi;
7.13. Uşaqlarla bağlı yol-nəqliyyat hadisələrinin qarşısının alınması işinə valideynlərin və ictimaiyyət nümayəndələrinin cəlb olunması;
7.14. Uşaqlarla bağlı yol-nəqliyyat hadisələrinin profilaktikasının forma və metodlarının yerli və xarici təcrübə əsasında təkmilləşdirilməsi və yayılması;
7.15. Respublika, şəhər və rayon miqyasında keçirilən müsabiqələrin, baxışların, festivalların, idman və digər kütləvi tədbirlərin təşkilində iştirak etmək;
7.16. Sağlamlıq düşərgələrində, sanatoriyalarda, istirahət zonalarında, uşaqların və yeniyetmələrin kütləvi istirahəti zamanı təhsil orqanları və digər maraqlı təşkilatlarla birgə profilaktik və tərbiyəvi təbliğat tədbirlərinin keçirilməsi;
7.17. Uşaqlarla bağlı yol-nəqliyyat hadisələrinin profilaktikası işinə uşaq ictimai birliklərinin, uşaqların və yeniyetmələrin cəlb olunması.
8.1. Yol hərəkəti təhlükəsizliyinin təmini məsələlərinə dair kütləvi informasiya vasitələri ilə qarşılıqlı əlaqə DİN-nin bu işi tənzimləyən müvafiq normativ hüquqi aktlarının tələblərinə uyğun qurulmaqla aşağıdakı istiqamətlər üzrə həyata keçirilir:
8.1.1. Radio və televiziya verilişlərinin, eləcə də dövri mətbuatda nəşr edilməsi məqsədilə materialların hazırlanması;
8.1.2. Redaksiyaların sorğularına cavab verilməsi;
8.1.3. Kütləvi informasiya vasitələrindəki məlumatların və xülasələrin təhlili, qeyri-dürüst və təhrif olunmuş materialların aydınlaşdırılması və təkzib edilməsi, tənqidi materialların araşdırılaraq müvafiq kütləvi-informasiya vasitələrinə cavab verilməsi;
8.1.4. Mətbuat üçün məlumatların (press-relizlərin) hazırlanması və göndərilməsi;
8.1.5. Hərəkətin təhlükəsizliyinin təmini ilə bağlı olan aktual problemlər barədə mətbuat konfranslarının, brifinqlərin təşkili və keçirilməsi.
8.1.6. Problemli məsələləri kütləvi informasiya vasitələrində sistemli şəkildə işıqlandırmaq üçün daimi rubrikaların təşkil olunması;
8.1.7. Yol hərəkəti təhlükəsizliyinin təmin olunması problemləri ilə kütləvi-informasiya vasitələri əməkdaşlarının daha peşəkarlıqla və ixtisaslı şəkildə məşğul olmaları üçün seminarların keçirilməsi, onların profilaktik tədbirlərdə iştiraka cəlb edilməsi;
8.1.8. Yol hərəkətinin təhlükəsizliyi mövzusunda yazıların, televiziya və radio verilişlərinin hazırlanması;
8.1.9. Yol hərəkəti qaydalarını və qüvvədə olan qanunvericiliyi daha mükəmməl bilən televiziya tamaşaçıları, radio dinləyiciləri, oxucular arasında müsabiqələrin və viktorinaların keçirilməsi;
8.1.10. Küçə və yollardan, yol qəza hadisəsi baş vermiş yerlərdən, avtonəqliyyat müəssisələrindən, tibb müəssisələrindən, məhkəmə zallarından reportajların hazırlanması;
8.1.11. Kütləvi informasiya vasitələrinin nümayəndələri ilə qarşılıqlı münasibətlər aşağıdakı qaydada qurulur:
- müraciət edən şəxsin kütləvi informasiya vasitəsinin nümayəndəsi olması dəqiqləşdirilir;
- DYP əməkdaşı zəruri hallarda yalnız öz xidməti vəzifəsinə aid olan məsələlər barədə müsahibə verir;
- bütövlükdə DYP-nin xidməti fəaliyyəti ilə bağlı KİV-ə müsahibəni Baş DYP İdarəsinin rəisi şəxsən və ya onun göstərişi ilə idarənin digər əməkdaşı verir. DYP-nin yerlərdəki qurumlarının rəhbərləri və onları əvəz edən şəxslər öz səlahiyyətləri daxilində (sonradan Baş DYP İdarəsinə məlumat verməklə) müsahibə verə bilərlər; DYP-nin hər bir vəzifəli əməkdaşı isə bu hallarda tabelik qaydaları üzrə Baş DYP-nin və DİN-nin mətbuat xidmətinin rəhbərliyini məlumatlandırır;
- kütləvi informasiya vasitələrinin nümayəndələri ilə bütün görüşlər barədə Baş DYP İdarəsinə tam məzmunda (hansı kütləvi informasiya vasitəsindən, kim tərəfindən müraciət edilməsi, video və ya fotoçəkilişin məqsədi, efirə getmə və dərc edilmə vaxtı) məlumat verilir;
8.2. Dövri mətbuat və nəşriyyat orqanları ilə qarşılıqlı əlaqələr:
- DYP əməkdaşlarının KİV vasitəsilə canlı telefon əlaqəsinin təşkili, oxucuları maraqlandıran aktual məsələlərə dair sualların cavablandırılması.
- DYP əməkdaşlarının tamaşaçı və dinləyicilərlə dialoqlarının təşkil olunması
- Müəssisələrin, vağzalların və nəqliyyat vasitələrinin radio qovşaqlarından istifadə edilməsi:
- Hərəkətin təhlükəsizliyinin təbliğinə dair kliplərin, reklam xarakterli materialların və əyləncəli verilişlərin hazırlanmasının təşkili;
- Tədris videoproqramlarının hazırlanmasının təşkili;
- Tematik videofilmlərin nümayiş etdirilməsi.
- Lokal və qlobal kompüter şəbəkələrindən istifadə:
- Yol hərəkəti təhlükəsizliyinin təbliği barədə audiovizual və çap materialları əsasında kompüter məlumat materiallarının hazırlanması və təqdim olunması;
- Təbliğat obyektləri və subyektləri, kütləvi informasiya vasitələri ilə qarşılıqlı əlaqələr zamanı kompüter şəbəkələrindən istifadə edilməsi.
9.1. Əhalidən yol hərəkəti təhlükəsizliyi üzrə məlumatların toplanması məqsədilə monitorinqlər keçirilir. Bu zaman ictimai metodlardan: yol hərəkəti iştirakçılarının anket vasitəsilə sorğusundan, mətbuatda nəşr olunan materialların təhlilindən, vətəndaşların yazılı müraciətlərindən və əldə olunan digər informasiyalardan istifadə olunur.
9.2. İctimai sorğunun anket yolu ilə aparılması təyin olunmuş müddətdə həyata keçirilir. Bunun üçün:
- anketlər hazırlanır, anket sorğularının aparılması üçün qruplar formalaşdırılır, respondentlərin sayı müəyyənləşdirilir, sorğunun yeri və vaxtı təyin olunur;
- anketlərdə yol hərəkəti iştrakçılarını maraqlandıran aktual suallar nəzərdə tutulur;
- DYP-nin müxtəlif istiqamətlərdə fəaliyyəti və iş şəraiti öyrənilir;
- doldurulmuş anketlərin tərtibatının düzgünlüyü yoxlanılır, xüsusi proqramlar üzrə işlənilir və alınmış informasiya analitik arayış şəklində ümumiləşdirilir.
9.3. Sorğu yolu ilə ictimai rəyin öyrənilməsinin nəticələrindən və bu məlumatların təhlilindən aşağıdakı hallarda istifadə oluna bilər:
- DYP-in işinin təkmilləşdirilməsi barədə təkliflərin hazırlanmasında;
- yol hərəkəti sahəsində ictimai gərginliyin qiymətləndirilməsini və aradan qaldırılmasını tələb edən tədbirlərin görülməsində;
- yol hərəkəti iştirakçıları ilə profilaktik və tərbiyəvi təbliğat tədbirlərinin məqsədyönlü həyata keçirilməsində;
- DYP barədə müsbət ictimai fikrin formalaşdırılmasında.
İctimai qurumlarla qarşılıqlı əlaqələr yol-nəqliyyat hadisələrinin qarşısının alınması və onların nəticələrinin ağırlığının, həmçinin yol hərəkəti sahəsində qanun pozuntularının qarşısının alınması məqsədilə ictimaiyyətin bu işə cəlb olunmasına xidmət edir.
Onlarla qarşılıqlı əlaqə aşağıdakı istiqamətlər üzrə qurulur:
- yol hərəkəti iştirakçıları arasında qəza hadisələrinin qarşısının alınması məqsədilə birgə iş planlarının hazırlanması və həyata keçirilməsi;
- birgə seminar-müşavirələrin keçirilməsi;
- ictimai-profilaktik və tərbiyəvi təbliğat tədbirlərinin təşkil olunması;
- birgə idman və mədəniyyət tədbirlərində iştirak;
- DYP əməkdaşlarının, veteranların ictimai və hüquqi müdafiə tədbirləri sisteminin işlənib hazırlanmasında iştirakı.
Yol hərəkəti təhlükəsizliyinin təbliğinə və uşaqlarla bağlı yol-nəqliyyat hadisələrinin qarşısının alınmasına dair tədbirlər dövlət büdcəsinin müvafiq təsisatı, qeydiyyat-imtahan fəaliyyəti, nəqliyyata texniki baxış keçirilməsi nəticəsində, habelə cərimələrdən əldə edilən büdcədənkənar vəsaitlər, sığorta şirkətləri, bank qurumları və digər hüquqi və fiziki şəxslərin ayırmaları hesabına maliyyələşdirilir.
12.1. Xidməti ərazidə yol hərəkəti təhlükəsizliyi üzrə verilən informasiyanı təhlil edir;
12.2. Yol-nəqliyyat hadisələri, onların başvermə səbəbləri və şəraitini müəyyənləşdirir, fərdi və xüsusi profilaktiki tədbirlərin keçirilməsində iştirak edir;
12.3. Xidməti ərazidə əhalinin yol-nəqliyyat hadisələri, onların başvermə səbəbləri barədə məlumatlandırılmasını təmin edir;
12.4. Uşaqlarla bağlı yol nəqliyyat hadisələrinin qarşısının alınması üçün profilaktiki və tərbiyəvi təbliğat tədbirlərini həyata keçirir, nəzarət işlərini aparır;
12.5. Vətəndaşların müraciətlərinə baxır;
12.6. İctimai rəyin monitorinqini həyata keçirir;
12.7. Kütləvi informasiya vasitələrində çıxışlar edir;
12.8. İctimai qurumlarla qarşılıqlı əlaqələr yaradır.
Baş Dövlət Yol Polisi İdarəsi
1. 25 iyul 2022-ci il tarixli Q14-001-22 nömrəli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202207250014, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 2 avqust 2022-ci il)