“Aviasiya təhlükəsizliyi üzrə Dövlət Proqramı”nın və “Aviasiya təhlükəsizliyinin təmin edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 24 aprel tarixli 613 nömrəli Fərmanının 3.1.18-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
1. “Yoxlamaların aparılmasına cəlb edilən şəxslərin anket məlumatlarının toplanması, yoxlanması və onların seçilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə
Bakı şəhəri, 25 dekabr 2012-ci il
1.1. Bu Qayda “Aviasiya təhlükəsizliyi üzrə Dövlət Proqramı”nın və “Aviasiya təhlükəsizliyinin təmin edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 24 aprel tarixli 613 nömrəli Fərmanının 3.1.18-ci yarımbəndinə uyğun hazırlanmışdır və mülki aviasiyanın təhlükəsizliyi sahəsində keyfiyyətə nəzarət üzrə yoxlamaların aparılmasına cəlb edilən şəxslərin anket məlumatlarının toplanması, yoxlanması və onların seçilməsi metodlarını, şərtlərini və tələblərini müəyyən edir.
1.2. Bu Qayda aviasiya təhlükəsizliyi sisteminin gücləndirilməsini və təkmilləşdirilməsini təmin edən, müvafiq xidmət mədəniyyətinin formalaşmasına kömək edən, aviasiya təhlükəsizliyi sistemində keyfiyyətə nəzarət üzrə yoxlamaları aparmaq bacarığı olan namizədlərin işə cəlb edilməsi üzrə seçim və biliklərin yoxlanılması məsələlərini tənzimləyir.
2.1. Aviasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində keyfiyyətə nəzarət məqsədi ilə tədbirlərin həyata keçirilməsi üçün ayrılan personalın sayı, yerinə yetirilən vəzifələrin həcmindən və xarakterindən asılı olaraq, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin yanında Dövlət Mülki Aviasiya Agentliyinin (bundan sonra – RİNN yanında DMAA) rəhbərliyi tərəfindən müəyyən edilir.
2.2. Fəaliyyət qabiliyyətinə malik olmaması və ya məhdud fəaliyyət qabiliyyətinə malik olması məhkəmənin qərarı ilə təsdiq edilmiş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş şəxslər keyfiyyətə nəzarət üzrə yoxlamaların aparılmasına cəlb olunmurlar.
2.3. Seçim zamanı ali təhsili olan, Beynəlxalq Mülki Aviasiya Təşkilatının (bundan sonra - ICAO) rəsmi 6 (altı) dilindən birini bilən şəxslərə üstünlük verilir.
2.4. Mülki aviasiyanın təhlükəsizliyi sahəsində keyfiyyətə nəzarət üzrə yoxlamaların aparılmasına cəlb edilən şəxslərin vəzifə təlimatlarını RİNN yanında DMAA hazırlayır və təsdiq edir.
3.1. Aviasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində keyfiyyətə nəzarət etmək üçün təyin edilmiş bütün personal əvvəlcədən müəyyənləşdirilmiş və aşağıda göstərilmiş ixtisas meyarlarına və peşəkarlıq hazırlığına dair tələblərə uyğun olmalıdır:
3.1.1. aviasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində keyfiyyətə nəzarət orqanının fəaliyyətini tənzimləyən normativ sənədlər üzrə biliklərə malik olmalıdır;
3.1.2. aviasiyanın fəaliyyətinin tənzimlənməsi sahəsində və ya hava gəmilərinin daxili və beynəlxalq istismarçılarının fəaliyyətinin təftiş edilməsi üzrə ən azı 2 (iki) il iş stajı olmaqla və ya ən azı son 5 (beş) il müddətində aviasiya təhlükəsizliyi üzrə mütəxəssis, baxış aparılması üzrə müfəttiş və ya aviasiya subyektlərində təhlükəsizlik üzrə müfəttiş qismində iş təcrübəsinə malik olmalıdır;
3.1.3. tələb edilən ixtisasa və təcrübəyə uyğun olan, hal-hazırda fəaliyyətdə olan və ya əvvəllər verilmiş vəsiqəyə və sertifikata malik olmalıdır;
3.1.4. aviasiya təhlükəsizliyinin təmin edilməsinə dair Beynəlxalq Mülki Aviasiya haqqında Konvensiyaya (Çikaqo Konvensiyası) əlavələrin, digər beynəlxalq standart və tövsiyələrin, habelə bu sahədə milli qanunvericiliyin və təlimat xarakterli materialların tətbiq edilməsi məsələləri üzrə müvafiq biliyə malik olmalıdır;
3.1.5. yoxlama sənədlərini tərtib etməyi bacarmalıdır;
3.1.6. çoxmilli mühitdə işləməyi bacarmalıdır;
3.1.7. ICAO-da tətbiq edilən rəsmi dillərdən (ingilis, rus, fransız, ispan, ərəb, Çin) birini bilməli və ingilis dilini işçi səviyyəsində mənimsəməlidir;
3.1.8. kargüzarlığın elektron üslubda aparılmasını bacarmalıdır;
3.1.9. yaxşı idarəçilik vərdişlərinə və müvafiq təcrübəyə malik olmalıdır.
4.1. Aviasiya təhlükəsizliyi sahəsində keyfiyyətə nəzarət tədbirlərinin aparılmasına cəlb edilmiş auditorlar:
4.1.1. təftiş və tam həcmli yoxlamaları, aviasiya təhlükəsizliyi sisteminin təhlükəsizlik vəziyyətinin icmalını və ya sınağını həyata keçirməyi bacarmalıdır;
4.1.2. aviasiya təhlükəsizliyi sahəsində beynəlxalq təcrübəni və prosedurları bilməlidir;
4.1.3. “Aviasiya təhlükəsizliyi üzrə Dövlət Proqramı”nın və “Aviasiya təhlükəsizliyinin təmin edilməsi Qaydaları”nın müddəalarını bilməli və onların yoxlama obyekti olan aeroport, hava gəmilərinin istismarçıları və digər aviasiya subyektləri tərəfindən necə tətbiq edilməsi barədə məlumatlı olmalıdır;
4.1.4. baxış aparılan yerdə təhlükənin səviyyəsinin qiymətləndiril-məsinin nəticələrinə dair məlumatlara malik olmalıdır;
4.1.5. təhlükəsizliyin təmin edilməsi metodlarına və texnologiyalarına dair təcrübi biliklərə və vərdişlərə malik olmalıdır.
5.1. Yoxlamaların aparılmasına cəlb ediləcək şəxslərin seçimi bu Qaydaların 8-ci hissəsinə uyğun olaraq müsabiqə yolu ilə həyata keçirilir.
5.2. Yoxlamaların aparılması üçün şəxslərin seçimi zamanı aşağıdakılar nəzərə alınır:
5.2.1. stresslə bacarmaq qabiliyyəti;
5.2.2. yüksək iş yükünə tab gətirmək qabiliyyəti;
5.2.3. aviasiya təhlükəsizliyi sahəsində istifadə olunan texniki vasitələrlə işləmək qabiliyyəti;
5.2.4. peşə bilikləri;
5.2.5. xidməti vəzifələrə münasibət;
5.2.6. təhlil aparmaq və qərar vermək bacarığı;
5.2.7. yaradıcılıq və təşəbbüskarlıq;
5.2.8. əmək intizamı;
5.2.9. iş təcrübəsi və onu bölüşmə;
5.2.10. kollektivdə işləmək bacarığı, ünsiyyət, işçilərarası münasibətlər;
5.2.11. təhlil və proqnozlaşdırma;
5.2.13. kollektiv daxilində nüfuz və ruhlandırmaq bacarığı;
5.2.14. komanda qurmaq bacarığı.
5.3. Keyfiyyətə nəzarət tədbirləri ilə əlaqədar şəxslərin cəlb olunması proseduru aşağıda qeyd edilənlər nəzərə alınmaqla həyata keçirilir:
5.3.1. namizədin yazılı ərizəsi;
5.3.2. namizədin ixtisas səviyyəsinin və imkanlarının qiymətləndirilməsi üçün onunla aparılan test imtahanı və müsahibə (biliklərin yoxlanılması);
5.3.3. anket məlumatlarının yoxlanılması və əmək fəaliyyəti barədə məlumatların təsdiqlənməsi;
5.3.4. sənədləşmənin aparılması.
6.1. Yoxlamaların aparılmasına yüksəkixtisaslı şəxsləri cəlb etmək məqsədi ilə RİNN yanında DMAA-nın Müsabiqə Komissiyası tərəfindən müsabiqə (yazılı test imtahanı və müsahibə) keçirilir. Belə imtahan və müsahibənin nəticələrinə əsasən aşağıda göstərilənlərə əmin olunmalıdır:
6.1.1. keyfiyyətə nəzarət üzrə tədbirləri həyata keçirmək üçün müvafiq biliklərin olmasına;
6.1.2. namizədin əmək fəaliyyətinin hər hansı bir dövrü barədə açıqlama verə bilməyəcəyi halların olmamasına;
6.1.3. namizədin aviasiya təhlükəsizliyi sahəsinə verdiyi qiymətin əhəmiyyətinə;
6.1.4. anketlərdə olan məlumatların həqiqətə uyğun olmasına.
6.2. Əvvəlki iş yerlərindən xasiyyətnamələrə və şəxsi xarakteristikaya diqqət yetirilir.
6.3. Namizədə iş təklif olunmazdan əvvəl, həmin namizəd tərəfindən sadalanan əvvəlki iş yerlərindən, təhsil müəssisələrindən və s. aşağıda göstərilənlər barədə yazılı təsdiqləyici sənədlər alınmalıdır:
6.3.1. sənədlərdə göstərilən tarixlərin düzgün olması barədə;
6.3.2. onun peşəkarlığına hər hansı bir formada təsir edən və ya onun dürüst olmamasını göstərən məlumatların olmaması barədə.
6.4. Namizədin sənədlərində hər-hansı bir qeyri-dəqiqlik aşkarlandığı və ya təqdim edilmiş məlumatların az ehtimal olduğu halda, aşağıda qeyd olunanlar barədə sorğular edilir:
6.4.1. informasiyanı təsdiqləyə bilən şəxs haqqında məlumat;
6.4.2. növündən asılı olmayaraq, digər təsdiqləyici sənədlər.
7.1. Müsabiqənin keçirilməsi üçün müvafiq olaraq RİNN yanında DMAA-da 5 (beş) nəfərdən ibarət Müsabiqə Komissiyası (bundan sonra - Komissiya) yaradılır. Komissiyanın tərkibi sədr, sədrin müavini və digər üzvlərdən ibarət olmaqla, RİNN yanında DMAA-nın direktoru tərəfindən təsdiq edilir.
7.2. Komissiya üzvlərinin səlahiyyət müddəti 3 ildir. Səlahiyyət müddəti bitmiş üzvlər yenidən bu Komissiyanın tərkibinə daxil edilə bilərlər.
7.3. Komissiyanın işinə RİNN yanında DMAA-nın məsul əməkdaşları, mülki aviasiya subyektlərinin mütəxəssisləri və digər şəxslər cəlb edilə bilərlər.
7.4. Komissiya üzvlərinin aşağıdakı hüquqları vardır:
7.4.1. Komissiyanın səlahiyyətlərinə aid məsələlərin həllində iştirak etmək və təkliflər vermək;
7.4.2. Komissiyanın iclaslarında iştirak etmək, iclasın aparılmasına dair fikirlərini bildirmək, suallar vermək;
7.4.3. Komissiyanın qərar, protokol və digər sənədləri ilə tanış olmaq;
7.4.4. qəbul edilməsi təklif olunan qərara dair fikir söyləmək;
7.4.5. qəbul edilməsi təklif olunan qərarın lehinə və ya əleyhinə səs vermək, qərarla razılaşmadıqda xüsusi rəy vermək.
7.5. Komissiya üzvlərinin vəzifələri aşağıdakılardır:
7.5.1. Komissiyanın iclaslarını üzrsüz səbəbdən buraxmamaq;
7.5.2. Komissiyanın iclaslarında baxılan məsələlər üzrə səsvermədə iştirak etmək;
7.5.3. Komissiya üzvünün adına və qərəzsizliyinə xələl gətirə biləcək hərəkətlərə və çıxışlara yol verməmək;
7.5.4. Komissiyanın iclaslarında baxılan məsələlər üzrə konfidensiallığa əməl etmək.
7.6. Komissiya üzvlərinin səlahiyyətlərinə aşağıdakı hallarda vaxtından əvvəl xitam verilir:
7.6.1. intizam qaydasında tutduğu vəzifədən azad olunduqda;
7.6.2. öz arzusu ilə Komissiya üzvlüyündən çıxmaq barədə yazılı ərizə verdikdə;
7.6.3. öz arzusu ilə tutduğu vəzifədən azad olunduqda;
7.6.4. vəzifələrini icra etmədikdə;
7.6.5. vəfat etdikdə.
7.7. Komissiyanın üzvləri başqa vəzifəyə keçirildikdə, onların səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi məsələsinə baxıla bilər.
7.8. Səlahiyyətlərinə vaxtından əvvəl xitam verilmiş Komissiya üzvünün yerinə yeni üzv onun səlahiyyət müddətinin qalmış hissəsinə bu Qaydanın 7.1-ci bəndinə uyğun olaraq təyin edilir.
7.9. Komissiya öz fəaliyyətini iclaslar vasitəsilə həyata keçirir.
7.10. Komissiyanın iclasları üzvlərinin yarısından çoxu iştirak etdikdə səlahiyyətlidir. İclasların vaxtı və yeri barədə komissiya üzvlərinə qabaqcadan məlumat verilir.
7.11. Sədr olmadıqda Komissiyanın iclaslarına sədr müavini, o olmadıqda isə Komissiya üzvlərindən biri sədrlik edir.
7.12. Komissiyanın iclaslarında baxılan məsələlər üzrə qərarlar açıq səsvermə və səs çoxluğu ilə qəbul edilir. Sədr sonuncu səs verir və səslər bərabər olduqda, onun səsi həlledici olur. Qərarlar iclaslarda iştirak edən bütün Komissiya üzvləri tərəfindən imzalanır. Komissiya üzvünün xüsusi rəyi olduqda, rəy qərara əlavə edilir.
7.13. Komissiyanın işinə qanunsuz müdaxilə yolverilməzdir.
8.1. Müsabiqə imtahandan və müsahibədən ibarətdir.
8.2. Müsabiqəyə bu Qaydanın 2-ci hissəsinin tələblərinə cavab verən ali təhsilli şəxslər buraxılırlar.
8.3. İmtahan test üsulu ilə həyata keçirilir. İmtahanın müəyyən olunmuş qaydada keçirilməsini təmin etmək məqsədi ilə mülki aviasiya subyektlərinin və aidiyyəti dövlət qurumlarının mütəxəssisləri cəlb oluna bilərlər.
8.4. İmtahan 50 sualdan ibarətdir və 1 saat 30 dəqiqə müddətində fasilə verilmədən keçirilir.
8.5. İmtahanın suallarını və cavablarını konfidensiallıq təmin edilməklə Komissiya hazırlayır və bu hazırlıq prosesinə mütəxəssislər də cəlb edilə bilər. Hazırlanmış sualların sayı imtahanda istifadə ediləcək sualların sayından ən azı beş dəfə çox olmalıdır.
8.6. Suallar imtahana ən azı 10 gün qalmış hazırlanır, Komissiyanın qapalı iclasında baxılaraq təsdiq edilir və zərfə qoyularaq möhürlənməklə xüsusi yerdə saxlanılır.
8.7. Komissiya, imtahan suallarına düzgün cavabların siyahısını da hazırlayır və onun konfidensiallığını təmin edir.
8.8. İmtahana 2 gün qalmış konfidensiallıq təmin edilməklə və ya texniki imkanlar yol verdikdə, vahid auditoriyada keçirilən imtahan zamanı namizədlərin iştirakı ilə həmin gün suallar toplusundan 40 imtahan sualı seçilir. Bu suallar mülki aviasiyanın konkret sahələrinə və fəaliyyətinə dair qanunvericiliyi əhatə edir. İmtahana namizədin məntiqi nəticələr çıxarmaq qabiliyyətini, ümumi bilik səviyyəsini və dünyagörüşünü müəyyən etmək üçün mövcud suallar toplusundan əlavə 10 sual seçilir.
8.9. İmtahanda istifadə olunacaq suallar namizədlərin sayına görə sual kitabçası şəklində çoxaldılır, ayrıca zərflərə qoyulur və üzərində qeydlər edilir, möhürlənir və xüsusi yerdə saxlanılır.
8.10. İmtahanın müəyyən edilmiş qaydalarda keçirilməsini təmin etmək məqsədi ilə imtahan rəhbəri və nəzarətçiləri təyin olunurlar. İmtahan nəzarətçilərinin sayı iki nəfərdən az olmamalıdır.
8.11. İmtahana bir saat qalmış zərflər namizədlərə verilmək üçün imtahan rəhbərinə verilir.
8.12. İmtahanın başlanmasına 15 dəqiqə qalmış imtahan rəhbəri nəzarətçi və müşahidəçi ilə birlikdə cavab kartı zərfinin möhürünü açır, cavab kartını namizədlərə paylayır və onları doldurmaq qaydalarını izah edir. Sonra isə sual kitabçası paylanır.
8.13. İmtahan qurtardıqdan sonra namizəd cavab kartını imtahan nəzarətçilərinə təhvil verməli və otağı tərk etməlidir.
8.14. İmtahanın başa çatması barədə protokol tərtib edilir. Həmin protokol nəzarətçilər və bir namizəd tərəfindən imzalanır. Protokol və cavab kartları zərfə qoyulur, möhürlənir, imtahan rəhbərinə təqdim edilir və o möhürlənmiş zərfi aidiyyəti üzrə verir.
8.15. Namizəd imtahanın keçirilmə qaydalarını pozduqda, o cümlədən saxta sənədlər təqdim etdikdə, köçürməyə yol verdikdə, imtahana rabitə vasitəsi gətirdikdə, imtahana öz yerinə başqasını göndərdikdə, yaxud imtahan qaydalarına zidd hərəkətlərə və digər saxtakarlıqlara yol verdikdə, imtahanın rəhbəri və nəzarətçi bu barədə akt tərtib edir və namizəd imtahandan kənarlaşdırılır. Onun imtahan nəticələri Komissiya tərəfindən ləğv edilir.
8.16. Komissiya tərəfindən cavab kartlarının yoxlanılması və balların hesablanması müvafiq mütəxəssislər cəlb edilməklə həyata keçirilir. Möhürlənmiş cavab kartları ilə yanaşı, imtahan suallarına düzgün cavabların siyahısı cəlb edilmiş mütəxəssislərə təqdim edilir.
8.17. İmtahanda mülki aviasiyanın konkret sahələrini və fəaliyyətini əhatə edən qanunvericiliyə dair hər bir sualın düzgün cavabı 1 balla qiymətləndirilir (cəmi 40 mümkün bal).
8.18. İmtahanda namizədin məntiqi nəticələr çıxarmaq qabiliyyətini, ümumi bilik səviyyəsini və dünyagörüşünü müəyyən edən 10 sualın hər birinin düzgün cavabı 0,5 balla qiymətləndirilir (cəmi 5 mümkün bal). Suala düzgün olmayan cavab və ya sualın cavabsız saxlanması “0” bala bərabərdir.
8.19. Cavab kartlarının yoxlanılması qurtardıqdan sonra imtahanın nəticələri Komissiyanın sədrinə təqdim edilir. Nəticələr namizədlərə qısa müddətdə elan olunur. Hər namizədə onun xahişi ilə topladığı ballara dair arayış verilir.
8.20. İmtahanın yekununa görə 30 və daha artıq bal toplamış namizədlər müsahibəyə buraxılırlar.
8.21. Komissiya imtahanın keçirildiyi gündən 1 (bir) il müddətində cavab kartlarının saxlanılmasını təmin edir.
9.1. Namizədlərin zəruri keyfiyyətlərə malik olmasını müəyyən etmək məqsədi ilə imtahandan keçid balı toplamış şəxslərlə Komissiya tərəfindən müsahibə keçirilir.
9.2. Müsahibənin keçirildiyi yer və vaxt barədə namizədlərə əvvəlcədən Komissiya tərəfindən məlumat verilir. Müsahibəyə gələnlər özləri ilə şəxsiyyət vəsiqəsini gətirməlidirlər.
9.3. Müsahibə başlanarkən Komissiyanın rəhbəri namizədlərin siyahısını elan edir və müsahibəni aparan şəxslərdən etirazları olub-olmamasını soruşur. Namizədlə yaxın qohumluq və ya şəxsi münasibətdə olan müsahibəni aparan ºəxs həmin namizədlə müsahibədə iştirak etmir. Əsaslar olduqda namizəd müsahibə başlanmazdan əvvəl müsahibəni aparanlardan hər hansı birinə etiraz edə bilər. Etirazın qəbul və ya rədd edilməsini Komissiyanın sədri müəyyən edir.
9.4. Namizədlərlə müsahibə fərdi qaydada və 30 dəqiqə müddətədək həyata keçirilir. Müsahibə zamanı hər namizədə ixtisas səviyyəsinə və ümumi dünyagörüşünə dair 5 sual verilir.
9.5. Müsahibə zamanı verilən suallar vasitəsilə namizədin aşağıdakı xüsusiyyətləri qiymətləndirilir:
9.5.1. vəzifə borclarının icrası ilə əlaqədar Azərbaycan Respublikasının Konstitusiyasını və mülki aviasiya sahəsi ilə bağlı normativ hüquqi aktlarını tətbiq etmək sahəsində biliyi və bacarığı, o cümlədən təhsil səviyyəsi, peşə nailiyyətləri, xarici dilləri bilməsi, kompyuterdə işləmək bacarığı və səviyyəsi;
9.5.2. özünü təqdimetmə bacarığı, təmkinliliyi, fikir və rəyini ifadə etmək qabiliyyəti;
9.5.3. təşəbbüskarlığı, analitik düşünmək qabiliyyəti, hadisələri obyektiv qiymətləndirmək, problemlərin həlli ilə bağlı qərar çıxarmaq bacarığı.
9.6. Müsahibə zamanı namizədin verdiyi hər cavab Komissiyanın hər bir üzvü tərəfindən 0, 1, 2, 3, 4 və 5 ballardan biri ilə qiymətləndirilir və sonra Komissiya üzvlərinin verdiyi qiymətlər toplanaraq müsahibədə iştirak edən Komissiya üzvlərinin sayına bölünür.
9.7. Müsahibənin nəticəsi üzrə ən çox 25 bal toplamaq mümkündür.
9.8. Komissiya üzvləri arasında müsahibə ilə bağlı fikir mübadiləsi keçirilə bilər. Suallar və cavablar Komissiyanın üzvləri tərəfindən bal cədvəlinə yazılır və qiymətləndirilərək Komissiyanın sədrinə təqdim edilir.
9.9. Müsahibənin nəticələri üzrə namizəd mümkün balın 60 faizini və daha çox bal topladıqda müsahibədən müvəffəqiyyətlə keçmiş hesab olunur.
10.1. Aviasiya təhlükəsizliyinin keyfiyyətinə nəzarət tədbirlərini həyata keçirən personala hər hansı bir nəzarət tədbirinə dair hüququn verilməsi zamanı cinayət məsuliyyətinə cəlb edilmə halları da daxil olmaqla, həmin şəxsin şəxsiyyətinin və əmək fəaliyyətinin araşdırılması məqsədi ilə anket məlumatlarının toplanılması və yoxlanılması həyata keçirilir.
10.2. Şəxsə dair məlumatların toplanılması və yoxlanılması RİNN yanında DMAA-nın sorğusu əsasında həyata keçirilir.
10.3. Anket məlumatlarının yoxlanılması üçün aşağıdakılar nəzərdə tutulur:
10.3.1. müvafiq sənədlərin yoxlanılması yolu ilə namizədin şəxsiyyətinin müəyyən edilməsi;
10.3.2. cinayət məsuliyyətinə cəlb olunması barədə məlumatların yoxlanılması;
10.3.3. ən azı son 5 (beş) il müddətində əvvəlki əmək fəaliyyəti, təhsili və yaxud digər fəaliyyəti barədə məlumatların yoxlanılması.
10.4. Anket məlumatlarının yoxlanılması namizədin keyfiyyətə nəzarət tədbirlərinə cəlb olunmasına və Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada məxfi məlumatlarla işləməyə buraxılış verilməsinə qədər başa çatdırılmalıdır.
11.1. Yoxlamaların aparılmasına cəlb edilən şəxs aşağıdakılara diqqət yetirməlidir:
11.1.1. təftiş edilən və fəaliyyəti yoxlanılan təşkilatdan asılılığa yol verilməməlidir;
11.1.2. aeroportlara, aviasiya subyektlərinə, təşkilat rəhbərlərinə və ayrı-ayrı şəxslərə münasibətdə qabaqcadan yanlış qənaətə (fikrə) malik olmamalıdır;
11.1.3. düzlük, auditorun öz vəzifələrinin icrasına təsir edə biləcək şəxslərlə və ya təşkilatlarla hər hansı bir müqaviləni (maliyyə və s.) bağlamamalıdır;
11.1.4. obyektiv olmalıdır;
11.1.5. yoxlama nəticəsində əsaslandırılmış qərar qəbul etməlidir;
11.1.6. qərəzsiz olmalıdır;
11.1.7. müstəqillik prinsipini əsas tutmalıdır;
11.1.8. öz qərarlarına və hərəkətlərinə görə məsuliyyət daşımalıdır;
11.1.9. yoxlamanı təsdiq edilmiş plana uyğun olaraq həyata keçirməlidir;
11.1.10. yoxlamanı tam və hərtərəfli həyata keçirməlidir.
12.1. Şəxs aşağıdakı hallarda yoxlamaların aparılmasına cəlb edilə bilməz:
12.1.1. RİNN yanında DMAA-dan, aviasiya subyektlərindən, həmçinin digər müvafiq dövlət qurumlarından onun yoxlamadan azad edilməsi barədə yazılı qərar olduqda;
12.1.2. bu Qaydanın 3-cü hissəsi ilə müəyyən edilmiş tələblərə tam cavab vermədikdə;
12.1.3. əvvəlki auditdə və yoxlamada iştirakı zamanı vəzifələrini mövcud qaydaya uyğun yerinə yetirmədikdə.
13.1. Hər bir namizədin şəxsi işində aşağıdakı məlumatları əks etdirən sənədlər olmalıdır:
13.1.1. namizədin verdiyi imtahan və namizədlə aparılmış müsahibə barədə hərtərəfli məlumat;
13.1.2. yoxlama prosesinin həyata keçirildiyini təsdiq edən sənədlər;
13.1.3. yoxlamanın aparılmasının mümkün olmadığı haqqında məlumatlar (istənilən müddət üzrə rəylər də nəzərə alınmaqla);
13.1.4. tələb edilən funksiyaları icraetmə qabiliyyətinin olduğuna əminlik yaradan fiziki sağlamlıq vəziyyətinin müsbət qiymətləndirilməsini təsdiqləyən sənədlər;
13.1.5. namizədin işə qəbul edilməsi üzrə qərar.
13.2. Keyfiyyətə nəzarət üzrə vəzifələrin icrası üçün işə cəlb edilməsinin mümkün olub-olmamasının qabaqcadan yoxlanılması RİNN yanında DMAA tərəfindən həyata keçirilir.
13.3. Keyfiyyətə nəzarət üzrə vəzifələrin icra edilməsi məqsədi ilə işə qəbul bir və ya bir sıra yoxlamalar üçün nəzərdə tutulduqda, belə cəlbedilmə müqavilə əsasında rəsmiləşdirilir.
13.4. Yoxlamaların aparılmasına cəlb edilmək məqsədi ilə müsabiqədə iştirak etmək istəyən şəxsin sənədləri qəbul olunduqdan sonra 3 (üç) iş günü müddətində RİNN yanında DMAA aşağıdakı orqanlara şəxs barədə sorğular göndərir:
13.4.1. şəxsin fəaliyyət qabiliyyətinə malik olmaması, məhdud fəaliyyət qabiliyyətinə malik olması və ya tibbi xarakterli məcburi tədbirlərin tətbiqi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarının olub-olmamasını yoxlamaq üçün müvafiq məhkəməyə və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə;
13.4.2. şəxsin ödənilməmiş və ya götürülməmiş məhkumluğunun olub-olmamasını yoxlamaq üçün Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə;
13.4.3. şəxsin bilavasitə tabeliyində və ya nəzarəti altında işlədiyi vəzifəli şəxslə yaxın qohumluq (valideynlər və uşaqlar, baba-nənə və nəvələr, doğma və ögey (ümumi ata və anası olan) qardaş və bacılar) və ya qudalıq əlaqəsi olduğunu yoxlamaq üçün müvafiq dövlət orqanlarına;
13.4.4. qanunla nəzərdə tutulmuş hallarda şəxsin əvvəllər məhkum olunduğunu, habelə bəraətverici əsaslar olmadan barəsində cinayət işinin icraatına xitam verilib-verilmədiyini yoxlamaq üçün Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə;
13.4.5. şəxsin dini xadim olub-olmamasını yoxlamaq üçün Qafqaz Müsəlmanları İdarəsinə və Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə;
13.4.6. qanunvericilikdə nəzərdə tutulmuş digər məlumatları yoxlamaq məqsədi ilə müvafiq orqanlara.
13.5. RİNN yanında DMAA-nın sorğularına yoxlamaların aparılmasına cəlb edilmək istəyən şəxs tərəfindən əllə doldurulmuş və imzalanmış kadrlar uçotunun şəxsi vərəqəsinin surəti əlavə edilir.
13.6. Göndərilmiş sorğulara əsasən müvafiq orqanlar tərəfindən 5 (beş) iş günü müddətində araşdırma aparılır və RİNN yanında DMAA-ya müvafiq qaydada rəsmi cavab verilir. Kadrlar uçotunun şəxsi vərəqəsində soyadı, adı, atasının adı, doğulduğu tarix, yaxın qohumlarının siyahısı, məhkəmə məsuliyyətinə cəlb olunub-olunmaması və s. məlumatlar əks etdirilməlidir.
13.7. Bu Qaydada nəzərdə tutulan müddəalar fərdi məlumatların və dövlət sirrinin mühafizəsi ilə bağlı Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə uyğun həyata keçirilməlidir.
1. 21 yanvar 2019-cu il tarixli 20 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 25 yanvar 2019-cu il, № 19, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 01, maddə 164)
2. 12 aprel 2021-ci il tarixli 92 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 4, maddə 396)
3. 4 aprel 2022-ci il tarixli 136 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 9 aprel 2022-ci il, № 72, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 4, maddə 386)
4. 12 may 2025-ci il tarixli 157 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 13 may 2025-ci il, “Xalq” qəzeti, 16 may 2025-ci il, № 100, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № 5, maddə 507)