Qanunvericilik › “Yük Avia-Qaiməsi”nin (forma N YAQ-1) forma və rekvizitləri və onlardan istifadə Qaydaları (Nəqliyyat Nazirliyi, 01.09.2003) › Tam mətn

“Yük Avia-Qaiməsi”nin (forma N YAQ-1) forma və rekvizitləri və onlardan istifadə Qaydaları (Nəqliyyat Nazirliyi, 01.09.2003)

“Yük Avia-Qaiməsi”nin (forma N YAQ-1) forma və rekvizitləri və onlardan istifadə Qaydaları (Nəqliyyat Nazirliyi, 01.09.2003) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

1.1. Bu Qaydalar “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikası Prezidentinin 02 sentyabr 2002-ci il tarixli 782 N-li Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında Qaydalar”a əsasən hazırlanmışdır.

Yuxarıda göstərilən qanunvericilik aktlarının tələblərinə uyğun hazırlanmış “Yük Avia-Qaiməsi” (forma N YAQ-1) bundan sonra ciddi hesabat blankı adlandırılacaq.

1.2. “Yük Avia-Qaiməsi”nin (forma N YAQ-1) forma və rekvizitləri və onlardan istifadə qaydaları” yük daşınması ilə məşğul olan aviasya müəssisələrində mühasibat uçotunun düzgün aparılmasını təmin etmək məqsədilə hazırlanmış və “Azərbaycan Hava Yolları” Dövlət Konserninin tabeçiliyində olan və sisteminə daxil edilən müəssisələrə şamil edilir.

1.3. Ciddi hesabat blankının forma və rekvizitləri Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırıldıqdan, “Azərbaycan Hava Yolları” Dövlət Konserni tərəfindən təsdiq edildikdən və Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alındıqdan sonra eyni seriya və nömrə ilə çap ediləcək nüsxələrin miqdarı qanunvericilikdə nəzərdə tutulduğu kimi, yalnız Maliyyə Nazirliyinin xüsusi razılıq (lisenziya) verdiyi şəxs (mətbəə) tərəfindən sifarişçilərin vəsaiti hesabına çap edilir.

1.4. “Yük Avia-Qaiməsi” (forma N YAQ-1) forma və rekvizitləri və onlardan istifadə qaydaları”nın tətbiqi “Azərbaycan Hava Yolları” Dövlət Konserni tərəfindən həyata keçirilir.

2.1. Xüsusi razılıq (lisenziya) verilmiş şəxs (mətbəə) tərəfindən ciddi hesabat blanklarının üzərində aşağıdakı rekvizitlər mütləq həkk edilir:

- müəssisənin tam adı, hüquqi ünvanı, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN-i) və digər lazımi göstəriciləri;

- ciddi hesabat blanklarını çap edən mətbəənin özünümüdafiə məqsədilə özünün gizli nişanları (şərti qəbul edilmiş emblem, tor və s.) və VÖEN-i;

- ciddi hesabat blanklarının adı, seriya və nömrəsi.

2.2. Hər hansı bir sifarişçi üçün eyni adda, eyni seriyada və eyni nömrədə ciddi hesabat blanklarından təkrar çap etmək qadağan edilir.

2.3. Ciddi hesabat blanklarının istifadəsinə nəzarət onun seriya və nömrələrinə əsasən həyata keçirilir.

Ciddi hesabat blanklarının üzərində həkk olunan seriyalar Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən verilir.

2.4. Xüsusi razılıq (lisenziya) verilmiş şəxs (mətbəə) ciddi hesabat blanklarının adını, seriyasını, nömrəsini və digər lazımi göstəricilərini, eyni zamanda onları sifariş edən şəxsin (sifarişçinin) adını, VÖEN-i, ünvanını və digər lazımi göstəricilərini özündə əks etdirən məlumatı hər ay Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Vergilər Nazirliyinə təqdim edir.

2.5. Ciddi hesabat blanklarının qanunvericilikdə nəzərdə tutulmuş qaydada müəssisənin anbarında saxlanılmaqla uçotu aparılır, müəssisə rəhbərinin icazəsi ilə anbardan təhtəlhesab şəxslərə (icraçılara) qaimə-faktura əsasında verilir və onlarla tam maddi-məsuliyyət barədə nümunəvi fərdi müqavilə bağlanılır. Verilmiş ciddi hesabat blanklarının uçotu “Ciddi hesabat blankları” adlı balansarxası hesabda, mədaxil və məxaric üzrə hərəkətinin qeydiyyatı isə əmlakın (qiymətlilərin) uçot kartı forma N-1Q-də materialların uçotu qaydasında aparılır.

2.6. Ciddi hesabat blanklarını cırmaq, pozmaq, ləkələmək və onların üzərində düzəliş aparmaq olmaz (korlanmış ciddi hesabat blanklarının əvəzinə başqası doldurulur). Korlanmış ciddi hesabat blankları müvafiq qaydada mühasibatlığa təhvil verilir. Mühasibatlıqda yoxlama (təftiş) keçirildikdən sonra həmin blanklar sənədlərin arxivə təhvil verilməsi üçün mövcud olan müvafiq qaydalar əsasında arxivə təhvil verilir.

2.7. Ciddi hesabat blankları itirildikdə bu barədə 3 nəfərin imzası ilə akt tərtib olunmaqla, qəzetə elan verilir və həmin blankları itirən təsərrüfat subyektinin qeydiyyatda olduğu vergi orqanına, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə, Azərbaycan Respublikasının Vergilər Nazirliyinə müvafiq məlumat verilir.

2.8. “Yük Avia-Qaiməsi” (forma YAQ-1) altı nüsxədən ibarətdir.

“Yük Avia-Qaiməsi”nin (forma YAQ-1) bütün nüsxələrinə mətbəə tərəfindən eyni seriya və eyni nömrələr həkk edilir. Həmin sənəd xüsusi surətçıxaran kağızda elə çap edilir ki, bu ciddi hesabat blankın bütün nüsxələrini üst-üstə qoyub dolduran zaman blankın surəti onun digər nüsxələrinə çıxa bilsin.

“Yük Avia-Qaiməsi”nin (forma YAQ-1) bir nüsxəsi yük göndərən hüquqi və ya fiziki şəxsdə, iki nüsxəsi hesabat vermək və nəzarət etmək üçün yük göndərən aeroportun mühasibatlığında (icraçıda), digər iki nüsxəsi hesabat vermək və nəzarət etmək üçün yükü qəbul edən aeroportun mühasibatlığında (icraçıda), digər bir nüsxəsi yükü qəbul edən hüquqi və ya fiziki şəxsdə qalır.

3.1. “Yük Avia-Qaiməsi”nin (forma N YAQ-1) rekvizitləri aşağıdakı kimi doldurulur:

- “Göndərən aeroport” rekvizitində göndərən aeroportun adı yazılır;

- “Yük göndərənin adı və ünvanı” rekvizitində yük göndərən hüquqi şəxs olduqda müəssisənin vəzifəli şəxsinin soyadı, adı, atasının adı və digər lazımi məlumatlar və müəssisənin adı göstərilir. Yük göndərən fiziki şəxs olduqda soyadı, adı, atasının adı və digər lazımi məlumatlar göstərilir;

- “Telefon” rekvizitində yükü göndərən şəxsin telefon nömrəsi göstərilir;

- “Qəbul edən aeroport” rekvizitində yükü qəbul edən aeroportun adı göstərilir;

- “Yük alanın adı və ünvanı” rekvizitində yük alan hüquqi şəxs olduqda müəssisənin vəzifəli şəxsinin soyadı, adı, atasının adı və digər lazımi məlumatlar və müəssisənin adı göstərilir. Yük alan fiziki şəxs olduqda soyadı, adı, atasının adı və digər lazımi məlumatlar göstərilir.

- “Telefon” rekvizitində yükü alan şəxsin telefon nömrəsi göstərilir;

- “Yükün adı” rekvizitində yükün adı göstərilir;

- “Yerlərin sayı” rekvizitində yükün tutduğu yerin sayı göstərilir;

- “Yükün çəkisi (kq)” rekvizitində yükün çəkisi göstərilir;

- “Qablaşdırmanın növü” rekvizitində qablaşdırmanın növü göstərilir;

- “Əlavə qeydlər” rekvizitində əlavə qeydlər göstərilir;

- “Tələb olunan sənədlər” rekvizitində əlavə tələb olunan sənədlər (icazə, sertifikat) göstərilir;

- “Yük _____ dəyərində qiymətləndirilib” rekvizitində yükün dəyərlənmiş qiyməti rəqəm və yazı ilə göstərilir;

- “Yük alan məlumatlandırılıb” rekvizitində yükü alan şəxsin məlumatlandırılması barədə qeydlər aparılır;

- “Tarif 1 kq. “ rekvizitində tarif üzrə 1 kq. yükün daşınması üçün ödənilən haqqın dəyəri göstərilir;

- “Tarifə görə məbləğ” rekvizitində tarifə görə yükün daşınması üçün ödənilən haqqın dəyəri göstərilir;

- “Dəyər qiymətinə görə” rekvizitində dəyər qiymətinə görə yükün daşınması üçün ödənilən haqqın dəyəri göstərilir;

- “Emal” rekvizitində yükün hava gəmisinə yüklənməsi üçün ödənilən haqqının dəyəri göstərilir;

-”Blank” rekvizitində “Yük Avia-Qaiməsi”nin blankının qiyməti göstərilir;

- “ƏDV” rekvizitində ƏDV-nin faizi və hesablanmış məbləği manatla göstərilir;

- “Cəmi” rekvizitində yükün daşınması üçün ödənilən haqqın cəmi dəyəri və hesablanmış ƏDV-nin cəmi məbləği manatla göstərilir;

- “Ümumi” rekvizitində yükün daşınması üçün ödənilən haqqın dəyəri hesablanmış ƏDV-nin məbləği ilə birlikdə rəqəm və yazı ilə göstərilir;

- “Göndərilən zamanı ödənilib” rekvizitində yükü göndərən zaman ödənilmiş məbləğ rəqəm və yazı ilə göstərilir;

- “Xəzinədar” rekvizitində xəzinədar soyadını, adını, atasının adını göstərməklə imza edir və ştampını vurur;

- “Yük göndərən” rekvizitində yük göndərən hüquqi şəxs olduqda müəssisənin vəzifəli şəxsi soyadını, adını, atasının adını, müəssisənin adını və digər lazımi məlumatları göstərməklə imza edir və möhürünü vurur. Yük göndərən fiziki şəxs olduqda soyadını, adını, atasının adını və digər lazımi məlumatları göstərməklə imza edir.

- “ Yükü qəbul etdim” rekvizitində yükü qəbul edən və təhvil verən şəxs (təhvil-təslimçi) soyadını, adını, atasının adını və tarixi yazmaqla imza edir;

- “Yük cəmi yer” rekvizitində yükün cəmi tutduğu yerin sayı göstərilir;

- “Çəki” rekvizitində yükün çəkisi göstərilir;

- “Vəkalətnamə “ rekvizitində vəkalətnamənin N-si, nə vaxt və kim tərəfindən verildiyi göstərilir;

- “Pasport seriya___N “ rekvizitində yükü alanın pasportunun (şəxsiyyət vəsiqəsinin) seriya və nömrəsi göstərilir;

- “Yükü qəbul etdim” rekvizitində yükü qəbul edən hüquqi şəxs olduqda müəssisənin vəzifəli şəxsi soyadını, adını, atasının adını, müəssisənin adını, digər lazımi məlumatları və tarixi göstərməklə imza edir və möhürünü vurur. Yükü qəbul edən fiziki şəxs olduqda soyadını, adını, atasının adını və digər lazımi məlumatları və tarixi göstərməklə imza edir;

- “Yükü təhvil verdim (təhvil-təslimçi)” rekvizitində yükü təhvil verən şəxs (təhvil-təslimçi) soyadı, adı, atasının adını yazmaqla imza edir;

- “Yükün verilməsi zamanı ödəniş” rekvizitində yükün verilməsi zaman ödənilən məbləğ rəqəm və yazı ilə göstərilir;

- “Xəzinədar” rekvizitində xəzinədar soyadını, adını, atasının adını yazmaqla imza edir və ştampını vurur.

Blankın göndərilmə hissəsi aşağıdakı kimi doldurulur:

- “Aeroportun kodu” rekvizitində aeroportun kodu göstərilir;

- Tarix” rekvizitində hava gəmisinin uçuş tarixi göstərilir;

- “Reysin N-si” rekvizitində hava gəmisinin reysinin N-si göstərilir;

- “Yerin sayı” rekvizitində yükün tutduğu yerlərin sayı göstərilir;

- “Yükün çəkisi (kq)” rekvizitində yükün çəkisi göstərilir.

Blankın qəbul etmə hissəsi aşağıdakı kimi doldurulur:

- “Aeroportun kodu” rekvizitində aeroportun kodu göstərilir;

- “Tarix” rekvizitində hava gəmisinin uçuş tarixi göstərilir;

- “Reysin N-si” rekvizitində hava gəmisinin reysinin N-si göstərilir;

- “Yerin sayı” rekvizitində yükün tutduğu yerlərin sayı göstərilir;

- “Yükün çəkisi (kq)” rekvizitində yükün çəkisi göstərilir.

4.1. Bu Qaydaların tələblərini pozanlar Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver