Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-167/2024 14.02.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Söyziyev Elşah İlham oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Həsən qızının, Təqsirləndirilən şəxs iştirakı ilə, 06 avqust 1994-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, fərdi əməklə məşğul olan, orta təhsilli, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “həbs”qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə keçən gecə saat 04 radələrində Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində fəaliyyət göstərən “Caspian” adlanan otelin həyətində ictimai qaydanı kobud surətdə pozan cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, ictimai və şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran, cəmiyyətdə insanlar arasında bərqərar olmuş, birgə yaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, ətrafdakı insanlarda qorxu və narahatlıq yaradan şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edib, ətrafda olan şəxslərin gözü qarşısında cuzi səbəbdən yaranmış mübahisə zamanı başı ilə Zərərçəkmiş şəxs qəsdən üz nahiyyəsindən bir dəfə zərbə endirmiş, onun bir neçə addım arxaya getdiyini görəndən sonra qəsdən təpiklə bir dəfə qarın nahiyyəsinə yumruqla bir dəfə üz nahiyyəsinə qəsdən vuraraq, Zərərçəkmiş şəxs xuliqanlıq niyyəti ilə ənsə və təpə nahiyyəsinin hematomaları, burunun sıyrığı, burun tənəffüsünün çətinləşməsi ilə müşayiət olunan burun sümüyünün yerdəyişən sınığı ilə nəticələnməklə yetirildiyi anda sonuncunun sağlamlığının həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126-cı madəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ümumi əmək qamiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsinə səbəb olan sağlamlığa qəsdən az ağır dərəcəli zərər vuran bədən xəsarətləri yetirməklə xuliqanlıq etmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilərək ifadəsində bildirdi ki, Zərərçəkmiş şəxs təxminən 4-5 ay olar ki, tanıyır, münasibətləri yaxşı olmuş, aralarında heç bir ədavətləri olmamışdır. xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə keçən gecə saat 04-30 radələrində Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində fəaliyyət göstərən “Caspian” adlı otelə getmişdir. Həmin oteldə işləyən Ulduz yer olmadığını bildirmişdir. Oteldə yer olduğunu bildiyi üçün hansı səbəbə onu otelə buraxmadığını soruşub, öz iradlarını bildirmişdir. Ulduz guya onun otelə borclu olduğunu bildirmişdir. Əslində isə onun borcu olmamışdır. Aralarında mübahisə daha da qızışmağa başlamışdır. Ulduz həmin vaxt ünvanına nalayiq ifadələr işlətmişdir. Onun söydüyü söyüş onu özündən çıxartmış və başı ilə Ulduzun üz nahiyyəsindən bir dəfə zərbə endirmiş, Ulduz bir neçə addım aryaxa gedəndən sonra təpiklə qarın nahiyyəsinə yumruqla üz nahiyyəsinə vurmuşdur. Ulduz ona “küçük oğlu” sözünü işlətmişdir. Bu söz onun fikrindən çıxmadığına görə sakitləşə bilməmiş, əksinə özündən çıxmış, sözlədə Ulduzu hədələmişdir. Bir neçə dəqiqə sonra Ulduz telefonla polisə zəng vurduğunu görüb, üzdən tanıdığı “BMW” markalı avtomobillə taksi fəaliyyəti ilə məşğul olan Umudun maşınına əyləşmiş, Suraxanı qəsəbəsinə gedib, 7 manat gediş haqqı verdikdən sonra maşından düşüb evə getmişdir. Təqsirləndirilən şəxs son sözündə etdiyi əməldən səmimi peşman olduğunu, zərər çəkmiş şəxsə dəymiş ziyanı ödədiyini, zərər çəkmiş şəxslə barışdığını, zərər çəkmiş şəxsin ondan şikayət və tələbinin olmadığını qeyd edərək ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirdi ki, Xəzər rayonu, Türkan qəsəbəsi ərazisində fəaliyyət göstərən “Caspian” adlı oteldə nəzarətçi işləyir. Barəsində şikayət etdiyi Təqsirləndirilən şəxs müştəri kimi 4-5 ay olar ki, tanıyır. Onunla münasibətləri yaxşı olmuş, aralarında heç bir ədavətləri olmamışdır. Təqsirləndirilən şəxs bir dəfə oteldə qalmış, lakin ödəniş etməmişdir. Həmin vaxt ödəyəcəyini desədə, sonradan boyun qaçırtmışdır. Bu səbəbdən qərara almışdır ki, onu otelə buraxmasın. Çünki ödəniş olmayanda pulu ondan tələb edirdilər. xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə keçən gecə saat 04:30 da Əli otelə gəldi və qapını açmağını tələb elədi. Oteldə yer olmaması barədə yalandan demişdir. Çünki onun pul verməyəcəyindən qorxmuşdur. Əli onun ünvanına nalayiq ifadələr işlətmişdir. O, da ona cavab qaytarmışdır. Bu səbəbdən aralarında sözlə mübahisə düşmüşdür. Mübahisə zəmnində Əli başı ilə burun nahiyyəsinə bir dəfə zərbə endirmişdir. O, iki addım arxaya getmişdir. Bundan sonra Əli təpiklə qarın nahiyyəsinə bir dəfə zərbə endirib, yumruqla üz nahiyyəsinə vurmuşdur. Zərbənin təsirindən yerə yıxılmışdır. O, bir neçə saniyə sonra ayağa qalxanada Əli uca səslə nalayiq ifadələr işlətmiş, bıçaq axtardığını yenidən səsli şəkildə dilinə gətirib sözlə hədələyərək ətrafdakı insanların diqqətini özünə cəlb etmişdir. Telefonu götürüb 102 xidmətinə yığanda, Əli polis çağırdığımı başa düşüb “BMV” markalı ** UH *** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşmiş və həmin yerdən uzaqlaşmışdır. Zərər çəkmiş şəxs təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın ödənildiyini, bu səbəbdən də təqsirləndirilən şəxslə barışdığını, təqsirləndirilən şəxsdən şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 bildirdi ki, Ulduzu və barəsində şikayət etdiyi Əli adlı şəxsi tanıyır, onların heç biri ilə aralarında düşmənçilikləri və ədavətləri yoxdur. Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində fəaliyyət göstərən “Caspian” adlı oteldə xadiməçi işləyir. xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə keçən gecə saat 04 radələrində Əli adlı şəxs otelə gəlib otaq istəmişdir. Ulduz isə özünə məlum səbəbdən otağın olmadığını bildirmişdir. Bu səbəbdən onların arasında sözlə mübahisə düşmüşdür. Mübahisə zamanı Əli kimi tanıdığı şəxs Ulduzun ünvanına nalayiq ifadələr işlətmişdir. Ulduz da ona cavab qaytarmışdır. Həmin vaxt Əli başı ilə Ulduzun üz nahiyyəsinə bir dəfə zərbə endirmişdir. Zərbənin təsirindən Ulduz arxa-arxaya getmişdir. Bundan sonra Əli təpiklə Ulduzun qarın nahiyyəsinə yumruqla üz nahiyyəsinə zərbə endirmişdir. Ulduz yerə yıxılmışdır. Ulduz özünə gəlib yerdən qalxaraq 102 xidmətinə zəng vurandan sonra Əli “BMV” markalı ** UH *** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşərək, həmin yerdən uzaqlaşmışdır. Əli əvvəllər də bir neçə dəfə gələrək oteldə münaqişə yaratmışdır. Münaqişə zamanı Əli ucadan nalayiq ifadələr işlədərək ətrafdakı insanların diqqətini özünə cəlb etmişdir. Aparılmış ibtidai istintaq zamanı şahid qismində ifadəsi alınmış Şahid1 məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi məhkəmə iclasında elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsində qeyd edilmişdir ki, Ulduzu və barəsində şikayət olunan Əli adlı şəxsi müştəri kimi tanıyır, aralarında heç bir düşmənçilikləri və ədavətləri yoxdur. Onlar hər ikisi onun avtomobilindən müştəri kimi istifadə edirlər. İcarə əsasında idarə etdiyi “BMW” markalı ** UH *** dövlət qeydiyyat nişanlı avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olur. xx.xx.2023-cü il tarixdə saat 04:30 radələrində Türkan qəsəbəsində fəaliyyət göstərən “Caspian” adlı otelin həyətində daxil olmuşdur. Həmin vaxt orada qarmaqal olduğunu və xeyli sayda insanlar yığışdığının şahidi olmuşdur. O da maşından düşüb, həmin kütlənin yığışdığı yerə yaxınlaşmışdır. Ulduzun əli ilə burun nahiyyəsindən tutub yerə çöməldiyini görmüşdür. Adını Əli kimi bildiyi digər müştəri isə həmin vaxt həyəcanlı vəziyyətdə onu aparmağı xahiş eləmişdir. O da etiraz etməmiş və onu Bakı şəhəri, Suraxanı qəsəbəsi, Suraxanı dairəsinə aparmış və bunun müqabilində 7 manat pul almışdır. Yolda olan zaman Əli öz ünvanına nalayiq ifadələr işlətmişdir. Ondan nə baş verdiyini soruşanda bu barədə heç nə deməmişdir. Amma onun Ulduz ilə arasında dava-dalaş hadisəsi baş verməsini təxmin etmişdir. Sonradan da taksi sürücüsü kimi həmin otelə gedəndə üzdən tandığı şəxslərdən eşitmişdir ki, Əli başı ilə Ulduzu vuraraq xəsarət yetirmişdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini də sübut növü kimi qəbul etmişdir. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X3-Təcrübi və Tədris Birliyinin 24 may 2023-cü il tarixli, 537 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər – ənsə və təpə nahiyəsinin hematomaları, burunun sıyrığı, burun tənəffüsünün çətinləməsi ilə müşayiət olunan burun sümüyünün yerdəyişən sınığı küt əşya(əşyalar) təsirindən törənmiş, törənmə müddətləri onun məhkəmə-tibb müayinəsindən bir neçə saat əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2023-cü il tarixə uyğun gələ bilər və sağlamlığın uzun müddətə pozulmasına səbəb olduqlarına görə bunlar Az Ağır dərəcəli zərərvurmaya aiddirlər. Hadisə haqqında məlumatlara, qeyd olunan xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlər kənar şəxs tərəfindən yetirilmişdir. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, xx.xx.1994-cü ildə Bakı şəhərində doğulmuş Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmünə əsasən AR CM-nin 126.2.4, 228.4 və 66.3cü maddələri ilə təqsirli bilinərək, barəsində 07 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli 3282 saylı “ƏFV” fərmanına əsasən cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir. İş materiallarına əlavə olunmuş 27 sentyabr 2023-cü il tarixli axtarışda olunanın tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs 27 sentyabr 2023-cü il tarixdə Suraxanı rayonu ərazisində saxlanılaraq Xəzər RPİ-nin MSY-nə təhvil verilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi Azərbaycan Respublikasının CM-nin 127.1-ci maddəsindən həmin Məcəllənin 127.2.3 və 221.1-ci maddələrinə tövsif edilmişdir. İş materiallarına əlavə olunmuş 29 sentyabr 2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* saylı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanası tərəfindən verilmiş 3-16-17/40/2-6532/2023 saylı, xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Xəzər RPİ-nin əməkdaşları tərəfindən tutularaq xx.xx.2023-cü il tarixdə saxlanılması üçün 3 saylı istintaq təcridxanasına gətirilmişdir. İş materiallarına əlavə olunmuş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilmişdir, təqsirləndirilən şəxslə barışmış və zərər çəkmiş şəxsin Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının 31.1-ci maddəsinə əsasən “Hər kəsin təhlükəsiz yaşamaq hüququ vardır.” Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 6.2-ci maddəsinə əsasən “Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərər çəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cinayət Məcəlləsinin xuliqanlığa görə müəsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qaydadedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə,əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlıdavranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik,etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsibaşa düşülür. Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasında cinayətin obyektiv tərəfinin məcburi elementi kimi nəzərdə tutulan aktiv hərəkətlərin düzgün təfsirinin əhəmiyyəti nəzərə alınmaqla izah edilsin ki, xuliqanlıq cinayəti gedişində vətəndaşlara zor tətbiq edilməsi dedikdə zərər çəkmiş şəxsi döymədə və ya onun sağlamlığına qəsdən yüngül zərər vurmada ifadəolunan hərəkətlərin edilməsi başa düşülməlidir.” Xuliqanlıq – öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər – təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər – təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. Təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2011ci il tarixli qərarında göstərilmişdir ki, “Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyrimüəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərər çəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Belə olan halda, məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.1-ci maddələri ilə düzgün tövsif olunmuş və o, həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə vəsubyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. CM-nin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər.” Məhkəmə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəllənin 59.1.12 və 59.1.13-cü maddəsinə əsasən zərər çəkmiş şəxsə dəymiş ziyanı ödəməsini, zərər çəkmiş şəxslə barışmasını, zərər çəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını, həmin Məcəllənin 59.2-ci maddələrinə əsasən törətmiş olduğu əməli səmimi etiraf etməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən “Cinayətlərin residivi cəzanı ağırlaşdıran haldır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən “Qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.2-ci maddəsinin şərh olunmasına dair” xx.xx.2008ci il tarixli qərarında göstərilmişdir ki, “Məhkumluq cinayətin və cəzanın hüquqi nəticəsi kimi qəbul olunur. Burada cinayət-ilkin əməl, məhkum etmə və cəza tətbiq etmə isə onun nəticəsi kimi çıxış edir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən “Cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” xx.xx.2009-cu il tarixli qərarında göstərilmişdir ki, “Məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayəthüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2010-cu il tarixli qərarında göstərilmişdir ki, “Məhkumluq hüquqi təbiətinə görə cinayət törətməklə özünün ictimai təhlükəliliyini biruzə vermiş şəxsin hərəkətləri üzərində sosial-hüquqi nəzarətin müəyyənləşdirilməsindən və həyata keçirilməsindən ibarət olan cinayət-hüquqi institutdur. Bu cür nəzarət yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə həyata keçirilməklə məhkumun hüquq və azadlıqlarının müəyyən dərəcədə məhdudlaşdırılmasında ifadə olunur. Məhkumluq, həmçinin yenidən cinayət törətməməsi üçün ədalət mühakiməsi tərəfindən məhkuma edilən özünəməxsus xəbərdarlıq növüdür. Məhkumluğu olan şəxs tərəfindən yeni cinayətin törədilməsi bir qayda olaraq onun sabit kriminal meylliliyinə, məhkəmə tərəfindən edilmiş xəbərdarlığa məhəl qoymamasına dəlalət edir, bu isə nəticə etibarilə onun yüksək ictimai təhlükəliliyinə işarə edir. Yeni cinayət törətdiyinə görə qanun belə şəxsə qarşı daha sərt cinayət-hüquqi təsir tədbirlərinin tətbiq edilməsini nəzərdə tutur.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.4-cü maddəsinə əsasən “Ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.4-cü maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2020-ci il tarixli qərarında göstərilmişdir ki, “Əfvetmə müraciət əsasında tətbiq edildiyindən, məhkum edilmiş şəxsin işi Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyası tərəfindən araşdırılır, onun əfv edilməsinin mümkünlüyü barəsində müvafiq qurumların rəyləri alınır, baxılmış sənədlər qəti qərar qəbul edilməsi üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim olunur. Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 18 iyul tarixli Fərmanı ilə təsdiq edilmiş "Əfvetmə haqqında Əsasnamə"nin 36-cı bəndinə uyğun olaraq, cəzanı icra edən orqan əfvetmə haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamını təxirə salınmadan icra etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.4-cü maddəsinə uyğun olaraq, məhkum edilmiş şəxs amnistiya aktı əsasında vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə, məhkumluğun ödənilməsi müddəti şəxsin cəzanı çəkməkdən azad edildiyi, yəni səlahiyyətli orqanın konkret şəxs barəsində amnistiya aktının tətbiq olunması barədə qərarının qüvvəyə mindiyi gündən hesablanmalıdır.” Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmünə əsasən AR CM-nin 126.2.4, 228.4 və 66.3-cü maddələri ilə təqsirli bilinərək, barəsində 07 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli 3282 saylı əfv fərmanına əsasən cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir. Həmin tarixdən cinayət qanunvericiliyinə əsasən altı il müddət keçmədiyindən Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsinə əsasən “Zərər çəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə törədildikdə - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinə əsasən “Xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər - min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərər çəkmiş şəx və şahid ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 127.2.3 və 221.1-ci maddələri ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən “Residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1 və 56.1.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarında göstərilmişdir ki, “CM-in 56-cı maddəsi müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edir. Bu maddədə nəzərdə tutulan cəzaçəkmə müəssisələrinin təsnifatı cəmiyyətdə qəbul olunmuş insanın davranışını müəyyən edən normalara məhkumlarda formalaşmış baxışların səhv olduğunu dərk etməyə yönələn fərdi tərbiyə işinin aparılması üçün əlverişli şərait yaradır. Məhkumun ona təyin olunmuş cəzanın və tətbiq olunmuş dövlət məcburiyyət tədbirlərinin əhəmiyyətini dərk etməsi cəzanın məqsədinə nail olmanın əsas şərtlərindən biridir. CM-in 56.1-ci maddəsində müxtəlif növ cəzaçəkmə müəssisələrinin müəyyən edilməsi məhkumları törətdikləri cinayətlərin ağırlıq dərəcəsindən, eləcə də şəxsiyyətindən asılı olaraq bir-birindən ayrı saxlamaq, ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və az ağır cinayət törətmiş şəxsləri ağır və ya xüsusilə ağır cinayətlər törətmiş şəxslərin mənfi təsirindən qorumaq zərurətindən irəli gəlir və müxtəlif kateqoriyalı məhkumlara fərqli yanaşmanı təmin etməyə imkan yaradır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən “Azadlıqdan məhrum etmə növündə cəzanın xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün - ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir.” Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə maddi sübut yoxdur. İş üzrə ekspertiza xərci yoxdur. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaqda və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında 03 may 2018-ci il tarixli 202 saylı Qərarına əsasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.1-ci maddələri ilə təqsirli bilinsin, Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 02 (iki) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət bir günə bir gün hesabı ilə ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 08 (səkkiz) ay 28 (iyirmi səkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzaçəkmənin əvvəli 23 noyabr 2023-cü il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 25 saata görə 150 (bir yüz əlli) manat, məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 07 saata görə 42 (qırx iki) manat, ümumilikdə 192 (bir yüz doxsan iki) manat, Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 14 saata görə 84 (səksən dörd) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs rəsmi təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli
Məhkəmə qərarları › İş №1(003)-167/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-167/2024
14.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver