Məhkəmə qərarları › İş №1(099)-408/2023

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-408/2023

16.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-408/2023 16.11.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim – X31 oğlunun sədrliyi ilə, hakimlər – Məmmədov Neymət Hüsən oğlu və Hüseynov Nahid Nəsir oğlundan ibarət tərkibdə, məsləhətçi – Rəhimov Emil Vəliağa oğlunun katibliyi ilə, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Lənkəran rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, 08 avqust 1992-ci ildə Astara rayonunun Rüdəkənar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, faktiki ailəli, orta təhsilli, məhkumluğu olmayan, heç yerdə işləməyən, Astara rayonunun Suparibağ Ərazi Dairəsinin Rüdəkənar kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 283-1.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının hüdudlarından kənarda, yəni Suriya Ərəb Respublikasının ərazisində «Musa» ləqəbli X16 və digərlərinin təşkilatçılığı və rəhbərliyi ilə yaradılmış sabit qrupun tərkibində təlimlərdə iştirak etmək məqsədi ilə 01 may 2019-cu il tarixdə ölkə ərazisini tərk edərək Türkiyə və İran İslam Respublikasından keçməklə Suriya Ərəb Respublikasının Hələb şəhərinə gedərək dini düşmənçilik, dini radikalizm və dini fanatizm zəminində yaradılaraq fəaliyyət göstərən Şahid2 və digər azərbaycanlılardan ibarət qanunsuz silahlı sabit qrupa qoşulmuş, 2019-cu ilin oktyabr ayında həmin qruplaşmanın digər üzvləri ilə birlikdə dini düşmənçilik, dini radikalizm və dini fanatizm zəminində təlimlərdə iştirak etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs Suriya Ərəb Respublikasının ərazisində «Musa» ləqəbli X16 və digərlərinin təşkilatçılığı və rəhbərliyi ilə yaradılmış sabit qrupun tərkibində yenidən təlimlərdə iştirak etmək məqsədi ilə 06 noyabr 2019-cu il tarixdə «Astara» sərhəd-keçid məntəqəsindən ölkə ərazisini tərk edərək İran İslam Respublikası ərazisindən keçməklə Suriya Ərəb Respublikasının Hələb şəhərinə gedərək dini düşmənçilik, dini radikalizm və dini fanatizm zəminində yaradılaraq fəaliyyət göstərən Şahid2 və digər azərbaycanlılardan ibarət qanunsuz silahlı sabit qrupa qoşulmuş, 2019-cu ilin dekabr ayında həmin qruplaşmanın digər üzvləri ilə birlikdə dini düşmənçilik, dini radikalizm və dini fanatizm zəminində təlimlərdə iştirak etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs Suriya Ərəb Respublikasının ərazisində «Musa» ləqəbli X16 və digərlərinin təşkilatçılığı və rəhbərliyi ilə yaradılmış sabit qrupun tərkibində yenidən təlimlərdə iştirak etmək məqsədi ilə 02 fevral 2020-ci il tarixdə «Qırmızı-Körpü» sərhəd-keçid məntəqəsindən ölkə ərazisini tərk edərək Gürcüstan və İran İslam Respublikası ərazisindən keçməklə Suriya Ərəb Respublikasının Hələb şəhərinə gedərək dini düşmənçilik, dini radikalizm və dini fanatizm zəminində yaradılaraq fəaliyyət göstərən Şahid2 və digər azərbaycanlılardan ibarət qanunsuz silahlı sabit qrupa qoşulmuş, 2020-ci ilin fevral ayında həmin qruplaşmanın digər üzvləri ilə birlikdə dini düşmənçilik, dini radikalizm və dini fanatizm zəminində təlimlərdə iştirak etmiş, həm Azərbaycan Respublikasının, həm də ərazisində törədildiyi Suriya Ərəb Respublikasının qanunvericiliyinə əsasən cinayət sayılan həmin əmələ görə xarici dövlətdə məhkum olunmamışdır. Məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək öz ifadəsində göstərmişdir ki, dayısı oğlu Əli Axundzadənin təklifi və vasitəsi ilə Suriya Ərəb Respublikasında «xanım Zeynəb»in ziyarətgahını müdafiə etmək üçün təlimlərdə iştirak etmişdir. Birinci dəfə Suriya Ərəb Respublikasının ərazisində «Musa» ləqəbli Rövşən Əsədov və digərlərinin təşkilatçılığı və rəhbərliyi ilə yaradılmış qrupun tərkibində təlimlərdə iştirak etmək məqsədi ilə 01 may 2019-cu il tarixdə ölkə ərazisini tərk edərək Türkiyə və İran İslam Respublikasından keçməklə Suriya Ərəb Respublikasının Hələb şəhərinə gedərək Şahid2 və digər azərbaycanlılardan ibarət qanunsuz silahlı qrupa qoşulmuş, 20 gün Suriyada qalıb təlimlərdə iştirak etdikdən sonra geri qayıtmışdır. Sonra iki dəfə də Suriyaya gedərək təlimlərdə iştirak etmişdir. O, cəmi 3 dəfə Suriyada təlimlərdə iştirak etmiş, birinci və ikinci dəfə bu işə görə ona 1000 ABŞ dolları məbləğində, sonra isə səhv etmirsə 1500 ABŞ dolları məbləğində pul verilmişdir. Onun belə hərəkətlər etməkdə məqsədi «xanım Zeynəb»in hərəmini «İŞİD»-dən müdafiə etmək olmuş, hər dəfə eyni məqsədlə Suriyaya getmişdir. Döyüşlərdə iştirak etməmiş, yalnız təlimlərdə iştirak etmişdir. Hər dəfə təlimlərə gedərkən dayısı oğlu Əli Axundzadə ilə əlaqə saxlamışdır. Xalası oğlu İskəndərə də bu işi o təklif etmişdir. Tural adlı şəxs də onunla birlikdə təlimlərdə iştirak etmiş, onu bir dəfə orada görmüş, sonuncu saqqallı olmuşdur. X22 hal-hazırda İranda yaşayır, həmin vaxt isə Azərbaycan Respublikasında həbsdə olmuşdur. O, etdiyi hərəkətin cinayət olduğunu bilməmiş, ona İŞİD terror təşkilatından hərəmi müdafiə etmək lazım olduğu bildirildiyinə görə belə hərəkət etmişdir. Oraya gedəndə onlara pul təklif olunmuşdur, aldığı pulları ehtiyacı olanlara və ailəsinə vermişdir. Hazırda dayısı oğlanları Əli və X5 yaşayırlar. Təqsirləndirilən şəxs həmçinin məhkəmədə istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini göstərmişdir. Təqsirləndirilən şəxs istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o 2014-cü ildə Şəhla Əliyeva ilə qeyri-rəsmi nikaha daxil olmuş, həmin nikahdan 1 qız, 1 oğlan övladı dünyaya gəlmişdir. X37 2 yaşında vəfat etmiş, oğlu Adəm Əliyev isə 8 yaşındadır. Şəhla Əliyeva və övladları ilə birlikdə yaşayır.2020-ci ildə Fatimə adlı xanımdan oğlu Efe dünyaya göz açmışdır. 2017-ci ildən tutulanadək olan müddət ərzində İslam dininin Şiə təriqətinin Cəfəri məzhəbi üzrə ibadət edir. İbadətə başladığı dövrdən dini ədəbiyyata marağı olmuşdur. Həmçinin dini biliklərini artırdıqca İslam dininin Əhli-Sünnə təriqətinə ibadət edən sələfilərə qarşı nifrəti olmuş və onların Əhli-Sünnə adı altında uydurduqları sələfi məzhəbini qəbul etməmişdir. Ümumiyyətlə onun özü, həmçinin İran İslam Respublikasında yaşayan X15, sonuncunun övladları Əli və Məhəmmədəli Axundzadələr, eləcə də digər Əhli-Şiə məzhəbi üzrə İslam dininə ibadət edən məzhəb yoldaşları Əhli- Sünnə təriqətinin sələfi məzhəbini islam dinindən saymırlar və onlara qarşı mübarizə aparırlar.X15 2011-ci ildə həbs edilmiş, 2021-ci ildə azadlığa çıxdıqdan sonra İran İslam Respublikasına köçmüşdür. Ruhulla Axundzadənin «Youtube» kanalı vardır ki, həmin kanal vasitəsi ilə o, İran meyilli videolar və çıxışların paylanmasını həyata keçirir. 2017-ci ildən hazırkı vaxtadək müxtəlif tarixlərdə işləmək məqsədi ilə Türkiyə Respublikasının İstanbul şəhərinə getmiş, orada sürücü, fəhlə, müxtəlif restoranlarda ofisiant kimi işləmiş və mütəmadi olaraq Azərbaycana gəlib-getmişdir. 2019-cı ilin may ayında işləmək məqsədilə ölkə hüdudlarını «Qırmızı körpü» sərhəd buraxılış məntəqəsindən tərk edərək Gürcüstan Respublikası vasitəsi ilə Türkiyə Respublikasının İstanbul şəhərinə getmiş, orada türk millətindən olan şəxslərlə birlikdə kirayə evdə qalmış, xatırlamadığı şirniyyat istehsalını həyata keçirən türk şirkətində sürücü işləmişdir. Türkiyədə olduğu dövrdə məzhəb yoldaşı və dayısı oğlu Əli Axundzadə ilə mütamadi olaraq telefon vasitəsi ilə danışaraq bir-biriləri ilə hal əhval tutmaqla dini mövzularda söhbətlər aparırmışlar. Əlaqələri adətən «Whatsapp» vasitəsi ilə olmşdur. 2019-cu ilin təxminən sentyabr ayında İranda yaşayan dayısı oğlu Əli Axundzadə onu İrana dəvət etmişdir. O, dəvəti qəbul edərək 2019-cu ilin təxminən sentyabr ayının ortalarında X26 şəhərində Əli Axundzadənin yaşadığı evə gəlmişdir. Əli Axundzadə onu qarşılamış və onlar birlikdə «Məsumə xanım»ın ziyarətgahına getmişlər. Təxminən 2 həftə İranda qaldıqdan sonra X29 Ərəb Respublikasında Əhli-Şiələrin Əhli-Sünnə təriqətinin Sələfi məzhəbinin üzvlərinə qarşı silahlı mübarizə apardığını və oraya getməklə «xanım Zeynəb»in ziyarətgahını silahla silahlanaraq sələfilərdən müdafiə etməyin vacibliyini ona bildirmişdir. Əli Axundzadə həmçinin ona Suriya Ərəb Respublikasında əfqanlardan, ərəblərdən, pakistanlılardan, iraqlılardan ibarət müqavimət ordusunun formalaşdığını, lakin azərbaycanlılardan ibarət müqavimət ordusunun olmadığını ona demişdir. Sələfilərə qarşı nifrəti olduğundan Əli Axundzadənin həmin təklifini qəbul edərək sələfilərə qarşı silahlı mübarizə aparmaqda din qardaşlarına kömək etmək qərarına gəlmişdir. Həmin məqsədlə 2019-cu ilin oktyabr ayının əvvəllərində o, Əli Axundzadə, digər dayısı oğlu Ehtiram Axundzadə ilə birlikdə İranın Qum şəhərində yerləşən azərbaycanlılardan ibarət şiə mücahidlərinin olduğu evə getmişlər. Orada onlarla birlikdə Suriyaya getməli olan təxminən 30-a yaxın Azərbaycan Respublikasının müxtəlif rayonlarından olan mücahidlər toplaşmışmışlar. Həmin ünvanda tam formada yığıldıqdan sonra avtobusla İranın Tehran şəhərində yerləşən “İmam Xomeyni” hava limanına getmişlər. Orada onlara guya iranlı olduqlarını təsdiq edən saxta sənədlər verilmişdir. Həmin sənədlərdə onun adı Şakir Əmini kimi qeyd edilmişdir. Digər mücahidlərin sənədlərində də onların adları İran vətəndaşlarının daşıdığı soyad və adlara uyğun hazırlanmış adlar olmuşdur. Sənədləri onlara hava limanında tanımadığı şəxs təqdim etmişdir. Sənədləri əldə etdikdən sonra yük təyyarəsinə əyləşmişlər və 2 saatdan sonra Suriya Ərəb Respublikasının Dəməşq şəhərinə çatmışlar. Dəməşq hava limanında onların sənədlərini yoxlayaraq təhvil almışlar. Daha sonra Livanlı, milliyyətcə ərəb olan adını hazırda xatırlamadığı şəxs onları qarşılayaraq Suriya Ərəb Respublikasının Hələb şəhərinə aparmışdır. Hələb şəhərində bütün dəstə üzvlərinə “Kalaşnikov” markalı silah verilmişdir. Beləliklə də “Hizbullah” (Hüseyniyyun) silahlı qruplaşmasının azərbaycanlılardan ibarət müqavimət ordusu yaradılmışdır. Bildiyi qədəri ilə Suriya Ərəb Respublikasının Hələb şəhərində “Hizbullah”ın digər millətlərdən olan müqavimət qruplaşmaları da olmuşdur. Onlar 2 mərtəbəli kazarma tipli binada yerləşmişlər. Mütəmadi olaraq silahdan atış qaydalarını öyrənərək təlimlər keçməyə başlamışlar. Silahlı qrupun rəhbəri milliyyətcə ərəb, lakin qrup üzvləri hamısı azərbaycanlılardan ibarət imiş. Onlar ərzaqla və “Hizbullah” müqavimət ordusuna məxsus hərbi geyimlə təmin edilmişlər. Milliyyətcə ərəb olan komandir kimi müraciət etdikləri şəxs hər birinə dini ləqəb götürməyi tapşırmış, onu dini ləqəbi “Heydər” olmuşdur. Təlimlərdən sonra onlar həmin dövrdə döyüşlərin getdiyi Suriya Ərəb Respublikasının İdlib şəhərinə gedəcəkmişlər. Əvvəlcədən təlimlərin nə zaman bitəcəyi və döyüşlərə nə zaman qatılacaqları onlara bildirilməmişdir. 30 nəfərə yaxın azərbaycanlılardan ibarət silahlı qrupun üzvləri arasında Ruhulla dayısının oğlu Əli (dini ləqəbi-Höccətullah), Vüqar dayısının oğlu Ehtiram (dini ləqəbi-Ələmdar), dini ləqəbləri Hür, Əliəkbər olan və hazırda adlarını və dini ləqəblərini xatırlamadığı, lakin üzdən gördüyü zaman tanıya biləcəyi şəxslər var imiş. Təxminən 20 gündən sonra təlimin ilkin dönəmi sona çatmışdır. Təlim yekunlaşdıqdan sonra ona və digər təlim alan şəxslərə 1.000 ABŞ dolları məbləğində pul vəsaiti verilmişdir. 2019-cu ilin oktyabr ayının ortalarında avtobusla Suriya Ərəb Respublikasının Hələb şəhərindən Dəməşq şəhərindəki hava limanına gəlmişlər. Orada onların guya iranlı olduqlarını təsdiq edən sənədləri təqdim edilmişdir. Dəməşq hava limanında yük təyyarəsinə əyləşmişlər və əvvəlcə İranın Tehran şəhərinə, oradan isə avtobusla Qum şəhərinə gəlmişlər. Bütün dəstə üzvləri Qum şəhərində onlar üçün ayrılmış evdə yerləşmişlər. O isə dayısı oğlu Əli Axundzadənin yaşadığı evə getmişdir. 2-3 gün Əli ilə birlikdə qaldıqdan sonra İranı tərk edərək «Astara» sərhəd-buraxılış məntəqəsindən Azərbaycan Respublikasına qayıtmışdır. Digər dəstə üzvlərinin bir hissəsi isə hissə-hissə olmaqla ya Azərbaycana, yaxud Rusiya Federasiyasına qayıtmışlar. Dəstə üzvlərinin yarı hissəsi Rusiya Federasiyasında yaşayan Əhli-şiə təriqətinə etiqad edən azərbaycanlılar olmuşdur. Təxminən 10 gün ölkə ərazisində qaldıqdan sonra 2019-cu ilin noyabr ayının əvvəllərində Əli Axundzadə ona zəng edərək yenidən təlimlərin başladığını və dəstə üzvlərinin yığışdığını, onun da İrana gəlməli olduğunu ona bildirmişdir. O Əli Axundzadənin tapşırığı ilə «Astara» sərhəd-buraxılış məntəqəsindən ölkə hüdudlarını tərk edərək İran İslam Respublikasına getmiş, Qum şəhərində yenidən onu Əli Axundzadə qarşılamışdır. İran İslam Respublikasında 20-25 gün qaldıqdan sonra 2019-cu ilin təxminən dekabr ayında Əli və digər ilk dəfə onunla birlikdə təlimdə iştirak etmiş və təlimə qatılacaq yeni müqavimət üzvləri ilə birlikdə eyni qayda ilə Suriya Ərəb Respublikasının Dəməşq şəhərinə getmişlər. Oradan yenidən Hələb şəhərindəki təlim yerlərinə gəlmişlər və yenidən təlimlərə davam etmişlər. Təxminən 20 gün təlim keçdikdən sonra ona və digər təlimçilərə 1000 ABŞ dolları məbləğində pul vəsaiti verilmişdir. 2019-cu ilin dekabr ayının sonlarına yaxın onlar eyni qaydada əvvəlcə İranın Tehran şəhərinə, oradan isə Qum şəhərinə qayıtmışlar. O dayısı oğlu Əli Axundzadənin evində 1-2 gün qaldıqdan sonra Tehran hava limanından əvvəlcə Gürcüstan Respublikasına, oradan isə «Qırmızı Körpü» sərhəd postundan Azərbaycana qayıtmışdır. Təxminən iki aya yaxın Astara rayonunda və Bakı şəhərində qaldıqdan sonra 2020-ci ilin fevral ayının əvvəllərində Əli Axundzadə ona zəng edərək yenidən təlimlərə qoşulmalı olduqlarını ona bildirmişdir. O yenidən Əli Axundzadənin göstərişi ilə «Qırmızı Körpü» sərhəd-buraxılış məntəqəsindən ölkə hüdudlarını quru yolla Gürcüstan Respublikası istiqamətində tərk edərək oradan əvvəlcə təyyarə ilə Türkiyə Respublikasına, oradan isə yenidən təyyarə ilə İran İslam Respublikasının Tehran şəhərinə getmişdir. Yolu yaxşı tanıdığı üçün Tehrandan taksi ilə İranın Qum şəhərinə dayı oğlu Əli Axundzadənin yaşadığı evə gəlmişdir. Sonuncunun evində 2-3 gün qaldıqdan sonra yenidən müqavimət ordusunun digər üzvlərinin Tehranda yığışdığı evə getmişlər. Həmin vaxt daha çox həmyerliləri onlara qatılmışdır. Sayları təxminən 100-ə yaxın olmuşdur. 2 gün sonra Xomeyni hava limanına gedərək eyni qaydada əvvəlcə Suriya Ərəb Respublikasının Dəməşq şəhərinə, oradan isə avtobusla Hələb şəhərindəki silahlı təlim aldıqları kazarmaya yığılmışlar. 2020-ci ilin fevral ayının əvvəllərindən həmin ayın sonunadək yenidən təlim keçdikdən sonra rəhbərləri milliyyətcə ərəb olan Livanlı şəxs təlimlərin sona çatdığını onlara bildirmiş və onlara yenidən 1500 ABŞ dolları məbləğində pul vəsaitini paylamışdır. Onlar yenidən bütün təlim iştirakçıları ilə birlikdə eyni qaydada Suriya Ərəb Respublikasının Dəməşq şəhərinə gəlmişlər. Oradan eyni qaydada əvvəlcə İranın Tehran şəhərinə, oradan isə Qum şəhərinə qayıtmışlar. O yenidən dayısı oğlu Əli Axundxzadənin evində 1-2 gün qaldıqdan sonra Tehran hava limanından əvvəlcə Rusiya Federasiyasına, oradan isə hava yolu ilə Azərbaycana qayıtmışdır. Bütün dəstə üzvlərinə ilk öncə Suriya Ərəb Respublikasının Hələb şəhərindəki təlim-toplanış məntəqəsində silahla davranış və atış qaydaları üzrə təlimlər keçirilmiş, daha sonra aldıqları təlimlər üzrə atış təlimlərinə cəlb edilirmişlər. Hər bir dəstə üzvünə “kalaşnikov” markalı avtomot silahı təhkim edilibmiş. Həmin silahlar nömrə üzrə dəstə üzvlərinə paylanmışdır. Həmçinin təlim poliqonunda onlar «RPK» və «RPG» tipli silahlardan da istifadə edərək onlarla atış qaydalarını öyrənirmişlər. Dərs aldıqları və gecələdikləri kazarma 2 mərtəbəli imiş. 1-ci mərtəbədə dərs otağı, 2-ci mərtəbədə isə 3 yaxud 4 yataq otağı yerləşirmiş. Yataq otaqları təxminən 20 nəfər üçün nəzərdə tutulubmuş. Yataqları iki mərtəbəli olmaqla alt və üst hissədən ibarət imiş. Yatdıqları, eləcə də dərs aldıqları bina atış poliqonundan 40 dəqiqəlik məsafədə yerləşirmiş. Poliqona 20-25 nəfərlik avtobusla gedirmişlər. Təlim ərazisinin ətrafında hər hansı yaşayış məntəqəsi yox imiş, qaldıqları bina köhnə tikili imiş. Oradakı otaqlarda idman etmək üçün avadanlıqlar, eyni zamanda avtomatların saxlanılması üçün nəzərdə tutulan silah otağı var imiş. Fiziki təlimlərdə bədən tərbiyəsi ilə yanaşı təkbətək döyüş qaydaları, işgəncə zamanı dözümlülük və sair öyrədilirmiş. Qaldıqları düşərgənin mühafizəsi özləri tərəfindən növbəlilik əsasında avtomat silahı ilə aparılırmış. X3, İsrail və digər düşmənlərlə gələcəkdə aparılacaq müharibələrdən söhbət edir, o mübarizənin “şiələrin” və “Hüseynçilərin” haqq işi olduğunu təbliğ edirmişlər. İlk təlimdə təxminən 30-a yaxın, ikinci təlimdə 30-dan bir qədər artıq təxminən 40-a yaxın, üçüncü təlimdə isə 100-ə yaxın müqavimət ordusunun azərbaycanlı üzvləri iştirak etmişdir. Həmin şəxslərin tam müəyyənedici məlumatlarını bilmir. Dayısı oğlu X12 (dini ləqəbi-“Abbas”), digər dayısıoğlu X4 (dini ləqəbi “Ələmdar”), xalasıoğlu İsgəndər (dini ləqəbi “Abbas”), dini ləqəbləri “Ələkbər”, “Ələsgər”, “Hür”, “Zülfüqar” olan şəxslər “Hizbullah”ın müqavimət ordusunun azərbaycanlılardan ibarət müqavimət ordusunun tərkibində xanım «Zeynəb»in ziyarətgahının müdafiəsində iştirak etmişlər. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli özünün etirafedici ifadəsi ilə yanaşı, məhkəmə iclasında tədqiq edilmiş iş materialları və şahid ifadələri ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun doğma xalası oğludur. Təqsirləndirilən şəxs təklifi ilə razılaşaraq onunla birlikdə 2020-ci ilin fevral ayında Suriyanın Hələb şəhərinə xanım «Zeynəb»in ziyarətgahını qorumaq üçün getmiş, heç bir qrupla əlaqəsi olmamış, dini inancına görə peygənbərin nəvəsinin məqbərəsini qorumaq üçün oraya getmişdir. Onlara məqbərənin qorunması üçün edilən təklifə əsasən Suriyaya getmişlər. Dayısı Ruhulla həmin vaxt həbsdə olmuş, onun dayısı uşaqları ilə əlaqəsi olmamış, Suriyaya bir dəfə gedərək bu işə görə 1000 ABŞ dolları məbləğində pul almışdır. Təlimlərdə iştirak etməmiş, onlara pulu ərəblər vermiş, orada Gəncə şəhərindən olan Musa adlı şəxs də olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o dostu Samir Məmmədovun təklifi ilə 2019 və 2020-ci ildə, cəmi iki dəfə Suriyanın Hələb şəhərinə getmiş, orada dini inancına görə hərbi təlimlərdə iştirak etmiş, bu iştirakına görə 1000 ABŞ dolları məbləğində pul almışdır. Həmin təlimlər zamanı Təqsirləndirilən şəxs görməsini isə xatırlamır, təlimlərdə iştirak edərkən saqqallı olmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş 05 noyabr 2022-ci il tarixli fotoşəkil üzrə tanınma protokolundan görünür ki, tanınma zamanı Təqsirləndirilən şəxs ona təqdim olunmuş fotoşəkillərdən 1 sayı ilə qeyd olunmuş fotoşəkildəki şəxsi üz cizgilərindən dərhal tanıdığını, həmin şəxsin onunla birlikdə Suriyada hərbi təlimlərdə iştirak etmiş əslən Astara rayonundan olan, «Abbas» dini ləqəbli xalası oğlu Şahid1 olduğunu bildirmişdir. Fotocədvəldə 1 şərti say ilə işarələnərək istifadə edilmiş fotoşəkil xx xxxxxxxx 1985-ci ildə Astara rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı Şahid1 fotoşəklidir. Cinayət işinin materiallarına əlavə edilmiş 10 noyabr 2022-ci il tarixli fotoşəkil üzrə tanınma protokolundan görünür ki, Təqsirləndirilən şəxs ona təqdim olunmuş fotoşəkillərdən 2 sayı ilə qeyd olunmuş fotoşəkildəki şəxsi üz cizgilərindən dərhal tanıdığını, həmin şəxsin onunla birlikdə Suriyada hərbi təlimlərdə iştirak etmiş əslən Qazax rayonundan olan «Qulam» ləqəbli şəxs olduğunu bildirmişdir. Fotocədvəldə 2 şərti say ilə işarələnərək istifadə edilmiş fotoşəkil xx xxxx 1981-ci ildə Qazax rayonunun Dəmirçilər kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı Şahid2 fotoşəklidir. Cinayət işinin materiallarına əlavə edilmiş 11 noyabr 2022-ci il tarixli fotoşəkil üzrə tanınma protokolundan görünür ki, tanınma zamanı Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində ibtidai istintaqı aparılmış ********* №-li cinayət işi üzrə təqsirləndirilən şəxs Şahid2 ona təqdim olunmuş fotoşəkillərdən 2 sayı ilə qeyd olunmuş fotoşəkildəki şəxsi üz cizgilərindən tanıdığını, həmin şəxsin onunla birlikdə Suriyada hərbi təlimlərdə iştirak etmiş soyadını bilmədiyi, ləqəbini xatırlamadığı əslən Astara rayonundan olan Eltun adlı şəxs olduğunu bildirmişdir. Fotocədvəldə 2 şərti say ilə işarələnərək istifadə edilmiş fotoşəkil 08 avqust 1992-ci ildə Astara rayonunun Rüdəkənar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs fotoşəklidir. Cinayət işinin materiallarına əlavə edilmiş 04 noyabr 2022-ci il tarixli fotoşəkil üzrə tanınma protokolundan görünür ki, tanınma zamanı Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində ibtidai istintaqı aparılan ********* №-li cinayət işi üzrə Təqsirləndirilən şəxs Şahid1 ona təqdim olunmuş fotoşəkillərdən 2 sayı ilə qeyd olunmuş fotoşəkildəki şəxsi üz cizgilərindən tanıdığını, həmin şəxsin onunla birlikdə Suriyada hərbi təlimlərdə iştirak etmiş əslən Astara rayonundan olan xalası oğlu Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Fotocədvəldə 2 şərti say ilə işarələnərək istifadə edilmiş fotoşəkil 08 avqust 1992-ci ildə Astara rayonunun Rüdəkənar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs fotoşəklidir. Cinayət işinin materiallarına əlavə edilmiş 12 noyabr 2022-ci il tarixli fotoşəkil üzrə tanınma protokolundan görünür ki, tanınma zamanı Təqsirləndirilən şəxs ona təqdim olunmuş fotoşəkillərdən 3 sayı ilə qeyd olunmuş fotoşəkildəki şəxsi ümumi sifət cizgilərindən dərhal tanıyaraq həmin şəxsin onunla birlikdə Suriyada hərbi təlimlərdə fəal iştirak etmiş «Turab» ləqəbli şəxs olduğunu bildirmişdir. Fotocədvəldə 3 şərti say ilə işarələnərək istifadə edilmiş fotoşəkil 02 oktyabr 1986-cı ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində axtarış elan edilmiş X6 fotoşəklidir. Cinayət işinin materiallarına əlavə edilmiş 12 noyabr 2022-ci il tarixli fotoşəkil üzrə tanınma protokolundan görünür ki, tanınma zamanı Təqsirləndirilən şəxs ona təqdim olunmuş fotoşəkillərdən 2 sayı ilə qeyd olunmuş fotoşəkildəki şəxsi ümumi sifət cizgilərindən dərhal tanıyaraq həmin şəxsin Suriyada hərbi təlimlərə qatılmaq üçün İranın Tehran şəhərində onu və onun kimi orada iştirak etmək istəyən şəxsləri qarşılayan, onlarla birlikdə Suriyada hərbi təlimlərdə iştirak etmiş «Hür» ləqəbli Hikmət adlı şəxs olduğunu bildirmişdir.Fotocədvəldə 2 şərti say ilə işarələnərək istifadə edilmiş fotoşəkil 09 sentyabr 1990-cı ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində axtarış elan edilmiş X7 fotoşəklidir. Cinayət işinin materiallarına əlavə edilmiş 12 noyabr 2022-ci il tarixli fotoşəkil üzrə tanınma protokolundan görünür ki, tanınma zamanı Təqsirləndirilən şəxs ona təqdim olunmuş fotoşəkillərdən 4 sayı ilə qeyd olunmuş fotoşəkildəki şəxsi ümumi sifət cizgilərindən dərhal tanıyaraq həmin şəxsin onlar kimi İran vasitəsilə Suriya ərazisinə aparılaraq orada hərbi təlim keçən şəxslərin rəhbərlərindən biri olan «Musa» ləqəbli Rövşən Əsədov olduğunu bildirmişdir. Fotocədvəldə 4 şərti say ilə işarələnərək istifadə edilmiş fotoşəkil 22 iyul 1982-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində axtarış elan edilmiş X8 fotoşəklidir. Cinayət işinin materiallarına əlavə edilmiş 12 noyabr 2022-ci il tarixli fotoşəkil üzrə tanınma protokolundan görünür ki, tanınma zamanı Təqsirləndirilən şəxs ona təqdim olunmuş fotoşəkillərdən 3 sayı ilə qeyd olunmuş fotoşəkildəki şəxsi ümumi sifət cizgilərindən dərhal tanıyaraq həmin şəxsin «Musa» ləqəbli Rövşən Əsədovun köməkçisi olan, həmçinin tərcüməçilik edən «Əkrəm» ləqəbli şəxs olduğunu bildirmişdir. Fotocədvəldə 3 şərti say ilə işarələnərək istifadə edilmiş fotoşəkil 22 noyabr 1988-ci ildə Samux rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində axtarış elan edilmiş X9 fotoşəklidir. Cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs istifadəsində olmuş «Samsung Galaxy» markalı İMEİ kodu 3507xx/xx/025250/6 olan, üzərilərində ***-***-**-** nömrəsi və ********* 8205 9210 316 rəqəmləri olan sim-kartlar quraşdırılmış mobil telefona keçirilmiş 15 mart 2023-cü il tarixli baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş həmin mobil telefonun yaddaşına onunla birlikdə Suriyada hərbi təlimlərdə iştirak etmiş qohumu Şahid1 ad və mobil telefon nömrəsini «İsgender **********» qeydi ilə qeyd etmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin Əks-Kəşfiyyat Baş İdarəsi tərəfindən İstintaq baş idarəsinə ünvanlanan 13 oktyabr 2022-ci il tarixli 2/6464 №-li məktubdan çıxarışdan görünür ki, İran İslam Respublikasının X2 Korpusunun (İİMK) nəzarəti və koordinasiyası altında İran ərazisində Azərbaycan Respublikası vətəndaşlarından ibarət yaradılmış qanunsuz silahlı birləşmənin tərkibində hərbi təlimlərə cəlb olunmuş şəxslərin, o cümlədən 08 avqust 1992ci ildə Astara rayonunun Rüdəkənar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs Suriya ərazisində hərbi təlimlərə cəlb olunmalarına dair təsdiqlənmiş məlumatlar əldə edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin Əks-Kəşfiyyat Baş idarəsi tərəfindən İstintaq baş idarəsinə ünvanlanan 15 oktyabr 2022-ci il tarixli 2/6519 №-li məktubdan çıxarışdan görünür ki, «Hüseyniyun» təşkilatının ifşasından sonra 2019-cu ilin əvvəllərində İran İslam Respublikasının X2 Korpusu (İİMK) tərəfindən yeni silahlı birləşmə yaradılmışdır. Təşkilatın qərargahı İranın Qum şəhərində, «Meydani Cihad» yolunda, Bacək adlı qəsəbədə yerləşir, rəhbəri Azərbaycan Respublikasının vətəndaşı X14r. Hərbi təlimlər Suriyada 20-25 gündən bir «Hizbullah» tərəfindən keçirilir və 20-30 gün aralığında davam edir. X30 Respublikasının X2 Korpusunun (İİMK) əməkdaşı xx.xx.1981-ci il təvəllüdlü Əkbər Vətənxah kurasiya edir. Əkbər Vətənxah 2016-2017-ci illərdə İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfirliyində İİ katib vəzifəsində xidmət etmişdir, İİMK-ya mənsub olmuşdur. Rusiya Federasiyasından olan şəxslərin təlimlərə cəlb olunması Rusiya Federasiyasında yaşayan Azərbaycan Respublikasının vətəndaşı X17 (2021-ci ilin sentyabr ayında Kiprdə israilli biznesmenə qarşı terror aktı hazırlayarkən həbs olunmuşdur) tərəfindən həyata keçirilmişdir. Təşkilata qoşulmaq üçün namizədlər şəxsi tanışlıq əsasında seçilir və öyrənilir. Daha sonra namizədlər Tehrana gedərək İİMK və Hizbullahın nümayəndələri tərəfindən sorğu-sual (tərcümeyi-hal məlumatları, fiziki durumu, hər hansı xəstəliyinin olub-olmaması, könüllü iştirak etmək istəməsi və s.) edilir. Təşkilatın İranda yaşayan hər bir üzvünə aylıq 578 ABŞ dolları məbləğində əmək haqqı, Azərbaycan Respublikasından gələrək təlimlərə qoşulan üzvlərinə isə 1000-15000 ABŞ dolları pul mükafatı verilir. 2019-2020-ci illərdə İrana, oradan isə Suriyaya çıxarılaraq hərbi təlimlərə cəlb edilmiş həmin şəxslər İran İslam Respublikasının X2 Korpusunun tapşırığı əsasında Azərbaycanın hüquq-mühafizə orqanlarının diqqətindən yayınmaq məqsədilə Azərbaycan- Gürcüstan-İran, Azərbaycan-Türkiyə-İran, Azərbaycan-Rusiya-İran marşrutları üzrə ölkə xaricinə çıxarılmış və ümumvətəndaşlıq pasportlarına İrana səfərlərinə dair giriş-çıxış möhürləri vurulmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin Əks-kəşfiyyat baş idarəsi tərəfindən İstintaq baş idarəsinə ünvanlanan 24 oktyabr 2022-ci il tarixli 2/6636 №-li məktubdan çıxarışdan görünür ki, adları aşağıda qeyd edilmiş Azərbaycan Respublikası vətəndaşlarının İran İslam Respublikasının X2 Korpusunun (İİMK) nəzarəti və koordinasiyası altında İran ərazisində yaradılmış qanunsuz silahlı birləşmənin tərkibində Suriya ərazisində hərbi təlimlərə cəlb olunmalarına dair təsdiqlənmiş əməliyyat məlumatları əldə edilmişdir: - xx.xx.1981-ci il tarixdə Qazax rayonunda anadan olmuş, Qazax rayonunun Dəmirçilər kəndində qeydiyyatda olan Şahid2; xx.xx.1992-ci il tarixdə Astara rayonunda anadan olmuş, Astara rayonunun Rüdəkənar kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs; xx.xx.1982-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan X16, ləqəbi «Musa»dır. Barəsində axtarış elan edilmişdir; xx.xx.1988-ci il tarixdə Samux rayonunda anadan olmuş, Samux rayonunun Ziyadlı kəndində qeydiyyatda olan X18, ləqəbi «Abuzərdir. Barəsində axtarış elan edilmişdir; xx.xx.1980-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, ünvan 2 ünvanında qeydiyyatda olan X13, ləqəbi «Əlirza»dır. Barəsində axtarış elan edilmişdir; xx.xx.1984-cü il tarixdə ünvan 3 ünvanında qeydiyyatda olan X10, ləqəbi «Xızır» və «Seyfullah»dır. Barəsində axtarış elan edilmişdir; xx.xx.1986-cı il tarixdə Gəncə şəhərində anadan olmuş, Sabirabad rayonunun Nəsimi kəndində qeydiyyatda olan X19, ləqəbi «Turabdır. Barəsində axtarış elan edilmişdir; xx.xx.1990-cı il tarixdə ünvan 5 ünvanında qeydiyyatda olan X20, ləqəbi «Hür»dür. Barəsində axtarış elan edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs barəsində “Giriş-çıxış və qeydiyyat” İAMAS üzrə tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs 01 may 2019-cu il tarixdə saat 16:59 dəqiqədə «Qırmızı Körpü» sərhəd-buraxılış məntəqəsindən keçməklə Gürcüstan Respublikası ərazinə keçmiş, 23 oktyabr 2019-cu il tarixdə saat 07:54 dəqiqədə «Astara» sərhəd-buraxılış məntəqəsindən keçməklə İran İslam Respublikasından Azərbaycana qayıtmışdır. Təqsirləndirilən şəxs 06 noyabr 2019-cu il tarixdə saat 14:31 dəqiqədə «Astara» sərhəd-buraxılış məntəqəsindən keçməklə İran İslam Respublikasına getmiş, 24 dekabr 2019-cu il tarixdə «Qırmızı Körpü» sərhəd-buraxılış məntəqəsindən keçməklə Gürcüstan Respublikası istiqamətindən Azərbaycan Respublikasına qayıtmışdır. Təqsirləndirilən şəxs 02 fevral 2020-ci il tarixdə saat 08:15 dəqiqədə «Qırmızı Körpü» sərhəd-buraxılış məntəqəsindən keçməklə Gürcüstan Respublikasına getmiş, 02 mart 2020-ci il tarixdə saat 00:10 dəqiqədə «Heydər Əliyev» X11 keçməklə Rusiya Federasiyasından Azərbaycan Respublikasına qayıtmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi» X38 tərəfindən verilmiş 10 noyabr 2022-ci il tarixli 3093 №-li rəydən görünür ki, Təqsirləndirilən şəxs isterik tipli şəxsiyyət pozuntusu aşkar olunur, hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs aşkar edilən «isterik tipli şəxsiyyət pozuntusu» onu törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etməmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistika İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Astara Rayon məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 221.2.1, 221.2.2 və 315.1-ci maddələri ilə təqsirli bilinib CM-nin 66-cı maddəsinə əsasən 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 70-ci maddəsinə əsasən 4 (dörd) il sınaq müddəti təyin olunmaqla cəzası şərti təyin olunmuş, Astara rayon İcra Şöbəsinin xx.xx.2016-cı il tarixli xx/xx-2016 nömrəli arayışına əsasən təyin edilmiş cəzanı çəkib qurtarmışdır. Cinayət işinin materillarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xasiyyətləndirilmişdir. Cinayət işinin materillarında olan AZ-İİİ seriyalı, 607384 №-li doğum haqqında şəhadətnamənin kserosurətindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2015-ci il təvəllüdlü azyaşlı uşağı vardır. Beləliklə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar: təqsirləndirilən şəxsin etirafedici ifadəsi, şahid ifadələri, həmçinin işin digər obyektiv halları Təqsirləndirilən şəxs istinad edilən cinayət əməlinin məhz onun tərəfindən törədilməsini tam təsdiq edir. Məhkəmə tədqiq edilmiş sübutların məcmuyuna hərtərəfli, tam və obyektiv qiymət verərək hesab edir ki, onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 283-1.3-cü maddəsi ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmadığından o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən himayəsində azyaşlı uşağının olmasını, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.10-cu maddəsinə əsasən cinayətin açılmasına, onun digər iştirakçılarının ifşa edilməsinə fəal kömək etməsini, həmçinin yaşayış yeri üzrə müsbət cəhətdən xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinin tələblərinə görə cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin təkrar törədilməsini, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61.1.6-cı maddəsinə əsasən cinayəti tamah məqsədilə törətməsini Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar hesab edir. Təqsirləndirilən şəxs Astara rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmünə əsasən yaranmış məhkumluğu Azərbaycan Respublikası CM-nin 83.3.1-ci maddəsinə əsasən ödənildiyindən onun əməlləri cinayətlərin residivini yaratmır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2, 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini, sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən və cəza çəkmədən islah olunmasını mümkün saymayaraq, törətdiyi cinayət əməlinə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.19-cu maddəsinə əsasən maddi sübutlar məsələsinin necə həll olunmasını müzakirə edərək, iş üzrə maddi sübut olan və cinayət işinin materiallarında saxlanılan Təqsirləndirilən şəxs istifadəsində olmuş «Samsung Galaxy» markalı, İMEİ kodu 3507xx/xx/025250/6 olan, üzərlərində ***-***-**-** nömrəsi və ********* 8205 9210 316 rəqəmləri olan sim-kartlar quraşdırılmış mobil telefonun hökm qanuni qüvvəyə mindikdən sonra onun özünə qaytarılması qərarına gəlir. İş üzrə məhkəmə xərci və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 283-1.3-cü maddəsi ilə təqsirli bilinib 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun tutulduğu gündən, yəni 31 oktyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olan və cinayət işinin materiallarında saxlanılan Təqsirləndirilən şəxs istifadəsində olmuş «Samsung Galaxy» markalı, İMEİ kodu 3507xx/xx/025250/6 olan, üzərlərində ***-***-**-** nömrəsi və ********* 8205 9210 316 rəqəmləri olan sim-kartlar quraşdırılmış mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra ona qaytarılsın. Hökmdən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Təqsirləndirilən şəxs münasibətdə həmin müddət hökmün surətinin ona verildiyi andan hesablanır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar