Məhkəmə qərarları › İş №2(001)-1747/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1747/2025

05.11.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1747/2025 05.11.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı mülki iş üzrə (Açar sözlər: pul tələbi) Hakim Məmmədova Lətifə Məhyəddin qızının sədrliyi, Məhkəmə iclas katibi Məşədiyeva Fidan Eynur qızının katibliyi, İddiaçı İddiaçı, İddiaçının nümayəndəsi-vəkili Vəkil2, Cavabdehin nümayəndəsi-vəkili Vəkil1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İşin halları:

1. İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən ödənilməmiş ezamiyyə xərclərinin, istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri, ümumxalq hüzn günü işlərin görülməsinə görə əmək haqqının və hər gecikdirilmiş gün üçün əmək haqqının bir faizi məbləğində ödəncin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 29 iyul 2005-ci il tarixdən 03 mart 2023-ci il tarixdək müddətsiz əmək müqaviləsi ilə "Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi" PHŞ-nin 7 saylı İDYM-sində çalışmışdır. Sonradan 03 mart 2023-ci il tarixdən iddiaçı ilə cavabdeh "Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi" publik hüquq şəxsın 3 saylı "xxxx" (XTYİ) MMC arasında müddətsiz əmək müqaviləsi bağlanmış və sürücü vəzifəsinə təyin edilmişdir. Əmək müqaviləsi üzrə 519 manat əmək haqqı almış, əmək haqqı hər ay, ayda bir dəfə "Kapital Bank" bankındakı hesabına köçürülmüşdür. İddiaçı **-JV-*** dövlət nömrə nişanlı, "TATRA 815" ağır tonlu yük avtomobili ilə respublikanın müxtəİif rayonlarına yük daşımış, rayonlara ezamiyyətə göndərilmişdir. Belə ki, 13 iyul 2023-ci il tarixdə 18 günlük Daşkəsən rayonuna, 01 sentyabr 2023-ci il tarixdə 29 günlük Laçın rayonuna, 02 oktyabr 2023-ci il tarixda 30 günlük Laçın rayonuna, 06 noyabr 2023-cü il tarixda 25 günlük Zəngilan rayonuna, 01 dekabr 2023-ci il tarixdə 30 günlük Zəngilan rayonuna, 01 yanvar 2024-cü il tarixdə 30 günlük Zəngilan rayonuna, 01 fevral 2024-cü il tarixdə 29 günlük Zəngilan rayonuna, 01 mart 2024-cü il tarixdə 29 günlük Zəngilan rayonuna, 01 aprel 2024-cü il tarixdə 30 günlük Zəngilan rayonuna, 01 may 2024-cü il tarixdə 8 günlük Zəngilan raynuna, 01 avqust 2024-ci il tarixdə 30 günlük Sumqayıt şəhərinə, 02 sentyabr 2024-cü il tarixdə 29 günlük Zəngilan və Qazax rayonlarına, 01 oktyabr 2024-ci il tarixdə 31 günlük Qazax rayonuna ezamiyyətə göndərilmişdir. Lakin cavabdeh tərəfindən iddiaçıya ezamiyyət xərcləri az ödənilmişdir. İddiaçı ilə 03 mart 2023-ci il tarixdə bağlanmış əmək müqaviləsinin "iş ya istirahət vaxtı" adlı 4-cü bəndində iddiaçının gündə 8 saatdan, həftə ərzində 40 saatdan çox olmayaraq və həftədə 5 gün natamam iş həftəsi ilə işlədiyi, istirahət günlərinin hər həftənin 6-cı ya 7ci günləri olduğu qeyd edilsə də ezamiyyət vərəqələrindən görünür ki, iddiaçı istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü də işlərin görülməsinə cəlb edilmişdir. 15 ay fasilsiz oİaraq rayonlara ezamiyyətə göndərilmiş, qeyriiş günlərində də ezamiyytdə olmuşdur. Lakin həmin günlərə görə iddiaçıya əmək haqqı ödənilməmişdir. Bu səbəbdən də iddiaçı mövcud iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları:

3. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək tələbin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

4. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili Vəkil2 iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini xahiş etdi. Həmçinin mülki iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi ilə razı olmadıqlarından təkrar mühasibatlıq ekspertizasının keçirilməsinə dair vəsatət təqdim edərək, vəsatətin təmin edilməsini xahiş etdi.

5. Məhkəmə iclasında iştirak edən cavabdeh nümayəndəsi-vəkili Vəkil1 iddia tələbini qəbul etmədiyini, iddiaçıya iddia ərizəsində qeyd olunan hallar üzrə ödənişlərin tam ödənildiyini bildirdi.

6. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materillarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir.

Mülki işin materialları:

7. 16.05.2024-cü il tarixli ilkin mediasiya sessiyası barədə bildirişdən görünür ki, iddiaçı tərəfindən cavabdehə ilkin mediasiya prosesinin keçirilməsi üçün təklif göndərilmişdir.

8. Əmək müqaviləsinin surətinə əsasən İddiaçı xx.xx.2023-cü il tarixdə "xxxx" MMC-də müddətsiz əmək müqaviləsi ilə sürücü vəzifəsinə qəbul edilmiş və aylıq əmək haqqı 519 manat müəyyən edilmişdir.

9. "xxxx" MMC tərəfindən İddiaçı verilmiş ezamiyyət və yol vərəqələrindən (4P №-li forma) görünür ki, iddiaçı müxtəlif vaxtlarda müxtəlif istiqamətlərdə işləmək üçün ezam edilmişdir.

10. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktubdan və əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı müvafiq tutulmalar çıxıldıqdan sonra 2023-cü il üçün 4748.55 manat əmək haqqı və 4710 manat ezamiyyə və digər ödənişlər, 2024-cü il üçün isə 5549.16 manat əmək haqqı və 7251 manat ezamiyyə və digər ödənişlər hesablanaraq köçürülmüşdür.

11. Məhkəmə Ekspertizası Mərkəzinin 9/3661 saylı, xx.xx.2025-ci il tarixli ekspert rəyindən görünür ki, iş materiallarında olan sənədlərə əsasən İddiaçı "xxxx" MMC tərəfindən ezamiyyə xərclərinin düzgün hesablanaraq ödəbildiyi müəyyən olunmuşdur. Həmçinin təqdim edilmiş iş materiallarında İddiaçı "xxxx" MMC tərəfindən istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günləri işlərin görülməsinə cəlb edilməsi öz əksini tapmamışdır.

12. Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 2(001)-1747/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə iddiaçının nümayəndəsi-vəkili Vəkil2 əlavə məhkəmə mühasibatlıq ekspertizasının təyin edilməsi barədə vəsatəti təmin edilməmişdir.

Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi:

Azərbaycan Respublikası Əmək Məcəlləsinin:

13. 7-ci maddəsinə əsasən işçilərin əmək hüquqları və bu hüquqlarla bağlı müvafiq təminatlarının minimum səviyyəsi bu Məcəllənin 1-ci maddəsində göstərilən normativ hüquqi aktlarla müəyyən edilmiş hüquq normaları ilə təmin edilir.

14. 9-cu maddəsinin “ə” yarımbəndinə əsasən işçinin əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasına daxil olmayan işləri, xidmətləri yerinə yetirməkdən imtina etmək, belə işləri, xidmətləri icra etdikdə isə müvafiq əlavə əmək haqqının verilməsini tələb etmək hüququ vardır.

15. 89-cü maddəsinə əsasən tam iş vaxtı-müddəti bu Məcəllədə nəzərdə tutulmuş həftəlik və gündəlik iş saatları ərzində işçilərin əmək funksiyasını yerinə yetirməsi üçün müəyyən edilmiş zamandır. Gündəlik normal iş vaxtının müddəti səkkiz saatdan artıq ola bilməz. Gündəlik normal iş vaxtına uyğun olan həftəlik normal iş vaxtının müddəti 40 saatdan artıq müəyyən edilə bilməz.

16. 99-cu maddəsinə əsasən iş vaxtından artıq iş - işəgötürənin əmri (sərəncamı, qərarı) və işçinin razılığı ilə əmək funksiyasını müəyyən olunmuş iş günü vaxtından artıq müddət ərzində yerinə yetirməsi sayılır.

17. Məhkəmə qeyd edir ki, iş vaxtından artıq iş - işəgötürənin əmri (sərəncamı, qərarı) və işçinin razılığı ilə əmək funksiyasını müəyyən olunmuş iş günü vaxtından artıq müddət ərzində yerinə yetirməsi sayılır. Hər bir işçi dalbadal gələn iki iş günü ərzində dörd saatdan, əmək şəraiti ağır və zərərli olan iş yerlərində isə iki saatdan çox iş vaxtından artıq işlərə cəlb edilə bilməz. Əmək haqqı-müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. İddiaçı işəgötürən tərəfindən iş vaxtından artıq işlərə cəlb edildiyini iddia etsə də məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçının iş vaxtından artıq işə cəlb edilməsi barədə işəgötürənin əmri, sərəncamı, qərarı olmamışdır. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, iddiaçının iş vaxtından sonra iş yerində olması onun öz funksiyalarını icra etməsi, işəgötürən tərəfindən iş günü vaxtından artıq müddət ərzində işə cəlb edilməsi kimi qiymətləndirilməsi üçün əsas olmadığından iddiaçının tələbləri əsassızdır, ona görə də təmin edilə bilməz. Hazırki işdən görünür ki, iddiaçı öz iddiasını əsaslandıra, dəlillərini sübuta yetirə bilməmişdir.

18. Mülki məhkəmə icraatında sübutetmə institutu və sübutetmə yükünə dair qeyd olunmalıdır ki, hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” prinsipinə əsaslanır. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Mülki işlər üzrə icraatda çəkişmə prinsipi isə tərəflərin öz hüquqi mövqeyini müdafiə etməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır.

19. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını MPM-nin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız MPM-nin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. MPMnin 14.1-ci maddəsində nəzərdə tutulmuş vəzifələr çərçivəsində işə baxan məhkəmə hansı halların iş üçün əhəmiyyət kəsb etdiyini, hansı tərəfin onları sübut etməli olduğunu və ya verilən tələbin təmin olunması üçün hansı halların sübut edilməli olduğunu tərəflərin istinad edib-etməməsindən asılı olmayaraq onlarla müzakirə etməlidir. Sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyinəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyi nəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil. Sübutetmə predmetinin düzgün müəyyən edilməməsi, hüquqi faktların sübut olunmaması, hakimin gəldiyi nəticənin işin halları ilə düz gəlməməsi və qanunvericiliklə müəyyən edilmiş digər hallar apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, işin yenidən baxılmaq üçün həmin məhkəməyə göndərilməsinə əsasdır.

20. Konstitusiya Məhkəməsinin Plenumu qərarlarında qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərar).

21. İş materillarına əlavə edilmiş sənədlərdən və ekspert rəyindən görünür ki, iddiaçı cavabdehdən ödənilməmiş (düzgün hesablanmamış) ezamiyyət xərclərinin tutulması istəsə də, müvafiq rəyə əsasən düzgün hesablandığı və ödənildiyi müəyyən edilmişdir. Bu səbəbdən də həmin hissədə iddia tələbi təmin edilə bilməz.

22. İddia tələbinin “istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri, ümumxalq hüzn günü işlərin görülməsinə görə əmək haqqının” ödənilməsi hissəsinə münasibətdə isə məhkəmə qeyd edir ki, həmin günlərdə iddiaçının işləməsi və ya işlədiyi halda məhz işəgötürənin təkidi ilə işə cəlb edilməsi halı sübuta yetirilməmişdir. Bu səbədən həmin hissədə də iddia tələbi sübuta yetirilmədiyindən təmin edilə bilməz.

23. İddia tələbinin “hər gecikdirilmiş gün üçün əmək haqqının bir faizi məbləğində ödəncin ödənilməsi” hissə isə əvvəlki tələbə bağlı olduğundan və həmin hissə təmin edilmədiyindən, bu tələb də təmin edilməməlidir.

24. Beləliklə, sübutetmə yükü daşıyan iddiaçı öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir Ona görə də məhkəmə iş üzrə toplanılmış sübutlara məcmu halında qiymət verməklə hesab edir ki, iddia tələbi təmin edilməməlidir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

25. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak şəxslərə aid edilir.

26. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

27. 217.4-cü maddəsinə əsasən,məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

28. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ:

İddiaçı cavabdeh “3 №-li Xüsusi Təyinatlı Yol İstismarı» MMC-yə qarşı “pul” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Lətifə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar