Məhkəmə qərarları › İş №2(001)-1837/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1837/2021

18.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1837/2021 18.02.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi X4 oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi və sair tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxx” X1 (İddiaçı ASC) 6 Saylı filialı ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli 17-A-1-0-508-14 saylı kredit müqaviləsindən irəli gələn ödənilməmiş 8.908,06 manat əsas borc, müqavilənin müddətinin başa çatma tarixinə, yəni xx xxxxxx 2019-cu il tarixə ödənilməmiş 5.039,83 manat faiz borcu, iddia qaldırılan tarixə hesablanmış 4.647,39 manat dəbbə pulu olmaqla, ümumilikdə 18.595,28 manatın, iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması, tutmanın kreditin təminatı kimi cavabdehə məxsus 2013-cü il buraxılışlı, “DAEWOO GENTRA” markalı, **-CN-*** dövlət qeydiyyat nişanlı, XWB5V319DEA534105 ban, B15D212133172 mühərrik nömrəli, ağ rəngli avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərracda satış yolu ilə realizə edilməsi və satışdan əldə ediləcək məbləğdən iddia tələbi həcmində iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında xx xxxxxx 2014-cü il tarixli, 17-A-1-0-508-14 saylı kredit müqaviləsi bağlanmış və bu müqavilə ilə iddiaçı müqavilənin 1.5, 1.6. və 1.11 bəndlərinə əsasən illik 17 % hesablanmaqla 60 aylıq müddətə cavabdehə 11.800 manat məbləğində kredit verməyi öhdəsinə götürmüş və bu məbləği müqavilə bağlanan tarixdə cavabdehin hesabına ödəmişdir. Kredit müqaviləsinin 1.3-cü bəndinə əsasən kreditin təyinatı 2013-cü il buraxılışlı, “Daewoo Gentra” markalı, **-CN-*** dövlət qeydiyyat nişanlı, XWB5V319DEA534105 ban, B15D212133172 mühərrik nömrəli, ağ rəngli avtomobilin alınması olmuşdur. Müqavilənin 1.4-cü bəndinə əsasən kredit müqaviləsi üzrə bütün öhdəliklərin təminatı xx xxxxxx 2014-cü il tarixli 17-A-1-0-508-14 saylı İpoteka müqaviləsi ilə nəzərdə tutulmuş, bu müqavilənin 2.1-ci bəndinə əsasən tərəflərin razılığı ilə 23.600 manat məbləğində qiymətləndirilmiş cavabdehə mülkiyyət hüququ ilə məxsus olan 2013-cü il buraxılışlı, “Daewoo Gentra” markalı, **-CN-*** dövlət qeydiyyat nişanlı, XWB5V319DEA534105 ban, B15D212133172 mühərrik nömrəli, ağ rəngli avtomobilidir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə əlavə olunmuş “Ödəniş cədvəlinə əsasən cavabdeh hər ay sabit məbləğdə olmaqla 294 manat, ümumilikdə isə 17.574 manat ödəməyi öz öhdəsinə götürmüşdür. Bununla əlaqədar olaraq, tərəflər arasında tərtib edilmiş “Ödəniş cədvəli”nə əsasən kreditin faizlərinin cavabdeh tərəfindən banka qaytarılmasının müddətləri və qaydasını müəyyən etmişdir. Kredit müqaviləsinin və tərəflər arasında tərtib edilmiş “Ödəniş cədvəli”nin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, cavabdeh kreditin və kredit faizlərinin qaytarılmasına dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş və onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. Kredit müqaviləsinin 12.3-cü bəndinə əsasən “borcalan öz üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımi qaydada yerinə yetirmədikdə Kreditor öhdəliklərin icrasını Bankın öz seçimi ilə məhkəmə və ya natariusun icra qeydi əsasında təminat üsuluna yönəltmək hüququna malikdir”. Həmçinin, müqavilənin 5.2-ci bəndinə görə kredit üzrə faizlər hər ayın ödəniş qrafikində göstərilmiş tarixdən gec olmayaraq borc alan tərəfindən kreditora ödənilir. Krredit üzrə kreditora çatmalı olan faizlər borc alan tərəfindən hər ayın ödəniş qrafikində göstərilmiş tarixinədək ödənilmədikdə həmin faizlər vaxtı ötürülmüş (vaxtında ödənilməyən) faizlər hesab olunur. Kredit müqaviləsinin 1.14-cü bəndinə müvafiq olaraq “kredit və kredit üzrə faizlər ödəmə qrafikinə əsasən vaxtında ödənilmədikdə gecikdirilmiş hər bir gün üçün Borcalan Banka, vaxtında ödənilməmiş məbləğə görə gündəlik 0.15% həcmində dəbbə pulu cərimə faizi ödəməlidir”. Tərəflər arasında bağlanmış kredit müqavilələrinin 6.1. və 8.1.-cı bəndlərinə əsasən müqavilə imzalandığı andan qüvvəyə minir və borcalanın bank qarşısında müqavilədə nəzərdə tutulan bütün öhdəlikləri yerinə yetirilməsinədək qüvvədə qalır. Bu səbəbdən, iddia tələbi məhkəmə qətnaməsi ilə təmin ediləcəyi təqdirdə belə ödənilməmiş əsas borc məbləğinə görə faiz hesablanması öhdəlik tam icra olunadək davam etdirilməlidir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə baxış iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianı müdafiə edərək təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının cavabdehin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının nümayəndəsinin izahatını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: “xxxx” İKB ASC ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli, 17-A- 1-0-508-14 nömrəli kredit müqaviləsindən və ödəniş cədvəlindən görünür ki, kreditor borcalana 60 ay müddətinə illik 17 faiz dərəcəsi ilə avtomobil almaq məqsədi ilə 11.800 manat məbləğində kredit verməyi, kredit alan isə bu müqaviləyə əsasən krediti qəbul etməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanmış faizləri banka qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilənin 8.2-ci bəndində əsasən borc alan üzərinə düşən öhdəlikləri icra etmədikdə lazımınca icra etmədikdə və yaxud müəyyənləşdirilmiş müddətdə icra etmədikdə gecikdirilmiş borc yarandığı gündən hər gecikdirilmiş gün üçün gecikdirilmiş məbləğin bu Müqavilənin 1.14-cü bəndinə nəzərdə tutulmuş miqdarında banka dəbbə pulu ödəməlidir. “xxxx” İKB ASC ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli, 17-A- 1-0-508-14 saylı ipoteka müqaviləsindən görünür ki, Cavabdeh xx xxxxxx 2014-cü il tarixli, 17-A-1-0-508-14 nömrəli kredit müqaviləsi üzrə öhdəliyin icrasının təminatı kimi “DAEWOO GENTRA” markalı, **-CN-*** dövlət qeydiyyat nişanlı, XWB5V319DEA534105 ban, B15D212133172 mühərrik nömrəli, ağ rəngli avtomobili ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü etməyi öz üzərinə götürmüşdür. İpoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrindən” xx xxxxxx 2014-cü il tarixli çıxarışdan görünür ki, “DAEWOO GENTRA” markalı, **-CN-*** dövlət qeydiyyat nişanlı avtomobil “xxxx” İKB ASC-də ipoteka ilə yüklü edilmişdir. AC 159539 nömrəli Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “DAEWOO GENTRA” markalı, **-CN-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh mülkiyyətindədir. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh ünvanladığı xx xxxxxx 2020-ci il tarixli, 11-169 nömrəli bildirişin surətindən görünür ki, Cavabdeh hal-hazıradək borc ödənilmədiyi üçün “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən bank qarşısında icra edilməmiş və ipoteka ilə təmin edilmiş öhdəliyin icrasını təmin etmək üçün ipoteka predmeti olan “DAEWOO GENTRA” markalı, **-CN-*** dövlət qeydiyyat nişanlı avtomobilə tutmanın yönəldilməsi prosedurunun başlanması barədə xəbərdar edilmişdir. Azərbaycan Respublikası Baş Dövlət X5 ünvanlanmış ərizədən görünür ki, iddiaçı tərəfindən tutmanın ipoteka predmetlərinə yönəldilməsi haqqında bildirişin qeydə alınması xahiş edilmiş, həmin ərizə xx xxxxxx 2020-ci il tarixdə İdarə tərəfindən qəbul edilmişdir. xx xxxxxx 2021-ci il tarixli olan maliyyə arayışından görünür ki, Cavabdeh xx xxxxxx 2014-cü il tarixli kredit müqaviləsi üzrə 8.908,06 manat məbləğində əsas borc, 5.039,83 manat məbləğində faiz borcu, 4.647,39 manat məbləğində cərimə olmaqla, ümumilikdə 18.595,28 manat məbləğində borcu var. xx xxxxxx 2020-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən hazırki iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar olaraq 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 317-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Satış bu Məcəllənin 414-416-cı maddələrinə uyğun olaraq həyata keçirilir. 319.1-ci və 319.6-cı maddələrinə müvafiq olaraq, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. İpoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun (mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normaları): 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər; 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və ya əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması yaxud ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsidir; 36.3-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana verildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir; 47.4-cü maddəsinə əsasən bu Qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır; Məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, tərəflər arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli, 17-A-1-0-508-14 nömrəli kredit müqaviləsinə əsasən iddiaçı cavabdehə avtomobil almaq məqsədilə illik 17% hesablanmaqla 60 ay müddətinə 11.800 manat məbləğində kredit vermişdir. Həmçinin tərəflər arasında bağlanmış xx xxxxxx 2014cü il tarixli, 17-A-1-0-508-14 saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh kredit və ona hesablanmış faizlərin, habelə qanunvericiliklə və bu müqavilə ilə nəzərdə tutulmuş digər ödənişlərin qaytarılmasının təminatı kimi özünə məxsus “DAEWOO GENTRA” markalı, **- CN-*** dövlət qeydiyyat nişanlı avtomobili bankın xeyrinə ipoteka ilə yüklü etmişdir. Cavabdeh həmin kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi müəyyən edilmiş vaxtda və qaydada icra etməmiş və iddiaçı (ipotekasaxlayan) ipotekaya tutma yönəltmək hüququndan istifadə etmişdir. Beləliklə, cavabdeh qeyd olunan kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri icra etmədiyinə görə bank tərəfindən cavabdehə xx xxxxxx 2019-cu il tarixə 8.908,06 manat əsas borc, 5.039,83 manat faiz borcu, 4.647,39 manat cərimə olmaqla, ümumilikdə 18.595,28 manat borc hesablanmışdır. Göründüyü kimi, Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etməmiş, iddiaçıya olan borclarını müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borclarını iddiaçıya ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Eyni zamanda, araşdırma zamanı müəyyən edilmişdir ki, kredit müqaviləsində tərəflər arasında dəbbə pulu haqqında yazılı formada razılaşma olmuşdur. Hazırda da iddiaçı iddia ərizəsində kredit müqavilələri üzrə müəyyən edilmiş öhdəliyin lazımınca icra edilməməsi səbəbindən cavabdehlərdən öhdəliyin icrasını, o cümlədən xx xxxxxx 2014-cü il tarixli, 17-A-1-0-508-14 nömrəli kredit müqaviləsi üzrə hesablanmış 4.647,39 məbləğində cərimənin ödənilməsini tələb edir. Məhkəmə işin hallarını nəzərə alaraq iddia tələbinin cərimənin tutulması hissəsi ilə bağlı belə qənaətə gəlir ki, cərimə müəyyən edilərkən tənasüblük qorunmamışdır. Bu səbəbdən iddiaçı tərəfindən hesablanmış dəbbə pulu azaldılmalı və 300 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, xx xxxxxx 2014-cü il tarixli, 17-A-1-0-508-14 nömrəli kredit müqaviləsi ipoteka ilə təmin edildiyindən, kredit borcu üzrə tutma borcun təminatı olaraq ipoteka ilə yüklü edilmiş Cavabdeh məxsus olan “DAEWOO GENTRA” markalı, **-CN-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməli, həmin avtomobil açıq hərracda satılmalı, satışdan əldə ediləcək pul vəsaiti xx xxxxxx 2014-cü il tarixli, 17-A-1-0- 508-14 saylı kredit müqaviləsi üzrə hesablanmış pul tələbinin təmin edilməsi üçün iddiaçıya ödənilməlidir. Məhkəmə qeyd edir ki, xx xxxxxx 2014-cü il tarixli, 17-A-1-0-508-14 nömrəli kredit müqaviləsi üzrə ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitdən qalığın qalması da istisna edilmir və belə bir hal baş verdiyi təqdirdə ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsinin müqəddaratı da həll edilməli və belə bir məbləğ yarandığı təqdirdə “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 47.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla ipoteka qoyan Cavabdeh qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, xx xxxxxx 2014-cü il tarixli, 17-A-1-0- 508-14 nömrəli kredit müqaviləsi üzrə 8.908,06 məbləğində əsas borc, 5.039,83 manat məbləğində faiz borcu, 300 manat cərimə olmaqla, cəmi 14.247,89 manat məbləğində borc Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməli, tutma Cavabdeh məxsus ipoteka ilə yüklü edilmiş “DAEWOO GENTRA” markalı, **-CN-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməli, avtomobil açıq hərrac yolu ilə satılaraq əldə olunan vəsaitdən 14.247,89 manat məbləğində vəsait İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməli, qalan məbləğ Cavabdeh qaytarılmalı, iddia digər hissədə təmin edilməməlidir. Həmçinin məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 23 (iyirmi üç) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət e t d i: İddia qismən təmin edilsin. xx xxxxxx 2014-cü il tarixli, 17-A-1-0-508-14 nömrəli kredit müqaviləsi üzrə 8.908,06 (səkkiz min doqquz yüz səkkiz manat, altı qəpik) məbləğində əsas borc, 5.039,83 (beş min otuz doqquz manat, səksən üç qəpik) manat məbləğində faiz borcu, 300 (üç yüz) manat məbləğində cərimə olmaqla, cəmi 14.247,89 (on dörd min iki yüz qırx yeddi manat, səksən doqquz qəpik) manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun 23 (iyirmi üç) manatı Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Tutma Cavabdeh məxsus ipoteka ilə yüklü edilmiş “DAEWOO GENTRA” markalı, **- CN-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilsin, avtomobil açıq hərrac yolu ilə satılaraq əldə olunan vəsaitdən 14.247,89 (on dörd min iki yüz qırx yeddi manat səksən doqquz qəpik) manat iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin, qalan məbləğ Cavabdeh qaytarılsın. İddia digər hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar