Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2426/2024 26.04.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ X2 Məhyəddin qızının sədrliyi ilə, İddiaçı “X1” ASC-nin Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “X1” ASC Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən iddiaçının xeyrinə 212,05 manat məbləğində əsas overdraft borcu, 36,36 manat hesablanmış cərimə olmaqla, cəmi 248,41 manat məbləğində borcun və dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində pul vəsaitinin tutularaq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında ödəniş kartına xidmət göstərilməsi haqqında müqavilə bağlanmışdır. Kartın istifadəsi zamanı xx.xx.2022-ci il tarixdə 199,49 manat vəsait “vioffeceanywhere.com; London, Berkeley Square” təyinatı üzrə əməliyyatlar klirinq daxil olmadan balans artmış, sonra yenidən silinməsi ilə cavabdeh artıq oturan vəsaitdən istifadə etdiyi üçün overdraftın yaranmasına səbəb olmuşdur. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə bank müştəriyə cari hesab açmağı və hesab üzrə plastik kart vasitəsilə hesablaşma-kassa əməliyyatlarının aparılması üçün bank xidmətlərinin göstərilməsi, müştəri isə bu müqavilənin ayrılmaz hissəsi olan bankın müəyyən etdiyi tarif üzrə ona göstərilən bank xidmətlərinə görə müvafiq haqq ödəməyi öhdəsinə götürür. Həmçinin həmin müqavilənin 3.4.2-ci maddəsində qeyd edilmişdir ki, “Kart vasitəsilə bir qayda olaraq hesabda olan pul vəsaitinin məbləği həddində əməliyyat aparmaq və hesab üzrə texniki overdrafta yol verməmək. Texniki overdraft bankla razılaşdırılmadan kartın balansında olan pul vəsaitindən artıq əməliyyat aparılması nəticəsində müştərinin bank qarşısında yaranmış borcudur və müştəri tərəfindən məcburi qaydada ödənilməlidir.” Həmin overdraft məbləğindən qismən ödəniş edilsə də sonradan cavabdeh ona məxsus hesab üzrə yol verdiyi texniki overdraft məbləğini müqavilə üzrə öhdəlikərini yerinə yetirməməklə bu günədək geri qaytarılmamışdır. Bu səbəbdən də iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284.1, 284-5, 284-5.3 və 284-6.1-ci maddələrinin tələblərinə uyğun olaraq hazırki iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmalı və iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - xx.xx.2020-ci il tarixli, ******* saylı ödəniş kartına xidmət göstərilməsi haqqında müqaviləsiyə əsasən “X1” ASC ilə Cavabdeh adına plastik kart hesabı açılmışdır. - maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixə “X1” ASC-yə 199,49 əsas borc və 54,36 manat cərimə olmaqla, cəmi 253,85 manat məbləğində borcu vardır. - iddiaçı tərəfindən cavabdehə göndərilmiş xəbərdarlıq məktubundan görünür ki, kredit müqaviləsi üzrə yaranmış borcla əlaqədar məlumat verilməklə, öhdəliyinin icrası tələb edilmiş əks halda barəsində qanuna müvafiq tədbir görüləcəyi nəzərinə çatdırılmışdır. Məhkəmə iş materiallarına hüquqi qiymət verərək, aşağıdakıları qeyd etməyi zəruri sayır. Müəyyən edilir ki, xx.xx.2020-ci il tarixli, ******* saylı ödəniş kartına xidmət göstərilməsi haqqında müqavilə bağlanmaqla “X1” ASC ilə Cavabdeh adına plastik kart hesabı açılmışdır, yəni tərəflər arasında Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəlik yaranmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında qanunla müəyyən edilmiş qaydada müqavilə bağlanmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri pozaraq lazımınca yerinə yetirməmiş, icranı gecikdirmişdir və nəticədə iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. - Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. - Maddə 954.1. Bank hesabı müqaviləsinə görə bank müştəriyə (hesabın sahibinə) açılmış hesaba daxil olan pul vəsaitini qəbul etməyi və hesaba salmağı, hesabdan müvafiq məbləğlərin köçürülməsinə və verilməsinə, hesab üzrə digər əməliyyatların aparılmasına dair müştərinin sərəncamlarını yerinə yetirməyi öhdəsinə götürür. - Maddə 954.2. Bank hesabda olan pul vəsaitinə dair müştərinin maneəsiz sərəncam vermək hüququna qarantiya verməklə, bu vəsaitdən istifadə edə bilər. - Maddə 954.3. Bank müştərinin pul vəsaitindən istifadə edilməsi istiqamətlərini müəyyənləşdirə və buna nəzarət edə bilməz, habelə müştərinin pul vəsaitinə dair öz istədiyi kimi sərəncam vermək hüququ üzərində bank hesabı müqaviləsi ilə nəzərdə tutulmamış digər məhdudiyyətlər qoya bilməz. - Maddə 956.1. Bank hesabı müqaviləsi bağlanarkən müştəriyə və ya onun göstərdiyi şəxsə tərəflərin razılaşdırdığı şərtlərlə bankda hesab açılır. - Maddə 960.1. Bank hesabı müqaviləsinə müvafiq surətdə, pul vəsaitinin olmadığına baxmayaraq, bankın ödənişləri həyata keçirdiyi hallarda (hesabın kreditləşdirilməsi) bank bu cür ödənişi həyata keçirdiyi gündən müştəriyə müvafiq məbləğdə kredit vermiş sayılır. - Maddə 960.2. Tərəflərin hesabın kreditləşdirilməsi ilə bağlı hüquq və vəzifələri borc və kredit haqqında qaydalarla müəyyənləşdirilir, bu şərtlə ki, bank hesabı müqaviləsində ayrı hal nəzərdə tutulmasın. - Maddə 966. Müştəriyə gələn pul vəsaitinin vaxtında hesaba salınmadığı və ya bank tərəfindən əsassız olaraq hesabdan silindiyi, habelə pul vəsaitinin hesabdan köçürülməsi və ya hesabdan verilməsi haqqında müştərinin göstərişlərinin lazımınca yerinə yetirilmədiyi hallarda bank həmin məbləğ üçün bu Məcəllənin 449-cu maddəsində nəzərdə tutulmuş qaydada və miqdarda faizlər ödəməlidir Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. - Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiyqiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. - Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, xx.xx.2020-ci il tarixdə tərəflər arasında bank kartı hesabı müqaviləsi bağlanmış, həmin müqavilə əsasında Bank tərəfindən cavabdehə kart hesabı açmış və ödəniş kartı vermişdir. Hazırda iddiaçı cavabdeh tərəfindən bank hesabından onda olan vəsaitdən artıq istifadə olunduğuna istinad edərək, cavabdehdən onun xeyrinə 212,05 manat məbləğində əsas overdraft borcu, 36,36 manat hesablanmış cərimə olmaqla, cəmi 248,41 manat məbləğində borcun tutulmasını tələb edir. Qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Hazırkı işdə həm iddia ərizəsinin məzmunundan, həm də iddiaçı tərəfindən təqdim edilmiş sənədlərdən tərəflər arasında bank (kart) hesabı müqaviləsinin bağlandığı müəyyən olunur. Bank hesabı müqaviləsinə müvafiq surətdə pul vəsaitinin olmadığına baxmayaraq, bankın ödənişləri həyata keçirdiyi hallarda (hesabın kreditləşdirilməsi) bank bu cür ödənişi həyata keçirdiyi gündən müştəriyə müvafiq məbləğdə kredit vermiş sayılır. Tərəflərin hesabın kreditləşdirilməsi ilə bağlı hüquq və vəzifələri borc və kredit haqqında qaydalarla müəyyənləşdirilir, bu şərtlə ki, bank hesabı müqaviləsində ayrı hal nəzərdə tutulmasın. Eyni zamanda, tərəflər arasında bağlanmış bank kart hesabı üzrə əməliyyatlar hesabda mövcud olan pul vəsaiti həcmində aparılır. Həmin vəsait həcmindən artıq istifadə kreditləşmə (texniki overdraft) hesab olunur və hesab sahibi bankın ilk tələbi ilə müvafiq vəsaiti və texniki overdraft üzrə bank tarifi ilə hesablanmış faizi dərhal banka qaytarmalıdır. Göründüyü kimi, həm mülki qanunvericiliyin bank hesabı ilə bağlı münasibətləri tənzimləyən normlarında, həm də tərəflər arasında buna dair bağlanmış müqavilədə qeyd olunan xarakterli münasibətlərə borc (kredit) haqqında qaydaların tətbiq edilməsi müəyyən qanuni şərtin (müştərinin hesabdan onda olan vəsaitdən artıq istifadə etməsi) baş verməsindən asılı edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçının təqdim etdiyi sübutlar borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Ona görə də cavabdeh müqavilə əsasında şəxsi bank hesabında olan qalıq vəsaitdən artıq xərclədiyi 212,05 manat pul məbləğini iddiaçıya qaytarmalıdır. Məhkəmə həmçinin iddia tələbinin cərimənin ödənilməsi barəsində hissəsini də araşdıraraq hesab edir ki, iddiaçı bank cavabdehdən əsas borca görə cərimə borcu tələb etməkdə haqlı olmuşdur. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədyi və lazımınca icra edilmədyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. İş materiallarından görünür ki, iddiaçı cavabdehdən 36,36 manat cərimə borcu tələb edir. Məhkəmə hesab edir ki, tələb edilən cərimə məbləği yüksəkdir. Ona görə də iddia tələbi həmin hissədə qismən təmin edilməli və cavabdehdən 5 manat məbləğində cərimə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Bununla bağlı məhkəmə qeyd edir ki, hər hansı müqavilə, o cümlədən kredit müqaviləsi münasibətlərində dəbbə pulu gəlir vasitəsi kimi çıxış edə bilməz. Dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təmin edilməsi üsulu, öhdəliklərin icra olunmaması halında nəzərdə tutulan maliyyə sanksiyasıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 212,05 manat əsas borc və 5 manat cərimə olmaqla, cəmi 217,05 manat məbləğində borc və dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində pul vəsaiti “X1” ASC-nin xeyrinə tutulmalıdır. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 212,05 manat əsas borc və 5 manat cərimə olmaqla, cəmi 217,05 (iki yüz on yeddi manat, beş qəpik) manat məbləğində borc və dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində pul vəsaiti tutularaq “X1” ASC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Lətifə Məmmədova
Məhkəmə qərarları › İş №2(001)-2426/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2426/2024
26.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver