Məhkəmə qərarları › İş №2(001)-3826/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-3826/2020

04.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-3826/2020 04.08.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Nəbizadə Nigar Xeyrulla qızı, İddiaçı ASC-nin Cavabdeh qarşı borc tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı borc tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Ərizə və ona əlavə edilmiş sənədlər nəzərdən keçirilərkən müəyyən edilmişdir ki, iddia ərizəsi “Problemli kreditlərin hüquqi təqibi departamentinin Məhkəmələrlə iş şöbəsinin rəisi” Elsevər Əkbərov tərəfindən imzalanmışdır. İddia ərizəsinin “Ərizəyə əlavə edilən sənədlər” bölməsinin 6-cı bəndində “Rövşən Allahverdiyevin İddiaçı ASC-nin qanuni təmsilçisi olmasını təsdiq edən Vergi Reyestrindən Çıxarış (2 vərəq)”, 7-ci bəndində “Rəsmi nümayəndələrimizin səlahiyyətlərini təsdiq edən etibarnamə (1 vərəq) və bu etibarnaməni Baş Risk İnzibatçısı Cavid Mirzəyev tərəfindən imzalanması səlahiyyətini təsdiq edən xx.xx.2017-ci il tarixli 60 üm saylı əmr (1 vərəq); 8-ci bəndində isə “X1 kitabçasından çıxarış (1 vərəq)” göstərilsə də, həmin sənədlər iddia ərizəsinə əlavə edilməmişdir. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər məhkəməyə poçt vasitəsilə daxil olmuş və qeyd olunan sənədlərin ərizəyə əlavə edilməməsi iddia ərizəsinin məhkəməyə daxil olduğu tarixdə aktlaşdırılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 69.2-ci maddəsinə görə, hüquqi şəxsi məhkəmədə qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edir. Mülki Prosessual Məcəllənin 73.1-ci maddəsinə əsasən, nümayəndənin səlahiyyəti qanuna uyğun olaraq verilmiş və rəsmiləşdirilmiş etibarnamədə əks etdirilməlidir. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2011-ci il tarixli qərarının 6.2-ci bəndində göstərilmişdir ki, ərizə nümayəndə tərəfindən verildikdə ərizəyə nümayəndənin səlahiyyətini təsdiq edən etibarnamə nümayəndənin işdə iştirak edən fiziki şəxsin yaxın qohumu, hüquqi şəxsin işçisi olduğunu təsdiq edən sənəd və ya vəkil orderi əlavə edilməlidir. ... Həmin qaydaya əməl olunmaması ərizənin baxılmamış saxlanılması üçün qeyd-şərtsiz əsasdır. Mülki Prosessual Məcəllənin 259.0.3-cü maddəsinə müvafiq olaraq, ərizə imzalanmadıqda, yaxud buna səlahiyyəti olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalandıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsinə görə, barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Beləliklə, mülki prosessual qanunvericiliyin müddəalarını analogiya üzrə tədbiq edərək məhkəmə belə nəticəyə gəlir ki, ərizəni imzalayan şəxsin səlahiyyətli şəxs olmasını təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilmədiyindən, ərizə baxılmamış saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.4, 259.0.3, 263 və 264-cü maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: İddiaçı ASC-nin Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verə bilərlər. Sədrlik edən: Nigar Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar