Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4284/2020 29.09.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Məmmədova Gülbəniz Vaqif qızının katibliyi, İddiaçı X1, Cavabdeh iştirakı ilə, İddiaçı X1 Cavabdeh qarşı evə köçürülmə tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X3 Cavabdeh qarşı evə köçürülmə tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər xx xxxxxxx 1993-cü il tarixdə rəsmi nikaha daxil olmuşlar. Həmin vaxtdan iddiaçı mübahisəli özbaşına tikilidə yaşayır. Bu yaxınlarda cavabdehlə aralarında mübahisə olmuş və cavabdeh onu evdən qovmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçı X3 izahatında göstərdi ki, mübahisəli ev özbaşına tikilidir. Cavabdehlə 1993-cü ildə ailə qurandan sonra həmin ünvana gəlin köçmüşdür. Evi onlar evləndikdən sonra birlikdə tikmişlər. 30 ilə yaxındır ki, həmin evdə yaşayıb, həmin evdə uşaqları böyüyüb başa çatıb. 2019-cu ilin axırlarında cavabdehlə mübahisələri olmuşdur. Belə ki, o, özünə məxsus qızılları borc olaraq cavabdehin qardaşı oğluna vermişdir. Cavabdeh də bunu “oğurluq” adlandıraraq, onu evdən qovmuşdur. Həmin vaxtdan o, əvvəl qohumlarının evində qalmış, hal-hazırda isə sığınacaqda məskunlaşmışdır. Hal-hazırda getməyə bir yeri yoxdur. Ümidi cavabdehlə birlikdə tikdikləri evə sığınmaqdır. Məhkəmə iclasında iştirak edən Cavabdehizahatında göstərdi ki, iddianı qəbul etmir. Belə ki, üzərində ev tikilmiş torpaq sahəsi evləndən əvvəl də ona məxsus idi. Evi isə evlənəndən sonra özü tikib. İddiaçı heç vaxt işləməyib. Evin bütün ehtiyaclarını cavabdeh qarşılayıb. Hal-hazırda iddiaçı ilə nikahları pozulmasa da, bir evdə yaşamaqları mümkün deyil. İddiaçı səhv eləyib, o da səhvini bağışlaya bilmir. Səhvi edən gərək pəncəyini götürüb evdən çıxıb getsin. O, iddiaçı evdən oğurluq edəndən sonra onu evdən qovub və hal-hazırda da evə buraxmaq fikri yoxdur. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, Bakı şəhəri, Binəqədi rayonu, İİİ mədən, korpus 145 ünvanda yerləşən özbaşına tikili tərəflərin birgə nikahı dövründə tikilib, tərəflər 1993-cü ildən birlikdə həmin ünvanda yaşamış, birgə təsərrüfat aparmışlar. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinə əsasən, hamı qanun və məhkəmə qarşısında bərabərdir. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. Dövlət irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. Heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. Mülki Məcəllənin 6.1.1-ci maddəsi isə mülki hüquq subyektlərinin bərabərliyini mülki qanunvericiliyin əsas prinsiplərindən biri kimi müəyyən etmişdir. Məhkəmə qeyd edir ki, mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, faktiki olaraq mövcuddur və tərəflər ondan yaşayış sahəsi kimi istifadə etmişlər. Eyni zamanda həmin evin tərəflərin birgə nikahı dövründə tikilməsi işin mübahisələndirilməyən halıdır. Lakin cavabdeh mübahisəli evin tərəflərin birgə nikahı dövründə tikilməsini qəbul etsə də, hal-hazırda onun hərəkətləri faktiki olaraq iddiaçının həmin evə köçürülməsinin qarşısının alınmasına yönəlmişdir. Məhkəmə hesab edir ki, Cavabdeh iddiaçının mübahisəli evdə yaşamasına maneə törətməsi bərabərlik prinsipinə uyğun olmamaqla yanaşı iddiaçının əvvəlki şərtlər daxilində bu evdə yaşamaq hüququnu pozur. Eyni zamanda iddiaçının evə köçürülməsindən evin özbaşına tikili olmasına əsaslanmaqla imtina edilməsi hamının qanun qarşısında bərabərliyi prinsipinin pozulmasına, cavabdehə münasibətdə faktiki olaraq qanunsuz güzəştlərin və imtiyazların tətbiq edilməsinə və nəhayət, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edilərkən hər kəsin bərabər hüquqlarının təmin edilməməsinə səbəb ola bilərdi. Belə olan təqdirdə, iddiaçının cavabdehlə bərabər həmin evdə yaşamasını təmin etmək məqsədi ilə onun bu evə köçürülməsi zəruridir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, özbaşına tikinti və onun nəticələrini tənzimləyən Mülki Məcəllənin 180-ci maddəsində şəxslərin özbaşına tikintidə yaşamalarını və oradan istifadə etmələrini birbaşa qadağan edən norma yoxdur. Həmin maddədə yalnız özbaşına tikinti aparmış şəxsin ona mülkiyyət hüququnu əldə etməyəcəyi, onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarının olmadığı təsbit olunmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, mülki hüquq subyektlərinin bərabərliyi prinsipi nəzərə alınaraq, iddia tələbi təmin edilməli, iddiaçı X3 Bakı şəhəri, Binəqədi rayonu, İİİ mədən, korpus 145 ünvanında Cavabdeh ilə birgə nikahı dövründə tikilmiş evə köçürülməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı X3 Bakı şəhəri, Binəqədi rayonu, İİİ mədən, korpus 145 ünvanında yerləşən evə köçürülsün. Ödənilmiş 10 (on) manat dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq iddiaçı X2 ödənilsin. Qətnamədən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mulki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə
Məhkəmə qərarları › İş №2(001)-4284/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4284/2020
29.09.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver