Məhkəmə qərarları › İş №2(001)-456/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-456/2023

16.05.2023 · Əqli mülkiyyət hüququ ilə əlaqədar mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-456/2023 16.05.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Məmmədova Gülbəniz Vaqif qızının katibliyi, İddiaçı, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pozulmuş müəlliflik hüququnun bərpası, maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pozulmuş müəlliflik hüququnun bərpası, maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçının atası - mərhum şair Səfər Həsənovun (Səfər Boluslu) müəllifi olduğu “Azərbaycan xəritəsi” (Bakı 2003 © ”Qapp- Poliqrafıya” mətbəəsi) adlı kitabındakı “Sərin-sərin”, “Nə deyərsən” və “Məndən” adlı şeirlərinin Cavabdeh (Xanım Sevər) tərəfindən “Mən sevgidən yoğrulmuşam” (Bakı 2015, © “Nurlan” mətbəəsi) adlı kitabına öz müəllifliyi ilə daxil etmiş, bununla iddiaçının atasının müəlliflik hüququnu pozmuşdur. İddiaçı atasının hüquqlarının pozulmasının sübutu kimi onun müəllifi olduğu “Azərbaycan xəritəsi" kitabını, Cavabdeh “Mən sevgidən yoğrulmuşam” kitabını, həmçinin adıçəkilən şeirlərin orijinal əlyazmalarının surətini Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinə təqdim etmişdir. Agentlik tərəfindən aparılmış araşdırmanın nəticəsi olaraq tərtib edilmiş və iddiaçıya təqdim olunmuş arayışdan da görünür ki, Cavabdeh tərəfindən qanun pozuntularına yol verilmişdir. Belə ki, “Azərbaycan xəritəsi” kitabındakı “Sərin-Sərin” adlı (səhifə 51) şeir cüzi dəyişikliklər edilməklə “Mən sevgidən yoğrulmuşam” kitabına “Üz sərin-sərin” (səhifə 11) adı ilə daxil edilmişdir. Belə ki, şeirlərin müqayisəsi zamanı birinci bəndin 2-ci misrasında bir hərf dəyişdirilmiş, 4-cü misrasında 1 söz, ikinci bəndin 1-ci misrası və 2-ci misrasında 1 söz, üçüncü bəndin 4-cü misrasında isə 1 söz dəyəşdirilmiş və cuzi fərqlə şeirin orijinalı ilə üstüstə düşür. “Azərbaycan xəritəsi” kitabındakı “Nə deyərsən” adlı (səhifə 63) şeir “Mən sevgidən yoğrulmuşam” kitabına “Deyərsən” (səhifə 27) adı ilə daxil edilmişdir və orijinalın ilk 3 bəndindən istifadə olunmuşdur. Şeirlərin müqayisəsi göstərmişdir ki, 1-ci kitabdakı şeirin birinci bəndinin 1-ci və 4-cü misrası, 2-ci bəndin 3-cü və 4-cü misrası, üçüncü bəndin isə 2-ci və 3-cü misraların qismən dəyişdirilməsinə baxmayaraq, şeirin əksər hissəsi, eləcə də edilmiş dəyişikliklər məzmunca üst-üstə düşür. “Azərbaycan xəritəsi” kitabındakı "Məndən” adlı iki eyniadlı şeir (səhifə 24, 25) “Mən sevgidən yoğrulmuşam” kitabındakı "Səndən" (səhifə 28) adlı şeirlə müqayisə olunmuş və “Azərbaycan xəritəsi” kitabındakı hər iki şeirdən istifadə olunduğu müəyyən edilmişdir. Belə ki, “Azərbaycan xəritəsi” kitabının 24-cü səhifəsindəki “Məndən” şeirinin 1-ci bəndi bütövlükdə, 2-ci bənd də isə yalnız “Hər” sözü ixtisar edilməklə, “Azərbaycan xəritəsi” kitabının 25-ci səhifədəki “Məndən" şeirinin isə 3-cü bəndindən 1 misra istisna olmaqla bütövlükdə “Mən sevgidən yoğrulmuşam” kitabındakı “Səndən” şeirinə daxil edilmişdir. Cavabdeh Agentlik tərəfindən Qanunun 8-ci, 14-cü və 15-ci maddələrinin tələbləri izah edilmiş və məsələyə dair münasibət bildirməyi xahiş olunsa da o, yazılı şəkildə münasibət bildirməkdən imtina etmişdir. Nəticədə iddiaçının atası mərhum şair Səfər Həsənovun (Səfər Boluslu) “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsində təsbit edilmiş şəxsi (qeyri-əmlak) hüquqları pozulmuşdur. Qeyd olunanlara əsasən iddiaçı Cavabdeh iddiaçının atası - mərhum şair Səfər Həsənova (Səfər Boluslu) məxsus əsərləri öz adına çap etdirdiyi və “Sərin-sərin”, “Nə deyərsən” və “Məndən” adlı şeirlərinin Səfər Həsənova (Boluslu) məxsus olması barədə məhkəmə tərəfindən müəyyən edilmiş qaydada təkzib yayımlanması; Cavabdeh iddiaçının atası mərhum şair Səfər Həsənova (Səfər Boluslu) məxsus əsərləri öz adına çap etdirdiyinə görə müəllifin vərəsələrindən və oxuculardan üzr istəməsi; Cavabdeh öz adı altında çap etdirdiyi kitablarım bütün nüsxələrinin yığışdırılması və kitabların nüsxələrinin məhv edilməsi barədə qətnamə çıxarılması; Cavabdeh tərəfindən iddiaçının atası mərhum şair Səfər Həsənovun (Boluslu) müəlliflik hüquqlarının pozulması ilə əlaqədar “Mən sevgidən yoğrulmuşam” kitabının yayılmasından, o cümlədən satış yolu ilə yayılmasından əldə olunan gəlirin tutulması əvəzinə cavabdehdən 5000 manat məbləğində kompensasiya tutulması; iddiaçının atası - mərhum şair Səfər Həsənovun (Boluslu) əsərlərindən istifadəyə görə 55000 manat qonorarın, vərəsə kimi iddiaçıya dəymiş maddi zərərin əvəzi kimi 10000 manatın, mənəvi zərərin əvəzi kimi 75000 manatın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya etirazı xx.xx.2023-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, ekspertizanın keçirilməsi barədə müvafiq qərardad qəbul edilsə də ekspertin qarşısına müvafiq suallar qoyulmamışdır. Belə ki, ekspertin qarşısına, həmin şeirlər arasında ruh oxşarlığının olub-olmaması, həmin şeirlərin əvəzində iddiaçı tərəfə hansı formada zərər dəyməsi, zərərin əhatə dairəsi və məbləği və sair hallar barədə müvafiq suallar qoyularaq cavab alınmamışdır. Hazırkı rəyi bu səbəbdən əsassız sayır və rəylə razı deyil. Bundan əlavə olaraq nəzərə alınmalıdır ki, cavabdehin kitabı Əqli Mülkiyyət Agentliyində qeydiyyatdan keçirilməmişdir. Buna səbəb cavabdehin şəxsi istəyi olmuşdur. Belə ki, kitabın redaksiyası başqa bir şəxs tərəfindən baş tutmuş, həmin şəxsin redaksiyasından razı qalmadığına görə kitabı Əqli Mülkiyyət Agentliyində qeydiyyata saldırmaqdan imtina etmişdir. Nəticədə az sayda çap edilən kitab işıq üzü görmədən təqdimatı mümkün olmamışdır. Əqli Mülkiyyət Agentliyində qeydiyyatdan keçmədiyinə görə həmin kitabın kitabçadan heç bir fərqi yoxdur. Yəni ki, hər-hansısa bir dəftərçədə əlyazma kimi olan qeydlərlə orada yazılan qeydlər eyni əhəmiyyətə malikdir. Çünki kitab kimi tanınması üçün Əqli Mülkiyyət Agentliyində qeydiyyata alınmalıdır. Tərəfindən həmin kitabça heç bir formada işıqlandırılmamış, kitabxanalara, sərgilərə, kitab satış nöqtələrinə və digər formada elektron kitab platformasında da yayımlanmamışdır. İddiaçı tərəfindən qeyri-qanuni yollarla kitabçanın bir nüsxəsi əldə edilmiş və iddiaçıya sözün əsl mənasında himayədarlıq edən (iddiaçı özü də etiraf edir ki, Elnur Baxış ona bu məsələdən xəbərdar edib və onun bugünədək xəbəri olmayıb) özünü jurnalist kimi təqdim edən Elnur Baxış tərəfindən mövcud iddianın irəli sürülməsində və iddia tələbi ilə heç bir əsası olmayan zərərlər ehtiva edilərək zərərin əvəzi cavabdehdən tələb edilmişdir. İddiaçı ilkin olaraq sübut etməli idi ki, ona hansı formada zərər dəymişdir. Yəni ki, misal üçün, kitab kimi satışa çıxarılan kitabçanın satışına görə iddiaçının atasına məxsus kitabların alışına mənfi təsir hansı dərəcədə olmuşdur. Məbləğ, müddət, kitab sayı və təqdimatlar. Göründüyü kimi, belə hallar birmənalı olaraq mövcud deyil. İddiaçının atası 2003-cü ildə kitabını qeydiyyatdan keçirmişdir. Həmin kitabın onun vəfatından sonra satışının olması, satışının zəifləməsi və digər amillər əsas gətirilməli daha sonra isə maddi zərər tələb edilməlidir. Onun tərəfindən iddiaçının atasına məxsus şeirlər istifadə edilməmişdir. Şeirlər arasında ruh oxşarlığı vardır. 2-3 misrada olan ruh oxşarlığı cavabdehi şeir oğrusu olması anlamına gəlmir. İddiaçı və Elnur Baxış tərəfindən cavabdeh dəfələrlə şantaj edilmişdir. Sonuncu dəfə onların cavabdehdən tələb etdiyi 20.000 manat məbləğində pul vəsaitini onlara vermədiyi üçün hazırki iddia irəli sürülmüşdür. Səfər Boluslu adına təqdim edilən 1970-ci illərə aid əlyazmaların belə ona aid olması şübhə altındadır. Kitab redaksiyadan uğursuz olduğuna görə cavabdeh tərəfindən qeydiyyata alınmamışdır. Çap edilmiş 100 ədəd nüsxə də ləğv edilmişdir. Redaksiyası uğursuz olan bir kitabı cavabdeh qeydiyyata aldırmamış, həmin kitab hüquqi qüvvəyə malik deyil və ona görə cavabdehə qarşı hərhansısa bir iddianın irəli sürülməsi əsassızdır. İddiaçının özünün atasına məxsus kitabı (əlyazmaları yox) məhkəməyə təqdim edərkən ona hansı formada zərərin dəydiyinə dair iddia ərizəsində əsaslandırıcı bir fakt irəli sürməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Eyni zamanda o, məhkəməyə bildirdi ki, tərəfindən Cavabdeh birinci dəfə müraciət edilərkən, cavabdeh ondan üzr istəyib şeirlərin mərhum atasına məxsus olmasını qəbul etsə idi, heç hazırkı məhkəmə araşdırmasına da zərurət qalmazdı. Lakin cavabdeh nəinki üzr istəmədi, hətta onun və oğlunun üstünə davaya adam göndərdi. Belə olan halda iddianın tam həcmdə təmin edilməsi zəruridir. O, atasının “Azərbaycan xəritəsi” adlanan kitabını şəxsən, atasının ölümündən sonra dərc etdirmiş və həmin kitabı satışa çıxarmamışdır. Cavabdeh tərəfindən həmin kitabdan şeirlərin götürülərək öz şeirləri kimi səsləndirməsi və dərc etdirməsi onun və ailə üzvlərinin mənəvi sarsıntısına səbəb olmuşdur. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin nümayəndəsi Nümayəndə izahatında məhkəməyə bildirdi ki, Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi mövqeyini iş üzrə verdiyi müvafiq arayışda ifadə etmişdir. Agentlik tərəfindən müəyyən edilmişdir ki, 2015-ci ildə nəşr edilən Xanım Sevərin adı altında açıqlanmış “Mən sevgidən yoğrulmuşam” şeirlər kitabında 2003-cü ildə nəşr edilən Səfər Boluslunun adı altında açıqlanmış “Azərbaycan xəritəsi” şeirlər kitabında olan və müqayisəsi aparılmış şeirlər cüzi dəyişikliklər edilməklə verilmiş və müəllifinin adı göstərilməmiş, müəllifə istinad edilməmişdir ki, bu da “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmasına səbəb olmuşdur. Belə olan halda iddiaçının hüquqlarının məhkəmə qaydasında bərpası zəruridir. Kompensasiyanın və dəymiş zərərin məbləğinin müəyyən edilməsi qanunvericiliklə birbaşa məhkəmənin mülahizəsinə buraxılır. “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanununun 45-ci maddəsi müəlliflik hüququnun və əlaqəli hüquqların sahibləri öz hüquqlarının zərərin ödənilməsi və ya gəlirin tutulması əvəzinə 110 manatdan 55 min manatadək məbləğdə kompensasiya ödənilməsini nəzərdə tutub. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə iddiaçının və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ərizəsi və ərizəyə əlavə edilmiş materiallar əsasında Əqli Mülkiyyət Agentliyində aparılmış araşdırmanın nəticələrinə dair arayışda aşağıdakılar göstərilmişdir: “ ... 1-ci kitabdakı (“Azərbaycan xəritəsi”) “Sərin-Sərin” adlı (səhifə 51) şeir cüzi dəyişikliklər edilməklə 2-ci kitaba (“Mən sevgidən yoğrulmuşam”) “Üz sərin-sərin” (səhifə 11) adı ilə daxil edilmişdir. Belə ki, şeirlərin müqayisəsi zamanı birinci bəndin 2-ci misrasında bir hərf dəyişdirilmiş, 4-cü misrasında 1 söz, ikinci bəndin 1-ci misrası və 2-ci misrasında 1 söz, üçüncü bəndin 4-cü misrasında isə 1 söz dəyəşdirilmişdir və cuzi fərqlə şeirin orijinalı ilə üst-üstə düşür. 1-ci kitabdakı “Nə deyərsən” adlı (səhifə 63) şeir 2-ci kitaba “Deyərsən” (səhifə 27) adı ilə daxil edilmişdir və orijinalın ilk 3 bəndindən istifadə olunmuşdur. Şeirlərin müqayisəsi göstərmişdir ki, 1-ci kitabdakı şeirin birinci bəndinin 1-ci və 4-cü misrası, 2-ci bəndin 3-cü və 4-cü misrası, üçüncü bəndin isə 2-ci və 3-cü misraları qismən dəyişdirilməsinə baxmayaraq, şeirin əksər hissəsi, eləcə də edilmiş dəyişikliklər məzmunca üst-üstə düşür. 1-ci kitabdakı “Məndən" adlı iki eyniadlı şeir (səhifə 24,25) 2-ci kitabdakı “Səndən” (səhifə 28) adlı şeirlə müqayisə olunmuş və 1-ci kitabdakı hər iki şeirdən istifadə olunduğu müəyyən edilmişdir. Belə ki, 1-ci kitabın 24-ci səhifəsindəki “Məndən” şeirinin 1-ci bəndi bütövlükdə, 2-ci bənd də isə yalnız “Hər” sözü ixtisar edilməklə, 1-ci kitabın 25-cı səhifədəki “Məndən” şeirinin isə 3-cü bəndindən 1 misra istisna olmäqla bütövlükdə 2-ci kitabdakı “Səndən” şeirinə daxil edilmişdir. Məsələ ilə əlaqədar Cavabdeh (Xanım Sevər) 2022-ci il 07 aprel tarixində Agentliyə dəvət olunmuş, X7 Mülkiyyət Agentliyinə ünvanladığı 2022-ci il 23 mart tarixli ərizənin məzmunu onun diqqətinə çatdırılmış, Qanunun 8-ci, 14-cü və 15-ci maddələrinin tələbləri ona izah edilmiş və məsələyə dair münasibət bildirməyi xahiş edilmişdir. Lakin Cavabdeh (Xanım Sevər) məsələyə dair yazılı şəkildə münasibət bildirməkdən imtina etmişdir. Nəticə: qeyd olunanlar göstərir ki, 1-ci ve 2-ci kitabdakı şeirlərin bir neçəsi cüzi dəyişikliklərlə üst-üstə düşür. Bununla əlaqedar, məsələyə hüquqi qiymət verilməsi məhkəmənin səlahiyyətinə aiddir”. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 5/87 saylı rəydə aşağıdakılar göstərilmişdir: “ ... tədqiqata təqdim olunmuş 2003-cü ildə nəşr edilən Səfər Boluslunun “Azərbaycan xəritəsi” şeirlər kitabının 51-52-ci səhifəsində olan “Sərin-sərin” şeirinin və 2015-ci ildə nəşr edilən Xanım Sevərin müəllif olduğu “Mən sevgidən yoğrulmuşam” şeirlər kitabının 11-ci səhifəsində olan “Üz sərin-sərin” şeirinin mətni üst-üstə düşür. Səfər Boluslunun “Azərbaycan xəritəsi” şeirlər kitabının 63-64-cü səhifəsində olan “Nə deyərsən” şeirinin və Xanım Sevərin müəllif olduğu “Mən sevgidən yoğrulmuşam” şeirlər kitabının 27-ci səhifəsində olan “Deyərsən” şeirinin mətni üst-üstə düşür. Səfər Boluslunun “Azərbaycan xəritəsi” şeirlər kitabının 24-25-ci səhifələrində olan “Məndən” şeirlərinin və Xanım Sevərin müəllif olduğu “Mən sevgidən yoğrulmuşam” şeirlər kitabının 28-ci səhifələrində “Səndən” şeirinin mətni üst-üstə düşür. ... Müqayisəsi aparılan cədvəldə İİ kitabda (“Mən sevgidən yoğrulmuşam”) göstərilən şeirlər İ kitabda (“Azərbaycan xəritəsi”) olan şeirlərin misraları qismən dəyişdirilməsinə baxmayaraq İ kitabda olan şeirlər ilə üst-üstə düşür, onların təkrarıdır. ... müqayisəsi aparılan İ kitabda (“Azərbaycan xəritəsi”) olan şeirlərin müəllifi və hüquq sahibi Səfər Bolusludur (X4). İİ kitabda (“Mən sevgidən yoğrulmuşam”) şeirlərdən “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanununun 14cü (şəxsi (qeyri-əmlak) hüquqları) və 15-ci (əmlak (iqtisadi) hüquqları) maddələrinin tələblərinin pozulması yolu ilə istifadə olunmuşdur. ... Şeirlər ilk dəfə 2003-cü ildə Səfər Boluslunun (X4) müəllifliyi ilə nəşr edilmiş, yəni şeirlər ilk dəfə onun adı altında açıqlanmışdır. Bununla yanaşı Səfər Boluslunun (X4) oğlu İddiaçı Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinə ünvanladığı 2022-ci il 23 mart tarixli ərizəsinə şeirlərin orijinal əlyazmalarının surətlərini Agentliyə təqdim etmişdir. ... 2003-cü ildə nəşr edilən Səfər Boluslunun adı altında açıqlanmış “Azərbaycan xəritəsi” şeirlər kitabının 24-25-ci, 51-52-ci və 63-64-cü səhiflərində olan və yuxarıda müqayisəsi aparılmış şeirlər cüzi dəyişikliklər edilməklə 2015-ci ildə nəşr edilən Xanım Sevərin adı altında açıqlanmış “Mən sevgidən yoğrulmuşam” şeirlər kitabının müvafiq olaraq 28-ci, 11-ci və 27-ci səhifələrində istifadə edilməsi Qanunun 8-ci (Müəlliflik hüququnun yaranması. Müəlliflik prezumpsiyası), 14-cü (Şəxsi (qeyri-əmlak) hüquqlar) və 15-ci (Əmlak (iqtisadi) hüquqları) maddələrinin pozulması kimi qiymətləndirilməlidir. 2015-ci ildə nəşr edilən Xanım Sevərin adı altında açıqlanmış “Mən sevgidən yoğrulmuşam” şeirlər kitabında 2003-cü ildə nəşr edilən Səfər Boluslunun adı altında açıqlanmış “Azərbaycan xəritəsi” şeirlər kitabında olan və yuxarıda müqayisəsi aparılmış şeirlər cüzi dəyişikliklər edilməklə verilmiş və müəllifinin adı göstərilməmiş, müəllifə istinad edilməmişdir ki, bu da Qanunun 14-cü maddəsinin pozulmasıdır. 2015-ci ildə nəşr edilən Xanım Sevərin adı altında açıqlanmış “Mən sevgidən yoğrulmuşam” şeirlər kitabında 2003-cü ildə nəşr edilən Səfər Boluslunun adı altında açıqlanmış “Azərbaycan xəritəsi” şeirlər kitabında olan və yuxarıda müqayisəsi aparılmış şeirlərdən istifadə olunmasına görə müəllifdən icazə alınmamış və ona qonorar ödənilməmişdir. Bu Qanunun 15-ci maddəsinin pozulması deməkdir. Qanunun 47-ci maddəsinə əsasən müəlliflik hüquqlarının pozulması qanunvericiliklə müəyyən edilmiş qaydada mülki, inzibati və cinayət məsuliyyəti yaradır”. İş materiallarında olan Göranboy rayon qeydiyyat şöbəsinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, xx.xx.1971-ci il təvəllüdlü İddiaçı atası X6, anası isə X2r. İş materiallarında olan Goranboy Rayon İcra Hakimiyyəti Başçısının Boluslu kənd inzibati ərazi dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2022-ci il tarixli, 113 saylı arayışından görünür ki, Həsənov X1 yaşamış şair X3 oğludur və hal-hazırda Boluslu kəndində yaşayır. İş materiallarında olan video yazıdan görünür ki, Cavabdeh İnstagram sosial şəbəkəsində “xanimsever” adı ilə ona məxsus səhifədə (https://www.instagram.com/xanimsever/) İddiaçı ilə olan mübahisəsi barədə ictimaiyyətə məlumat vermişdir. “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən, müəlliflik hüququ təyinatından, dəyərindən və məzmunundan, habelə ifadə formasından və üsulundan asılı olmayaraq yaradıcılıq fəaliyyətinin nəticəsi olan həm açıqlanmış, həm də açıqlanmamış, obyektiv formada mövcud olan elm, ədəbiyyat və incəsənət əsərlərinə şamil edilir. Həmin Qanunun 8-ci maddəsinə müvafiq olaraq, əsəri yaradan şəxs onun müəllifi sayılır. Əsərə müəlliflik, digər sübutlar yoxdursa, adı altında açıqlanmış şəxsə məxsusdur. Həmin Qanunun 14-cü maddəsinə görə, əsərin müəllifinin aşağıdakı şəxsi (qeyriəmlak) hüquqları vardır: əsərin müəllifi kimi tanınmaq hüququ (müəlliflik hüququ); əsərdən öz adı ilə, təxəllüslə, yaxud adsız (anonim) istifadə etmək və ya bu cür istifadəyə icazə vermək hüququ (ad hüququ); əsərinin mənasının dəyişilməsinə, təhrif olunmasına və müəllifin şərəf və ləyaqətinə xələl gətirən hər hansı başqa hərəkətlərə qarşı çıxmaq hüququ (şöhrətinə hörmət edilməsi hüququ); istifadədən götürmək də daxil olmaqla, əsərinin istənilən formada açıqlamaq və ya açıqlanmasına icazə vermək hüququ (açıqlama hüququ). Həmin Qanunun 15-ci maddəsinə əsasən, müəllifin əsərdən istifadənin hər növünə görə müəllif qonorarı almaq hüququ vardır (qonorar almaq hüququ). Bu qonorarın həcmi və hesablanması qaydası müəlliflərlə (hüquq sahibləri ilə) istifadəçilər arasında bağlanmış müəllif müqaviləsi və ya müəlliflərin verdikləri səlahiyyətlər həcmində əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatlarla istifadəçilər arasında bağlanmış müqavilələrlə müəyyən edilir. Həmin Qanunun 25-ci maddəsinə müvafiq olaraq, müəlliflik hüququ əsərin yaradılması ilə yaranır, müəllifin bütün həyatı boyu və bu Qanunun 26cı maddəsində nəzərdə tutulan hallar istisna olmaqla, onun ölümündən sonra 70 il müddətində qüvvədə qalır. Müəllifin şəxsi hüquqlarının qorunması müddətsizdir. Müəllifin vəfatından sonra onun şəxsi hüquqlarının qorunması bu Qanunun 29-cu maddəsində nəzərdə tutulmuş qaydada həyata keçirilir. Həmin Qanunun 28-ci maddəsinə görə, müəllifin bu qanunla nəzərdə tutulan əmlak hüquqları müəllif müqavilələri üzrə verilir və vərəsəlik qaydasında keçir. Həmin Qanunun 29-cu maddəsinə əsasən, müəlliflik hüququ vərəsəlik qaydasında qanun və ya vəsiyyətnamə üzrə keçir. Müəllifin bu Qanunun 14-cü maddəsi ilə nəzərdə tutulmuş şəxsi hüquqları vərəsəlik üzrə keçmir. Müəllifin vərəsələri şəxsi hüquqların qorunmasını həyata keçirə bilərlər. Vərəsələrin bu səlahiyyətləri müddətlə məhdudlaşdırılmır. Müəllifin şəxsi hüquqlarının qorunması haqqında belə göstərişi olmadıqda o, vəfat edəndən sonra şəxsi hüquqlarının qorunmasını onun vərəsələri, yaxud vərəsələri yoxdursa və ya müəlliflik hüququnun qorunma müddəti qurtarmışdısa, belə hüquqların qorunmasını həyata keçirən müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum yerinə yetirir. Həmin Qanunun 45-ci maddəsinə müvafiq olaraq, müəlliflik hüququnun və əlaqəli hüquqların sahibləri öz hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət edə bilərlər. Məhkəmə müəlliflik hüququ və əlaqəli hüquqlar ilə əlaqədar mübahisələrə baxarkən mülkihüquqi müdafiənin ümumi vasitələrindən başqa iddiaçının tələbi ilə aşağıdakılar barədə qərar qəbul edə bilər: zərərin ödənilməsi əvəzinə pozuntuya yol verən şəxsdən müəlliflik hüququnun və əlaqəli hüquqların pozulması nəticəsində əldə etdiyi gəlirin tutulması; zərərin ödənilməsi və ya gəlirin tutulması əvəzinə 110 manatdan 55 min manatadək məbləğdə kompensasiya ödənilməsi; hüquq pozuntusunun ağırlıq dərəcəsi və digər şəxslərin qanuni maraqları nəzərə alınmaqla məhkəmə qərarına əsasən pirat nüsxələrin surətinin çıxarılması (istehsalı) üçün istifadə edilmiş material və avadanlıqların müsadirə olunması; pirat nüsxələrin hüquqları pozan tərəfə heç bir kompensasiya ödənilmədən məhkəmə qaydasında müsadirə olunması və ya məhv edilməsi. Müəllifin və ya əlaqəli hüquqların sahibinin hüquq pozuntusuna yol verən şəxsdən kompensasiya ilə yanaşı, ona məxsus olan əsərdən və ya digər əqli mülkiyyət hüququ obyektindən normal istifadə zamanı əldə edə biləcəyi qonorarın ödənilməsini də tələb etmək hüququ vardır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2002-ci il tarixli qərarında aşağıdakılar göstərilmişdir: “ ... Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır”. “Alexina və digərləri Rusiyaya qarşı” iş üzrə qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, mənəvi ziyana görə kompensasiya məsələsinə gəldikdə, məhkəmə hazırkı vəziyyətdə Konvensiyanın pozulduğunu aşkar edərsə, bu fakt ərizəçilər üçün mənəvi ziyanın ədalətli kompensasiyası kimi qəbul edilə bilər. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 5/87 saylı rəyini, Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin mövqeyini, “Mən sevgidən yoğrulmuşam” kitabının cəmi 100 tirajla çap edilməsini və satışda olmasına dair iş materiallarında məlumatların olmamasını, Cavabdeh sosial şəbəkələrdə aktivliyini və iddia ərizəsində tələb edilən məbləğlərin ağlabatan və mütənasib olmamasını nəzərə alaraq belə qənaətə gəlir ki, 2015-ci ildə “Elm və Təhsil” nəşriyyat-poliqrafiya müəssisəsində səhifələnib çap edilmiş Cavabdeh adı altında açıqlanmış “Mən sevgidən yoğrulmuşam” şeirlər kitabının 11-ci səhifəsində “Üz sərin-sərin”, 27-ci səhifəsində “Deyərsən” və 28-ci səhifəsində istifadə edilmiş “Səndən” şeirlərinin şair Həsənov (Boluslu) Səfər Nəsir oğluna məxsus olması müəyyən edilməli; Cavabdeh üzərinə İnstagram sosial şəbəkəsində “xanimsever” adı ilə ona məxsus səhifədə (https://www.instagram.com/xanimsever/) “Mən sevgidən yoğrulmuşam” adlı kitabın 11-ci səhifəsində “Üz sərin-sərin”, 27-ci səhifəsində “Deyərsən” və 28-ci səhifəsində istifadə edilmiş “Səndən” şeirlərinin şair Həsənov (Boluslu) Səfər Nəsir oğluna məxsus olmasının etiraf edilməsi və həmin şeirlərdən “Mən sevgidən yoğrulmuşam” adlı kitabında istifadə edilməsinə görə İddiaçı üzr istənilməsi öhdəliyi qoyulmalı; Cavabdeh 1500 manat məbləğində kompensasiya və 500 manat mənəvi zərərin əvəzi olaraq, cəmi 2000 manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi 1,38% hissədə təmin edildiyindən, ödənilmiş dövlət rüsumunun 4,36 manat hissəsi Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. 2015-ci ildə “Elm və Təhsil” nəşriyyat-poliqrafiya müəssisəsində səhifələnib çap edilmiş Cavabdeh adı altında açıqlanmış “Mən sevgidən yoğrulmuşam” şeirlər kitabının 11-ci səhifəsində “Üz sərin-sərin”, 27-ci səhifəsində “Deyərsən” və 28-ci səhifəsində istifadə edilmiş “Səndən” şeirlərinin şair Həsənov (Boluslu) Səfər Nəsir oğluna məxsus olması müəyyən edilsin. Cavabdeh üzərinə İnstagram sosial şəbəkəsində “xanimsever” adı ilə ona məxsus səhifədə (https://www.instagram.com/xanimsever/) “Mən sevgidən yoğrulmuşam” adlı kitabın 11-ci səhifəsində “Üz sərin-sərin”, 27-ci səhifəsində “Deyərsən” və 28-ci səhifəsində istifadə edilmiş “Səndən” şeirlərinin şair Həsənov (Boluslu) Səfər Nəsir oğluna məxsus olmasının etiraf edilməsi və həmin şeirlərdən “Mən sevgidən yoğrulmuşam” adlı kitabında istifadə edilməsinə görə İddiaçı üzr istənilməsi öhdəliyi qoyulsun. Cavabdeh 1500 manat məbləğində kompensasiya və 500 manat mənəvi zərərin əvəzi olaraq, cəmi 2000 (iki min) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun 4,36 (dörd manat otuz altı qəpik) manat hissəsi Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar