Məhkəmə qərarları › İş №2(001)-5163/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5163/2025

03.12.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5163/2025 03.12.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ GİRİŞ: Hakim Rzayev Anar Nurəddin oğlunun sədrliyi, Alızadə Gəray Rəfail oğlunun katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya Mərkəzinin nümayəndəsi Nümayəndə iştirakları ilə, iddiaçı – İddiaçı cavabdeh – Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya Mərkəzinə qarşı “ezamiyyət pulunun və iş vaxtından artıq işlədildiyinə görə əlavə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları:

1. İddiaçı 01 mart 2021-ci ildən 13 fevral 2025-ci il tarixədək olan müddətdə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və X4 X6 və Fumiqasiya (zərərsizləşdirilmə) Mərkəzində müddətli əmək müqaviləsi ilə aparıcı aqronom vəzifəsində çalışmışdır. xx.xx.2025-ci il tarixində müddətin başa çatması əsası ilə tərəflər arasındakı əmək müqaviləsinə xitam verilmişdir.

2. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya Mərkəzinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 15-19 iyul 2024-cü il tarixləri əhatə edən 5 günlük ezamiyyətə göndərildiyinə görə ezamiyyət xərclərinin və orta əmək haqqından ibarət olan 387 manat pulun və 2024-cü ilin yanvar-aprel aylarında hər həftə iş vaxtından 6 saat artıq olmaqla 42 saat işlədiyinə görə əlavə əmək haqqı kimi ödənilməli olan 800 manat olmaqla, cəmi 1187 manat pulun, həmçinin mediasiya xidmətinə görə ödədiyi 60 manatın cavabdehdən alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

İddiaçının əsaslandırması:

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 01 mart 2021-ci ildən 13 fevral 2025-ci il tarixədək olan müddətdə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və X4 X6 və Fumiqasiya (zərərsizləşdirilmə) Mərkəzində müddətli əmək müqaviləsi ilə aparıcı aqronom vəzifəsində çalışmışdır. Tərəflər arasındakı əmək müqaviləsinə müddətinin başa çatması əsası ilə xx.xx.2025-ci ildən etibarən xitam verilmişdir. Əmək müqaviləsinə xitam verilərkən sonuncu iş günündə iddiaçıya ödənilməli olan haqq-hesab verilməmiş, bununla da cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya Mərkəzinin rəhbərliyi tərəfindən əmək hüquqları pozulduğuna görə pozulmuş hüquqlarının bərpası üçün etdiyi yazılı müraciət əsasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Bakı şəhər İdarəsi tərəfindən araşdırma aparılmışdır. Araşdırmanın nəticəsinə dair sözügedən idarə tərəfindən iddiaçıya verilmiş xx.xx.2025-ci il tarixli, 3-17-5/2-Ə- 45379/2025 nömrəli cavabla bildirilmişdir ki, "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq müraciətinizin araşdırılması ilə bağlı Sizə aid olan sənədlərin təqdim olunmasının təmin edilməsi üçün "Bitki Mühafizəsi və Fumiqasiya (Zərərsizləşdirmə) Mərkəzi"nin rəhbərliyinə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin "Əmək və Məşğulluq" altsistemindəki məlumatlara əsasən həm hüquqi, həm də faktiki ünvanı olaraq qeyd edilmiş AZ1106, Bakı şəhəri, Binəqədi rayonu, Nəcəf Nərimanov, ev7A ünvanına xx.xx.2025-ci il tarixli 3-17-5/2-16183/2025 saylı məktub və məlumat üçün Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə xx.xx.2025-ci il tarixli 3-17-5/2-17522/2025 saylı məktub göndərilmişdir. Göndərilmiş məktuba cavab olaraq "Bitki Mühafizəsi və Fumiqasiya (Zərərsizləşdirmə) Mərkəzi"nin rəhbərliyi tərəfindən xx.xx.2025-ci il tarixli 3-17-5/1- 15655/2025 saylı məktub və sənədlər araşdırmaya təqdim olunmuşdur. Həmin məktub və sənədlərə, eyni zamanda, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin "Əmək və Məşğulluq" altsistemindəki məlumatlara əsasən Sizinlə "Bitki Mühafizəsi və Fumiqasiya (Zərərsizləşdirmə) Mərkəzi"nin işəgötürəni arasında xx.xx.2021ci il tarixində bağlanılmış müddətli əmək müqaviləsinə xx.xx.2025-ci il tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci addəsinin 2-ci hissəsinin "b" bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) xitam verildiyi məlum olmuşdur. Müəssisə tərəfindən təqdim olunan məktub və sənədlərə əsasən Sizin əmək müqavilənizə xitam verilərkən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci bondinin (müddətli əmək müqaviləsinə müddəti bitdikdə xitam verilir) tələblərinin pozulması ilə yanaşı 83-cü maddəsinin 4-cü bəndinin (əmək müqaviləsinə xitam verilmiş işçiyə son haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əməkhaqqı və digər ödəmələr) sonuncu iş günü ödənilməlidir) tələblərinin pozularaq sonuncu iş günü son haqq-hesabınızın ödənilmədiyi müəyyən olunmuşdur. Eyni zamanda, bildiririk ki, Sizinlə bağlanmış əmək müqaviləsinin şərtlərinə əsasən Sizin zərərli əmək şəraitində işlədiyiniz məlum olmuşdur. Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 92-ci maddəsinin 1-ci bəndinə əsasən əmək şəraiti fiziki, kimyəvi, bioloji və habelə insanın sağlamhğı üçün zərərli olan digər ağır istehsalat amilləri mövcud olan əmək şəraitli istehsalatlarda, peşə və vəzifələrdə çalışan işçilərə həftədə 36 saatdan çox olmayan qısaldılmış iş vaxtı müəyyən edilir. Sizin zərərli əmək şəraitində işləməyinizlə bağlı əmək müqavilənizin şərtlərinə əsasən 6 təqvim günü əlavə məzuniyyət verilməsinin, sağlamlığınızın mühafizəsi üçün xüsusi üzlü süd əsasında hazırlanmış kolibakterin qida məhsulları ilə təmin edilməyiniz nəzərdə tutulmasına baxmayaraq, gündəlik iş vaxtınızın müddətinin 7 saat 20 dəqiqə, həftəlik 36 saat 40 dəqiqə olduğu məlum olmuşdur. Təqdim olunmuş 2024-cü ilin iş vaxtının uçotu tabellərinə əsasən Sizin yanvar, aprel aylarında həftəlik iş vaxtınızın müddətinin 42 saat olduğu müəyyən olunmuşdur. Lakin nəzərinizə çatdırırıq ki, müəssisə tərəfindən əmək haqqınızın hesablanması sənədləri təqdim olunmadığı üçün iş vaxtından artıq saatlarda işə görə əlavə haqq ödənilib-ödənilməməsinə münasibət bildirilməsi mümkün olmamışdır. Nəzərinizə çatdırırıq ki, müəssisə tərəfındən təqdim edilmiş xx.xx.2025-ci il tarixli 3-17-5/1- 15655/2025 saylı məktub və sənədlərə əsasən Sizin barənizdə xx.xx.2024-cü il tarixində Xankəndi şəhər Polis şöbəsinin İstintaq Bölməsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1. və 177.2.3-cü maddələri ilə cinayət işi açıldığı üçün Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 62-ci maddəsinin 1-ci hissəsinin "c" bəndinə əsasən istintaq davam etdirildiyi müddət ərzində işdən kənarlaşdırıldığımız və bu səbəbdən 2024cü ilin sentyabr, oktyabr, noyabr, dekabr aylarında Sizə ödəniş edilmədiyi müəyyən olunmuşdur. "Bitki Mühafizəsi və Fumiqasiya (Zərərsizləşdirmə) Mərkəzi"nin rəhbərliyi tərəfindən əmək müqavilənizə xitam verilərkən və son haqq-hesabınızın ödənilməsində qanunvericiliyin tələblərinin pozulmasına görə Mərkəzin rəisi X1 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-сü maddəsinə (işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə) və 192.6-cı maddəsinə (işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə) əsasən xx.xx.2025-ci il tarixində İnzibati xəta haqqında MN ******* nömrəli protokol tərtib edilmiş, xx.xx.2025-ci il tarixində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinə əsasən İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında MN ******* saylı Qərar qəbul edilmiş, əmək müqaviləsin xitam verilməsi ilə bağlı verilmiş 3-22-1-1/3-1-64/2025 nömrəli xx.xx.2025-cil tarixli əmrin etibarsız hesab edilməsinin təmin edilməsi ilə bağlı "Bitki Mühafizəsi və Fumiqasiya (Zərərsizləşdirmə) Mərkəzi"nin rəhbərliyinə xx.xx.2025-ci il tarixli 3-17-5/2- 38856/2025 saylı məktub göndərilmişdir. Bildirir ki, 2024-cü ilin yanvar və aprel aylarında həftəlik 42 saat işləməyi ilə bağlı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 92-ci maddəsinin tələblərinin pozulduğu üçün Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.1.5. maddəsinin tələblərinə əsasən normal əmək və istirahət rejiminə riayət edilməməsinə görə inzibati xəta halı mövcud olduğuna baxmayaraq, İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsində nəzərdə tutulmuş müddət ötdüyü üçün inzibati icraat zamanı 198.1.5. maddəsi nəzərə alınmamışdır. Müraciətdə qeyd etdiyiniz məsələlərin həlli ilə əlaqədar müvafiq qaydada məhkəməyə müraciət etmək hüququnuz vardır". Odur ki, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməyini əsaslı və qanuni hesab edir. (QEYD: Cavabdehə qarşı "Əmək müqaviləsinə xitam verilməsi haqqında Əmrin qanunsuz hesab edilməsi, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməsi tələbinə dair" ayrıca iddia ərizəsi ilə Binəqədi Rayon Məhkəməsinə müraciət edilmişdir) Belə ki: -- 14 iyul 2024-cü il tarixində cavabdehin rəisi X10 X6 və Fumiqasiya Mərkəzinin rəisi vəzifəsini icra edən həmin Mərkəzin baş aqronomu X2 zəng edərək bildirmişdir ki, Nayib Hüseynov və iddiaçı xx.xx.2024-cü ildən xx.xx.2024-cü il tarixədək 5 gün müddətinə Xankəndi şəhərinə, Ağdam, Laçın, Cəbrayıl, Qubadlı, Zəngilan, Füzuli və Xocalı rayonlarına ezam edilirik, ezamiyyənin məqsədi həmin ərazilərdə ağac və bitki örtüklərinin monitorinqini aparmaqdır, həmin ərazilərə gedə bilməyiniz üçün sizə Hökumət portalı vasitəsi ilə izn də alınmışdır, getməyiniz təcili və təxirə salınmazdır, ezamiyyətə göndərilməyiniz barədə əmri sonra verəcəyəm. Odur ki, iddiaçı və Nayib Hüseynov 15-19 iyul 2025-ci il tarixlərində 5 gün həmin ərazilərdə ezamiyyətdə olmaqla tapşırılmış işləri görmüşdür, həmin ərazilərdə ezamiyyətdə olmaqlarına dair götürdükləri ezamiyyət vərəqlərinə Füzuli və Xocalı rayonlarının X12 Mərkəzləri (DAİM) tərəfindən möhür vurulmaqla müvafiq qeydlər də edilmiş, ezamiyyətdən qayıtdıqdan sonra isə ezamiyyət vərəqləri hesabatlarla birlikdə cavabdehə göndərilmişdir ki, ezamiyyət xərcləri hesablanıb ödənilsin. Hesablamaya görə iddiaçıya ödənilməli olan ezamiyyət xərci 387 manat təşkil edir (4 gün x 90 manat + sonuncu gün üçün 27 manat hesabı ilə). Lakin cavabdehin rəhbərliyi bu günədək iddiaçının xərclərini ödəmir, hətta Bakı şəhəri üzrə Əmək Müfəttişliyi İdarəsinin yuxarıda göstərilən araşdırmasından sonra da bunu etmir. Səbəbini isə şifahi olaraq onunla izah edir ki, artıq gecdir, əmək müqaviləsinə xx.xx.2025-ci ildən xitam verilmişdir, əvvəlki tarixə ezamiyyətə göndərilmək barədə əmr vermək olmaz və s. Bakı şəhəri üzrə Əmək Müfəttişliyi İdarəsi tərəfindən aparılmış araşdırma ilə də təsdiq olunmuşdur ki, cavabdeh tərəfindən 2024-cü ilin yanvar-aprel aylarında həftəlik 36 saat əvəzinə 42 saat işlədilmisiniz, lakin iş vaxtından artıq işlədiyinizə görə sizə əlavə əmək haqqı ödənilməmişdir. Cavabdeh isə hətta Bakı şəhəri üzrə Əmək Müfəttişliyinin sözügedən araşdırmasından sonra da təxminən 800 manat təşkil edən həmin əlavə əmək haqqını heç bir üzürlü səbəb olmadan ödəməmişdir. Bu səbəbdən məhkəməyə müracət etməli olmuşdur.

Cavabdehin etirazları:

4. Cavabdehin nümayəndəsi xx.xx.2025-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddiaçı 2024-cü ilin yanvar və aprel aylarında hər həftə iş vaxtından 6 saat artıq olmaqla 42 saat işlədiyini iddia edərək məhkəmədən 800 manat məbləğində pulun cavabdehdən tutularaq ödənilməsini xahiş etmişdir. İddiaçı tərəfindən iddia tələbinin həmin hissəsinə münasibətdə iddia müddəti ötürülmüşdür. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 29-cu maddəsinin 4-cü hissəsinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Lakin iddiaçı həmin müddəti ötürərək 2025-ci il 15 iyul tarixində məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərdən göründüyü kimi iddiaçı məhkəməyə müraciət etməklə əlaqədar qanunvericiliklə müəyyən edilmiş 1 illik müddəti ötürmüşdür və müddətin ötürülməsinə dair hər hansı bir üzrlü səbəb və bununla bağlı ərizə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375-ci maddəsinin 2-ci hissəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq İddiaçı cavabdeh Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinə qarşı “ezamiyyət pulunun və iş vaxtından artıq işlədiyinə görə əlavə əməkhaqqının ödənilməsi”nə dair iddia tələbinin 2024-cü ilin yanvar və aprel aylarında hər həftə iş vaxtından 6 saat artıq olmaqla 42 saat işləməsinə görə 800 manat məbləğində pulun cavabdehdən tutulması hissəsinə münasibətdə iddia müddətinin tətbiq edilməsini xahiş etmişlər.

Tərəflərin izahatları:

5. İddiaçı barışığın olmadığını qeyd edərək, iddiasının təmin edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

6. Cavabdehin nümayəndəsi iddianın əsassız olduğunu qeyd edərək, iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

ƏSASLANDİRİCİ HİSSƏ:

Faktiki hallar və sübutlar:

7. İş materiallarında olan Əmək Müqaviləsinin surətindən müəyyən edilir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2021-ci il tarixində 3 il 11 ay 13 gün müddətinə xx.xx.2025-ci il tarixinədək sözügedən əmək müqaviləsi bağlanmışdır.

8. İş materiallarında olan AR Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinin xx.xx.2022-ci il tarixli MİHO/1.2.1.4-3.1-2022-416 nömrəli əmrindən çıxarışdan müəyyən edilir ki, X7 aparıcı aqronomu Ə.S.İ oğluna xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək olan iş ilinə görə 36 günlük əmək məzuniyyəti xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci tarixədək olmaqla 36 təqvim günü müddətinə əmək məzuniyyətinin verilməsi və İddiaçı xx.xx.2022-ci il tarixindən işdə hesab edilməsi müəyyən edilmişdir.

9. İş materiallarında olan iddiaçı tərəfindən AR Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinin rəisinə yazılmış xx.xx.2022-ci il tarixli ərizədən müəyyən edilir ki, xx.xx.2022-ci il tarixindən məzuniyyətə çıxmaq üçün ərizə yazmışdır.

10. İş materiallarında olan iddiaçı tərəfindən AR Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinin rəisinə yazılmış xx.xx.2023-cü il tarixli ərizədən müəyyən edilir ki, xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək olan iş ili üçün xx.xx.2023-cü il tarixindən hissələrə bölünmüş növbəti əmək məzuniyyətinin qalan 6 gün müddətində əmək məzuniyyətinə çıxmağına icazə verilməsi ilə bağlı ərizə yazmışdır.

11. İş materiallarında olan AR Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinin xx.xx.2023-cü il tarixli MİHO/3-22-1-1/3-1-132/2023 nömrəli əmrindən çıxarışdan müəyyən edilir ki, iddiaçıya xx.xx.2021-ci il tarixindən-xx.xx.2022-dək olan iş ili üçün nəzərdə tutulmuş 42 təqvim günü müddətində olan növbəti əmək məzuniyyətini, 6 günlük qalıq hissəsi xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixədək olmaqla verilməsi və iddiaçının xx.xx.2023-cü il tarixindən işdə hesab edilməsi müəyyən edilmişdir.

12. İş materiallarında olan AR Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinin xx.xx.2023-cü il tarixli MİHO-nun 3-22-1-1/3-1-380/2023 nömrəli əmrindən çıxarışdan müəyyən edilir ki, iddiaçıya xx.xx.2022-ci il tarixindən-xx.xx.2023-dək olan iş ili üçün nəzərdə tutulmuş 42 təqvim günü müddətində olan növbəti əsas və əlavə əmək məzuniyyəti xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinədək verilməsi və iddiaçının xx.xx.2023-cü il tarixindən işdə hesab edilməsi müəyyən edilmişdir.

13. İş materiallarında olan iddiaçı tərəfindən AR Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinin rəisinə yazılmış ərizədən müəyyən edilir ki, xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək olan iş ili üçün onun xx.xx.2023-cü il tarixindən növbəti əmək məzuniyyətinə çıxmağına icazə verilməsi ilə bağlı ərziə yazmışdır.

14. İş materiallarında olan AR Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinin X7 iş vaxtından istifadənin 2024-cü il iyul ayı üzrə uçotu cədvəlindən müəyyən edilir ki, iddiaçı 2024-cü ilin iyul ayında 23 iş günü ərzində, eləcə də 15-19 iyul tarixlərində işdə olmuşdur.

15. İş materiallarında olan işə davamiyyət jurnalından müəyyən edilir ki, iddiaçı 2024-cü ilin mart, aprel, avqust aylarında ezam olunmuşdur.

16. İş materiallarında olan işə davamiyyət jurnalından müəyyən edilir ki, iddiaçı ezamiyyətdə olduğunu qeyd etdiyi 15-19 iyul 2024-cü il tarixlərində davamiyyət jurnalının gəldi-getdi qrafalarına imza etmiş və həmin tarixlərdə işdə olduğunu təsdiq etmişdir.

17. İş materiallarında olan işğaldan azad olunmuş ərazilərə daxil olmağa icazə verən çıxarışlardan müəyyən edilir ki, cavabdeh tərəfindən iddiaçı üçün Qubadlı, Zəngilan, Cəbrayıl, Füzuli, Ağdam, Xocavənd, Xocalı rayonlarına və Xankəndi şəhərinə giriş-çıxış üçün xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək, eləcə də xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək icazələr alınmışdır.

18. İş materiallarında olan AR Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-22-1-1/3-1-418/2024 nömrəli əmrindən Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinin X7 aparıcı aqronomu İddiaçı xx.xx.2024-cü il tarixdən cinayət tərkibi olan ictimai-təhlükəli əməlləri törətdikləri üçün istintaq işinin getdiyi müddətdə işdən kənar edilməsi, kadr və kargüzarlığın təşkili, Maliyyə və təsərrüfat şöbələrinin bu əmrdən irəli gələn məsələləri öz səlahiyyətləri daxilində həll etməli olması müəyyən edilmişdir.

19. İş materiallarında olan Xankəndi Şəhər Prokurorluğu tərəfindən göndərilmiş xx.xx.2024-cü il tarixli məktubdan müəyyən edilir ki, Bitki Mühafizəsi və Fumiqasiya Mərkəzinin işçiləri barədə Xankəndi ŞPŞ-nin İstintaq bölməsində istintaqı aparılmış İddiaçı AR CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə icraata əməlində cinayət tərkibinin əlamətləri müəyyən edilmədiyinə görə xx.xx.2024-cü il tarixində xitam verilmişdir.

20. İş materiallarında olan AR Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzi tərəfindən göndərilmiş xx.xx.2025-ci il tarixli bildirişdən müəyyən edilir ki, iddiaçı cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixində əmək müqaviləsinə xitam veriləcəyi ilə bağlı xəbərdar edilmişdir.

21. İş materiallarında olan AR Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinin İddiaçı əmək müqaviləsinə xitam verilməsi haqqında xx.xx.2025-ci il tarixli əmrdən müəyyən edilir ki, iddiaçının əmək müqaviləsinə həmin tarixdə xitam verilmişdir.

22. İş materiallarında olan xx.xx.2025-ci il tarixli arayışdan müəyyən edilir ki, iddiaçının 2024-cü il üzrə aylıq əmək haqqı cədvəldə qeyd edilən kimi olmuşdur.

23. İş materiallarında olan, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Bakı şəhər İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-17-5/2-Ə-45379/2025 nömrəli məktubdan müəyyən edilir ki, 2024cü ilin yanvar və aprel aylarında həftəlik 42 saat işləməyi ilə bağlı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 92-ci maddəsinin tələblərinin pozulduğu üçün Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.1.5. maddəsinin tələblərinə əsasən normal əmək və istirahət rejiminə riayət edilməməsinə görə inzibati xəta halı mövcud olduğuna baxmayaraq, İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsində nəzərdə tutulmuş müddət ötdüyü üçün inzibati icraat zamanı 198.1.5. maddəsi nəzərə alınmamışdır.

24. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, MŞB/8/2022-01286 nömrəli X3 İştirak Edilməməsi barədə Arayışdan müəyyən edilir ki, cavabdeh X3 iştirak etmədiyi üçün sözügedən arayış iddiaçıya təqdim edilmişdir.

25. İş materiallarında olan xx.xx.2025-ci il tarixli ərizədən müəyyən edilir ki, iddiaçı tərəfindən müxtəlif fotoşəkillər mülki iş materiallarına əlavə edilməsi üçün məhkəməyə təqdim edilmişdir.

26. İş materiallarında olan xx.xx.2025-ci il tarixli ezamiyyə xərclərinin ödənilməsi ilə bağlı arayışdan müəyyən edilir ki, AR ərazisində ezamiyyə xərclərinin müəyyən edilmiş 1 günlük normasının 70%-ni mehmanxana xərcləri, 25%-ni gündəlik yemək xərcləri, 5%-ni şəhərdaxili nəqliyyat, rabitə və digər xidmətlər ilə bağlı xərclərin təşkil etdiyi göstərilmişdir.

Tətbiq edilən hüquq:

27. Azərbaycan Respublikasının Əmək Məcəlləsi (AR ƏM): - Maddə 9. Əmək müqaviləsi üzrə işçinin aşağıdakı əsas hüquqları vardır: e) iş vaxtından artıq vaxtda işə cəlb olunduqda əlavə əmək haqqını almaq və ya onun verilməsini tələb etmək; g) qanunvericiliklə müəyyən olunmuş iş vaxtında çalışmaq; q) əmək hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək və hüquqi müdafiə olunmaq. - Maddə 99. (1) İş vaxtından artıq iş — işəgötürənin əmri (sərəncamı, qərarı) və işçinin razılığı ilə əmək funksiyasını müəyyən olunmuş iş günü vaxtından artıq müddət ərzində yerinə yetirməsi sayılır. - Maddə 99. (4) Əmək şəraiti ağır və zərərli olan sahələrdə bütün iş günü (növbəsi) ərzində iş vaxtından artıq işlərin müddəti 2 saatdan çox ola bilməz. - Maddə 102. (1) İşəgötürən, faktiki olaraq hər bir işçinin iş vaxtının və iş vaxtından artıq işlənmiş saatlarının dəqiq, dürüst uçotunu aparmağa borcludur. - Maddə 154. (1) Əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. - Maddə 165. (1) İşçilərə iş vaxtından artıq vaxt ərzində görülən işin hər saatı üçün əmək haqqı aşağıdakı kimi ödənilir: əməyin vaxtamuzd ödənilmə sistemində saatlıq tarif (vəzifə) maaşının ikiqat məbləğindən aşağı olmamaqla; əməyin işəmuzd ödənilmə sistemində işəmuzd əmək haqqı tam ödənilməklə müvafiq dərəcəli (ixtisaslı) vaxtamuzd işçinin saatlıq tarif (vəzifə) maaşından aşağı olmamaqla əlavə haqq məbləğində. - Maddə 165. (3) İş vaxtından artıq işlərin əlavə istirahət günü ilə əvəz edilməsinə yol verilmir. - Maddə 287. Fərdi əmək mübahisələri, işəgötürənlə işçi arasında əmək müqaviləsinin, kollektiv müqavilənin şərtlərinin, habelə əmək qanunvericiliyinin və digər normativ hüquqi aktların tətbiqi zamanı yaranan və bu Məcəllə ilə müəyyən edilmiş qaydada, üsullarla və şərtlərlə tərəflərin hüquq bərabərliyi və qanunun aliliyi prinsipləri əsasında həll edilən fikir ayrılığıdır. - Maddə 288. Bu Məcəllə ilə aşağıdakı məsələlərin tənzimlənməsi zamanı yaranan fərdi əmək mübahisələrinin həlli nizama salınır: d) əmək haqqının, habelə digər ödəmələrin müəyyən edilməsi və hesablanması, yaxud ödənilməsi. - Maddə 289. Fərdi əmək mübahisələrinin bir tərəfi işəgötürən, digər tərəfi isə öz əmək hüquqlarının və ya qanunla qorunan mənafelərinin pozulduğunu iddia edən işçi və ya qanunvericiliklə müəyyən edilmiş qaydada onun müvəkkil etdiyi şəxsdir. - Maddə 292. (1) İşçi bu Məcəllənin 288-ci maddəsində göstərilmiş məsələlərlə bağlı hüquqlarının və ya qanunla qorunan mənafeyinin pozulduğunu aşkar etdikdə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər. - Maddə 292. (2) Pozulmuş hüquqlarının bərpa edilməsi barədə işçi məhkəməyə, yaxud bu Məcəllənin 294-cü maddəsində nəzərdə tutulmuş məhkəməyə qədər əmək mübahisələrini həll edən müvafiq orqana müraciət edə, habelə bu Məcəllənin 295-ci maddəsi ilə müəyyən edilmiş şərtlərlə və qaydada təkbaşına tətil edə bilər. - Maddə 294. (1) Bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır. - Maddə 296. (4) Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər.

28. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (AR MPM): - Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - Maddə 76.1 Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. - Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. - Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi:

29. Məhkəmə mülki iş üzrə iddia ərizəsini, cavabdeh tərəfindən iddia ilə bağlı təqdim edilmiş etirazı, əlavə edilmiş sənədləri nəzərdən keçirib, təqdim edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia əsassızdır.

30. İlk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır.

31. Məhkəmə qeyd edir ki, tərəflər arasındakı hazırki mübahisə fərdi əmək mübahisəsi olub mübahisə tərəflərindən biri işçi (iddiaçı), digəri isə işəgötürəndir (cavabdeh).

32. Məhkəmə iddia tələbinə münasibətdə qeyd edir ki, mülki məhkəmə icraatı ölkənin əsas qanunu olan Konstitusiyada nəzərdə tutulmuş icraatın növlərindən biri olub bu icraatın həyata keçirilməsinin məqsədi həqiqətin müəyyən edilməsindən ibarətdir. Hüquq ədəbiyyatında həqiqətin iki növü fərqləndirilir ki, onlardan biri “formal həqiqət”, digəri isə “obyektiv həqiqət”dir. Həqiqətin növlərinə əsasən məhkəmə icraatları da mülki, cinayət və inzibati məhkəmə icraatı kimi növlətə ayrılmışdır. Bərabərhüquqlu subyektlər arasındakı mübahisələrə mülki məhkəmə icraatı qaydasında ümumi (rayon, şəhər) məhkəmələri və kommersiya məhkəmələri tərəfindən baxılır. Hazırki mübahisə də bərabərhüquqlu subyektlər arasındakı mübahisə olub bu tip mübahisələrə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır.

33. Məhkəmə qeyd edir ki, mülki məhkəmə icraatında inzibati məhkəmə icraatından fərqli olaraq obyektiv həqiqətin deyil, formal həqiqətin müəyyən edilməsi məhkəmənin vəzifəsi olaraq təsbit edilmiş və buna görə də çəkişmə prinsipi (AR MPMnin 9-cu maddəsi) mülki məhkəmə icraatının, işin hallarının araşdırılması prinsipi (AR İPM-nin 12-ci maddəsi) isə inzibati məhkəmə icraatının ana prinsipi olaraq müəyyən edilmişdir. Bu prinsiplərin fərqləri ondan ibarətdir ki, çəkişmə prinsipi zamanı məhkəmə yalnız tərəflərin bərabərliyini təmin etməklə öz qərarını yalnız onların çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırır, amma inzibati məhkəmə icraatında tətbiq edilən işin hallarının araşdırılması prinsipinə əsasən isə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırır. Bu isə onu göstərir ki, mülki məhkəmə icraatında hakimin səlahiyyətləri yalnız tərəflərin təqdim etdikləri sübutlarla məhdudlaşdırılmışdır.

34. Məhkəmə həmçinin qeyd edir ki, mülki prosessual qanunvericiliyin istinad edilmiş normalarının imperativ tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bu isə o deməkdir ki, məhkəmə tərəflərin və ya onlardan hər hansı birinin yerinə sübut toplayan bir orqan və ya qurum deyildir. Əks halda bu məhkəmənin işin hallarını obyektiv və şəffaf araşdırılması prinsipinə zidd olmaqla məhkəmənin də tərəf rolunda çıxış etməsinə səbəb ola bilərdi. Mülki prosessual qanunvericiliyin digər bir imperativ tələbinə əsasən tərəflərin tələb və ya etirazlarını əsaslandırmaq üçün əldə etdiyi məlumatlar sübutlar hesab edilir. Bu da onu deməyə əsas verir ki, sübutları məhkəmə deyil, tərəflər əldə etməli və öz tələblərini və ya etirazlarını da həmin sübutlar əsasında əsaslandırmalıdırlar. Mülki prosessual qanunvericiliyinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Burdan da aydın olur ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları özü sübut etməlidir.

35. Məhkəmə işin hallarını, eləcə də təqdim edilmiş sübutları araşdıraraq hesab edir ki, iddiaçı tərəfindən irəli sürülmüş iddia tələbi iddiaçı tərəfindən sübut edilə bilinmədiyindən, başqa sözlə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları təsdiq edən sübutları məhkəməyə təqdim edə bilmədiyindən, hazırki iddia rədd edilməlidir.

36. Belə ki, iddiaçı öz tələbində 2024-cü ilin yanvar-aprel ayları ərzində həftə ərzində 36 saat əvəzinə 42 saat işlədildiyini, lakin iş vaxtından artıq işlədiyi həftəlik 6 saata görə əmək haqqı almadığını qeyd etməsinə baxmayaraq, o, sözügedən dövrdə həftə ərzində 42 saat işlədiyini təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmiş, bunun əksinə olaraq məhkəməyə təqdim etdiyi, tərəflər arasında rəsmiləşdirilmiş əmək müqaviləsinin surətindən müəyyən edilmişdir ki, iddiaçının gündəlik iş norması 7 saat 20 dəqiqədən ibarət olmaqla razılaşdırılmışdır. Bununla yanaşı məhkəmə qeyd edir ki, mülki iş materiallarına əlavə edilmiş iş saatlarının uçotu cədvəllərindən müəyyən edilir ki, iddiaçı 2024-cü ilin yanvar-aprel ayları ərzində gündəlik 7 saat iş normasını yerinə yetirmişdir. Qeyd edilənlərin əksini təsdiq edəcək hər hansı sübut isə iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Bu isə onu deməyə əsas verir ki, iddiaçının iş vaxtından artıq işə görə irəli sürdüyü tələbi mülki iş materiallarına əsasən öz təsdiqini tapmır.

37. Məhkəmə iddiaçının 2024-cü ilin 15-19 iyul tarixlərində ezamiyyətdə olmasına görə irəli sürdüyü tələblə bağlı qeyd edir ki, mülki iş materiallarına əlavə edilmiş işə davamiyyət jurnalından çıxarışlara əsasən müəyyən edilmişdir ki, iddiaçı 2024-cü ilin mart, aprel və avqust aylarında ezamiyyətlərdə olmuş və bu zaman ezamiyyətdə olduğu tarixlərdə işə davamiyyət jurnalında onun adının qarşısında ezam (ezamiyyət) sözləri yazılmışdır. Lakin, işə davamiyyət jurnalından o da müəyyən edilmişdir ki, iddiaçının qeyd etdiyi tarixlərdə - 15-19 iyul 2024-cü il tarixlərində işə davamiyyət jurnalının “gəldi-getdi” qrafaları iddiaçı tərəfindən imzalanmış və iddiaçı bu faktı məhkəmə iclasında verdiyi izahatlarında da təsdiq etmişdir. Bu da onu göstərir ki, iddiaçının qeyd etdiyi tarixlərdə - 15-19 iyul 2024-cü il tarixlərində ezamiyyətdə olması mülki iş materialları ilə təsdiq edilmir.

38. İddiaçının təqdim etdiyi fotoşəkillərə, eləcə də ezamiyyətdə olduğunu təsdiq edəcək iş yoldaşı Nayib Hüseynovla bağlı məsələlərə münasibətdə qeyd edir ki, mülki iş materiallarında olan fotoşəkillər özü-özlüyündə iddiaçının ezamiyyətdə olmasını təsdiq edən sübut kimi qəbul edilə bilməz. Belə ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış əmək müqaviləsinin surətindən müəyyən edilir ki, işçinin əmək funksiyasını icra etdiyi konkret yer müəyyən edilməmiş, eləcə də işə davamiyyət jurnalında iddiaçı 15-19 iyul 2024-cü il tarixlərinin “gəldi-getdi” qrafalarını həmin gün şəxsən imzalamışdır. İddiaçının məhkəməyə şahid qismində təqdim etdiyi Nayib Hüseynova münasibətdə məhkəmə qeyd edir ki, sözügedən şəxs məhkəmə tərəfindən şahid qismində dəvət edilsə də o, məhkəməyə gəlməmişdir.

39. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən iddia tələbinin əsası kimi istinad edilmiş hallar sübuta yetirilmədiyindən iddia rədd edilməlidir.

40. Məhkəmə cavabdehin iddia tələbi üzrə iddia müddətinin tətbiq edilməsi ilə bağlı təqdim etdiyi ərizəyə münasibətdə qeyd edir ki, iddianın əsaslılığı təsdiq edilmədiyindən, başqa sözlə iddia tələbi sübuta yetirilmədiyindən mövcud olmayan bir tələbə də iddia müddəti tətbiq edilə bilməz.

41. Belə ki, Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən məhkəmə qeyd edir ki, iddia müddətinin tətbiqi qaydalarına riayət edilməsi üçün ilk növbədə nəzərə alınmalıdır ki, iddia etmək hüququ iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarından ibarətdir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. Bu hüququn həyata keçirilməsi hər hansı iddia müddətinin keçməsindən asılı deyil. Buna görə də, iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəməyə iddianı təqdim etmək mümkündür (MM-in 375.1-ci maddəsi). İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. İddia müddətinin keçməsi məhz bu mümkünlüyün qarşısını alır və məhkəmə tərəfindən iddiadan imtina edilməsinə əsas kimi götürülür (MM-in 375.2-ci maddəsi). Ona görə də məhkəmə qeyd edir ki, iddia müddəti mövcud tələblərin məhkəmə vasitəsilə müdafiəsi ilə bağlı müddət olub, iddia müddətinin keçməsi həmin tələblərin məhkəmə vasitəsilə müdafiəsi imkanını aradan qaldırır. İndiki halda iddiaçının tələbi sübuta yetirilmədiyindən məhkəmə hesab edir ki, mövcud olmayan tələbə münasibətdə iddia müddəti də tətbiq edilə bilməz.

42. Məhkəmə xərcləri ilə bağlı məhkəmə qeyd edir ki, qüvvədə olan mülki prosessual qanunvericiliyin tələblərinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırda iddia rədd edildiyindən məhkəmə qeyd edir ki, məhkəmə xərcləri iddiaçının özünə aid edilməlidir.

43. Beləliklə də məhkəmə hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir.

NƏTİCƏ HİSSƏSİ:

44. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14, 77, 88, 119, 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrinə əsasən, məhkəmə

QƏT ETDİ:

1. İddia rədd edilsin.

2. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

3. Qətnamədən apellyasiya şikayəti verilmədiyi halda rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Anar Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar