Məhkəmə qərarları › İş №2(001)-5203/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5203/2024

24.09.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5203/2024 24.09.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Bəkirzadə Fidumə Akif qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı əmək müqaviləsinə xitam verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı işdən azad olunmağına və adının e-sosialdan silinməsinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmiş, xx.xx.2024-cü il tarixli məhkəmə hazırlıq iclasında tələbini dəyişmiş və məhkəmədən cavabdehlə arasındakı əmək müqaviləsinə xitam verilməsini xahiş etmişdir. Həmin tarixli məhkəmə iclasında İddiaçı məhkəməyə bildirmişdir ki, Cavabdehndə vaxilə işləmiş, lakin həmin hüquqi şəxs illərdir fəaliyyət göstərmir, rəhbəri vəfat edib və halhazırda onun əmək müqaviləsi barədə qeyd formal olaraq elektron sistemdə qalmışdır. Bu səbəbdən onu heç yerə işə götürmürlər. Qeyd olunanlar onun maddi və mənəvi durumuna çox mənfi təsir göstərir. İddiaçı həmçinin məhkəməyə bildirmişdir ki, səhhəti və yolun uzaqlığı ilə əlaqədar növbəti məhkəmə iclasına gələ bilməyəcək, işə onun iştirakı olmadan baxılmasını və tələbinin təmin edilməsini məhkəmədən xahiş edir. Həmin tarixdə məhkəmə tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X1 Xidməti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X1 Xidməti məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmiş, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Belə ki, iş materiallarında olan “Elektron məhkəmə” informasiya sistemindən çıxarışdan görünür ki, İddiaçı Cavabdehndə suvaqçı vəzifəsində işləyir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X1 Xidmətinin xx.xx.2021-ci il tarixli cavab məktubunda aşağıdakılar göstərilmişdir: “ ... Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2014-cü il 6 iyun tarixli 183 nömrəli qərarı ilə təsdiq edilmiş "Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar"ın 3.4-cü bəndinə əsasən, əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi “Elektron hökumət” portalının gücləndirilmiş elektron imza ilə daxil olmağa imkan verən autentifikasiya vasitələrindən istifadə edilməklə, bilavasitə işəgötürən tərəfindən və ya “Elektron hökumət” portalında yerləşdirilmiş “Səlahiyyətli şəxsin qeydiyyatdan keçirilməsi" xidməti vasitəsilə işəgötürənin səlahiyyət verdiyi şəxslər tərəfindən həyata keçirilir. Qeyd olunanlara əsasən əmək müqavilələrinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişlərinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi üçün işəgötürənə müraciət edilməlidir. Əgər işəgötürən tərəfindən bu vəzifə icra edilmirsə və ya onun işəgötürən tərəfindən İcra edilməsi mümkün deyildirsə, bu barədə əsaslandırılmış qaydada rayon (şəhər) məhkəməsinə müraciət edilməli, məsələnin başqa həlli yolu olmadığı məhkəmə tərəfindən müəyyən edilməklə X1 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilərək, əmək müqaviləsinə "məhkəmə tərəfindən xitam verilmiş hesab edilməli və əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişlərinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi hüququnun X1 Xidmətinə verilməsi barədə tələb irəli sürülməlidir”. Azərbaycan Respublikası Konstitusiyasının 16-cı maddəsinin İ hissəsinə əsasən, Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. İnsan hüquqlarına dair Ümumi Bəyannamənin 23-cü maddəsinin İ, İİ və İİİ hissələrinə görə, hər bir şəxsin əmək, sərbəst iş yeri seçmək, ədalətli və münasib iş şəraiti və işsizlikdən müdafiə hüququ vardır, heç bir ayrı seçkilik olmadan eyni iş üçün eyni əmək haqqı almaq hüququna malikdir. Hər bir işləyən şəxs, əməyinin lazım gələrsə digər sosial müdafiə vasitələrilə tamamlanan, onun özünün və ailəsinin layiqli dolanışığını təmin edə bilən ədalətli və qənaətbəxş ödənilməsi hüququna malikdir. “İqtisadi, Sosial və Mədəni Hüquqlar haqqında Beynalxalq Pakt”-ın 7-ci maddəsinin 1-ci abzası və 3-cü bəndin müddalarından görünür ki, bu Paktda iştirak edən dövlətlər hər bir şəxsin ədalətli və münasib iş şəraiti hüququnu tanıyır, o cümlədən hamının yalnız iş stajı və istisas səviyyəsi əsasında daha yüksək vəzifələrə irəli çəkilmək üçün eyni şərati imkanı tanıyır. “Avropa Sosial Xartiyası”-nın 1-ci hissəsinin 1-ci bəndinə əsasən, hər kəsin öz yaşayışı üçün sərbəst seçdiyi peşə üzrə əməklə qazanmaq hüququ olmalıdır. Xartiyanın 1-ci hissəsinin 2-ci bəndinə görə, bütün işçilərin əməyin ədalətli şəraitlərinə hüquqları vardır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinə görə, əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: tərəflərdən birinin təşəbbüsü; əmək müqaviləsinin müddətinin qurtarması; əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); tərəflərin iradəsindən asılı olmayan hallar; tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dаir” Azərbаycаn Respublikаsı Konstitusiyа Məhkəməsinin Plenumunun 15 iyul 2011-ci il tаrixli qərаrındа Konstitusiyа Məhkəməsi bir dаhа vurğulаmışdır ki, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilati-sərəncamverici səlahiyyətlərə malik olur. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X1 Xidmətinin xx.xx.2021-ci il tarixli cavab məktubunda qeyd olunanları və qanunvericiliyin tələblərini nəzərə alaraq belə nəticəyə gəlir ki, iddia ərizəsi təmin edilməli, İddiaçı ilə Cavabdeh arasında bağlanmış əmək müqaviləsinə xitam verilməli və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X1 Xidmətinə “Əmək və Məşğulluq” altsisteminə əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar bildirişin daxil edilməsi hüququ həvalə edilməlidir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. İddiaçı ilə Cavabdeh (VÖEN: **********) arasında bağlanmış əmək müqaviləsinə xitam verilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X1 Xidmətinə “Əmək və Məşğulluq” altsisteminə həmin əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar bildirişin daxil edilməsi hüququ həvalə edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar