Məhkəmə qərarları › İş №2(001)-5851/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5851/2021

14.10.2021 · Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5851/2021 14.10.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Əliyeva Aytən Şəmşir qızının katibliyi, Ərizəçi, Maraqlı şəxs2 iştirakı ilə Ərizəçi "doğum haqqında şəhadətnaməyə düzəlişin edilməsi" barədə ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs qismində Bakı şəhəri Maraqlı şəxs1 qeyd etməklə "doğum haqqında şəhadətnaməyə düzəlişin edilməsi" barədə ərizə ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçinin oğlu Maraqlı şəxs2 29.11.2005-ci il tarixdə Bakı şəhərində anadan olmuş, lakin buna baxmayaraq həkim kimi fəaliyyət göstərən atası uşağın doğum tarixini xx.xx.2003-cü il kimi yazdırmışdır. Doğum haqqında şəhadətnaməyə düzəliş edilməsi ilə əlaqədar Bakı şəhəri Maraqlı şəxs1nə müraciət etsə də, ona bunun yalnız məhkəmə yolu ilə düzəldilməsinin mümkün olduğu bildirilmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi izahatında məhkəməyə bildirdi ki, iki oğlu var – Miribrahim və Mirkamil. Böyük oğlu 29.11.2005-ci il tarixdə, kiçik oğlu isə 18.05.2008-ci il tarixdə doğulmuşdur. Böyük oğlu Miribrahim Badamdar qəsəbəsində yerləşən doğum evində dünyaya gəlib. Doğum evinin nömrəsi yadında deyil. Belə ki, onun atası həkim idi və xəstəxanalarla bağlı məsələlərlə həmişə o maraqlanırdı. Miribrahimin doğum haqqında şəhadətnaməsini görəndə onlara məlum olmuşdur ki, uşaq doğulanda ərizəçinin həkim işləyən atası uşağın doğum tarixini xx.xx.2003-cü il kimi qeyd etdirmişdir. Ərizəçi və uşağın anası bu barədə gec xəbər tutublar. Hal-hazırda atası artıq rəhmətə gedib, lakin sağlığında bunu onunla izah etmişdir ki, böyük nəvəsinin toyunu daha tez görmək istəyir. İlk vaxtlar onlar uşağın yaşının fərqli yazılmasına o qədər də əhəmiyyət verməmişlər, lakin illər keçdikcə bunun uşağın həyatına mənfi təsir göstərməsinin şahidi olmuşlar. Belə ki, uşaq istənilən kollektivdə öz “yaşıdlarından” çox fərqli görsənirdi, davranırdı. İnsan yaşlaşdıqca iki-üç il o qədər fərq etməsə də, uşaq və yeniyetmə yaşında bu çox kəskin fərq yaradır. Lakin bunun ən sarsıdıcı təsirini onlar uşaq son illərdə professional şəkildə futbolla məşğul olmağa başlayanda hiss etdilər. Hal-hazırda uşağın doğum ilinin 2003 yazılması onun gələcək karyerasının üstündən xətt çəkir. Bu da ərizəçini və uşağın anasını çox narahat edir. Belə ki, uşağın hal-hazırda yaşadığı psixoloji gərginlik pis nəticələrə gətirib çıxara bilər. Maraqlı şəxs2 əslində 2005-ci ildə doğulmasını təsdiq etmək üçün, onlar uşağı çox ağır testlərdən keçirmiş, analizləri alınmış, sümük yaşı belə həkimlər tərəfindən müəyyən edilmişdir. Qeyd olunanlara əsasən, uşağın doğum qeydinin düzgün olmamasının məhkəmə tərəfindən müəyyən edilməsi zəruridir. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs2 izahatında məhkəməyə bildirdi ki, o, 29.11.2005-ci il tarixdə doğulduğunu və doğum tarixinin babası tərəfindən səhv yazdırıldığını bilir. Buna görə o, həmişə əziyyət çəkmiş və atasından bu səhvin aradan qaldırılmasını illərdir ki, xahiş edir. O, doqquzuncu sinifdən sonra Çexiya Respublikasında oxumağa başlamış, hal-hazırda da orada oxuyur, lakin indi karantin rejiminə görə dərsləri distant keçir. Bir neçə ildir ki, futbolla professional səviyyətə məşğul olur. Həyatını futbola bağlayıb və gələcəkdə də yalnız futbolla məşğul olmaq istəyir. Hal-hazırda doğum ilinin səhv yazılması ona çox ciddi problemlər yaşadır. Belə ki, o, fiziki göstəricilərinə görə “yaşıdları” ilə oynaya bilmir, real yaşıdları isə artıq sənəddə olan səhvə görə oynamağa qaydalar imkan vermir. O, sadəcə istəyir ki, ona ədalətli şəraitdə, öz real yaşıdları ilə oynamağa imkan yaradılsın. İndi heç məşqlərə də gedə bilmir. Belə ki, qeydiyyata xx.xx.2003-cü il təvəllüdlü oyunçu kimi düşsə, artıq bunu dəyişmək mümkün olmayacaq. Sənədlərdə olan səhv düzəldilməsə 29.11.2021-ci ildə onun artıq 18 yaşı tamam olmuş sayılacaq və o, Azərbaycanda 18 yaşlıların qrupu olmadığına görə, 19 yaşlıların qrupunda oynamaq məcburiyyətində olacaq. Onlara da elə qıraqdan baxanda, atası yaşında adamlara oxşayırlar onun yanında. Bu ədalətsizdir və gələcəkdə onun idmançı kimi karyera qurmasını mümkünsüz edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs1 nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə ərizəçinin və maraqlı şəxsin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Maraqlı şəxs2 xx.xx.2003-cü il tarixdə Bakı şəhərində doğulmuş, atası Ərizəçi, anası isə X3r. Məhkəmənin sorğusuna əsasən Bakı şəhəri Maraqlı şəxs1 tərəfindən məhkəməyə təqdim edilmiş Maraqlı şəxs2 adına tərtib edilmiş doğum haqqında akt qeydinin surətindən görünür ki, Maraqlı şəxs2 doğum haqqında akt qeydləri kitabında doğum tarixinin “xx xxxxxx 2003” olmasına dair Bakı şəhəri Binəqədi rayonu VVAQ şöbəsi tərəfindən 10.12.2003-cü il tarixli, 1851 nömrəli qeyd icra edilmişdir. İş materiallarında olan Azərbaycan Tibb Universiteti X10 X11 Vərəqindən görünür ki, Maraqlı şəxs2 rəsmi olaraq 14 yaş 11 aylıq olan vaxt (16.10.2018-ci il) boy qısalığı, çəki azlığı şikayətləri ilə qeydiyyata alınmış, cinsi inkişafının 12-13 yaş olması müəyyən edilmiş və ona “gecikmiş pupertat” diaqnozu qoyulmuşdur. İş materiallarında olan və X7 standartlarına uyğun aparılmış testdən görünür ki, Maraqlı şəxs2 rəsmi olaraq 14 yaş 11 aylıq olan vaxt (16.10.2018-ci il), onun göstəriciləri 12 yaşa uyğun olmuşdur. İş materiallarında olan və X7 standartlarına uyğun aparılmış testdən görünür ki, Maraqlı şəxs2 rəsmi olaraq 15 yaşı olan vaxt (05.12.2018-ci il), onun göstəriciləri 12 yaşa uyğun olmuşdur. İş materiallarında olan Azərbaycan Tibb Universitetinin X8 20.10.2018-ci il tarixli Milbilək oynağının rentgenoqrafiyasından görünür ki, Maraqlı şəxs2 rəsmi olaraq 14 yaş 11 aylıq olan vaxt hər iki mil, dirsək, əl darağı sümüklərinin və barmaq falanqalarının epifizar böyümə sonalarının açıq olması, sesamoid sümüklərinin formalaşmaması və sümük yaşının 12 olması müəyyən edilmişdir. İş materiallarında olan "Ramana" Futbol Klubu tərəfindən verilmiş 14.10.2021-ci il tarixli arayışdan görünür ki, Maraqlı şəxs2 2015-ci ildən "Ramana" Futbol Klubunda çıxış edir və "Ramana" futbol məktəbinin heyətində müxtəlif yarışlarda iştirak etmişdir. İş materiallarında olan 12.10.2021-ci il tarixdə tərtib edilmiş aktdan görünür ki, X14, X15 və X1 Vüsalə Nurəddin qızının qonşuları olmasını və Vüsalə Mirsultanovanın 29.11.2005-ci il tarixdə Maraqlı şəxs2 Badamdar qəsəbəsində yerləşən doğum evində doğmasını imzaları ilə təsdiq etmişlər. Məhkəmə tərəfindən Bakı şəhəri Maraqlı şəxs1nə aşağıdakı məzmunda sorğu göndərilmişdir: “Yaranmış zərurətlə əlaqədar, AZ-İ 076923 nömrəli doğum haqqında şəhadətnamənin verilməsinə əsas olan sənədlərin təsdiq edilmiş surətlərinin Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilməsi xahiş edilir”. Bakı şəhəri Maraqlı şəxs1 tərəfindən məhkəmənin sorğusuna cavab olaraq yalnız Maraqlı şəxs2 adına tərtib edilmiş doğum haqqında akt qeydinin surəti göndərilmişdir. Həmin akt qeydindən görünür ki, uşağın doğumunu təsdiq edən sənədlər (3016681 - 6.Xİİ.03) 15 nömrəli BŞX tərəfindən verilmişdir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə aşağıdakı məzmunda sorğu verilmişdir: “Yaranmış zərurətlə əlaqədar, 17.09.1981-ci il təvəllüdlü X2 2003-2005-ci illərdə Bakı şəhərinin hər hansı doğum evində dünyaya uşaq gətirib-gətirməməsi barədə məlumatın və gətiribsə həmin doğuşa dair xəstəxana sənədlərinin təsdiq olunmuş surətlərinin Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilməsini xahiş edirəm”. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 14.09.2021-ci il tarixli məktubundan görünür ki, məhkəmənin sorğusu aidiyyəti üzrə baxılması üçün İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə göndərilmiş, 16.09.2021-ci il tarixli məktubla isə həmin sorğu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsinə göndərilmişdir. İş materiallarında olan “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsinin 23.09.2021-ci il tarixli cavab məktubunda göstərilmişdir ki, Bakı şəhərində yerləşən, TƏBİB-in tabeliyində olan doğum evlərinə sorğu göndərilmiş və doğum evlərindən verilən məlumata əsasən 2003-2005-ci illər ərzində V.Mirsultanovanın doğum faktı aşkarlanmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilən X4 ifadəsində göstərdi ki, Maraqlı şəxs2 anasıdır və Maraqlı şəxs2 29.11.2005-ci il tarixdə Badamdar qəsəbəsində yerləşən doğum evində dünyaya gətirmişdir. Doğum evinin adı və ya nömrəsi yadında deyil. Qayınatası həkim idi və əlavə sorğu-sual etmədən onun apardığı doğum evinə getmişdir. Həmin doğum evində iki gün qalmışlar. Doğum haqqında şəhadətnaməni görəndə ona məlum olmuşdur ki, rəhmətlik qayınatası uşağın təvəllüdünü xx.xx.2003-cü il kimi yazdırıb. Bu onu təəcübləndirdi, lakin həmin vaxt buna heç əhəmiyyət verməmişdir. Sonradan illər keçdikcə yaşının çox yazılmasının oğlan uşağına necə ciddi çətinliklər yaşatdığının şahidi oldu. Hal-hazırda oğlu futbolçudur və yaşının səhv yazılması artıq yalnız çətinliklər yaratmaqla məhdudlaşmır, karyerasına əsaslı maneələr törədir və nəticədə uşaq mütəmadi olaraq sarsıntı və iztirablar yaşayır. Məhkəmə iclasında şahid qismində dindirilən X6 ifadəsində göstərdi ki, o, Maraqlı şəxs2 xalasıdır. Özü həkimdir, Miribrahim doğulan vaxt internaturada oxuyurdu və bacısı Vüsalənin doşusuna da girmişdir. Ona görə də, dəqiq deyə bilər ki, Miribrahim 2005-ci ildə doğulub. Halbuki, ümumiyyətlə öz uşaqlarının doğum tarixindən başqa heç kimin doğum tarixi adətən onun yadında qalmır. Məhkəmə iclasında şahid qismində dindirilən X15 ifadəsində göstərdi ki, o, X2 qonşusudur və bilir ki, Vüsalə Maraqlı şəxs2 2005-ci ildə Badamdar qəsəbəsində yerləşən doğum evində dünyaya gətirmiş, iki gün xəstəxanada qalmış və o, digər qonşunlarla birlikdə 03.12.2005-ci il tarixdə evlərinə gedib uşağın doğulması ilə Vüsaləni təbrik etmişlər. Sonradan da o, həmişə Vüsaləyə uşaqlarını böyütməyə kömək olmuş və həyatlarında baş verən bütün hadisələrin şahidi olmuşdur. İş materiallarında olan Bakı şəhəri Maraqlı şəxs1 tərəfindən Ərizəçia ünvanlanmış 08.06.2021-ci il tarixli cavab məktubunda aşağıdakılar göstərilmişdir: “ ... Bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il tarixli 52 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəaları”nın birinci bəndinə əsasən kifayət qədər əsas olmadığı üçün ərizənizi təmin edə bilmirik. Bununla bağlı aidiyyatı üzrə məhkəməyə müraciət etməyiniz tövsiyə olunur”. Ərizənin məzmunundan göründüyü kimi, ərizəçi ərizəsində ərizənin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 339, 340 və 341-ci maddələrinə istinad etmişdir. Mülki Prosessual Məcəllənin məzmunundan göründüyü kimi, həmin maddələr Məcəllənin 37-ci fəslinə aiddir, 37-ci fəsil isə 09.07.2021-ci il tarixli Qanunla ləğv edilmiş, lakin həmin Qanun 2021-ci ilin oktyabrın 1-dən qüvvəyə minmiş və yalnız onun qüvvəyə minməsindən sonra verilən iddia ərizələri və digər ərizələrə, şikayətlərə və onlar əsasında baxılan işlərə şamil edilir. İş materiallarından isə görünür ki, hazırkı ərizə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə 15.07.2021-ci il tarixdə daxil olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 339-cu maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanları hüquq haqqında mübahisə olmadıqda, edilmiş qeydə düzəliş və ya dəyişikliklər etməkdən imtina etdikdə hakim vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə baxır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Mülki Prosessual Məcəllənin 340-cı maddəsinə müvafiq olaraq, ərizədə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında qeydlərin düzgün olmamasının nədən ibarət olması, nə vaxt və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan hansı orqanın edilmiş qeydi düzəltməkdən imtina etməsi göstərilməlidir. Mülki Prosessual Məcəllənin 341-ci maddəsinə görə, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında qeydin düzgün olmamasını müəyyən edən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən qeydin düzəldilməsi və ya dəyişdirilməsi üçün əsasdır. «Uşaq Hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 4-cü maddəsinə müvafiq olaraq, uşaq hüquqlarını müdafiə edən orqanlar, birliklər və təşkilatlar Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar. Həmin Qanunun 5-ci maddəsinə görə, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. «Uşaq hüquqları Bəyənnaməsi»nin (BMT Baş Assambleyasının 20.11.1959-cu il tarixli 1386 (XİV) saylı qətnaməsi ilə elan edilmişdir) 2 saylı prinsipinə əsasən, uşaq qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir. Bu məqsədlərlə qanunlar qəbul edilərkən başlıca mülahizə uşağın mənafeyinin ən yaxşı şəkildə təmin edilməsi olmalıdır. «Uşaq hüquqları haqqında» BMT-nin Konvensiyasının (12 noyabr 1989-cu ildə qəbul edilib) 3-cü maddəsində uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməsi nəzərdə tutulmuşdur. «Elşolts Almaniyaya qarşı» işi üzrə İnsan hüquqları üzrə Avropa Məhkəməsinin qərarında deyilir ki, Konvensiyanın 8-ci maddəsi tələb edir ki, dovlət hakimiyyəti orqanları uşağın maraqları ilə valideynlərin maraqları arasında ədalətli tarazlığa riayət etsinlər və tarazlaşdırma prosesində uşağın yüksək maraqlarına xüsusi əhəmiyyət verilməlidir, həmin maraqlar onların xarakterindən və ciddiliyindən asılı olaraq valideynlərin maraqlarından üstün tutula bilər. Məhkəmə iş materiallarını araşdırıb belə qənaətə gəlir ki, uşağın təvəllüdünün iki il fərqlə qeyd olunması onun baza hüquqlarını pozmuş olur və birbaşa maraqlarına ziddir. Belə ki, müvafiq qanunvericiliyin müddəalarından göründüyü kimi, hətta müstəsna hallarda belə (məsələn, övladlığa götürmənin gizli saxlanması üçün) uşağın doğum tarixi ən çox üç ay dəyişdirilə bilər. Hal-hazırda həssas yaş dövründə olan yeniyetmənin böyüklərin qanuni çərçivələrə sığmayan əməlləri nəticəsində əziyyət çəkməsi hüququn təbiəti və prinsipləri baxımından qəbuledilməzdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar”ın 1-ci və 2-ci bəndlərinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Aidiyyəti şəxslər arasında mübahisə olduqda qeydiyyatda düzəliş məhkəmənin qətnaməsi əsasında aparılır. Göründüyü kimi, vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlər məhkəmə qətnaməsi ilə düzəldilmir. Həmin düzəliş vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında qeydin düzgün olmamasını müəyyən edən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq icra hakimiyyəti orqanları tərəfindən aparılır. Odur ki, ərizə təmin edilərək, 29 noyabr 2005-ci il tarixdə Bakı şəhərində doğulmuş Maraqlı şəxs2 doğum haqqında akt qeydləri kitabında doğum tarixinin “xx xxxxxx 2003” olmasına dair Bakı şəhəri Binəqədi rayonu VVAQ şöbəsi tərəfindən icra edilmiş 10.12.2003-cü il tarixli, 1851 nömrəli qeydin düzgün olmaması müəyyən edilməlidir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: Ərizə təmin edilsin. 29 noyabr 2005-ci il tarixdə Bakı şəhərində doğulmuş Maraqlı şəxs2 doğum haqqında akt qeydləri kitabında doğum tarixinin “xx xxxxxx 2003” olmasına dair Bakı şəhəri Binəqədi rayonu VVAQ şöbəsi tərəfindən icra edilmiş 10.12.2003-cü il tarixli, 1851 nömrəli qeydin düzgün olmaması müəyyən edilsin. Bu qətnamə Maraqlı şəxs2 doğum haqqında akt qeydləri kitabında doğum tarixinin “29 noyabr 2005-ci il” kimi düzəldilməsi üçün əsasdır. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar