Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1265/2025 26.11.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı iddiaçı tərəfində iş üzrə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçün şəxs X22 olmaqla kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma tələbinə dair iş üzrə (açar sözlər: kompensasiya ödənilməklə istifadə hüququna xitam) Hakim Əsədzadə Aytəkin Aqil oğlunun sədrliyi, Əhmədli Qəndab Ruslan qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə1, Cavabdeh1 vəkili və nümayəndəsi Nümayəndə3, üçüncü şəxs X7 nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı iddiaçı tərəfində iş üzrə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçün şəxs X22 olmaqla kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma tələbinə dair mülki işə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, ünvan 5 xüsusi mülkiyyət hüququ üzrə X3 1/5 hissədən bir hissə, X6 1/5 hissədən bir hissə, X19 1/5 hissədən bir hissə, X12 1/5 hissədən bir hissə, X22 4/5 hissədən bir hissə və İddiaçı 4/5 hissədən bir hissə olmaqla, sonuncuların paylı mülkiyyətlərindədir.
2. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı ərazi idarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli texniki pasportdan görünür ki, ünvan 5 X22 və başqalarının mülkiyyətindədir.
3. Bakı Şəhəri Yasamal Rayon Polis İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Hidayətova Aybala 1907-ci ildə ünvan 1 ünvanına qeydiyyata alınmış, gəlini Cavabdeh1 xx.xx.1958-ci ildə ünvan 2 ünvanında qeydiyyatdadır. Nəvəsi Cavabdeh2 və Cavabdeh3 da ünvan 3 ünvanında qeydiyyatdadır.
4. Azərbaycan Respublikası Dövlət Tarix Arxivinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Arxivin “Bakı quberniyası verdi idarəsi” fondunun sənədlərində Bakı şəhəri üzrə daşınmaz əmlak sahiblərinin 1913-cü ilə dair siyahılarından məlum olur ki, X44 bəy Məmməd Həsən bəy oğlunun Aşağı Təzəpir küçəsi 81 nömrəli ünvanında ikimərtəbəli evi olmuşdur.
5. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi idarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, M.F.Axundov küçəsi 79/81 nömrəli fərdi yaşayış evi ilə Bakı şəhəri, Yasamal rayonu, M.F.Axundov küçəsi 81 nömrəli fərdi yaşayış evi eynidir.
6. Bakı şəhəri Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə kollegiyasının xx.xx.1997-ci il tarixli qərardadına əsasən X8 Bakı şəhəri, Yasamal rayonu M.Fətəli küçəsi, 79/81 nömrəli evə yaşayış hüququ itirilmiş hesab edilərək X8 X31 və X13 Bakı şəhəri, Yasamal rayonu M.Fətəli küçəsi, 79/81 nömrəli ev üzərində mülkiyyət hüququnun müəyyən olunması barədə iddia əsassız olduğundan rədd edilməsi qərara alınmışdır.
7. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2005-ci il tarixli, 2-1723/2005 nömrəli qətnaməsi ilə X8 cavabdehlər X9 və X14 qarşı Bakı şəhəri, Yasamal rayonu M.Fətəli küçəsi, 79/81 nömrəli evə mülkiyyət hüququnun tanınması, dövlət reyestrində qeydə alınması və qeydiyyat vəsiqəsinin ləğv edilməsi tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir.
8. Apellyasiya Məhkəməsi MİÜMK-nın xx.xx.2005-ci il tarixli qətnaməsinə əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2005-ci il tarixli, 2-1723/2005 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanması qət edilmişdir.
9. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2006-cı il tarixli qərarına əsasən Apellyasiya Məhkəməsi MİÜMK-nın xx.xx.2005-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanması qərara alınmışdır.
10. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(004)- 5233/2022 nömrəli qətnaməsi ilə iddaçılar X4, X5, X15 cavabdeh X16 qarşı yaşayış sahəsinə köçürülmə və istifadə hüququnun tanınması tələbinə dair iddiası təmin edilmiş, iddaçılar X4, X5 və X15 Bakı şəhəri Yasamal rayonu M.F.Axundov küçəsi 81 nömrəli evə istifadə hüquqları tanınmışdır.
11. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(103)- 1486/2023 nömrəli qətnaməsi ilə cavabdeh X10 apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(004)-5233/2022 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia tələbi rədd edilmişdir.
12. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-3106/2023 nömrəli qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(103)- 1486/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
13. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-826/2023 nömrəli qərarı ilə iddiaçı X7 cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə qarşı (üçüncü şəxslər X20, X17 və X26) “qeydiyyatdan çıxarılma” tələbinə dair iddia tələbi təmin edilmiş, X20, X21 və X15 ünvan 4 ünvanından qeydiyyatdan çıxarılması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə həvalə edilmişdir.
14. Bakı şəhər İcraiyyə Komitəsinin Bakıda bələdiyyələşdirilməmiş olan evlerin reyestrindən (siyahısından) xx.xx.1931-ci il tarixli çıxarışdan görünür ki, kitab 195, səhifə 10311 X2 adına ev 81 qeydiyyata alınmışdır.
15. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi idarəsinin xx.xx.2022-ci il tarixli məktubuna əsasən Bakı şəhəri Yasamal rayonu M.Fətəli küçəsi ev 81 nömrəli fərdi yaşayış evi paylı mülkiyyət olduğundan və paylar üzərində real bölgü aparılmadığından mülki iki ayrı ünvan verilməsi mümkün olmamışdır.
16. Məhkəmə tərəfindən mübahisəli əraziyə yerli baxış zamanı müəyyən olunmuşdur ki, mübahisə predmeti olan evin yerləşdiyi binanın dörd müstəqil girişi mövcuddur. Hər mənzilə giriş-çıxış ayrıca quraşdırılmış qapılardan həyata keçirilir. Cavabdeh1 faktiki olaraq yaşadığı mənzil binanın künc divarına bitişik olub 2-ci mərtəbəsində yerləşir. Mənzildə iki otaq və sanitar qovşağı mövcuddur. Mətbəx əşyaları isə dəhlizdə xüsusi ayrılmış yerdə quraşdırılmışdır. Cavabdeh1 yaşadığı mənzilin birinci mərtəbəsində İddiaçı istifadəsində olan 2 otaqlı mənzil yerləşir. Binanın giriş qapısının sağ divarında ev 79/81 ünvanı yazısı müşahidə edilir. Mübahisəli mənzilin yerləşdiyi binanın ümumi sahəsi iddia tərəfinin söylədiyinə görə 846 kv.m. Binanın zirzəmisinin bir hissəsi iddiaçı tərəfindən icarəyə verilmişdir və hazırda “Art club” olaraq fəaliyyət göstərir. Binanın digər yaşayış sahələri iddiaçı və onun qohumları tərəfindən maneəsiz istifadə edilir.
17. "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli, CC/0xx/xx-2025 nömrəli hesabatından görünür ki, ünvan 5 ünvanında yerləşən mənzilin hazırkı dövrə orta aylıq kirayə haqqı məbləği 260 manat təşkil edir.
İddia tələbinin və ona etirazın dəlilləri, məhkəmə icraat iştirakçılarının izahatları
a) iddia tələbi
16. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi və sonradan tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 Bakı şəhəri, Yasamal rayonu, X43 küçəsi ev 79/81 ünvanda yerləşən mənzilə olan istifadə hüquqlarına İddiaçı tərəfindən 9360 manat məbləğində kompensasiya verilməklə xitam verilməsi və Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 Bakı şəhəri, Yasamal rayonu, X43 küçəsi ev 79/81 ünvanda yerləşən mənzildən çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
17. İddianın əsaslarına görə, İddiaçı Bakı şəhəri, Yasamal rayonu, X43 küçəsi ev 79\81 və ya 81 ünvandakı fərdi yaşayış evinin paylı mülkiyyətçisidir. Cavabdehlərin onun mülkiyyətində olan fərdi yaşayış evinin iki otağını qanunsuz zəbt edərək uzun müddətdir ki, yaşayırlar. Belə ki, cavabdeh X11 mərhum həyat yoldaşı Hidayətov Adil ilə birgə sözügedən iki otaqlı mənzildə mənzil növbəsində olduğuna görə müvəqqəti məskunlaşaraq yaşamışdır. Sonradan Cavabdeh1 xx.xx.1988-ci il tarixli 035638 nömrəli orderinə əsasən 3 mkr Pişəvəri küçəsi ev 14 mən 36 ünvanında mənzillə təmin olunmuşdur. Mənzillə təmin olunmaqlarına baxmayaraq, mərhum həyat yoldaşı Hidayətov Adil yaşadıqları mənzil üzrə mülkiyyət hüquqlarını müəyyən olunması tələbi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Belə ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.1997-ci il tarixli, 2-149 nömrəli qətnaməsinə əsasən mübahisələndirdikləri X43 küçəsi ev 79\81 və ya 81 ev üzərində mülkiyyət hüququnun müəyyən olunması barədə iddiaları əsassız olduğundan rədd edilmişdir. Onun xəbəri olmadan qanunsuz müəmmalı şəkildə mənzil pasport qeydiyyatına da düşmüşlər. Cavabdehlərdən biri oğlu X1 yaşayır, digər oğlu Cavabdeh2 azadlıqdan məhrum edilərək, məhbus həyatı yaşayır. Sözügedən iki otaqlı mənzildə Cavabdeh1 hazırda tək yaşayır. Cavabdehlərlə heç bir qohumluq əlaqəsi yoxdur. Hazırda cavabdehlərin onun ünvanından istifadə etməsi onun mülkiyyət hüquqlarını məhdudlaşdırır.
b) iddiaya qarşı etiraz
18. Cavabdeh1 iddiaya etirazla məhkəməyə müraciət edərək iddiabnın təmin olunmamasını xahiş etmişdir.
19. Etirazın əsaslarına görə, işin faktiki hallarına və əsaslarına görə Cavabdeh1 1975-ci ildə Bakı şəhəri, Yasamal rayonu, M.F.Axundov 81 nömrəli mənzilə mərhum həyat yoldaşı Adil Hidayətovla ailə qurmaqla köçüb və hazırkı gündədə həmin ünvanda yaşayış yeri üzrə qeydiyyatda olmaqla yaşayır. Adil Hidayətovla birgə nigahdan 1978-1980-ci illərdə X23 və Cavabdeh2 ismində, mübahisələndirən ünvanda doğulmuş və yaşayış üzrə bu ünvanda qeydiyyatdadırlar. Mübahisələndirilən Bakı şəhəri, Yasamal rayonu, M.F.Axundov 81 ünvanda cavabdehlərin mənzildə yaşayışdan istifadə münasibətləri Konstitusiya Məhkəməsinin xx.xx.2001-ci il tarixli, “Azərbaycan Respublikası Mülki Məcəllənin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin (1982) 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Qərarı ilə tənzimlənir. Həmin qərara əsasən yaşayış sahəsinin mülkiyyətçisinin özünəməxsus evə köçürdüyü ailə üzvləri mülkiyyətçilərlə birlikdə istifadə etmək hüququna malikdirlər.
c) məhkəmə icraat iştiakçılarının izahatları
20. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbinin məzmununa uğun izahat verərək, iddianın təmin olunmasını xahiş etmişdir.
21. Məhkəmə iclasında iştirak edən iş üzrə iddiaçı tərəfindən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxsin nümayəndəsi iddia tələbinin təmin olunmasını xahiş etdi.
22. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili və nümayəndəsi etirazla eyni məzmunlu izahat verərək iddianın təmin olunmamasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
23. Azərbaycan SSRİ Mülki Məcəlləsi (1964-cü il): Maddə 306. Kirayəçinin ailə üzvlərinin hüquq və vəzifələri Mənzildən kirayaçi ilə birlikdə yaşayan ailə üzvləri müqaviləd’n törəyən hüquq və vəzifələri bərabər sürətdə əldə edirlər; ... Kirayəçinin ailə üzvləri – kirayəçinin arvadı (əri), onların uşaqları və valideyinləri hesab olunur. Digər qohumlar, habelə himayədə olan əmək qabiliyyəti olmayanlar, kirayəçi ilə birlikdə yaşayıb , onunla ümumi təsərrufat apardıqda kirayəçinin ailə üzvləri sayıla bilərlər. Həmin maddədə göstərilən vətandaşlar kirayəçinin ailə üzvləri sırasından çıxıb, kirayə edilmiş mənzildə yaşamaqda davam etsələr, kirayəçi və onun ailə üzvlərinin malik olduqları hüquq və vəzifələrə, onlar da eyni dərəcədə malik olurlar;
24. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 6.1. Mülki qanunvericiliyin prinsipləri aşağıdakılardır: 6.1.4. mülkiyyətin toxunulmazlığı; Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; Maddə 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın; Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.
25. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2007-ci il tarixli Qərarı: “Mülki Məcəllənin 11.1-ci maddəsini nəzərə almaqla yaşayış sahəsindən istifadə hüququnun kompensasiya verilməklə xitamına dair bu Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş normanın əvvəllər yaranmış və uzanan xarakter daşıyan münasibətlərə tətbiqinin mümkünlüyü Konstitusiya Məhkəməsinin xx.xx.2001-ci il tarixli qərarında əks olunmuş mövqelərinə zidd olmamaqla onları tamamlayır. Belə ki, bu qərarda Mülki Məcəllənin 7.1-ci maddəsinin müddəalarını nəzərə alaraq Konstitusiya Məhkəməsi öz mövqeyini aşağıdakı kimi ifadə etmişdir: «Göstərilənləri nəzərə alaraq 2000-ci il sentyabrın 1-dən sonra yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir». Göründüyü kimi Konstitusiya Məhkəməsi mübahisələrin həlli üçün məhz müvafiq maddələrin qaydalarının əsas götürülməsini zəruri hesab etmişdir. ... Beləliklə, ümumi yurisdiksiyalı məhkəmələr tərəfindən mənzil qanunvericiliyində normanın mövcud olmamasına görə iddianın rədd olunması və konkret mübahisənin həllindən faktiki imtina edilməsi yolverilməzdir. Mənzil qanunvericiliyində müəyyən münasibətlərin tənzimlənməməsi, öz əlamətlərinə görə mülki hüququn predmetinə aid mülki münasibətlərin mövcudluğu və mülki qanunvericilikdə oxşar münasibətləri tənzimləyən normanın olması bütövlükdə dövlətin iradəsinin ifadəsindən çıxış edərək boşluğun tamamlanması məqsədilə qanunun analogiyasının tətbiqi üçün əsas götürülə bilər. Yuxarıdakıları nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, R.Ağalarovun E.Ağalarovaya (Zeynalovaya) qarşı kompensasiya ödənilməklə mübahisəli mənzildən istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılması barədə iddiasına dair mülki iş üzrə Binəqədi rayon məhkəməsinin Mənzil Məcəlləsinin 123-cü maddəsində kompensasiya institutu nəzərdə tutulmadığından iddianın rədd edilməsini nəzərdə tutan xx.xx.2005-ci il tarixli qətnaməsi Konstitusiyanın 13, 29, 71, 147 və 149-cu maddələrinin, Konstitusiyanın Keçid müddəalarının 8-ci bəndinin, habelə Mülki Məcəllənin 1.2, 11.1, 11.5 və 228.2-ci maddələrinin tələblərinə uyğun deyil.”
26. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2016-cı il tarixli Qərarı: “..mülkiyyətçi istifadə hüququna xitam verilməsi haqqında iddia qaldırarkən öz iddiasında kompensasiya məbləğini göstərə və ya göstərməyə bilər. Lakin iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən aslı olmayaraq, işə baxan birinci instansiya məhkəməsi hər bir halda Mülki Məcəllənin 228.2-ci maddəsinin tələblərinə və Mülki Prosessual Məcəlləyə müvafiq olaraq kompensasiyanın məbləğini bazar qiymətinə uyğun müəyyən etməlidir. Birinci instansiya məhkəməsi bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən mülkiyyətçinin həmin məbləğin ödənilməsi barədə razılığını nəzərə almalıdır. Bu halda mülkiyyətçi məhkəmə tərəfindən mülki prosessual qanunvericiliyə uyğun olaraq müəyyən edilmiş bazar qiymətinə uyğun kompensasiya məbləği ilə razılaşa və ya razılaşmaya, öz iddiasından imtina edə, yaxud onun iddiası təmin olunmadığı təqdirdə yuxarı instansiya məhkəmələrinə şikayət verə bilər.”
27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Maddə 119. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
Məhkəmə baxışının hədləri
28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Məhkəmənin mövqeyi
29. İşdəki sübutlarla müəyyən olunur ki, İddiaçı Bakı şəhəri, Yasamal rayonu, X43 küçəsi ev 79/81 ünvandakı fərdi yaşayış evinin paylı mülkiyyətçisidir. Cavabdehlər həmin fərdi yaşayış evinin iki otağında uzun müddətdir ki, yaşayırlar. Cavabdeh1 özünün dediyinə 1978-ci ildə həmin evə gəlin köçmüş, digər cavabdehlər olan uşaqları Fuad və Cavabdeh3lar həmin mənzildə doğulmuşdur. Cavabdehlər həmin ünvan üzrə qeydiyyatda olsalar da qeydiyyat yeri olaraq M.F.Axundov küçəsi, ev 81 ünvanı təsbit edilmişdir.
30. Məhkəmə iş materialları araşdırıb tərəflərin izahatlarını dinləyib hesab edir ki, iddia təmin olunmalıdır.
31. İddiaçı cavabdehlərə qarşı kompensasiya ödənilməklə mənzilə istifadə hüququna xitam verilməsi tələbinə dair iddia irəli sürmək hüququna malikdir. Bu Mülki Məcəllənin 228.2-ci maddəsində və Mülki Məcəllə qüvvəyə minməzdən əvvəl yaranmış münasibətlərlə bağlı Konstitusiya Məhkəməsinin yuxarıda adıçəkilən qərarlarındakı hüquqi mövqelərdə öz əksini tapmışdır.
32. Xüsusilə qeyd olunmalıdır ki, Konstitusiyanın 29-cu maddəsinin İV hissəsi mülkiyyət hüququnun iki mühüm hüquqi təminatını ehtiva edir. Birinci təminata görə heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum oluna bilməz. Bu hal digər mənaların mövcudluğu ilə yanaşı, məhkəmə qərarı olmadan hər hansı dövlət orqanı və ya vəzifəli şəxslərin hansısa məqsədəmüvafiqliyə və ya hətta qanuna istinadən mülkiyyətçinin iradəsinin ziddinə olaraq mülkiyyət hüququndan məhrum olunmasına qadağa qoyur. İkinci təminat isə ondan ibarətdir ki, mülkiyyətin dövlət və ya ictimai ehtiyaclar üçün özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərtilə yol verilə bilər. Bu cür müddəa mülkiyyət hüququna hörmətlə yanaşılması ruhunda yazılmış yuxarıda göstərilən beynəlxalq hüquq normalarından irəli gəlir. Həmin normaları tətbiq edən beynəlxalq hüquq qurumları öz qərarlarında mülkiyyət hüququnun tərkib hissələrinin əsas elementlərinin əhəmiyyətinə xüsusi diqqət yetirirlər. Kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi barədə iddianın predmetini də iddiaçının mülkiyyət hüququ təşkil edir və iddiaçı, başqasının istifadə hüququ ilə yüklü olan evini yüklülükdən azad etməklə ev üzərindəki mülkiyyət hüququnu müdafiə etmək istəyir.
33. Bu konteksdə məhkəmə qeyd edir ki, hazırkı halda iddiaçının tələbi qanunvericiliyin verdiyi təminata uyğun olduğundan, təklif etdiyi kompensasiya məbləği məhkəmə tərəfindən ekspert rəyi əsasında müəyyənləşdirilmiş rəydəki məbləğlə üst-üstə düşdüyündən və həmin məbləğ cavabdehlərin bir müddət kirayədə yaşamalarını təmin edəcək həddə olduğundan iddia təmin edilməlidir.
34. Cavabdehlərin iddianın rədd edilməsinə yönəlmiş dəlillərinin heç biri isə öz təsdiqini tapmır.
35. Əvvəla, iddiaçıların mülkiyyətində olan 79/81 ünvanı ilə cavabdehlərin qeydiyyat yeri olaraq göstərilmiş ev 81 ünvanının eyni ev olması həm iş materialları ilə, həm yerli baxış zamanı vizual müşahidə nəticəsində öz təsdiqini tapmışdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi idarəsinin xx.xx.2022ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, M.F.Axundov küçəsi 79/81 nömrəli fərdi yaşayış evi ilə Bakı şəhəri, Yasamal rayonu, M.F.Axundov küçəsi 81 nömrəli fərdi yaşayış evi eynidir. Bakı şəhər İcraiyyə Komitəsinin Bakıda bələdiyyələşdirilməmiş olan evlerin reyestrindən (siyahısından) xx.xx.1931-ci il tarixli çıxarışdan görünür ki, kitab 195, səhifə 10311 X2 adına ev 81 qeydiyyata alınmışdır.
36. Yəni, həmin ev hələ cavabdehlər ora köçməmişdən xeyli müddət əvvəl, evin paylı mülkiyyətçilərindən olan Vaqif Quliyevin nənəsi Umleyla Quliyevanın adına və 81 nömrə adı altında qeydiyyata alınmışdır. Sonradan da 81 nömrəli ev ayrıca mülkiyyət hüququ obyekti olaraq qeydiyyata alınmamışdır. Cavabdehlərin mülkiyyətində belə bir ev və ya mənzil mövcud deyil.
37. Cavabdeh1 mərhum əri Adil Hidayətov evə mülkiyyət hüququnun tanınması barədə iddia qaldırsa da Bakı şəhəri Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.1997-ci il tarixli qərardadına əsasən iddia rədd edilmişdir.
38. Odur ki, qeyd edilənlərə əsasən iddia təmin edilməli, cavabdehlərin mübahisəli fərdi yaşayış evinə istifadə hüquqlarına kompensasiya verilməklə xitam verilməlidir.
39. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 Bakı şəhəri, Yasamal rayonu, X43 küçəsi ev 79/81 ünvanda yerləşən mənzilə olan istifadə hüquqlarına İddiaçı tərəfindən 9360 manat məbləğində kompensasiya verilməklə xitam verilməli və İddiaçı tərəfindən 9360 manat məbləğdə kompensasiya məlbəği ödənildikdən sonra Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 Bakı şəhəri, Yasamal rayonu, X43 küçəsi ev 79/81 ünvanda yerləşən mənzildən çıxarılmalıdır.
40. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
İddia təmin edilsin. Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 Bakı şəhəri, Yasamal rayonu, X43 küçəsi ev 79/81 ünvanda yerləşən mənzilə olan istifadə hüquqlarına İddiaçı tərəfindən 9360 manat məbləğində kompensasiya verilməklə xitam verilsin. İddiaçı tərəfindən 9360 manat məbləğdə kompensasiya məlbəği ödənildikdən sonra Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 Bakı şəhəri, Yasamal rayonu, X43 küçəsi ev 79/81 ünvanda yerləşən mənzildən çıxarılsınlar. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
HAKİM Aytəkin Əsədzadə