Məhkəmə qərarları › İş №2(004)-2077/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2077/2021

24.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2077/2021 24.05.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi, X2 oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 8865 manat borcun, 3000 manat mənəvi ziyanın və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, 2018-ci ildə cavabdeh ondan 4100 manatlıq cücələr alıb aparmış, mövsümün axırında iddiaçı cavabdehdən pulunu istəyəndə cavabdeh bildirmişdir ki, hamısını satmışdır və xahiş etmişdir ki, ona yenə cücə versin, bir ay müddətində bütün borcunu bir dəfəyə ödəyəcək. O, cavabdehi uzun müddət tanıdığına görə və etibar etdiyinə görə ona inanaraq onun təklifi ilə razılaşmış və ona yenidən 4765 manatlıq cücə vermişdir. Həmin vaxtdan bu günə kimi cavabdeh müxtəlif bəhanələr gətirərək 8865 manat borcunu qaytarmır. Borcla bağlı iddiaçı dəfələrlə cavabdehə zəng edərək borcunu tələb etsə də, pulunu verməkdən boyun qaçırır, telefonuna da cavab vermir. Bundan başqa, iddiaçı bu müddət ərzində borcla bağlı müxtəlif instansiyalara müraciətlər etmiş, dəfələrlə Bakı şəhərinə, Polis Şöbəsinə, Prokurorluğuna gedib-gəlmiş, əsəb gərginliyi keçirmiş, eləcə də ona maddi-mənəvi ziyan vurulub. Ona dəymiş mənəvi zərəri 3000 manat qiymətləndirir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb və toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş İddiaçı şikayəti ilə əlaqədar Cavabdeh Xaçmaz Rayon Polis Şöbəsinə 06.10.2019-cu il tarixdə verdiyi izahatından görünür ki, Cavabdeh İddiaçı əvvəllər aldığı cücələrə görə 3349 manat borcu qaldığını, sonradan da ondan əlavə 4765 manatlıq cücə aldığını etiraf etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2.-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə hesab edir ki, tədqiq olunmuş sübutlarla iddia qismən, yəni cavabdehin aldığı mala görə iddiaçıya 8114 manat borcu olması təsdiq edildiyindən iddia qismən təmin edilməli və həmin məbləğdə borc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan əlavə məhkəmə hesab edir ki, iddiaçı haqlı olaraq cavabdehlərə qarşı mənəvi zərər tələbi ilə məhkəməyə müraciət etmişdir. Belə ki, artıq yuxarıda qeyd olunduğu kimi cavabdehin təqsirli hərəkətləri nəticəsində iddiaçı hüquqlarının müdafiəsi üçün hüquq mühafizə orqanlarına müraciət etməyə məcbur olmuşdur. Bu hallar isə şəxsin mənəvi sarsıntı keçirməsinə əsas olan hallardır. Bununla yanaşı məhkəmə mənəvi zərərin məbləği ilə razılaşmır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Həmin Qərarın 3-cü bəndinə əsasən mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Məhkəmə mənəvi zərərin miqdarını müəyyən edərkən, mənəvi zərərin baş verməsinə səbəb olmuş cavabdehin hərəkət və hərəkətsizliklərinin təhlükəlik dərəcəsini, bunun nəticəsində iddiaçının keçirdiyi mənəvi sarsıntıların xarakterini və ağırlığını, cavabdehin təqsirini və əmlak vəziyyətini, habelə işin sair diqqətəlaiq hallarını nəzərə alaraq mənəvi zərərin məbləğinin 300 manat məbləğində müəyyən olunmasını ağlabatan və ədalətli hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbləri qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumunun 20,50 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222.2-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 8114 (səkkiz min yüz on dörd) manat borc, 300 (üç yüz ) manat mənəvi zərər və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20,50 (iyirmi manat əlli qəpik) manat məbləğində pul tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal rayon məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Təhminə Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar