Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4708/2021 14.09.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, iddiaçı «İcbari Sığorta Bürosu» X7 nümayəndəsi X1 iştirakı ilə, İddiaçı «İcbari Sığorta Bürosu» X7 Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı «İcbari Sığorta Bürosu» X9 Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının 24 iyun 2011-ci il tarixli Qanunu (Qanun) əsasında «İcbari Sığorta Bürosu» X9 (Büro) zərərçəkən sığorta olunanların və zərər vurulan üçüncü şəxslərin maraqlarının müdafiəsini, icbari sığorta sisteminin sabitliyi və inkişafını təmin etmək üçün Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq X9 kimi təsis edilərək fəaliyyət göstərir. Cavabdeh 19.09.2014-cü il tarixində saat 15:02 radələrində KİA Rio markalı, **-VL-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə ünvan 1 ünvanında hərəkətdə olarkən onun təqsiri üzündən yol nəqliyyat hadisəsi baş vermişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-136/2015 nömrəli, 20.02.2015-ci il tarixli hökmü ilə cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci bəndində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinmişdir. Ərizəçinin müraciəti əsasında baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı müvafiq araşdırmalar aparıldıqdan sonra aşağıdakı “kompensasiya ödənişi üzrə məlumat cədvəli”ndə (cədvəl) qeyd olunanlara əsasən zərəçəkənə sağlamlığa dəyən zərərin dərəcəsinə uyğun olaraq kompensasiya ödənişi həyata keçirilmişdir. Araşdırmalar nəticəsində Büronun avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə informasiya sistemində KİA Rio markalı, **-VL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin 19.09.2014-cü il tarixində, saat 15:02 radələrində icbari sığorta şəhadətnaməsinin olmadığı müəyyən edilmiş və müvafiq sənədlər toplanaraq, qanunvericiliyə uyğun 1400 manat məbləğində kompensasiya ödənişinin həyata keçirilməsi təmin edilmişdir. Qanunvericiliyə əsasən kompensasiya ödənişləri hesablanarkən zərərə görə məsuliyyət daşıyan şəxs və (və ya) onun məsuliyyətini sığortalamış sığortaçı tərəfindən müvafiq zərərin əvəzinin ödənilməsi üçün zərərçəkənə verilmiş məbləğ çıxılır. Zərərvuran tərəfindən 100 manat ödəniş həyata keçirilmişdir. Qanunvericiliyin tələblərinə əsasən kompensasiya ödənişi subroqasiya qaydasında zərərvuran şəxs olan cavabdehdən tələb edilir. Göstərilənlərə əsasən Cavabdeh 1400 manat kompensasiya ödənişi və 30 manat cövlət rüsumu olmaqla, cəmi 1430 manat məbləğin Büronun xeyrinə tutulması barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçı «İcbari Sığorta Bürosu» X7 nümayəndəsi X2 iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, cavabdehin vurduğu zərər nəticəsində zərərçəkən şəxsə 1400 manat məbləğində kompensasiya təyin edilmiş və Azərpoçtun 1 saylı hesabına ödənilmişdir. Bundan başqa hazırki iddia tələbinə 3 illik iddia müddəti şamil edilə bilməz. Subroqasiya hüququ üzrə yaranmış tələblərə ümumi iddia müddəti şamil olunur. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qeydiyyatda olduğu ünvan üzrə (həmçinin məhkəmə elektron SMS vasitəsi ilə məlumatlandırılmış) bildiriş göndərilmiş, lakin cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Eyni zamanda cavabdehin faktiki yaşadığı yer məlum olmadığına görə məhkəmə tərəfindən bildiriş cavabdehin qeydiyyatda olduğu yer üzrə Yasamal rayon Mənzil Kommunal Təsərrüfat Birliyinə göndərilmişdir. Azərbaycan Respublikasının MPM-nin 147-ci maddəsinə əsasən cavabdehin faktiki olduğu yer məlum olmadıqda məhkəmə cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə yerli özünüidarə orqanının, müvafiq icra hakimiyyəti orqanının və ya cavabdehin məlum olan axırıncı iş yeri üzrə müdiriyyətin məhkəmə bildirişini aldığını təsdiq edən qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olduqdan sonra işə baxmağa başlayır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi və eyni zamanda vəkili iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim edərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, iddiaçının nümayəndəsinin izahatını dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu ilə müəyyən olunmuşdur ki, Cavabdeh 19.09.2014-cü il tarixdə, saat 15:02 radələrində Bakı şəhəri, Yasamal rayonu ərazisində idarə etdiyi Kia Rio markalı, **-VL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə X4 az ağır dərəcəli xəsarətlər alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-136/2015 saylı, 20.02.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 263.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. X8 22.05.2018-ci il tarixdə İcbari Sığorta Bürosuna ərizə ilə müraciət edərək, ailə üzvü olan X6 dəymiş zərərə görə “İcbari Sığortalar Haqqında” Qanunun 32-ci maddəsinə əsasən kompensasiya ödənişinin verilməsini xahiş etmiş və İcbari Sığorta Bürosunun 21.06.2018-ci il tarixli kompensasiya ödənişinin verilməsi haqqında qərara əsasən ərizəçi X5 1400 manat məbləğində kompensasiya verilməsi qərara alınmış, müvafiq kompensasiya poçt vasitəsi ilə ərizəçiyə ödənilmişdir. “İcbari Sığortalar Haqqında” Qanunun 14, 17, 27, 32, 33, 63-cü, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21, 897, 936, 1096, 1097 və 114-cü maddələrinə rəhbər tutaraq məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğun təmin edilməli, Cavabdeh 1400 (bir min dörd yüz) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı «İcbari Sığorta Bürosu» X7 xeyrinə ödənilməlidir. Məhkəmə eyni zamanda cavabdehin nümayəndəsinin iddia müddətinin tətbiqi barədə ərizəsi ilə bağlı qeyd edir ki, ərizə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, subroqasiya hüququndan istifadə etməklə sığorta şirkətinin zərər vuran şəxsə qarşı verdiyi iddia üzrə tərəflər arasındakı mübahisəli hüquqi münasibətləri sığorta müqaviləsindən deyil, zərər vurmadan doğan öhdəlik münasibətləridir. Ona görə də bu növ öhdəliklərdən irəli gələn tələblərə müqavilə tələbləri üzrə münasibətlərə şamil edilən 3 illlik iddia müddəti deyil, zərər vurmadan əmələgələn münasibətlərə aid olan ümumi iddia müddəti tətbiq edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu qaydada qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 1400 (bir min dörd yüz) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı «İcbari Sığorta Bürosu» X7 xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı «İcbari Sığorta Bürosu» X7 xeyrinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 1400 (bir min dörd yüz) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı «İcbari Sığorta Bürosu» X7 xeyrinə ödənilsin. İş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı «İcbari Sığorta Bürosu» X7 xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №2(004)-4708/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4708/2021
14.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver