Məhkəmə qərarları › İş №2(006)-1294/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1294/2021

09.02.2021 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1294/2021 09.02.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı Cavabdeh ASC-yə qarşı «əmrin ləğv edilməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı «əmrin ləğv edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC-nin İdarə Heyətinin sədri Abbas İbrahimovun xx.xx.2020-ci il tarixli 2596k saylı əmək müqaviləsinə xitam verilməsi haqqında əmrinin ləğv edilməsi və onun əvvəlki vəzifəsinə – kiçik və orta sahibkarlarla iş departamentinin kiçik və orta biznes müştəriləri ilə iş şöbəsinin baş mütəxəssisi vəzifəsinə bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, İddiaçı Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC-nin İdarə Heyətinin sədri Abbas İbrahimovun xx.xx.2020-ci il tarixli 2596k saylı əmək müqaviləsinə xitam verilməsi haqqında əmrinin ləğv edilməsi və öz ərizəsi ilə işdən azad edilməsinə dair portalda düzəliş (və əmək kitabçasına) edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2018-ci il tarixdə Cavabdeh ASC-nin xx.xx.2018-ci il tarixli 866k saylı əmri ilə həmin bankın «Sabunçu» filialının kredit şöbəsinin kiçik və orta sahibkarlığın kreditləşməsi üzrə aparıcı mütəxəssisi vəzifəsinə qəbul olunmuşdur. xx.xx.2019-cu il tarixdə həmin bankın «Sabunçu» filialının kredit şöbəsinin kiçik və orta sahibkarlığın kreditləşməsi üzrə baş mütəxəssisi vəzifəsinə keçirilmişdir. xx.xx.2019-cu il tarixdən həmin bankın «Sabunçu» filialının kiçik və orta sahibkarlıq kreditləri üzrə baş mütəxəssisi vəzifəsinə keçirilmişdir. xx.xx.2020-ci il tarixdə kiçik və orta sahibkarlarla iş departamentinin kiçik və orta biznes müştəriləri ilə iş şöbəsinin baş mütəxəssisi vəzifəsinə təyin edilmişdir. 2018-ci ilin oktyabr ayının birindən 2020-ci ilin oktyabr ayının 30-a kimi həmin bankda yüksək peşəkarlıq və viclanla fəaliyyət göstərmişdir. Bu səbəbdən də, qısa müddətdə vəzifədə 3 dəfə qabağa çəkilmişdir. Təxminən 2020-ci ilin əvvəllərində maaş artımı ilə əlaqədar olaraq rəhbərliyə müraciət etmişdir. Lakin avqust ayına kimi ona müsbət cavab verilməmişdir. Sentyabr ayının ortalarında isə baş ofisdə iclas keçirilərək maaş artımı olmayacağı bildirilmiş və ona ərizəsini yazaraq işdən çıxa biləcəyini bildirmişlər. Bundan sonra o, xx.xx.2020-ci il tarixdə ərizəsini yazaraq öz arzusu ilə işdən çıxarılmasını xahiş etmişdir. Eyni zamanda başqa banklara CV nümunələrini göndərərək iş axtarmağa başlamışdır. İşəgötürən Cavabdeh ASC qanunsuz olaraq onun əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi ilə xitam vermişdir. Cavabdeh ASC-nin xx.xx.2020-ci il tarixli 2596k saylı əmrində deyilir: «X4 departamenti tərəfindən aparılmış monitorinqin nəticələrinə əsasən, Cavabdeh ASC-nin kiçik və orta sahibkarlarla iş departamentinin kiçik və orta biznes müştəriləri ilə iş şöbəsinin baş mütəxəssisi İddiaçı ona həvalə olunmuş vəzifə səlahiyyətlərindən sui istifadə etmişdir. Belə ki, o, işdən çıxma fikrində olmasını bildirdikdən sonra korporativ e-mail ünvanından bankın müştəri bazasının 317 hüquqi şəxsinə aid məlumatları kənar e-mail (öz şəxsi e-mail) ünvanına göndərmişdir. Əməkdaşın belə məlumatların kənar e-mail ünvanına göndərməsi bank üçün müştəri itkisini formalaşdırır. Yuxarıda qeyd olunan əməli ilə İddiaçı Cavabdeh ASC-nin «Etik davranış məcəlləsi»nin (2.7. Məlumatların qorunması), Banklar haqqında qanunun 41-ci maddəsini (Bank sirri), Cavabdeh ASC-də informasiya prosesləri və texnologiyaları ilə iş proseslərində təhlükəsizliyin təmin olunmasına dair metodik göstərişlərin 3.4-cü bəndini (Konfidensial və əhəmiyyətli xidməti məlumatlardan ibarət elektron məktubların identifikasiya olunmamış kənar ünvanlara göndərilməsi, eləcə də şəxsi məzmunlu yazışmalarda korporativ e-mail ünvanından istifadə edilməsi yolverilməzdir) və əmək müqaviləsinin 3.3-cü hissəsinin «d» bəndini (dövlət sirrini, Bankın kommersiya sirrini, eləcə də bank sirrini müəyyən olunmamış qaydada və şərtlərlə qorumaq) pozmuşdur». Vəzifə səlahiyyətindən heç vaxt sui-istifadə etməmişdir. Əmrdə göstərilən bankın müştəri bazasının 317 hüquqi şəxsinə aid məlumatların şəxsi e-mail ünvanına göndərməsində heç bir neqativ hal yoxdur. Belə ki, onlar kredit mütəxəssisləri daimi olaraq ərazidə işlədikləri və təhkim edilmiş filiallara getdikləri üçün bu məlumatlar daimi olaraq tərəflərindən analiz edilir. Həmçinin rəhbərlərdən gələn e-mailləri adətən şəxsi e-mail ünvanına atırlar ki, digər filiallarda və ya ərazidə bu işlərlə məşğul ola bilsinlər. Bildirir ki, bütün banklarda işçilərin internet resurslarından və şəxsi e-mail ünvanından istifadə edilməsi texniki olaraq qadağandır, belə istifadə yalnız bankın rəhbərliyinin icazəsi ilə ola bilər. O da rəhbərliyin icazəsi ilə şəxsi e-mail adresindən istifadəyə icazə verilmişdir. Şəxsi e-mail adresinə göndərilən məlumatlar heç bir halda 3-cü şəxslərə ötürülməmişdir. Şəxsi e-mail adresinə göndərildiyi bildirilən 317 hüquqi şəxsin hansısa məlumatlarının 3-cü şəxslərə ötürülməsi barədə heç bir məlumat yoxdur və ola da bilməz. Həmçinin göstərilən 317 müştərinin hərhansı birinin bu günlərdə Cavabdeh ASC-ni tərk etməsi barədə hansısa bir fakt yoxdur, ola da bilməz. Vəzifə maaşını artırmadıqları üçün öz ərizəsi ilə işdən çıxması barədə ərizəsini təqdim etdikdən sonra qanunsuz olaraq belə bir əmələ əl atan işəgötürənin xx.xx.2020-ci il tarixli əmri ləğv edilməlidir. İşdən çıxma barədə ərizəsini yazdıqdan sonra ona bir sıra banklardan işlə bağlı təkliflər gəldiyi məlumatı işəgötürənə çatdırıldığı üçün onlarda belə bir fikir formalaşıb ki, guya o, müştəriləri başqa banka aparacaq. Bundan sonra cavabdeh onu ləkələmək üçün bu işə əl atmışdır. Əmək müqaviləsi üzrə bütün əmək funksiyalarını və müqavilə üzrə öhdəliklərini vicdanla və dəqiq yerinə yetirmişdir. Cavabdeh bankda işlədiyi 3 il müddətində bir dəfə də olsun barəsində hansısa bir intizam tədbiri görülməmişdir. Əmək qanunvericiliyinin (Əmək Məcəlləsinin 72-ci maddəsinin) göstərilən tələblərinin heç birini pozmamışdır. İşəgötürənin öz əmrində istinad etdiyi kommersiya və bank sirrini yayması barədə yalanlar isə şər və böhtandır. Bankın müştərilərindən hansınınsa 3-cü şəxslərə ötürməsi barədə hansısa bir fakt və sübutları olmadığı halda onun əmək həyatını ləkələyərək gələcəkdə əmək fəaliyyətinin qarşısına sədd çəkmələri heç bir vicdana və ədalətə sığmadığı kimi heç bir qanuni əsası da yoxdur. Şəxsi e-mail adresinə göndərdiyi 317 hüquqi şəxsin məlumatlarını o, e-mail adresinə atmaqla yox, çap edib özü ilə aparmaq kimi sadə üsulu seçə bilərdi. 2007-ci il tarixdən bank sektorunda çalışır və əvvəllər işlədiyi bankların heç birində heç bir neqativ işi və ya intizam tənbehi olmamışdır. Bank qanunvericiliyini çox yaxşı bilir, bank sirrini, maddi məsuliyyətin, korporativ məsuliyyətin nə olduğunu çox yaxşı bilir. xx.xx.2020-ci il tarixdə işdən azad edilməsi barədə ərizə ilə müraciət etmişdir. Verdiyi ərizəyə əsasən bir aylıq müddət xx.xx.2020-ci il tarixdə başa çatır və həmin gündən əmək müqaviləsi ləğv edilmiş hesab edilir. Ləğv edilmiş əmək müqaviləsinin xx.xx.2020-ci il tarixdə 70-ci maddənin «ç» bəndi ilə işəgötürən tərəfindən ləğv edilməsi qanunsuzdur. Göstərilənlərdən başqa, bir daha qeyd edir ki, şəxsi e-mail adreslərinə hansısa məlumatların göndərilməsi gizli yolla və hansısa informasiya texnologiyalarından istifadə etməklə bankın informasiya təhlükəsizliyini pozaraq hansısa göndərişlər etməmişdir. Bankın demək olar ki, əksər işçilərinin nəinki şəxsi e-mail adreslərinə girmələri, həmçinin bankda digər internet resurslarına girmək, internetdən istifadə etmək yalnız bankın rəhbərliyinin icazəsi ilə mümkün olan işdir. Onlar isə daim ərazidə və digər təhkim olunmuş filiallara səfərlər etdikləri üçün onlara belə bir imkan verilmişdir ki, onlar məlumatları şəxsi e-mail adreslərinə atmaqla telefonlarında portfeli idarə edə bilsinlər. Bir daha bildirir ki, bankın hansısa müştərilərinin məlumatlarını özünə götürmək və ya həmin müştəriləri özü ilə gedəcəyi banka aparmaq fikri olacağı təqdirdə həmin məlumatları bankın ofisində çap edərək özü ilə rahat şəkildə apara bilərdi. Bunu isə etməyə ehtiyacı yoxdur. 13 ildir ki, müxtəlif banklarda kredit mütəxəssisi vəzifəsində çalışır və kifayət qədər müştəri potensialı var. Onun hansısa müştərilərin məlumatlarını oğurlamağa ehtiyacı yoxdur. Cavabdeh ASC onu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə işdən azad edən zaman əmrdə konkret olaraq vəzifə səlahiyyətlərindən sui-istifadə etməsinə və bankın hüquqi şəxs olan 317 müştərisinin məlumatlarını şəxsi e-mail adresinə göndərməsinə istinad etmişdir. Bu iki hal isə Məcəllənin 70-ci maddəsinin «ç» bəndinə uyğun deyil. Həmin bənddə əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini icra etməmək göstərilir. İşçinin 70-ci maddənin «ç» bəndinə istinad edib işdən çıxaran zaman göstərilən iki hal yoxdursa, 72-ci maddədə sadalanan hallara istinad edilməlidir. Əmrdə isə 72-ci maddənin heç bir bəndinə istinad edilməmişdir. Çünki, o, bu maddədə göstərilən heç bir əməli törətməmişdir. Nə işəgötürənə maddi zərər vurmuş, nə hansısa kommersiya və ya dövlət sirrini yaymış, nə də işəgötürənin qanuni mənafeyinə xələl gətirməmişdir. İşəgötürən onun ərizəsində göstərdiyi müddətə kimi gözləməyərək onu xx.xx.2020-ci il tarixdə əmək müqaviləsinə qanunsuz olaraq xitam vermişdir. Onun xx.xx.2020-ci il tarixə kimi ərizəsini ləğv edib öz işində qalmaq hüququ var. Odur ki, bu əsasla da işəgötürənin əmri qanunsuz və əsassızdır. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X3 məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, İddiaçı vəzifə təlimatı ilə tanış edilmiş, bununla bağlı o, müvafiq təlimatı imzalamış, habelə Cavabdeh ASC-də İnformasiya texnologiyalarından məqbul istifadəyə dair metodiki göstərişlərlə də tanış olmuşdur. Lakin buna baxmayaraq bank sirri daşıyan 317 müştəri bazasına aid məlumatları kənar e-mail-ə göndərmişdir. Bu faylda müştərilərin CİF nömrəsi, VÖEN-i, RM, müştərinin adı, qeydiyyat tarixi və s. digər zəruri məlumatlar öz əksini tapmışdır. Qeyd olunan məlumatların İddiaçı tərəfindən kənar e-mail ünvanlara göndərilməsi bank üçün müştəri itkisi deməkdir. Bununla da İddiaçı Cavabdeh ASC-nin «Etik davranış məcəlləsi»nin, Banklar haqqında qanunun 41-ci maddəsini, Cavabdeh ASC-də informasiya prosesləri və texnologiyaları ilə iş proseslərində təhlükəsizliyin təmin olunmasına dair metodik göstərişlərin 3.4-cü bəndini, eləcə də əmək müqaviləsinin 3.3-cü hissəsinin «d» bəndini (dövlət sirrini, Bankın kommersiya sirrini, eləcə də bank sirrini müəyyən olunmamış qaydada və şərtlərlə qorumaq) pozulmasına şərait yaratmışdır. Məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş xx xxxxxxxx 2020-ci il tarixli ərizədən görünür ki, İddiaçı Cavabdeh ASC-nin İdarə Heyətinin sədri A.İbrahimova müraciət edərək, xx xxxxxxx 2020-ci il tarixdən öz istəyi ilə işdən azad olunmasını xahiş etmişdir. xx xxxxxxx 2020-ci il tarixli izahatdan görünür ki, İddiaçı cavabdehə izahat yazaraq xx.xx.2020-ci il tarixdə müştəri məlumatı əks olunmuş məlumatı öz şəxsi mail ünvanına göndərdiyini bildirmişdir. İddiaçı qeyd etmişdir ki, həmin məlumatı göndərməsinə səbəb əmək haqqı layihəsinə qoşulmamış müştərilərin bankın əmək haqqı fonduna qoşulmasının və dövriyyələrinin azalma səbəblərini araşdırmaq və bununla bağlı öz şöbələrinə məlumat vermək məqsədi olmuşdur. İş materiallarına əlavə olunmuş bank daxili sənədlərdən görünür ki, İddiaçı vəzifə təlimatı ilə tanış olmuş, həmin təlimatın tələblərinə uyğun əmək funksiyalarını icra etməyi öhdəsinə götürmüşdür. Qeyd olunan vəzifə təlimatlarından görünür ki, vəzifə təlimatında əsas məlumatlarla yanaşı, əsas öhdəliklər və səlahiyyətlər, məsuliyyət həddi ilə bağlı göstərişlər sadalanmışdır. İddiaçı öhdəliklərini yerinə yetirib, verilmiş səlahiyyətlərindən istifadə edərkən, əsas öhdəliklərini tam, düzgün və bankın qanuni maraq və mənafelərinə uyğun icra etməli; iş prosesini fəaliyyət sahəsinə aid Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun qaydada təşkil etməli; xidməti vəzifələrin icrası zamanı ona məlum olan bank, kommersiya, eləcə də digər konfidensial statuslu məlumatların qorunmasını, həmin məlumatların yayılmamasını və üçüncü şəxslərə ötürülməməsini təmin etməli; istifadəsində olan bankın əmlakını səmərəli və şəxsi məqsədlər üçün olmamaqla istifadə etməli idi. İş materiallarına əlavə olunmuş, cavabdehin X1 arayışından görünür ki, İnformasiya Təhlükəsizliyi departamenti tərəfindən Cavabdeh ASC-nin kiçik və orta biznes müştəriləri ilə iş şöbəsinin baş mütəxəssisi İddiaçı tərəfindən korporativ e-mail ünvanından kənar email ünvanına göndərdiyi e-mail barədə DND-yə məlumat daxil olmuşdur. Bununla bağlı olaraq DND tərəfindən müvafiq yoxlama aparılmış, əməkdaş tərəfindən banka məxsus müştəri bazasının kənar mailə göndərdiyi və əməkdaşın işdən çıxma mərhələsində olduğu müəyyən edilmişdir. Bununla bağlı olaraq əməkdaşla müvafiq görüş keçirilmiş və əməkdaşdan yazılı izahat alınmışdır. Bununla da, İddiaçı Cavabdeh ASC-nin «Etik davranış məcəlləsi»nin (2.7. Məlumatların qorunması), Banklar haqqında qanunun 41-ci maddəsini (Bank sirri), Cavabdeh ASC-də informasiya prosesləri və texnologiyaları ilə iş proseslərində təhlükəsizliyin təmin olunmasına dair metodik göstərişlərin 3.4-cü bəndini (Konfidensial və əhəmiyyətli xidməti məlumatlardan ibarət elektron məktubların identifikasiya olunmamış kənar ünvanlara göndərilməsi, eləcə də şəxsi məzmunlu yazışmalarda korporativ e-mail ünvanından istifadə edilməsi yolverilməzdir) və əmək müqaviləsinin 3.3-cü hissəsinin «d» bəndini (dövlət sirrini, Bankın kommersiya sirrini, eləcə də bank sirrini müəyyən olunmamış qaydada və şərtlərlə qorumaq) pozulmasına şərait yaratmışdır. Nöqsanın/kənarlaşmanın təsvirində qeyd olunmuşdur ki, xx.xx.2020-ci il tarixdə kiçik və orta biznes müştəriləri ilə iş şöbəsinin baş mütəxəssisi İddiaçı mövcud qanunvericiliyin tələblərini pozaraq bankın 317 müştəri bazasına aid məlumatları özündə əks etdirən excel faylı kənar mail-ə (Elektron ünvan ) göndərmişdir. Bu faylda müştərilərin CİF nömrəsi, VÖEN-i, RM, müştərinin adı, qeydiyyat tarixi və s. digər zəruri məlumatlar öz əksini tapmışdır. Məlumat üçün bildirilmişdir ki, əməkdaş İddiaçı xx.xx.2020-ci il tarixdə öz xahişi ilə işdən çıxmaq üçün ərizə yazmış, xx.xx.2020-ci il tarixi əməkdaşın bankda son iş günü olacaqdı və qeyd olunan məlumatların əməkdaş tərəfindən kənar e-mail ünvanlara göndərilməsi bank üçün müştəri itkisi riskini formalaşdırır. Əmək müqaviləsinə xitam verilməsi haqqında xx xxxxxxx 2020-ci il tarixli 2596 k saylı əmrdən görünür ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2020-ci il tarixdən Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən tutduğu vəzifədən azad edilməklə, xitam verilmişdir. Göründüyü kimi, iddiaçının Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən tutduğu vəzifədən azad edilməklə, onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi üçün qanuni əsas mövcud olmuşdur. İddiaçının işdən çıxmasına bir neçə gün qalmış bankın müştərilərinə aid məlumatları öz e-mail ünvanına göndərməsi qanunsuz olmaqla, həqiqətən bank üçün müştəri itkisi riskini formalaşdırır. İşin faktiki hallarından göründüyü kimi, tərəflər arasında bağlanmış əmək müqaviləsinə cavabdeh tərəfindən xitam verilərkən qanunvericiliyin tələblərinə riayət olunmuşdur. Cavabdeh qeyd olunan əmək müqaviləsinin ləğv edilməsi səbəbini qeyd etmiş, əmək müqaviləsinə xitam verilərkən iddiaçının qanunla qorunan hüquqları pozulmamışdır. İddia əsassızdır və təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh ASC-yə qarşı «əmrin ləğv edilməsi» tələbinə dair iddiası rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı «əmrin ləğv edilməsi» tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar