Məhkəmə qərarları › İş №2(006)-2120/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2120/2020

20.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - Girov müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2120/2020 20.10.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Ağayev Cavad Elşad oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı «X6»ın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «kreditin və kredit borcuna görə hesablanmış faizlərin ödənilməsi və tələbin girov qoyulmuş əmlaka yönəldilməsi» tələbinə dair ilk iddiası; Cavabdeh1 «X6»a qarşı «pul» tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı «X6» cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «kreditin və kredit borcuna görə hesablanmış faizlərin ödənilməsi və tələbin girov qoyulmuş əmlaka yönəldilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X2 və Cavabdeh2 xx.xx.2020-ci il tarixə olan 66.345 manat 20 qəpik (61.188 manat 52 qəpik əsas borc və 5.156 manat 68 qəpik faiz) məbləğində kredit borcunun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması və «X6» Bakı filialına verilməsi; həmin tələbin kreditin qaytarılmasının təminatı kimi Cavabdeh1 məxsus ünvan 1 ünvanda yerləşən mənzilə yönəldilərək hərrac vasitəsi ilə satılması; həmin mənzilin qiymətləndirilməsi; hərrac vasitəsi ilə satıldıqdan sonra «X6» Bakı filialına olan kredit borcunun ödənilməsi və satıldıqdan sonra bir ay müddətinə boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, iddiaçı «X6» Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, X2 və Cavabdeh2 71.888 manat 84 qəpik (61.188 manat 52 qəpik əsas borc və 10.700 manat 32 qəpik faiz) məbləğində kredit borcunun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması və «X6» Bakı filialına verilməsi; həmin tələbin kreditin qaytarılmasının təminatı kimi Cavabdeh1 məxsus ünvan 1 ünvanda yerləşən mənzilə yönəldilərək hərrac vasitəsi ilə satılması; həmin mənzilin qiymətləndirilməsi; hərrac vasitəsi ilə satıldıqdan sonra «X6» Bakı filialına olan kredit borcunun ödənilməsi və satıldıqdan sonra bir ay müddətinə boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 «X6»a qarşı «pul» tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, «X6» tərəfindən xx.xx.2018-ci il tarixli 58 saylı kredit müqaviləsindən kənar xx.xx.2020-ci il tarixdə Cavabdeh1 alınmış 6.141 manat 81 qəpik məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun «X6»dan onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı «X6» Bakı filialı iddia ərizəsini onunla əsaslandırmışdır ki, «X6» Bakı filialı ilə Cavabdeh1 arasında imzalanmış xx xxxx 2018-ci il tarixli 58 saylı kredit müqaviləsinə əsasən sonuncuya kreditdən istifadə haqqı illik 21 % ödəmək şərti ilə 36 ay müddətinə 80.000 manat məbləğində kredit verilmişdir. Həmin tarixdə verilmiş kreditin qaytarılmasının təminatı kimi bankla Cavabdeh1 arasında xx xxxx 2018-ci il tarixli 58 saylı ipoteka müqaviləsi və Cavabdeh2 ilə 147 saylı zaminlik müqaviləsi imzalanmışdır. Kredit müqaviləsinin 4.1-ci bəndinə əsasən borc alan ssuda hesabında qalıq əmələ gəldiyi gündən 1 ay sonradan başlayaraq hər ayın həmin günü ssuda borcu və ssuda borcuna hesablanmış faizlər də daxil olmaqla 3.014 manat 01 qəpik kredit ödəməli idi. Müqavilənin 4.2-ci bəndinə əsasən faizlər ssuda hesabında borc əmələ gələn gündən hesablanır və faizlərin ödənilməsi üçün əsas borc alanın ssuda və / və ya vaxtı keçmiş ssuda hesabından çıxarışlar təşkil edir. Bu müqavilənin 2.2-ci bəndinə əsasən borc alan tərəfindən kredit müqaviləsinin hər-hansı bir şərti pozulduqda bank verilmiş krediti hesablanmış faizlərlə birlikdə vaxtından əvvəl ödənilməsini tələb etmək hüququ vardır. Müqavilələrin şərtlərinə uyğun olaraq, borc alan müqavilə üzrə xx xxxxxx 2020-ci il tarixə banka kredit borcu üzrə 54.252 manat 18 qəpik ödəniş etməli idi. Lakin bu günə kimi borc alan tərəfindən banka olan borcundan 36.155 manat ödəniş həyata keçirmişdir. Bank tərəfindən borc alana kredit müqaviləsi üzrə öhdəlikləri yerinə yetirməsi üçün dəfələrlə yazılı və şifahi xəbərdarlıqlar olunmuşdur. Lakin borc alan kredit borcunu yerinə yetirməmişdir. Kredit müqaviləsinin 5.1-ci bəndinə əsasən kredit vaxtında ödənilmədikdə gecikdirilmiş hər bir gün üçün borc alan banka illik 31 % ödəməlidir. xx.xx.2020-ci il tarixə cavabdehin banka olan borcu müqavilə şərtlərinə əsasən hesablanmış faizlərlə birlikdə 66.345 manat 20 qəpik təşkil edir. Bundan 61.188 manat 52 qəpik əsas borc, 5.156 manat 68 qəpik faizdir. Cavabdehə dəfələrlə şifahi və yazılı müraciət edilərək, kredit müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsi tələb olunsa da, onun tərəfindən bu öhdəliklərin yerinə yetirilməsi üçün heç bir tədbir görülməmişdir. Cavabdeh1 ilə bağlanmış xx.xx.2018ci il tarixli 58 saylı kredit müqaviləsinin təminatı olaraq həmin tarixdə Cavabdeh1 arasında xx xxxx 2018-ci il tarixli 58 saylı ipoteka müqaviləsi və Cavabdeh2 arasında 147 saylı zaminlik müqaviləsi bağlanmışdır. Bank və ipoteka qoyan arasında imzalanmış ipoteka müqaviləsinə əsasən Cavabdeh1 məxsus olan ünvan 1 ünvanda yerləşən mənzil ipoteka olaraq təqdim edilmişdir. İpoteka müqaviləsi dövlət qeydiyyatına alınaraq, bu barədə reyestrdə müvafiq qeydlər edilmişdir. Məhz bu şəxslərin ipoteka qoyulmuş mənzildə qeydiyyatda olduqlarına görə onların cavabdeh qismində işə cəlb olunması vacibdir. Zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən zamin borc alan bank qarşısında öz öhdəliyini yerinə yetirənədək bank qarşısında borc alanla birlikdə məsuliyyət daşıyır. Zaminlik müqaviləsinin 4.1-ci bəndinə əsasən borc alan zaminliklə təmin olunmuş öhdəliyi təmin etmədikdə və ya lazımınca icra etmədikdə zamin bank qarşısında kredit borcu üzrə yaranmış bankın ilk tələbinə heç bir iddia irəli sürmədən dərhal ödəməyi öz öhdəsinə götürür. Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsində tutmanın əmlaka yönəldilməsi haqqında bildiriş qeydə alınmışdır. İpoteka müqaviləsinə görə təmin olunan tələblərin həcmi borcun əsas hissəsi, hesablanmış faizlər, borc alan tərəfindən öhdəliklərin yerinə yetirilməməsi səbəbindən ipoteka saxlayana dəyən zərərlər və həmçinin ipoteka saxlayan tərəfindən ipoteka predmetinə ödəniş yönəldilməsi ilə bağlı çəkilən əlavə xərclərdən ibarətdir. Bu müqavilənin 4.4-cü bəndinə əsasən borc alan tərəfindən kredit müqaviləsi üzrə öhdəliklər yerinə yetirilmədikdə və ya lazımınca yerinə yetirilmədikdə ipoteka saxlayanın ödənişi ipoteka predmetinə və həmin maddənin 3-cü hissəsinin tələblərinə görə, müqavilənin 4.1-ci bəndinin 3 və 4 abzaslarında göstərilmiş öhdəliklər yerinə yetirilmədikdə girov ilə təmin olunmuş öhdəliklərin müddətindən asılı olmayaraq ipoteka predmetinə ödəniş yönəltmək hüququ vardır. Borc alan ipoteka ilə təmin edilmiş öhdəliklərini yerinə yetirmədikdə və ya lazımınca yerinə yetirmədikdə, ipoteka saxlayanın alış qiymətinə bu müqavilənin 3.1-ci bəndində nəzərdə tutulmuş qaydada müəyyən edilmiş həcmdə öz tələblərini daxil etməklə ipoteka predmetini satmaq və ya öz adına keçirmək yolu ilə ödəniş yönəltmək hüququ vardır. Həmçinin bu müqavilənin 5.2-ci bəndinə müvafiq olaraq ipoteka saxlayanın ipoteka predmetini öz adına keçirərkən alış qiymətinin müəyyən edilməsi zamanı bu əqdin həyata keçirilməsi gününə müəyyən edilmiş qiymətdən çıxış edilir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, iş üzrə tərəflər arasında mövcud mülki mübahisənin düzgün və ədalətli həll edilməsi məqsədi ilə məhkəmə tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli qərardadı ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. Ekspertiza tədqiqatının nəticəsi olaraq Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 1429 nömrəli rəy üzrə ekspert Əli Abdullayev aşağıdakı nəticəyə gəlmişdir: «rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan hesabdan çıxarış məlumatlarına əsasən, Cavabdeh1 ilə «Melli İran» Bank arasında bağlanmış xx.xx.2018-ci il tarixli 58 saylı kredit müqaviləsi üzrə borc alanın «X6» Bakı filialına ödənilməli olan kredit borcu aşağıdakı kimi müəyyən edilmişdir: xx.xx.2020-ci il tarixə, əsas kredit borcu 61.080 manat 67 qəpik, faiz 4.738 manat 84 qəpik». Lakin Cavabdeh1 banka olan borcunu ödəmək üçün mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən mənzilini alğı-satqı müqaviləsi əsasında başqa şəxsə satmaq istədikdə bankdan razılıq ərizəsinin verilməsini xahiş etmişdir. Bankın əməkdaşları tərəfindən isə Cavabdeh1 borcunun 72.000 manat olduğu ona bildirilmiş və 72.000 manat ödədikdən sonra mənzilin satışına və mənzilin ipoteka ilə yüklülükdən çıxarılmasına razılıq verəcəklərini bildirmişlər. Cavabdeh1 də məcbur olub alıcını itirməmək üçün və borc məbləği barədə bankın dediklərinə inanaraq 71.961 manat 32 qəpik məbləğində pulu «X6»a ödəmişdir. Bundan sonra «X6» yuxarıda qeyd edilən mənzilə dair alğı-satqı müqaviləsinin bağlanmasına razılıq vermiş və Cavabdeh1 mənzilini satmışdır. Qarşılıqlı iddia ərizəsinə əlavə etdiyi 36 nömrəli ödəniş tapşırığından görünür ki, Cavabdeh1 tərəfindən xx.xx.2018-ci il tarixli 58 saylı kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixdə cəmi 71.961 manat 32 qəpik məbləğində ödəniş həyata keçirilmişdir. Göründüyü kimi, Cavabdeh1 xx.xx.2018-ci il tarixli 58 saylı kredit müqaviləsi üzrə «X6»a cəmi 65.819 manat 51 qəpik məbləğində borcunun olmasına baxmayaraq, bank tərəfindən aldadılaraq ondan xx.xx.2020-ci il tarixdə 71.961 manat 32 qəpik, yəni 6.141 manat 81 qəpik məbləğində artıq pul alınmışdır. Məhkəmə tərəfindən təyin edilmiş ekspertiza üzrə ekspert rəyini əldə etdikdən sonra Cavabdeh1 aydın olmuşdur ki, «X6» tərəfindən aldadılaraq ondan borcdan artıq məbləğdə pul tutulmuşdur. Ona görə də, Cavabdeh1 «X6»a qarşı qarşılıqlı iddia qaldırmaq hüququ yaranmışdır. Yəni, qarşılıqlı iddianın verilməsi üçün əsas ekspert rəyi verildikdən sonra yarandığına görə, Cavabdeh1 hazırkı məqamda qarşılıqlı iddia ilə məhkəməyə müraciət edir. Beləliklə də, xx.xx.2018-ci il tarixli 58 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 «X6»a heç bir borcu qalmamışdır. Əksinə, bank tərəfindən Cavabdeh1 6.141 manat 81 qəpik məbləğində artıq pul alınmışdır ki, həmin məbləğ də bank tərəfindən ona geri qaytarılmalıdır. Bu səbəbdən də, Cavabdeh1 qarşılıqlı iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. «X6» Bakı filialı qarşılıqlı iddia ərizəsinə etiraz təqdim edərək göstərmişdir ki, qarşılıqlı iddia ərizəsi əsassız olduğundan rədd edilməlidir. Belə ki, cavabdehlə aralarında bağlanmış xx.xx.2018-ci il tarixli kredit müqaviləsinə əsasən 36 ay müddətinə illik 21 % hesablanmaqla 80.000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 4.1-ci bəndinə əsasən cavabdeh hər ay 3.014 manat 01 qəpik ssuda borcu ödəməli idi. Lakin borc alan kredit müqaviləsi üzrə öhdəliklərini icra etmirdi. Cavabdeh öhdəliklərini icra etmədiyinə, ssuda borcunun ödənilməsi üçün aparılmış danışıqlar və rəsmi bildirişlər nəticə vermədiyinə görə borcun məcburi alınması üçün məhkəməyə müraciət olunmuşdur. Müqaviləyə uyğun olaraq iddia ərizəsi məhkəməyə təqdim olunan gün xx.xx.2020-ci il tarixə cavabdehin banka 61.188 manat 52 qəpik əsas ssuda borcu və ona hesablanmış 5.156 manat 68 qəpik faiz olmaqla, cəmi 66.345 manat 20 qəpik ssuda borcu vardır. Məhkəmənin xx.xx.2020-ci il tarixli 2(006)-2120/2020 saylı qərardadına əsasən komissiyon məhkəmə mühasibatlıq və məhkəmə-əmtəəşünaslıq ekspertizaları təyin olunmuş, ekspertizanın müvafiq rəyi daxil olanadək iş üzrə icraat dayandırılmışdır. Bundan sonra mülki işin icraatı bərpa edilmiş və növbəti məhkəmə iclası xx.xx.2020-ci il tarixə saat 12.40-a təyin olunmuşdur. Cavabdeh xx.xx.2020-ci il tarixdə banka ərizə yazaraq Cavabdeh1 xx.xx.2020-ci il tarixə borcu barədə arayış verilməsini xahiş etmiş, arayışın məqsədi kimi borcu tam ödəmək istəyini bildirmişdir. Bank cavabdehin müraciətinə əsasən ona ssuda borcu barədə məlumat vermiş və bu barədə arayış təqdim olunmuşdur. xx.xx.2020-ci il tarixli 2020/538 saylı arayışla Cavabdeh1 xx.xx.2020-ci il tarixdə banka 71.888 manat 84 qəpik borcunun olması qeyd olunmuş, arayış birbaşa Cavabdeh1 imzası alınmaqla ona təqdim olunmuşdur. Cavabdeh borcu barədə ona verilmiş izahata və təqdim olunmuş arayışa dair bu günədək heç bir etiraz irəli sürməmişdir, əksinə razılıq etmişdir. Daha sonra cavabdeh təkrar ərizə yazaraq ona məxsus və bankda girovda olan ünvan 2 M9, m.2 ünvanda yerləşən mənzilin alğısatqısına razılıq verilməsini xahiş etmişdir. Bank cavabdehin istəyinə əsasən ona notariat kontoruna təqdim etmək üçün girov əmlakın alğı-satqısına razılıq məktubu, borc alanın borcu və bu borcun köçürülməsi üçün bankın rekvizitləri barədə məktub təqdim olunmuşdur. Bundan sonra cavabdehlə girov əmlakı alan arasında alğı-satqı baş tutmuş və borcu xx.xx.2020-ci il tarixdə notariat ofisi tərəfindən köçürülmüşdür. Cavabdeh bu zaman da borcu barəsində ona təqdim olunmuş məktuba bu günədək heç bir etiraz etməmişdir. Cavabdehin bankdan tələb etdiyi 6.141 manat 81 qəpik pul vəsaiti cavabdehin banka olan xx.xx.2018-ci il tarixli müqavilə üzrə iddia məhkəməyə təqdim olunan xx.xx.2020-ci il tarixdək girov əmlakın alğı-satqısınadək – xx.xx.2020-ci il tarixədək olan dövr ərzində ona hesablanmış faizdir. Sonradan həmin faiz tələbi iddia tələbinin həcminin artırılması kimi ərizə ilə məhkəməyə təqdim olunmuşdur. Ona görə də, hesab edirlər ki, 6.141 manat 81 qəpik pul vəsaiti xx.xx.2018-ci il tarixli müqavilə üzrə iddia məhkəməyə təqdim olunan xx.xx.2020-ci il tarixdən – girov əmlakın alğı-satqısınadək – xx.xx.2020-ci il tarixədək olan dövr ərzində yarandığından, borc əvvəlcədən cavabdehə rəsmi qaydada təqdim olunduğundan və həmin dövrdə ona etiraz etmədiyindən, tam qanunidir. Cavabdehin sonradan bankdan pul tələbi əsassızdır. Aralarında bağlanmış xx.xx.2018-ci il tarixli 58 saylı kredit müqaviləsinin 3.2-ci bəndinin 2-ci hissəsinə və 5.1-ci bəndinə əsasən borc alan (cavabdeh) kredit, hesablanmış faizləri və cəriməni vaxtında ödəməlidir. Bu səbəbdən, qarşılıqlı iddianın rədd edilməsi xahiş edilmişdir. İddiaçının nümayəndəsi X3 məhkəmə iclasında ilk iddia tələbini müdafiə edərək, qarşılıqlı iddianı qəbul etmədi, ilk iddia ərizəsinin və qarşılıqlı iddiaya etirazın məzmununa uyğun izahat verdi və məhkəmədən ilk iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, onlar, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, ilk iddia və qarşılıqlı iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarından göründüyü kimi, tərəflər arasında xx xxxx 2018-ci il tarixli 58 saylı kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən «X6» Bakı filialı tərəfindən Cavabdeh1 illik 21 % ödəmək şərti ilə 36 ay müddətinə 80.000 manat məbləğində kredit verilmiş, kreditin təminatı kimi bankla Cavabdeh1 arasında xx xxxx 2018-ci il tarixli 58 saylı ipoteka müqaviləsi bağlanmış, Cavabdeh1 məxsus ünvan 1 ünvanda yerləşən mənzil ipoteka ilə yüklü edilmişdir. Kreditin təminatı kimi həmçinin bankla Cavabdeh2 arasında eyni tarixli 147 saylı zaminlik müqaviləsi bağlanmışdır. İddiaçı hazırkı iş üzrə ilk iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, mülki işə məhkəmədə baxılarkən ilk iddia üzrə cavabdeh ilk iddia üzrə iddiaçıdan borcun ümumi məbləğinə dair arayış almış, ilk iddia üzrə iddiaçı tərəfindən arayışda əsas borc və ilk iddia ərizəsi məhkəməyə təqdim olunandan sonrakı dövr ərzində hesablanmış faiz də daxil olmaqla ümumi borc barədə cavabdehə arayış təqdim edilmiş, cavabdeh bankın razılığı ilə mülkiyyətində olan, ipoteka predmeti kimi bank qarşısında yüklü edilmiş mənzili satmış, əldə edilmiş vəsaitdən ümumi borc məbləği həddində pul vəsaiti bankın hesabına köçürülmüşdür. Göründüyü kimi, ilk iddia üzrə tələblər tam şəkildə ödənildiyindən, ilk iddia təmin edilə bilməz. Həmçinin, qarşılıqlı iddia üzrə iddia tələbi əsassız olduğundan, cavabdeh tərəfindən iddiaçıya əlavə ödəniş edilmədiyindən, qarşılıqlı iddia da təmin edilə bilməz. Məhkəmə iş üzrə təyin edilərək, alınmış ekspert rəyinin qeyd edilməsinə zərurət görmür. Ödəniş qəbzlərindən görünür ki, məhkəməyə ilk iddia ərizəsi təqdim edilməsi üçün 30 manat, qarşılıqlı iddia ərizəsi təqdim edilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçı «X6»ın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «kreditin və kredit borcuna görə hesablanmış faizlərin ödənilməsi və tələbin girov qoyulmuş əmlaka yönəldilməsi» tələbinə dair ilk iddiası; Cavabdeh1 «X6»a qarşı «pul» tələbinə dair qarşılıqlı iddiası rədd edilməlidir. İlk iddia ərizəsi üzrə ödənilmiş 30 manat dövlət rüsumu ilk iddia üzrə iddiaçıya, qarşılıqlı iddia ərizəsi üzrə ödənilmiş 30 manat dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı «X6»ın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «kreditin və kredit borcuna görə hesablanmış faizlərin ödənilməsi və tələbin girov qoyulmuş əmlaka yönəldilməsi» tələbinə dair ilk iddiası; Cavabdeh1 «X6»a qarşı «pul» tələbinə dair qarşılıqlı iddiası rədd edilsin. İlk iddia ərizəsi üzrə ödənilmiş 30 manat dövlət rüsumu ilk iddia üzrə iddiaçıya, qarşılıqlı iddia ərizəsi üzrə ödənilmiş 30 manat dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar