Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2968/2020 15.09.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsinin hakimi Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, X3 qızının katibliyi, X1 iştirakı ilə İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs Dövlət Əmək Müfəttişliyi Xidmətini cəlb etməklə Cavabdeh qarşı «işdən azad olunma barədə əmrin ləğv edilməsi, işə bərpa, ödənilməmiş əmək haqqının, son haqq-hesabın və əmək müqaviləsinə xitam verildikdən sonra məcburi iş buraxma müddəti üçün əmək haqqının hesablanaraq ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs Dövlət Əmək Müfəttişliyi Xidmətini cəlb etməklə Cavabdeh qarşı «işdən azad olunma barədə əmrin ləğv edilməsi, işə bərpa, ödənilməmiş əmək haqqının, son haqq-hesabın və əmək müqaviləsinə xitam verildikdən sonra məcburi iş buraxma müddəti üçün əmək haqqının hesablanaraq ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Səbail rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Səbail rayon Məhkəməsi 2(009)-708/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadla mülki işi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə göndərmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, ünvan 1 ünvanında yerləşən şirniyyat evi adı altında fəaliyyət göstərən fərdi sahibkar Cavabdeh tərəfindən əmək fəaliyyətinə cəlb edilmiş, lakin bu günə kimi əmək haqqı ödənilməmişdir. Belə ki, iddiaçı xx.xx.2019-cu ildə 1 həftə maaş almamaq şərti ilə təcrübə keçmək üçün işə qəbul edilmiş, lakin, 4 gün təcrübə keçdikdən sonra 5-ci gün, yəni xx.xx.2019-cu il tarixdə iddiaçını işçi kimi tək növbəyə götürmüşlər. Bu tarixdən, yəni xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixə kimi həmin ünvanda satıcı işləmişdir. İşə qəbul zamanı iş saatının birinci növbə səhər saat 07:00-dan 16:00-a, ikinci növbənin isə saat 14:00-dan 23:00-a qədər, həftədə bir dəfə istirahət günü, növbə yoldaşı (Həsənova Zeynəb) istirahət götürən zaman isə səhər saat 07:00-dan gecə saat 23:00-a qədər (tam 16 saat, bu isə qeyri-qanuni iş saatıdır) 16 saat olmaqla tək işləyəcəyi haqqında məlumatlandırılmışdır. Lakin, buna baxmayaraq iddiaçı, işçi sayının az olması ilə əlaqədar (4 ünvanda mağaza olduğu üçün növbə yoldaşı Zeynəb də bəzən başqa mağazaya göndərildiyi üçün) işlədiyi müddətdə 17 gün olmaqla mağazada təkbaşına səhər 07:00-dan 23:00-a kimi iki növbə işləmişdir. Ümumilikdə iddiaçının 38 iş günü olmuş və 17 dəfə təkbaşına səhərdən axşama kimi işləmişdir. Burada işə düzələrkən mağaza sahibinin anası Fəridə xanım iclas keçirərək aylıq əmək haqqının 300 manat, səhərdən axşama kimi işlədiyi gün isə 20 manat hesablanacağını bildirmişdir. O, həm də əmək haqqının 10-15 gün gecikdirilə biləcəyini bildirmişdir. Həmin vaxt əmək müqaviləsi üçün iddiaçının şəxsiyyət vəsiqəsi də götürülmüşdür. Lakin, qanunsuz olaraq əmək müqaviləsi yalnız xx.xx.2019-cu il tarixdə sistemə yerləşdirilmişdir. İddiaçı işdə olan qanunsuzluqları görüb etiraz edən zaman Gülya xanım ərizə yazmalı olduğunu bildirmişdir. İddiaçı ərizə yazmaqdan imtina etdikdə isə ona əmək haqqını verməyəcəklərini bildirmişlər və ona xx.xx.2019-cu il tarixdə həm işə qəbul olmaq üçün, həm də işdən azad edilmək üçün ərizə yazdırmışlar. Həmin gün Gülya xanım kassir Vəfanın S.Vurğun küçəsi, ev 10B ünvanında olan mağazada olduğunu və maaşını oradan alacağıını bildirmişdir. Lakin, həmin ünvana gəlsə də əmək haqqı verilməmiş və bu barədə çoxsaylı dövlət orqanlarına şikayətlər ünvanlamış, şikayətləri əsasında araşdırma aparılmış və şikayətinin əsaslılığı öz təsdiqini tapmışdır. Nəticədə Müfəttişlik tərəfindən cavabdeh inzibati cərimə edilmişdir. İddiaçı qanunsuz işdən azad olunmuş, öz iradəsi ilə deyil, təzyiq altında yazdırdıqları ərizə ilə işdən azad edilmişdir. Təzyiq əmək haqqının verilməyəcəyini bildirməklə edilmişdir. İddiaçı hesab edir ki, əmək müqaviləsinə bu qaydada xitam verilməsi qanununsuz və əsassızdır, bu səbəbdən də əmək müqaviləsinə xitam verilməsi barədə əmr ləğv edilməli və iddiaçı işə bərpa edilməlidir. Həmçinin iddiaçıya ödənilməli olan əmək haqqı da hesablanıb ödənilməlidir. İşdən çıxana qədər 540 manat 70 qəpik, işdən çıxandan sonra isə məcburi iş buraxmaya görə əmək haqqı ödənilməlidir. Bu əsasdan cavabdeh tərəfindən verilmiş iddiaçının işdən azad edilməsi barədə əmrin ləğv edilməsi, iddiaçının satıcı kimi işə bərpa edilməsi, işlədiyi dövrdə ödənilməmiş əmək haqqı olan 540 manat 70 qəpik məbləğində pulun, son haqq hesabın, həmçinin əmək müqaviləsinə xitam verildikdən sonra məcburi iş buraxma müddəti üçün əmək haqqının hesablanaraq ödənilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəfindən cavabdehə və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Dövlət Əmək Müfəttişliyi Xidmətinə rəsmi qaydada bildiriş göndərilməsinə baxmayaraq iclasda iştirak etməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbləri qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişinin surətindən görünür ki, cavabdeh tərəfindən iddiaçı xx.xx.2019-cu il tarixdən əmək haqqı 180 manat olmaqla satıcı peşəsinə müddətsiz işə qəbul edilmişdir. İşdə olan MN seriyalı ******* saylı İnzibati xəta haqqında Protokoldan görünür ki, Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən cavabdeh tərəfindən iddiaçının işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişdir. Nəticədə cavabdeh tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İşə əlavə olunmuş MN seriyalı ******* saylı İnzibati tənbeh vermə haqqında Qərardan görünür ki, Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən cavabdeh tərəfindən iddiaçının işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən cavabdehə 4000 manat cərimə tətbiq edilmişdir. İşdə olan iddiaçının Dövlət Əmək Müfəttişliyi Xidmətinin 4 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinə verdiyi izahatından müəyyən olunur ki, iddiaçı xx xxxx 2019-cu il tarixdən cavabdehə məxsus ünvan 1 ünvanında yerləşən "Bibi" şirniyyat evində işə başlamış, aylıq əmək haqqı 300 manat olmaqla həftədə 1 gün istirahət günü olmuş, iş saatları növbəlik (1-ci növbə: 07:00-16:00, 2-ci növbə: 14:00-23:00) olmuş, tam növbə (07:00-23:00) işlədikdə isə həmin gün üzrə 20 manat əlavə maaş hesablanacağı bildirilmiş, xx xxxx 2019-cu il tarixdə ərizəsi əsasında işdən azad olunmuş, 17 gün tam növbə olmaqla ümumilikdə 38 gün işləmişdir. Beləliklə, məhkəmə müəyyən etmişdir ki, iddiaçı ilə cavabdeh arasında xx xxxx 2019-cu il tarixdən əmək münasibətləri mövcud olmuş, xx.xx.2019-cu il tarixdə bu münasibətlər rəsmiləşdirilmiş və xx.xx.2019-cu il tarixdə həmin münasibətlərə iddiaçının ərizəsi əsasında xitam verilmişdir. Cavabdeh tərəfindən iddiaçıya 540,70 manat məbləğində maaşı verilməmişdir. İddiaçı hazırda onun işdən çıxarılmasının qanunsuz olduğunu qeyd etməklə işdən çıxarılma barədə əmri mübahisələndirmiş, işə bərpa olunmasını, ödənilməmiş əmək haqqının, son haqq-hesabın və əmək müqaviləsinə xitam verildikdən sonra məcburi iş buraxma müddəti üçün əmək haqqının hesablanaraq ödənilməsini tələb edir. Məhkəmə iddia tələbinin "ödənilməmiş əmək haqqının ödənilməsi" hissəsinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 9-cu maddəsinin "d" və "e" bəndlərinə əsasən əmək müqaviləsi üzrə işçinin qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmayan əmək haqqı almaq, iş vaxtından artıq vaxtda işə cəlb olunduqda əlavə əmək haqqını almaq və ya onun verilməsini tələb etmək hüquqları vardır. İddiaçının cavabdehə məxsus şirniyyat evində işləməsi və maaş almaması iş materialları ilə müəyyən olunduğundan məhkəmə hesab edir ki, iddiaçının işlədiyi dövr üçün ödənilməmiş 540 manat 70 qəpik məbləğində əmək haqqı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iddia tələbinin «işdən azad olunma barədə əmrin ləğv edilməsi, işə bərpa və əmək müqaviləsinə xitam verildikdən sonra məcburi iş buraxma müddəti üçün əmək haqqının hesablanaraq ödənilməsi» hissələrinə münasibətdə hesab edir ki, iddiaçı hazırki tələblərini irəli sürmək üçün qanunvericiliklə müəyyən edilmiş müddəti ötürmüşdür. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 (bir) təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin maddənin 3-cü hissəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 1-ci bəndinə görə işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Həmin Məcəllənin 69-cu maddəsinin 4-cü bəndinə əsasən əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur. Həmin maddənin 7-ci bəndinə əsasən işəgötürən tərəfindən zor işlədilərək, hədəqorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır. Hazırki işin hallarından da göründüyü kimi, iddiaçı xx.xx.2019-cu il tarixdə işdən azad olunsa da, iddiaçı işdən azad olunmasına dair əmri yalnız xx.xx.2020-ci il tarixdə, yəni təqribən 6 aydan sonra məhkəmə qaydasında mübahisələndirmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, iddiaçı iddia ərizəsində, o cümlədən məhkəmə iclasında izahatında işdən azad olunmasına dair ərizəni öz iradəsi ilə deyil, təzyiq altında yazdığını bildirsə də, bu barədə hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 131-ci maddəsinin 1-ci bəndinə əsasən işçinin birinci iş ili üçün əmək məzuniyyətindən istifadə etmək hüququ əmək müqaviləsinin bağlandığı andan etibarən altı ay işlədikdən sonra əmələ gəlir. Məhkəmə iddia tələbinin "son haqq-hesabın ödənilməsi" hissəsinə münasibətdə qeyd edir ki, son haqq-hesab dedikdə istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr (işdən azad edilən işçilərə işdənçıxarma müavinəti və müxtəlif ödənişlər) başa düşülür. İş hallarından göründüyü kimi işlədiyi dövrdə iddiaçının iş ili üçün əmək məzuniyyətindən istifadə etmək hüququ yaranmamış, eyni zamanda iddiaçı öz ərizəsi əsasında işdən azad olunduğundan onun digər ödənişləri almaq hüququ yoxdur. Ödənilməli olan əmək haqqının ödənilməsini isə iddia tələbində cavabdehdən tələb etmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının ödənilməsini tələb etdiyi son-haqq hesab qeyri-müəyyən olduğundan iddia həmin hissədə təmin oluna bilməz. Yuxarıda qeyd olunan işin hallarını müzakirə edib, onlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, hazırki iş üzrə iddia qismən təmin edilməli, iddiaçının işlədiyi dövrdə ödənilməmiş əmək haqqı olan 540 manat 70 qəpik məbləğində pul vəsaiti cavabdehdən alınaraq iddiaçıya ödənilməli, iddiatələbiqalanhissədətəminedilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçı işlədiyi dövrdə ödənilməmiş əmək haqqı olan 540 manat 70 qəpik məbləğində pul vəsaiti Cavabdeh alınaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Xəlilov
Məhkəmə qərarları › İş №2(006)-2968/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2968/2020
15.09.2020 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr - Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver