Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3337/2020 29.09.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, Namazova Çinarə İmaməddin qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili X3, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı "pul tələbi"nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "pul tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Azərbaycanda yaşayan, hazırki Zirə Futbol klubunun ruminiyalı futbolçusu İddiaçı Skarlataçe ilk dəfə Azərbaycana 2011-ci ildə gəlmişdir. İddiaçı Azərbaycanın X9 klubu ilə xx xxxxxx 2011-ci il tarixdə, xx xxxx 2012ci il tarixdə, xx xxxxxx 2014-cü il tarixdə 2 illik xx xxxx 2014 - xx xxxx 2016-cı il dövrü əhatə edən peşəkar futbol müqavilə bağlamışdır. X9 Klubunun rəhbərliyi müqavilə üzrə öhdəliklərini yerinə yetirməmiş və bununla bağlı iddiaçı İdman üzrə Arbitraj Məhkəməsinə şikayət etmişdir.X2 Assosasiyasının (FİFA) nın X1 xx xxxx 2016-cı il tarixli qərarı ilə X9 Klubundan İddiaçı Skarlataçeyə 476.000 (dörd yüz yetmiş altı min) ABŞ dolları məbləğində pulun ödənilməsi əmr olunmuşdur.Həmin Qərarın Azərbaycan Respublikasında tanınması üçün iddiaçı Azərbaycanda Cavabdeh ilə xx xxxxxx 2016-cı iltarixli hüquqi yardım müqaviləsi bağlamışdır. Qeyd olunan müqaviləyə görə iddiaçı cavabdehə 23.800 ABŞ dolları məbləğində pul ödəmişdir. Bu məbləğin ödənilməsinə dair cavabdeh tərəfindən iddiaçıya AĞÜ 167787 saylı kassa mədaxil orderinin qəbzi verilmişdir. Bundan sonra İddiaçı Skarlataçenin Ali Məhkəməyə vəsatəti daxil olmuşdur.Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxx 2017-ci il tarixli qərardadı ilə həmin qərar tanınmış və məcburi icra olunması qərara alınmışdır. Bundan sonra Ali Məhkəmə tərəfindən qeyd olunan qərarın icra olunması üçün Lənkəran rayon İcra və Probasiya şöbəsinə icra vərəqəsi göndərilmişdir.Qeyd olunan icra vərəqəsinin icra olunması üçün icra məmuru Tural İsmayılov bir neçə icra tədbiri görməsinə baxmayaraq, heç bir nəticə əldə olunmamış, klubun maliyyəsinə, pullarına, gəlirinə heç bir aidiyyəti olmayan Eldar Bayramov bir neçə dəfə çağırılmış, sonda 1200 manat cərimə olunmuş, o qərar da hansısa yollarla Şirvan Apellyasiya Məhkəməsində ləğv olunmuşdur. Nümayəndə Cavabdeh bundan sonra hər hansı hərəkət etməməklə, yəniiddiaçını yarı yolda qoymuşdur. Cavabdeh iddiaçının əcnəbi vətəndaş olmağından və düşdüyü çıxılmaz vəziyyətdən istifadə edərək onu aldatmış, Azərbaycan qanunvericiliyində nəzərdə tutulmuş qaydada yalnız FİFA-nın qərarının Azərbaycanda tanınması üçün iddiaçıdan külli miqdarda pul almışdır. Sonradan iddiaçı başa düşmüşdür ki, aldadılmışdır.Belə ki, Cavabdeh ilə aralarında bağlanmış müqavilənin 1.1-ci bəndində sadalananlardan yalnız FİFA tərəfindən qəbul olunmuş qərarın Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən tanınmasının təmin olunmasında iştirak etmişdir. Qalan sadalanan heç bir öhdəliyi yerinə yetirməmişdir, müqavilədə də qeyd olunduğu kimi Xəzər Lənkəran klubunun rəhbərləri Tuyqun Nadirov və Mais Qurbanovdan heç nə tələb etməmişdir. Bu da onların asanlıqla iddiaçıya məxsus olan pullarının mənimsənilməsində yardımçı olmuşdur. Baxmayaraq ki, Cavabdeh dəfələrlə bunu edəcəyini bildirmişdir. Bütün bunlardan sonra iddiaçının pulunu qaytarmamaqla yanaşı, ona məxsus olan sənədlərini də qaytarmamışdır. Belə olan halda cavabdeh tərəfindən aralarında bağlanmış müqavilə yerinə yetirilməmiş sayılır və cavabdeh iddiaçıya müqavilə üçün ödədiyi bütün pulları geri qaytarmalıdır. Hətta iddiaçı cavabdehin vəkil olduğunu düşünmüşdü. Cavabdeh isə Vəkillər Kollegiyasının üzvü belə deyilmiş. Tərəflər arasında bağlanmış müqavilənin 2.4, 3.1 -ci bəndlərinə əsasən cavabdeh ən azı 11800 ABŞ dollarını iddiaçıya geri qaytarmalı idi. Belə ki, müqavilədə dənəzərdu tutulduğu kimi iddiaçıya ödənilməli olan 476.000 ABŞ dollarının son ödənilmə tarixi xx xxx 2017-ci il tarixi kimi qeyd edilmiş, əks halda o, 11800 ABŞ dolları geri qaytarmalı idi. Ötən müddət ərzində dəfələrlə iddiaçı cavabdehdən ödənilməli olan pulu tələb etsə də, o, buna məhəl qoymamışdır. Həmçinin ona təqdim edilmiş heç bir sənədləri geri qaytarmamışdır. Cavabdehin iddiaçıya vurduğu maddi ziyan nəticəsində iddiaçı mənəvi olaraq sarsıntı və stress keçirmişdir. Göstərilənlərə əsasən Cavabdeh iddiaçının xeyrinə 23.800 ABŞ dolları məbləğində pulun, həmçinin 20.000 manat mənəvi ziyanın, eləcə də dövlət rüsumu üçün ödənilmiş 30 manat pulun tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili X4 iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia ərizəsinə etiraz təqdim edərək göstərmişdir ki, o, iddiaçı ilə bağladığı hüquqi yardım haqqında müqavilə üzrə öz üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi üçün bütün tədbirləri görmüş, FİFA-nın qərarını Ali Məhkəmədə tanınması və məcburi icraya yönədilməsi prosesində, həmçinin icra prosesində iştirak etmişdir. Lakin “Xəzər – Lənkəran” futbol klubunun kifayət qədər əmlakı olmadığına görə qeyd olunan qərarın tam icrası mümkün olmamışdır. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində bildirmişdir ki, o, iddiaçını 2013-cü ildən tanıyır. İddiaçı cavabdeh arasında hüquqi yardımın göstərilməsi ilə bağlı müqavilə bağlanmışdır. Müqavilə əsasında iddiaçı cavabdehə 23.000 ABŞ dolları məbləğində pul ödəmişdir. Cavabdeh iddiaçıya ayrı-ayrı vaxtlarda pul ödəmişdir. Lakin ödəniş onun yanında olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində bildirmişdir ki, o, iddiaçının sürücüsü olmuşdur. Cavabdeh iddiaçıya təqdim edilməsi üçün ayrı-ayrı vaxtlarda 4000 manat, 2000 manat, 600 ABŞ dolları pul vermişdir. İddiaçı əksər vaxt məşqlərdə və ya öz ölkəsində olurdu. Cavabdeh həmin pulu şəxsən vermişdir və o, bununla əlaqədar sənədə imza etmişdir. İş materiallarında olan Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx xxxxxx 2016-cı il tarixli “hüquqi yardım göstərilməsinə dair müqavilə”dən görünür ki, sifarişçi bu müqavilədə nəzərdə tutulmuş həcmdə və şərtlərlə hüquqi xidməti göstərməyi icraçıya tapşırır, icraçı isə həmin işin yerinə yetirilməsi öhdəliyini öz üzərinə götürür. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən “icraçı” öz bilik və bacarığı sayəsində Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinin tətbiq edilməsi ilə və “sifarişçi”-nin tapşırığına əsasən onunla “X9 Klubu” MMC arasında bağlanmış xx xxxxxx 2011-ci il, xx xxxx 2012-ci il, xx xxxxxx 2014-cü il və xx xxxx 2014-cü il tarixli “Peşə Müqavilə”- lərindən irəli gələn “X9 Klubu” MMC-nin öz müqavilə öhdəliyinin lazımınca icra etməməsi məsələsinin tənzimlənməsi məqsədi ilə ona hüquqi yardım göstərməyi və “sifarişçi”-nin təqdim etdiyi FİFA- nın X1 xx xxxx 2016-cı il tarixli Qərarının Azərbaycan Respublikasının Ali Məhkəməsində məcburi icra olunması və tanınmasını təmin etməyi, qanunvericilik çərçivəsində bu mümkün olmadıqda “sifarişçi” ilə yeni müqavilə bağlayaraq onu etibarnamə əsasında yerli məhkəmələrdə təmsil etməyi öz üzərinə götürür. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2017-ci il tarixli, 10(102)-40/2017 saylı qərardadı ilə vəsatət təmin edilmiş, X2 Assosiasiyasının (FİFA-nın) X1 xx xxxx 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasında tanınması və məcburi icra edilməsi qərara alınmışdır. Hazırki iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır (Mülki Məcəllənin 405.1-ci maddəsi). Eyni Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Qeyd olunan Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 425.1-ci maddəsinin tələbinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Qeyd olunan Məcəllənin 425.2-ci maddəsinin tələbinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Göründüyü kimi tərəflər hüquqi xidmət göstərilməsinə dair müqavilədə göstərilən şərtlərlə razılaşaraq həmin müqaviləni bağlamışlar. Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Həmin Məcəllənin 777.2-ci maddəsinə görə tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Eyni Məcəllənin 783.1-ci maddəsinə görə vəkalət verən vəkalət alanın tapşırığı vicdanla icra edərkən çəkdiyi xərclərin əvəzini, o cümlədən faizləri ödəməli və onu bu məqsədlə götürdüyü öhdəliklərdən azad etməlidir. Vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir (həmin Məcəllənin 783.2-ci maddəsi). Beləliklə, iş materiallarından göründüyü kimi tərəflər arasında hüquqi yardımın göstərilməsi ilə əlaqədar tapşırıq müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 2.4-cü bəndinə əsasən “icraçı” 476.000 ABŞ dolları həcmində borc məbləğinin “sifarişçi”yə ödənilməsini təmin edə bilmədiyi halda o, avans kimi ona ödənilmiş 23800 ABŞ dolları məbləğindən 12000 ABŞ dolları həcmində hissəsini cari xərclərini qarşılamaq üçün özündə saxlayaraq qalan məbləği “sifarişçi”yə qaytaracaqdır. Qeyd olunan müqavilənin 3.1-ci bəndinə əsasən “icraçı”nın bu müqavilə üzrə öz öhdəliklərinin yerinə yetirməsi üçün axırıncı müddət xx xxx 2017-ci il tarixli müəyyən edilir. Həmin müddətə qədər 476.000 ABŞ dolları həcmində borc məbləği “sifarişçi”yə ödənilməzsə, onda “icraçı” ona ödənilmiş avans məbləğindən 11800 ABŞ dolları hissəsini “sifarişçi”yə qaytarmağa dair öhdəlik götürür. Göründüyü kimi cavabdeh iddiaçı ilə aralarında bağlanmış müqaviləyə əsasən öhdəliklərinin tam yerinə yetirmədiyi halda ona ödənilmiş avans məbləğinin 11800 ABŞ dolları hissəsini iddiaçıya geri qaytarmağı öhdəsinə götürmüşdür. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh iddiaçı ilə aralarında bağlanmış müqavilənin 1.1-ci bəndini qismən icra edərək, X2 Assosiasiyasının (FİFA-nın) X1 xx xxxx 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasında tanınmasına nail olmuş, lakin icra edilməsinə nail olmamışdır. Məhkəmə iddia tələbinin “20.000 manat mənəvi ziyanın tutulması” hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi həmin hissədə əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsində göstərilmişdir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Eyni zamanda, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» xx xxx 2002-ci il tarixli qərarında qeyd edilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyriəmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ və sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətləri) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərərin tələbi ilə əlaqədar məhkəmə qeyd etməyi zəruri hesab edir ki, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu xx xxxxxx 2008-ci il tarixli 7 saylı Qərarının 8-ci bəndində izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkənin hansı mənəvi sarsıntı və istirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddı formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. İddiaçı isə ona mənəvi zərərin vurulduğunu bildirsə də, Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd olunan qərarının müddəalarına və Azərbaycan Respublikası MPM-in 89-cu maddəsinə uyğun qaydada bunu sübuta yetirə bilməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 11800 (on bir min səkkiz yüz) ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) məbləğində pul alınaraq İddiaçı ödənilməli, məhkəmə xərcləri iş üzrə tərəflər arasında bölüşdürülməli və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun 15 (on beş) manatı cavabdehdən tutularaq iddiaçıya verilməli, qalan 15 (on beş) manatı isə iddiaçıya aid edilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 11800 (on bir min səkkiz yüz) ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) məbləğində pul alınaraq İddiaçı ödənilsin. Məhkəmə xərcləri iş üzrə tərəflər arasında bölüşdürülsün və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun 15 (on beş) manatı cavabdehdən tutularaq iddiaçıya verilsin, qalan 15 (on beş) manatı isə iddiaçıya aid edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2(006)-3337/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3337/2020
29.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver