Məhkəmə qərarları › İş №2(006)-793/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-793/2021

15.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Girov müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-793/2021 15.03.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh LPO QSC «xxxx» KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı «evin qeyri-qanuni olaraq xx xxxxxx 2007-ci il tarixdə QSC «xxxx» KB-yə girov qoyulması, evin 2016-cı ilin sentyabr ayından bağlanan QSC «xxxx» KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan girovluqdan çıxarılması və mülkiyyətçiyə qaytarılması» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh LPO QSC «xxxx» KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı «evin qeyri-qanuni olaraq xx xxxxxx 2007-ci il tarixdə QSC «xxxx» KB-yə girov qoyulması, evin 2016-cı ilin sentyabr ayından bağlanan QSC «xxxx» KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan girovluqdan çıxarılması və mülkiyyətçiyə qaytarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 20.1.2-ci maddəsinin tələblərinə əsasən barışıq sazişi təsdiq edilməsi yolu ilə banka olan borcun ona aidiyyatının olmamasına baxmayaraq, kirayə haqqı ödəməkdənsə, 22.423 manat borcun ödənilməsini öhdəsinə götürməsini nəzərə alıb, evinin qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, birgə mülkiyyətdə olan ünvan 1 ünvanlı evin üzərində onun adından hər hansı hərəkətin edilməsi üçün həyat yoldaşı (nikah Xətai rayon Məhkəməsinin qərarı ilə ləğv edilmişdir) Xəlilova Lətifə Nurəddin qızı heç bir səlahiyyət verilməmişdir. Sonuncu, bu hərəkətləri özbaşına, onun razılığı olmadan etmişdir. Beləliklə, onun etibarından sui-istifadə edərək, onlara ər-arvada məxsus ev ondan xəbərsiz, tanımadığı iş adamı tərəfindən ələ keçirilmişdir. Həmin iş adamı xx xxxxxx 2007-ci il tarixdə onun xəbəri olmadan, onlara məxsus evə mülkiyyət hüququ əldə etmiş və evi özününküləşdirmişdir. Sonra isə, Lətifə Xəlilovanın həmin şəxsə heç bir borcu olmadığına görə Lətifəyə xx xxxxxx 2007-ci il tarixdə 3 illik etibarnamə vermişdir ki, evi sata bilər. Bu əməliyyat baş tutmamış, ev satılmış və 8 gün sonra, yəni xx xxxxxx 2007-ci il tarixdə həmin etibarnamə ilə ev QSC «xxxx» KB-yə girov qoyulmuşdur və onu aldadaraq imza etdirmişlər. Həmin etibarnamə 1 il sonra, yəni xx xxxxxx 2008-ci il tarixdə Emin Abbasovun şəxsi ərizəsinə əsasən ləğv edilmişdir. Nəticədə qeyri-qanuni olaraq girov qoyulan evə görə QSC «xxxx» KB-nin Nəsimi rayonu 4 saylı filialının işçiləri tərəfindən qeyri-qanuni verilən 51.600 manat kreditdən 9.288 manat 18 % bankda saxlanılmışdır. Razılaşmaya görə Lətifəyə 10.000 manat əvəzinə 15.000 manat banka ödəməli imiş, ancaq 14.648 manat ödəmişdir. Qalan 32.312 manatı Emin Abbasov özü götürmüş və banka 35.820 manat ödəmişdir. Beləliklə, onun əmlakının hesabına qeyri-qanuni olaraq bankdan aldığı kredit məbləğindən Emin Abbasov öz ehtiyaclarını maliyyələşdirmiş və fəhlələrinə əmək haqqı vermişdir. Hazırda, LPO QSC «xxxx» KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun məlumatına görə kreditdən yaranmış faiz borcu 22.423 manat 82 qəpik təşkil edir. Bütün bunlar ona 2009-cu ilin fevral ayından sonra məlum olmuşdur. Bu vaxta kimi o, yarımçıq tikili olan evi tikib qurtarmışdır. Həmin tikinti tamamlama işlərinə 40.000 manat vəsait sərf etmişdir. Bildirir ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx xxxxxx 2011-ci il tarixli 2(011)-201/2011 saylı, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2012-ci il tarixli 2(103)-2035/2012 saylı qətnamələrinə və Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2013-cü il tarixli 2(102)-3178/2013 saylı qərarına əsasən Bakı şəhəri Xətai rayonu 2-ci Zeytun sovxozu Naximov küçəsi 2-ci döngə 110 D saylı fərdi yaşayış evi açıq hərracda satılması əldə edilmiş məbləğdən 22.423 manat 82 qəpik məbləğində pulun QSC «xxxx» KB-nin xeyrinə tutulması və Abbasov Emin Şıxı oğlunun göstərilən fərdi yaşayış evi satıldıqdan bir ay sonra evdən çıxarılması qət edilmişdir. Həmin borca görə ev hərracda dəfələrlə satışa çıxarılsa da, satılmamış və satış üzrə Hərrac Mərkəzinin 01/1961 saylı xx xxxx 2015-ci il tarixli məktubu ilə Xətai rayon İcra Şöbəsinə geri qaytarılmışdır. İcra şöbəsi xx xxxx 2016-cı il tarixli qərarı ilə xx xxxx 2016-cı il tarixli 23409 saylı məktubla işə baxılması üçün Xətai rayon Məhkəməsinə müraciət etmişdir. Həmin məsələ ilə əlaqədar olaraq Xətai rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(001)-222/2018 saylı qətnaməsində işə baxılmış və təklif edilmişdir ki, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 20.1.2-ci maddəsinə əsasən məhkəmə tələbkar və borclu arasında barışıq sazişini təsdiq etdikdə icra sənədi üzrə icraata xitam verilə bilər. Göründüyü kimi, icra sənədi üzrə müvafiq barışıq sazişini öz aralarında onun tərəfindən razılıq təklifi olunsa da, qarşı tərəf razılaşmamışdır. Aydındır ki, ləğv planında QSC «xxxx» KB-də uzun illər boyu baş vermiş kobud qanun pozuntuları ətrafı təsbit edilmişdir. Bankın keçmiş idarə heyəti sədrləri X8 Nəsibov bankın müflisləşməsində günahkardırlar. Əvvəl də qeyd etdiyi kimi əslində bu yarımçıq tikili 2007-ci ildə QSC «xxxx» KB-də girov qoyulmalı deyildi. Ona görə də, ƏMDK-dan ayrı-ayrı vaxtlarda alınmış, 7 cavab məktublarında həmin yaşayış evinin ilkin hüquqi qeydiyyata alınmasına əsas olan sənədlər aşkar edilməmişdir. Onun QSC «xxxx» KB-nin rəhbərliyinə çoxsaylı müraciətləri və iradları olmuşdur. Dəfələrlə onların qəbulunda olmuşdur. Söz vermişlər ki, tədbir görəcəklər. Təəssüflər olsun ki, heç bir tədbir görməmişlər. Ondan çox sonunculara müraciət edən yox idi. Dəfələrlə sonunculara evin özbaşına yarımçıq tikili olduğunu və dövlət reyestrində qeydiyyatı olmadığı barədə sənədləri təqdim etmişdir. Onun bankın rəhbərliyinə həmişə iradları olmuşdur. Çünki, sonuncuların öz işlərində çoxlu sayda çatışmamazlıqlar olmuşdur.Ona görə ki, dələduzlar bankdakı əli əyri kadrlarla əlbir olub kimə və necə gəldi krediti paylamışlar, həmin kreditlər də indi qaytarılmır. Məlumdur ki, ləğv planında QSC «xxxx» KB-də uzun illər baş vermiş kobud qanun pozuntuları ətraflı təsbit edilmişdir. Belə ki, 1, 2 milyard manat borcu olan bankın cəmi 196 milyon manatlıq əmlakı var. Bu isə o deməkdir ki, yəni zərər 1 milyard manatdan çoxdur. Bankın keçmiş idarə heyəti sədrləri X8 Nəsibov bankın müflisləşməsində günahkardırlar. Ona görə də, Baş prokurorluq tərəfindən Səlim Kriman axtarışa verilib. Məhz bu və digər səbəbdən də, QSC «xxxx» KB 2016-cı ilin sentyabr ayında bağlanmalı oldu. Nəticəsi də odur ki, onun kimi şəxslər evsiz-eşiksiz qalmışlar. Bütün bununla yanaşı həmişə çalışmışdır ki, məhkəməyə qədər barışıq yolu ilə məsələni həll etsinlər. Təəssüflər olsun ki, təqsirkarlar işə mane olmuşlar. Nəticədə 22.423 manat faizə görə ev 10 ildən çoxdur ki (vaxtı keçmiş borc kimi), hazırda LPO QSC «xxxx» KB-nin ləğvedicisi ƏSF-də girov olaraq qalır. Əgər onun xahişlərini vaxtında qəbul etsə idilər, o, indiyə kimi həmin borcu çoxdan ödəyib qurtarmışdı. İndi isə əslində həmin borcun ona heç bir aidiyyatı yoxdur. İddia ərizəsinə əlavə edilən hər bir sənədlərdə bankla əlaqədar olaraq fikrilərini və tövsiyələrini bildirmişdir. Ona köməklik edilməsini xahiş etmişdir. Çox təəssüflər olsun ki, 50 il dövlətə sədaqətlə xidmət edəsən və bu ahıl 78 yaşında üzləşdiyi ədalətsiz məhkəmə qərarları nəticəsində xx xxxxxx 2010-cu il tarixdən etibarən 10 ildir ki, dələduzlar ucbatından 2 nəvəsi ilə evsiz qalmışdır, başqa yaşayış yerləri yoxdur. Ailəsi dağılmış, həyat yoldaşı ilə xx xxxxxx 1973-cü ildə bağlanan nikah ləğv edilmişdir. Bütün bunlar da keçmiş QSC «xxxx» KB-nin rəhbərliyinin böyük günahı vardır. Bank onun yaşayış tərzinə həm maddi, həm də mənəvi ziyan vurmuşdur. Əsas pretenziyalar bunlardan ibarətdir. Onların evinə 10 ildir ki, evi ələ keçirən Abbasov Emin Şıxı oğlu (2020-ci ilin iyul ayında vəfat etmişdir) Beyləqan rayonundan olan 8 km. bazarında paltar ticarəti ilə məşğul olan Vüqar adlı kirayənişin yerləşdirilib (mob. tel. 070 646 77 27). 2016-cı ildə həmin kirayənişinlə söhbət zamanı məlum olmuşdur ki, o, Emin Abbasovu tanımır. Eləcə də, hər ay 180 manat kirayə pulunu almağa gələn şəxsin kim olduğunu tanımadığını və yalnız mobil telefon nömrəsinin 055 499 82 48 olduğunu bildirmişdir. Bir sözlə, onun 5 il yaşadığı evi ilə 10 ildir ki, biznes planı qurublar. O isə, nəvələri ilə kirayədə qalaraq 10 il ərzində 45.000 manatdan çox kirayə haqqı ödəmişdir. Bildirir ki, ona edilən ədalətsizlik və haqsızlıqlar üzündən ailəsi dağılmış, nəticədə həyat yoldaşı ilə nikah ləğv edilmiş, əmlakları yararsız hala düşmüşdür. Ümumiyyətlə, ona 100.000 manatdan çox ziyan dəymişdir. İddiaçı1 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X5 məhkəmə iclasında iddianı qəbul etmədi və məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçıların və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx xxxxxx 2011-ci il tarixli 2(011)-201/2011 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı Abbasov Emin Şıxı oğlunun cavabdehlər QSC «xxxx» KB-yə, Xəlilova Lətifə Nurəddin qızına, İddiaçı1 və X4 qarşı «ipoteka və kredit müqavilələrinin etibarsız hesab edilməsi, ipoteka yüklülüyünün əmlak üzərindən götürülməsi, banka ödənilmiş 35.820 manat pulun Abbasov Emin Şıxı oğluna qaytarılması, kredit öhdəlikləri Xəlilova Lətifə Nurəddin qızının üzərində saxlanılmaqla onunla QSC «xxxx»xxxx» tələbinə dair iddiası təmin edilməmiş, QSC «xxxx» KB-nin cavabdehlər Xəlilova Lətifə Nurəddin qızına, Abbasov Emin Şıxı oğluna, İddiaçı1 və X4 qarşı «Xəlilova Lətifə Nurəddin qızından 18.159,79 manat məbləğində əsas borcun, 1.728,06 manat məbləğində faizin, 2.535,97 manat məbləğində cərimənin, ümumilikdə 22.423,82 manat məbləğində borcun və ödənilmiş 20 manat dövlət rüsumunun tutulmasına, tutmanın QSC «xxxx» KB qarşısında ipoteka ilə yüklü edilmiş Abşeron rayonu 2 saylı Zeytun sovxozu Naximov küçəsi 2-ci döngədə 0,01095 ha torpaq sahəsində yerləşən 2 saylı, 3 otaqlı, 53,4 m2 yaşayış, 111,6 m2 köməkçi sahədən ibarət 10D saylı fərdi yaşayış evinə yönəldilməsinə, ipoteka qoyan və onunla birlikdə yaşayan X1, İddiaçı1, X2 və digər şəxslərin evdən çıxarılması və fərdi yaşayış evinin açıq hərracdan satılması» tələbinə dair qarşılıqlı iddiası qismən təmin edilmiş, Xəlilova Lətifə Nurəddin qızından 18159,79 manat əsas borc, 1728,06 manat faiz, 2 535 ,97 manat cərimə, cəmi 22.423,82 manat borcun və ödənilmiş 20 manat dövlət rüsumunun tutulması, tutmanın ipoteka predmeti olan Abşeron rayonu 2 saylı Zeytun sovxozu Naximov küçəsi 2ci döngədə 0,01095 ha torpaq sahəsində yerləşən 2 saylı 3 otaqlı 53,4 m2 yaşayış, 111,6 m2 köməkçi sahədən ibarət 10D saylı fərdi yaşayış evinə yönəldilməsi, evin açıq hərracda satılaraq əldə olunmuş məbləğdən 22.443,82 manat pulun QSC «xxxx» KB-nin xeyrinə tutulması, Abbasov Emin Şıxı oğlunun Abşeron rayonu 2 saylı Zeytun sovxozu Naximov küçəsi 2-ci döngədə 0,01095 ha torpaq sahəsində yerləşən 2 saylı, 3 otaqlı, 53,4 m2 yaşayış, 111,6 m2 köməkçi sahədən ibarət 10D saylı fərdi yaşayış evi satıldıqdan bir ay sonra evdən çıxarılması qət edilmiş, QSC «xxxx» KB-nin qarşılıqlı iddiası qalan hissədə rədd edilmiş, cavabdeh Xəlilova Lətifə Nurəddin qızının Abbasov Emin Şıxı oğluna qarşı «Abşeron rayonu 2 saylı Zeytun sovxozu Naximov küçəsi 2-ci döngə 110D saylı evin alğısatqısı zamanı ödəmədiyi 95.000 ABŞ dolları məbləğində pulun alınıb ona verilməsi, Abbasov Emin Şıxı oğlu tərəfindən xx xxxxxx 2007-ci il tarixli ipoteka müqaviləsi üzrə QSC «xxxx» KB-yə ödənilmiş 35.820 manat pulun Abbasov Emin Şıxı oğlunun özünə aid edilməsi» tələbinə dair qarşılıqlı iddiası - Abbasov Emin Şıxı oğlundan 19808,18 manat borcun və ödənilmiş 20 manat dövlət rüsumunun alınaraq Xəlilova Lətifə Nurəddin qızına verilməsi hissəsində təmin edilmiş, cavabdeh Xəlilova Lətifə Nurəddin qızının qarşılıqlı iddiasının qalan hissəsi rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2012-ci il tarixli 2(103)- 2035/2012 saylı qətnaməsi ilə Abbasov Emin Şıxı oğlunun və Xəlilova Lətifə Nurəddin qızının apellyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx xxxxxx 2011-ci il tarixli qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2012-ci il tarixli 2(102)-4295/2012 saylı qərarı ilə iddiaçı Abbasov Emin Şıxı oğlunun kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2012-ci il tarixli qətnaməsi - Abbasov Emin Şıxı oğlundan 19.808 manat pulun tutulması barədə Xəlilova Lətifə Nurəddin qızının qarşılıqlı iddiasının təmin olunması hissəsi ləğv edilmiş, işin həmin hissəsi yeni apellyasiya baxışına göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxx 2013-cü il tarixli 2(103)- 1460/2013 saylı qətnaməsi ilə Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx xxxxxx 2011-ci il tarixli qətnaməsinin - Abbasov Emin Şıxı oğlundan 19.808 manat pulun Xəlilova Lətifə Nurəddin qızının xeyrinə tutulması hissəsi ləğv edilmiş, həmin iddia tələbi rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2013-cü il tarixli 2(102)-3178/2013 saylı qərarı ilə cavabdeh Xəlilova Lətifə Nurəddin qızının kassasiya şikayəti rədd edilmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxx 2013-cü il tarixli qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. Göründüyü kimi, tərəflər arasında məhkəmə mübahisələri olmuş, mübahisə üzrə qəbul edilmiş qanuni qüvvəyə minmiş məhkəmə aktları var. Bundan başqa, iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair mötəbər sübutlar təqdim etməmişdir. Bu səbəbdən, iddia təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh LPO QSC «xxxx» KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı «evin qeyri-qanuni olaraq xx xxxxxx 2007-ci il tarixdə QSC «xxxx» KB-yə girov qoyulması, evin 2016-cı ilin sentyabr ayından bağlanan QSC «xxxx» KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan girovluqdan çıxarılması və mülkiyyətçiyə qaytarılması» tələbinə dair iddiası rədd edilməlidir. Ödənilmiş 10 manat dövlət rüsumu iddiaçılara aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh LPO QSC «xxxx» KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı «evin qeyri-qanuni olaraq xx xxxxxx 2007-ci il tarixdə QSC «xxxx» KB-yə girov qoyulması, evin 2016-cı ilin sentyabr ayından bağlanan QSC «xxxx» KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan girovluqdan çıxarılması və mülkiyyətçiyə qaytarılması» tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş 10 manat dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar