Məhkəmə qərarları › İş №2(009)-1739/2020

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1739/2020

23.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1739/2020 23.09.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim İlkin Şahin oğlu Rüstəmlinin sədrliyi, Deputat Süleyman oğlu Tomayevin katibliyi, İddiaçının nümayəndəsi Sultanlı Mələk Rövşən qızının iştirakı ilə, İddiaçı “İddiaçı Sığorta” ASC-nin Cavabdeh qarşı «subroqasiya qaydasında pul» tələbi barədə iddiası üzrə mülki işə Bakı şəhərində açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı “İddiaçı Sığorta” ASC – Cavabdeh qarşı «subroqasiya qaydasında pul» barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 15,638 manat sığorta ödənişi məbləğinin və 30,40 manat dövlət rüsumunun, cəmi 15668,40 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulub iddiaçı “İddiaçı Sığorta” ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki,xx xxxxxx 2018-ci il tarixdə ünvan 1 saylı ünvanda yerləşən X2 məxsus 21 saylı mənzilə həmin ünvanda yerləşən 24 saylı mənzilin sakini tərəfindən yanğın təhlükəsizliyi qaydalarına rayət edilməməsi nəticəsində yanğın hadisəsi baş verərək sığortalı əmlaka maddi zərər vurulmuşdur. FHN-nin DYNX-nin 2-ci Ərazi xx.xx.2018-ci il tarixli Yanğın Haqqında aktında göstərilmişdir ki, ünvan 1 saylı ünvanda yerləşən 24 saylı mənzildə kamin tipli təbii qaz sobasının tüstü bacasının həddən artıq qızaraq həmin ünvanda yerləşən 21 saylı mənzilin tavanının yanar konstruksiyalarını alışdırması yanğın hadisəsinin baş verməsinə səbəb olmuşdur. Müstəqil ekspert rəyinə görə mənzilə 15,906 manat ziyan dəymişdir. 250 manat azadolma məbləği və 18 manat bərpa məbləği çıxılmaqla 15,638 manat ödəniş həyata keçirilmişdir. Qeyd olunanlara əsasən, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılması xahiş olunmuşdur. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianı tam həcmdə müdafiə edərək, təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdehlər məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Az. Resp. MPM-nın 185.5-ci maddəsinə əsaslanaraq mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının nümayəndəsinin ifadəsini dinləyib və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia aşağıdakılara görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan: 048494 nömrəli sığorta aktından görünür ki, ünvan 1 saylı ünvanda yerləşən 21 saylı mənzil yanğın nəticəsində zədələnmişdir və zərərlə bağlı maddi ziyanın ümumi məbləği 15,906 manat təşkil etmişdir. xx.xx.2018-ci il tarixli ödəniş tapşırığına əlavədən görünür ki, X2 15,638 manat məbləğində sığorta ödənişi edilmişdir. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2018-ci il tarixli qərarda qeyd olunmuşdur ki, ünvan 1 saylı ünvanda yerləşən 21 saylı mənzildə baş vermiş yanğının mənbəyi 24 saylı mənzilin tüstü bacasının ifrat dərəcədə qızması olmuşdur. Qərarda eyni zamanda qeyd olunmuşdur ki, Cavabdeh izahatında ünvan 1 saylı ünvanda yerləşən 24 saylı mənzilin ona məxsus olduğunu göstərmişdir. xx.xx.2018-ci il tarixli yanğın aktında qeyd edilmişdir ki, ünvan 1 saylı ünvanda yerləşən 21 saylı mənzil yerləşən ünvanda 24 saylı mənzilin kamin tipli divar qaz sobasının tüstü bacasının qızması nəticəsində bacadakı çatlar vasitəsilə 21 saylı mənzilin dam örtüyünün taxta konstruksiyaları alışması yanğına səbəb olmuşdur. RX seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, ünvan 1 saylı ünvanda yerləşən 21 saylı mənzil X1 xüsusi mülkiyyətindədir. Məhkəmə tərəfindən araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, ünvan 1 saylı ünvanda yerləşən 21 saylı mənzil xx.xx.2017-ci il tarixdə sığorta müqaviləsinə əsasən daşınmaz əmlakın icbari sığortası növü üzrə «İddiaçı Sığorta» ASC tərəfindən sığortalanmışdır. Cavabdehin təqsiri ucbatından sözügedən mənzildə yanğın baş vermiş və X2 maddi zərər dəymişdir. Qeyd olunan zərərin aradan qaldırılması üçün “İddiaçı Sığorta” ASC 15,638 manat məbləğində sığorta ödənişi həyata keçirmişdir. Az. Resp. Mülki Məcəlləsinin 883-cü maddəsinə əsasən zərərdən sığorta müqaviləsinə görə bir tərəf (sığortaçı) müqavilə ilə şərtləşdirilmiş haqq (sığorta haqqı) müqabilində digər tərəfə (sığortalıya) və ya sığorta müqaviləsi xeyrinə bağlanmış başqa şəxsə (faydalanan şəxsə) müqavilədə nəzərdə tutulan hadisənin (sığorta hadisəsinin) baş verdiyi təqdirdə həmin hadisə nəticəsində sığortalanmış əmlaka dəymiş zərərin əvəzini müqavilə ilə müəyyənləşdirilmiş məbləğ (sığorta məbləği) həddində ödəməyi (sığorta ödənişi) öhdəsinə götürür. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi halında sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və ya müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 916.1 maddəsinə əsasən əgər sığortalı zərərin əvəzini ödəmək tələbini üçüncü şəxs qarşısında irəli sürə bilərsə, həmin tələb sığortaçıya bu şərtlə keçir ki, o, zərərin əvəzini sığortalıya ödəmiş olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 922.1.-ci maddəsinə əsasən, sıgorta hadisəsi qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.2-ci maddəsinə əsasən faydalan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya suboqrasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. «Üçüncü şəxslər qarşısında mülki məsuliyyətinin sığortası Qaydaları»-nın 12-ci bəndinə əsasən sığortaçı ödəniş verdikdən sonra ödədiyi məbləğ hüdudunda sığorta etdirənin təqsirkar şəxsə qarşı tələb hüquqlarını əldə edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114.1 maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. “Azərbaycan Respublikasında yanğın təhlükəsizli Qaydaları”nın 7.1-ci bəndinə əsasən bütün sobalar, qazanxanalar, istilik generatorları, kalorifer (istilik verən) qurğuları, digər istilik cihazları və sistemləri, isitmə mövsümü başlanmazdan qabaq yoxlanılmalı və tə`mir edilməlidir. Nasaz sobaların və digər qızdırıcı qurğuların istismarı qadağandır. Qaydaların 7.3-cü bəndinə əsasən isitmə mövsümü başlanmazdan qabaq sobalar və tüstü bacaları qurumdan təmizlənməlidir. Məhkəmə işdə olan sənədlərə hüquqi qiymət verib hesab edir ki, cavabdehin təqsiri ucbatından iddiaçı şirkətdə sığortalanmış əmlaka ziyan dəymişdir. İddiaçı şirkət sığortaçı kimi üzərinə götürdüyü öhdəliyi yerinə yetirərək hadisə nəticəsində əmlaka dəyən ziyanın əvəzini ödədiyindən iddiaçı sığorta təşkilatı haqlı olaraq ödənilmiş əvəz miqdarının geriyə tələb (reqres) hüququ ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nın 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbinin əsaslı olduğu iş materialları ilə kifayət qədər sübut edildiyindən, iddia tələbi təmin edilməlidir. Məhkəmə həmçinin tələbin iddia qaldırılması üçün ödənilmiş 30,40 manat dövlət rüsumunun əvəzinin tutulması hissəsi ilə bağlı qeyd edir ki, Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, iddia tələbində göstərilmiş pul tələbinin tutulması tam təmin olunduğundan, məhkəmə xərclərinə aid edilən iddiaçı tərəfindən iddianın qaldırılması üçün ödənilmiş 30,40 manat dövlət rüsumunun əvəzi cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220 və 222-ci maddələrini rəh-bər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 15,638 manat pul vəsaiti və iddianın qaldırılması üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30,40 manat olmaqla, ümumilikdə 15668,40 manat məbləğində pul vəsaiti Cavabdeh alınıb«İddiaçı Sığorta» ASC-yə ödənilsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: İLKİN RÜSTƏMLİ

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar