Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2393/2025 04.12.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçı, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi L.S.Həsənovanın, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi N.N.Naibovun iştirakları ilə İddiaçı cavabdehlər "xxxx" ASC-yə və "xxxx" ASC-yə qarşı sığorta ödənişinin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər "xxxx" ASC-yə və "xxxx" ASC-yə qarşı sığorta ödənişinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə o, “Hyundai Elantra” markalı, **-YJ-*** dövlət qeydiyyat nişanlı avtomobili rəsmi qaydada alqı- satqı müqaviləsi əsasında öz mülkiyyətinə qəbul etmişdir. Həmin tarixdən avtomobil onun adında qeydiyyata alınmış və yeni dövlət qeydiyyat nişanı **-VX-*** verilmişdir. Bu alqı-satqı ilə birlikdə avtomobil üzərində bütün hüquqlar və öhdəliklər də ona keçmişdir. O, avtomobili əldə edərkən artıq məlum idi ki, həmin nəqliyyat vasitəsi "xxxx" ASC tərəfindən "xxxx" ASC-də xx.xx.2025-ci ildə tarixdə MVC-B 00314-25 saylı sığorta müqaviləsi ilə kasko sığorta üzrə sığortalanmışdır. Bu da avtomobilin təhlükəsizlik baxımından onun üçün daha etibarlı olmasına əsas yaratmışdır. Çünki hər bir alıcı avtomobili sığorta olunmuş vəziyyətdə əldə etdikdə, həmin avtomobillə bağlı risklərə qarşı qorunmuş olur. Lakin təəssüflər olsun ki, xx.xx.2025-ci il tarixdə Bakı-Quba yolunda hərəkətdə olarkən qəflətən baş verən yol-nəqliyyat hadisəsi nəticəsində onun avtomobili ciddi zərər görmüşdür. Qəza nəticəsində avtomobilin bəzi detallarında ciddi zədələnmələr yaranmışdır. Nəticədə avtomobil istifadə üçün yararsız vəziyyətə düşmüş və gündəlik həyatında ciddi çətinliklərə səbəb olmuşdur. Hadisədən dərhal sonra o, sığortaçının qaydalarına uyğun olaraq, "xxxx" ASC-yə müraciət etmişdir. Müvafiq qaydada hadisə barədə arayışı və digər tələb olunan sənədləri sığorta şirkətinə təqdim etmişdir. Onun əsas gözlənti o idi ki, qanun və müqavilə şərtlərinə uyğun olaraq ona dəyən maddi ziyanın ödənilməsi təmin ediləcəkdir. Lakin gözlənilmədən, "xxxx" ASC onun müraciətinə imtina cavabı vermişdir. İmtinanın əsas səbəbi olaraq göstərilmişdir ki, guya qəza baş verən tarixdə o, sığorta müqaviləsinin tərəfi olmamışdır və bu səbəbdən onun sığorta marağı mövcud deyil. Halbuki, həmin vaxt avtomobilin yeganə mülkiyyətçisi o, olmuşdur, dövlət qeydiyyatı da onun adında aparılmışdır. Bu vəziyyət onun üçün həm maddi, həm də mənəvi baxımdan çox ağır nəticələr doğurmuşdur. Avtomobilin təmir xərcləri çox yüksəkdir, “X3” MMC-nin servisində maşına texniki baxış etdirmişdir, təmir xərci ehtiyat hissələri 3120 manat, xidmət xərci isə 1890 manat olmaqla, ümumilikdə 5010 manat təşkil edir. Bundan başqa, o, avtomobili alarkən məhz sığortalı olması faktına inanaraq bu alışa razılaşmışdır. Əgər ona sonradan sığorta ödənişi verilməyəcəyi bildirilsəydi, avtomobilin alınmasına razılıq verməzdi. Deməli, cavabdehlərin öhdəliklərini lazımi qaydada icra etməməsi nəticəsində o, həm mülkiyyət hüquqlarından, həm də sığorta münasibətlərindən doğan qanuni təminatlardan məhrum edilmişdir. Əlavə olaraq qeyd etmək istəyir ki, "xxxx" MMC qanun və müqavilə şərtlərinə uyğun olaraq avtomobilin özgəninkiləşdirilməsi barədə sığortaçını məlumatlandırmalı idi. Lakin bu öhdəlik icra olunmamışdır. Bu səbəbdən də sığortaçı əsassız olaraq öz məsuliyyətindən yayınmaq üçün hüquqi boşluq yaratmışdır. Bu isə həm sığortaçı, həm də ilkin sığortalı tərəfindən öhdəliklərin vicdanla icra edilməməsi deməkdir. Nəticədə o, qanuni mülkiyyətçi və faktiki zərərçəkmiş şəxs, öz əmlakına dəyən ziyanın sığorta müqaviləsi əsasında ödənilməsi hüququndan əsassız şəkildə məhrum edilmişdir. Hesab edir ki, cavabdeh tərəfindən verilən imtina tamamilə əsassız və qanunsuzdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 193.1-ci maddəsinə əsasən, güzəşt edilməsi və ya girov qoyulması mümkün olan tələbi və ya hüququ onun sahibi başqa şəxsin mülkiyyətinə verə bilər. Tələblər və hüquqlar yeni şəxsə köhnə sahibində olduğu vəziyyətdə keçir. Həmin Məcəllənin 194.1-ci maddəsinə əsasən, tələb sahibi (kreditor) borclunun razılığı olmadan tələbi üçüncü şəxsə güzəşt edə bilər (tələbin güzəşti), bu şərtlə ki, həmin güzəşt öhdəliyin mahiyyətinə, onun borclu ilə razılaşmasına və ya qanunvericiliyə zidd olmasın. Güzəştin yolverilməzliyi barədə borclu ilə razılaşma yalnız borclunun üzrlü mənafeyi olduqda mümkündür. Göründüyü kimi, qanunvericilikdə nəzərdə tutulmuş şərtlərə cavab verən tələbin güzəşti bir qayda olaraq borclunun razılığı olmadan həyata keçirilir. Yəni tələbin güzəşti tələbin sahibi ilə üçüncü şəxs arasında bağlanan müqavilə ilə həyata keçirilir. Bu halda tələbin ilk sahibi ilə borclu arasında mövcud olan hüquqi münasibətlərə xitam verilir və onun yerini ilk sahibin bütün hüquq və vəzifələrini qəbul etmiş üçüncü şəxs tutur. İşin faktiki hallarından da göründüyü kimi, xx.xx.2025-ci ildə "xxxx" ASC tərəfindən kasko sığorta növü üzrə “Hyundai Elantra” markalı **-YJ-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi xx.xx.2025-ci ildə alqı-satqı müqaviləsi ilə onun tərəfindən özgəninkiləşdirilmişdir. Bununla da, həmin avtomobillə bağlı sığorta müqaviləsi üzrə sığortalı tərəf də dəyişmişdir. Yəni artıq həmin avtomobil onun mülkiyyətində olduğu üçün bu avtomobillə bağlı bütün tələblər və hüquqlar da əvvəlki mülkiyyətçi də olduğu şəkildə ona keçmişdir. Buna görə də onun cavabdeh “Qala Sığorta’' ASC-dən baş vermiş qəza və dəymiş maddi ziyanla bağlı sığorta ödənişini tələb etməsi mülki qanunvericiliyin müəyyən etdiyi norma və prinsiplərə tam uyğundur. Digər tərəfdən “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta qaydalarının” 9.2.5-ci maddəsinə əsasən, sığortalı avtomobilin özgəninkiləşdirilməsi, onun icarəyə verilməsi və ya ona olan mülkiyyət hüquqlarının digər formada itirilməsi və ya məhdudlaşması barədə bildiyi və ya bilməli olduğu tarixdən 5 iş günü müddətində bu barədə sığortaçıya məlumat verməlidir. Normanın məzmunundan da göründüyü kimi, sığortaçını məlumatlandırmaq vəzifəsi sığortalıya, yəni "xxxx" ASC-ə məxsusdur. Lakin cavabdeh "xxxx" ASC öz öhdəliyini lazımınca icra etməmiş, buna görə də o, özünə məxsus əmlakına dəyən maddi ziyana görə sığorta ödənişi almaq hüququndan məhrum olmuşdur. Göstərilənləri nəzərə alaraq iddiaçı xx.xx.2025-ci ildə tarixdə MVC-B 00314-25 saylı sığorta müqaviləsinə əsasən, “Hyundai Elantra” markalı, **-VX-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə sığorta hadisəsi nəticəsində dəymiş 5.010 manat pul vəsaitinin "xxxx" ASC-dən və "xxxx" ASC-dən müştərək qaydada tutulması, hüquqi yardım göstərilməsi üçün 140 manat məbləğində pulun, eyni zamanda 71,50 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış İddiaçı iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı həmçinin göstərmişdir ki, sığorta pulunu o, ödəmişdir, maşın onun mülkiyyətindədir, maşını lizinqdən almışdır, ona görə də sığorta pulu ona ödənilməlidir. Məhkəmə iclasında izahatı alınmış cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X1 iddia tələbini qəbul etməyərək və iddiaya dair yazılı etirazı məhkəməyə təqdim edərək izahatında göstərmişdir ki, sığorta müqaviləsi üzrə sığortalı və faydalanan şəxs "xxxx" ASC-dir. İş materiallarından da göründüyü kimi, "xxxx" ASC-nə məxsus “Hyundai Elantra” markalı, **-YJ-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2025-ci il tarixdə özgəninkiləşdirilmiş olduğundan, artıq həmin tarixdən etibarən qeyd edilən təşkilatın həmin avtomobilə münasibətdə sığorta marağı qalmamışdır. İddiaçı isə MVC-B 00314-25 saylı sığorta müqaviləsinin tərəfi olmadğından onunla sığorta münasibəti yaranmamışdır. Sığorta predmetini özgəninkiləşdirmə nəticəsində mülkiyyətinə keçirməsi ona heç bir halda sığorta müqaviləsinin tərəfi və faydalanan şəxs olma statusunu qazandırmır. Belə ki, sığorta müqaviləsi sığortalı ilə sığortaçı arasında razılaşdırmaqla bağlanan mülki hüquqi bir müqavilədir. Digər tərəfdən sığorta müqaviləsinin tərəfi olmadığından iddiaçının sığorta ödənişi ilə iddia qaldırması üçün hüquqi subyektiv hüququ yaranmamışdır. Sığorta müqaviləsi tərəflərin iradə ifadəsi əsasında, sığortaçının risk qiymətləndirməsi nəticəsində qəbul edib-etməyəcəyi ilə bağlı könüllü qərarı əsasında, riskə uyğun sığorta haqqının müəyyən edilməsi və s. əsasında bağlanılan bir əqddir. Sığorta müqaviləsi üzrə münasibətlərin avtomatik olaraq sığortalıdan başqa şəxsə, hətta sığortalanmış avtomobilin yeni mülkiyyətçisi olsa belə keçməsi hüquqi cəhətdən mümkün deyil. “Hyundai Elantra” markalı, **-YJ-*** (xx.xx.2025-ci il tarixdən dövlət qeydiyyat nişanlı **-VX-***) dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi xx.xx.2025-ci il tarixdə MVC-B 00314-25 saylı sığorta şəhadətnaməsilə avtomobillərin tam sığortası Qaydaları əsasında kasko sığorta növü üzrə Cəmiyyətdə sığortalanmışdır. Daha sonra xx.xx.2025-ci il tarixdə avtomobil özgəninkiləşdirilmiş, lakin bu barədə Cəmiyyətə heç bir məlumat verilməmişdir. “Avtomobillərin tam sığortası Qaydaları”nın 29.2.5-ci maddəsinə əsasən sığortalı, sığorta müqaviləsi bağlandıqdan sonra həmin müqavilənin qüvvədə olduğu müddət ərzində avtomobilin özgəninkiləşdirilməsi, onun icarəyə verilməsi və ya ona mülkiyyət hüquqlarının digər formada itirilməsi və ya məhdudlaşdırılması barədə bildiyi və ya bilməli olduğu tarixdən 5 iş günü müddətində bu barədə sığortaçıya yazılı məlumat verməlidir. Avtomobilin özgəninkiləşdirilməsi ilə bağlı olaraq qanunvericiliyin tələbinə əsasən sığorta müqaviləsinə Cəmiyyət tərəfindən xitam verilmişdir. Qeyd edilənlərə əsasən İddiaçı sığorta hadisəsi baş verən zaman sığorta müqaviləsinin tərəfi olmaması, sığorta müqaviləsinin tərəfi olan "xxxx" ASC-nin isə sığorta marağını itirmiş olması sığorta qanunvericiliyinə uyğun olaraq sığorta ödənişini istina edir. Göstərilənləri nəzərə alaraq cavabdehin nümayəndəsi iddia tələbinin "xxxx" ASC-yə münasibətdə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, iddiaçının hazırda mülkiyyətində olan nəqliyyat vasitəsinin əvvəlki mülkiyyətçisi nümayəndəsi olduğu hüquqi şəxs olmuşdur. Həmin nəqliyyat vasitəsinə dair cavabdehlə lizinq müqaviləsi bağlanılmış, 2-ci cavabdehlə isə həmin nəqliyyat vasitəsi ilə bağlı kasko sığortası bağlanılmışdır. Lizinq müqaviləsinin 14.4-cü bəndinə əsasən sığorta polisi vasitəsi ilə təminatı altında olan risklərin qismən və ya tam şəkildə gerçəkləşməsi ehtimalı yarandıqda lizinq alan onların qarşısını almaq üçün zəruri olan bütün tədbirləri görməyə borcludur. Digər tərəfdən iddiaçı lizinq müqaviləsi üzrə nəzərdə tutulmuş ödənişi tam icra etdiyi üçün bununla da təşkilata olan borcu tam ödədiyi üçün xx.xx.2025-ci il tarixdə müvafiq arayış verilmiş, arayışda nəqliyyat vasitəsinin "xxxx" ASC-nin adından çıxarılması və İddiaçı adına salınması ilə bağlı sərəncam verilməsi xahiş olunmuşdur. Yəni nəqliyyat vasitəsinin iddiaçının adına keçirilməsi ilə bağlı onlar tərəfindən hər hansı rəsmiləşdirmə işi aparılmamışdır. İddiaçı isə həmin arayışı əldə etdikdən sonra istənilən vaxta avtomaşını öz adına keçirə bilər. Praktikada həmin arayış əsasında lizinq müqaviləsinin tərəfinin 1 ildən sonra avtomaşını öz adına rəsmiləşdirilməsi halı mövcuddur. İddiaçı Sığorta Qaydalarının 9.2.5-ci maddəsinə istinad edərək onlar tərəfindən mülkiyyətçinin dəyişilməsi barədə sığorta təşkilatına məlumat verilməməsi bununla da onun sığorta ödənişinin alınma hüququndan məhrum olunmasını qeyd edir. Lakin lizinq təşkilatı olaraq onlar tərəfindən alqı-satqı həyata keçirilmədiyi üçün və iddiaçı isə avtomaşını öz adına rəsmiləşdirib yeni dövlət nömrə nişanı aldıqdan sonra onlara məlumat vermədiyi üçün, başqa sözlə onların hansı tarixdən iddiaçının əmlak üzərində mülkiyyət hüququnun yaranması barədə məlumatı olmadığı üçün sığorta təşkilatını bununla bağlı məlumatlandırmamışlar. Ona görə də iddiaçının onlara qarşı tələbini əsassız hesab edir və məhkəmədən onun rədd edilməsini xahiş etmişdir. İş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia tələbləri aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş üzrə nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Hyundai Elantra” minik markalı, ** VX *** dövlət qeydiyyat nişanlı avtomaşın xx.xx.2025-ci il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. İş üzrə xx.xx.2025-ci il tarixli MVC-B 00314-25 saylı sığorta şəhadətnaməsinin surətindən görünür ki, “Hyundai Elantra” markalı, 77YJ965 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi sığortalı "xxxx" ASC tərəfindən xx.xx.2026-cı il tarixədək sığorta edilmiş, faydalanan şəxs sığortalı göstərilmişdir. İş üzrə İ Tağım YPX-nin inspektoru Şükür İsgəndərov tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın surətinə əsasən, İddiaçı xx.xx.2025-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsində təqsirli hesab olunaraq AR İXM-nin 327.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmiş və barəsində 40 manat cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. İş üzrə “X3” MMC tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli aktı surətindən görünür ki, «Hyundai Elantra» markalı **-VX-*** dövlət qeydiyyat nişanlı avtomaşına baxış keçirilmiş, avtomobilin təmiri və ehtiyyat hissələrinin dəyişdirilməsi üçün cəmi 5.010 manat vəsait hesablanmışdır. İş üzrə "xxxx" ASC tərəfindən İddiaçı, surəti: "xxxx" ASC-yə ünvanlanmış xx.xx.2025-ci il tarixdə Bakı-Quba yolunda baş vermitş yol nəqliyyat hadisəsi nəticəsində “Hyundai Elantra” markalı, 77VX771 dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan dəyməsi ilə bağlı sığorta ödənişinin verilməsi barədə müraciətə cavab olaraq nəzərinə çatdırırlar. “Hyundai Elantra” markalı, 77YJ965 (xx.xx.2025-ci il tarixdən dövlət qeydiyyat nişanlı 77VX771) dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi xx.xx.2025-ci il tarixdə MVC-B 00314-25 saylı sığorta şəhadətnaməsilə kasko sığorta növü üzrə Cəmiyyətdə sığortalanmışdır. Daha sonra, xx.xx.2025-ci il tarixdə avtomobil özgəninkiləşdirilmiş, lakin bu barədə Cəmiyyətə heç bir məlumat verilməmişdir. Avtomobillərin tam sığortası Qaydalarının 29.2.5-ci maddəsinə əsasən sığortalı,sığorta müqaviləsi bağlandıqdan sonra həmin müqavilənin qüvvədə olduğu müddət ərzində avtomobilin özgəninkiləşdirilməsi, onun icarəyə verilməsi və ya ona olan mülkiyyət hüquqlarının digər formada itirilməsi və ya məhdudlaşması barədə bildiyi və ya bilməli olduğu tarixdən 5 iş günü müddətində bu barədə sığortaçıya yazılı məlumat verməlidir. Yol nəqliyyat hadisəsinin baş verdiyi xx.xx.2025-ci il tarixdə İddiaçı MVC-B 00314-25 saylı sığorta müqaviləsinin tərəfi deyildi. Həmçinin "xxxx" MMCnin sözügedən avtomobilə dair mülkiyyət hüququ və sığorta predmetinə dair sığorta marağını təsdiq edən heç bir əlaqə olmadığından sığorta marağı mövcud deyildir. AR Mülki Məcəlləsinin 889.1-ci maddəsinə əsasən sığorta marağı sığorta hadisəsinin baş verəcəyi təqdirdə şəxsin maliyyə itkisinə məruz qalması ehtimalı ilə şərtlənən və onun sığorta obyektini sığorta etdirmək hüququnun əsaslandığı mənafedir. 889.2. Sığorta marağının mövcudluğu qanunla və ya mülki-hüquqi müqavilə ilə tanınır. Şəxslə sığorta predmeti arasında bu cür tanınan əlaqə yoxdursa, sığorta marağının mövcud olmadığı hesab edilir. 889.7. Əmlak sığortası üzrə sığorta hadisəsi kimi tanına bilən hadisə və ya hal baş verdiyi anda sığorta marağı mövcud olmadıqda həmin hadisə və ya hal sığorta hadisəsi hesab edilmir və sığortaçı sığorta ödənişi üzrə vəzifələrinin icrasından azad edilir. AR Mülki Məcəlləsinin 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Həmin Məcəllənin 935.1.8-ci maddəsinə əsasən baş vermiş hadisənin icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi halında sığortaçı sığorta ödənişinin verilməsindən imtina edir. Qeyd edilənləri nəzərə alaraq baş vermiş hadisə üzrə sığorta ödənişinin verilməsi mümkün deyildir. Məhkəmə verilmiş iddia tələbləri ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Ona görə əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ-ci bəndinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. «Sığorta fəaliyyəti haqqında» AR Qanununun 1.1.4-cü maddəsinə əsasən sığortalı - sığorta haqqı ödəyən, sığorta obyektinin sığorta etdirilməsində sığorta marağı olan sığorta müqaviləsinin tərəfi hesab edilir. Həmin Qanunun 1.1.6-cı maddəsinə əsasən faydalanan şəxs - icbari sığorta qanunvericiliyinə və ya sığorta müqaviləsinə uyğun olaraq sığorta ödənişini almaq hüququ olan şəxs hesab edilir. «İcbari sığorta haqqında» AR Qanununun 6.4-cü maddəsinə əsasən sığorta qanunvericiliyinə və (və ya) sığorta müqaviləsinin şərtlərinə uyğun olaraq, sığorta ödənişini almaq hüququna malik olan şəxs faydalanan şəxs hesab edilir. “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyat vasitələrinin tam sığortası üzrə sığorta qaydaları”nın 23.1.1-ci maddəsinə əsasən zərər bu Qaydalarda nəzərdə tutulmuş sığorta təminatı verilməyən hallarla bağlı olduqda sığorta ödənişinin verilməsindən imtina üçün əsasdır. Həmin Qaydaların 29-cu maddəsinə əsasən sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində bu Qaydaların 28-ci bəndində nəzərdə tutulmuş risklərin baş verməsi nəticəsində sığortalanmış avtomobilə zərər dəyməsi faktı sığorta hadisəsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. -884.1-ci maddəsinə əsasən sığorta münasibətləri sığortalının və ya sığorta olunanın əmlakı, həyatı, sağlamlığı, mülki məsuliyyəti, qanunla qadağan olunmayan fəaliyyəti, o cümlədən sahibkarlıq fəaliyyəti ilə bağlı olan əmlak mənafelərinin müdafiəsi sahəsində risklərin ötürülməsinə və ya bölüşdürülməsinə əsaslanır. -884.3-cü maddəsinə əsasən sığortaçı icbari sığorta üzrə icbari sığorta növlərinin həyata keçirilməsini tənzimləyən qanunlarda (bundan sonra - icbari sığorta qanunları), könüllü sığorta üzrə sığorta müqaviləsində nəzərdə tutulan sığorta hadisəsi baş verdiyi halda sığorta ödənişini vermək öhdəliyi daşıyan sığorta müqaviləsinin tərəfidir. -884.4-cü maddəsinə əsasən sığortalı sığorta haqqı ödəyən, sığorta obyektinin sığorta etdirilməsində sığorta marağı olan sığorta müqaviləsinin tərəfidir. -884.5-ci maddəsinə əsasən sığorta olunan əmlak mənafeləri sığorta müqaviləsi əsasında sığortalanan şəxsdir. Şəxsi sığorta üzrə sığorta müqaviləsində sığorta olunan qismində başqa şəxs nəzərdə tutulmayıbsa, sığortalı eyni zamanda sığorta olunan sayılır. Əmlak sığortası üzrə sığorta müqaviləsində sığorta olunan qismində başqa şəxs nəzərdə tutulmasından asılı olmayaraq, sığortalının sığorta olunan kimi tanınması heç bir halda, o cümlədən müqavilə şərtləri ilə məhdudlaşdırıla bilməz. -884.6-cı maddəsinə əsasən faydalanan şəxs icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığorta ödənişi verilməli olan şəxsdir. Sığorta müqaviləsində faydalanan şəxs qismində başqa şəxs nəzərdə tutulmamışdırsa, sığortalı və (və ya) sığorta olunan faydalanan şəxs sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -889.1-ci maddəsinə əsasən sığorta marağı sığorta hadisəsinin baş verəcəyi təqdirdə şəxsin maliyyə itkisinə məruz qalması ehtimalı ilə şərtlənən və onun sığorta obyektini sığorta etdirmək hüququnun əsaslandığı mənafedir. - 889.2-ci maddəsinə əsasən sığorta marağının mövcudluğu qanunla və ya mülki-hüquqi müqavilə ilə tanınır. Şəxslə sığorta predmeti arasında bu cür tanınan əlaqə yoxdursa, sığorta marağının mövcud olmadığı hesab edilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, «Hyundai Elantra» markalı ** YJ *** dövlət nömrə nişanlı avtomaşın "xxxx" ASC-də sığortalanmış və MVC-B 00314-25 saylı xx.xx.2025-ci il tarixli sığorta şəhadətnaməsinə əsasən "xxxx" ASC həm sığortalı, həm də faydalanan şəxs kimi göstərilmişdir. Məhkəmə iclasında eyni zamanda müəyyən edilmişdir ki, «Hyundai Elantra» markalı nəqliyyat vasitəsinin əvvəlki mülkiyyətçisi Azərbaycan Mikro-Kredit Bank Olmayan Kredit Təşkilatı» ASC olmuş, həmin nəqliyyat vasitəsi lizinq müqaviləsinə əsasən iddiaçının istifadə və sahibliyinə verilmiş, iddiaçı tərəfindən lizinq müqaviləsi üzrə öhdəlik tam icra edildiyi və lizinq təşkilatına olan borc tam ödənildiyi üçün həmin təşkilatdan avtomaşının onun adına rəsmiləşdirilməsi ilə bağlı sərəncam verilməsinə dair arayış iddiaçıya təqdim edilmiş və xx.xx.2025-ci il tarixdən «Hyundai Elantra» markalı 77YJ965 dövlət nömrə nişanlı avtomaşın iddiaçının adına qeydiyyata alınmış və avtomaşına yeni dövlət qeydiyyat nişanı – **-VX-*** verilmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, xx.xx.2025-ci il tarixdə İddiaçı «Hyundai Elantra» markalı **-VX-*** dövlət qeydiyyat nişanlı avtomaşını idarə olunarkən yol-nəqliyyat hadisəsinə uğramış və avtomaşına maddi ziyan dəymişdir. İddiaçı məhkəmə iclasında sığorta pulunu ödədiyi üçün avtomaşına dəymiş maddi ziyanla bağlı sığorta ödənişinin ona verilməli olmasını tələb edir. Məhkəmə qeyd edir ki, sığorta müqaviləsi üzrə "xxxx" ASC həm sığortalı, həm də faydalanan şəxs qismində çıxış etdiyindən, sığorta hadisəsi ilə əlaqədar sığorta ödənişinin tələb edilməsi hüququ məhz ona məxsusdur. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı MVC-B 00314-25 saylı sığorta müqaviləsinin tərəfi deyil və həmin müqavilə üzrə hər hansı hüquqa və vəzifəyə malik deyil. Məhkəmə eyni zamanda qeyd edir ki, qanunun yuxarıda göstərilən tələbləri baxımından iddiaçı yalnız o halda faydalanan şəxs hesab oluna bilərdi ki, sığorta müqaviləsində onun adı faydalanan şəxs qismində qeyd olunsun. Məhkəmə hesab edir ki, iddiaçı sığorta müqaviləsi üzrə həm faydalanan şəxs kimi çıxış etmədiyindən, həm də müqavilənin tərəfi olmadığından, onun həmin iddianı qaldırmağa subyektiv hüququ yoxdur. Belə ki, iddiaçı özünün güman etdiyi pozulmuş hüququnun müdafiəsi üçün Azərbaycan Respublikası MPM-nin 4.1. maddəsi qaydasında məhkəmədə iddia qaldırmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 4-cü maddəsinə əsasən əmlak və ya qeyri-əmlak dəyəri olan, qanunvericiliklə mülki dövriyyədən çıxarılmamış maddi və ya qeyri-maddi nemətlər mülki hüquq münasibətlərinin obyektləri ola bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14-cü maddəsi mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarını müəyyən edir. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Eyni Məcəllənin 14.2-ci maddəsinə əsasən mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. 14.2.2. Dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları. 14.2.3. Mülki hüquqlar və vəzifələr müəyyənləşdirən məhkəmə aktları. 14.2.4. Qanunvericiliyin yol verdiyi əsaslar üzrə əmlak əldə edilməsi. 14.2.5. Elm, ədəbiyyat, incəsənət əsərlərinin, ixtiraların və əqli fəaliyyətin digər nəticələrinin yaradılması.14.2.6. Başqa şəxsə zərər vurulması. 14.2.7. Əsassız varlanma. 14.2.8. Fiziki və hüquqi şəxslərin digər hərəkətləri. 14.2.9. Qanunvericiliyin mülki hüquq nəticələrinin baş verməsi ilə bağladığı hadisə. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarına qeyd edilmişdir ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Qanunvericiliyin göstərilən tələblərindən göründüyü kimi iddiaçının belə tələb üzrə subyektiv hüquq sahibi olmadığı açıq aşkardır və bu səbəbdən iddiaçı sığorta ödənişin verilməsini tələb etmək hüququna malik deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-cı maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Göstərilən Məcəllənin 387.3-cü maddəsinə əsasən öhdəlik tərəf kimi onda iştirak etməyən şəxslər (üçüncü şəxslər) üçün vəzifələr yaratmır. Tərəflərin razılaşmasında nəzərdə tutulmuş hallarda öhdəlik üçüncü şəxslər üçün öhdəliyin bir və ya hər iki tərəfi barəsində hüquqlar yarada bilər. Beləliklə yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə qeyd edir ki, hazırki iddia tələbi yalnız sığorta müqaviləsi üzrə faydalanan şəxs tərəfindən qaldırıla bilər. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının hazırki iddianı sığorta təşkilatına qarşı qaldırmağa subyektiv hüququ yoxdur və bu səbəbdən iddia tələbi həmin əsasla sığorta təşkilatına münasibətdə təmin edilməməlidir. Məhkəmə eyni zamanda mülkiyyətçisinin dəyişilməsi barədə vaxtında sığorta təşkilatına məlumat verilməməsi halında avtomobilin özgəninkiləşdirilməsi tarixindən etibarən sığortalının nəqliyyat vasitəsinə münasibətdə sığorta marağının itməsini, bununla da baş verən hadisənin sığorta hadisəsi hesab edilməli olmamasını da nəzərə alaraq hesab edir ki, yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçının mülkiyyətində olan avtomaşına dəyən ziyanın sığorta təşkilatından tələb edilməsi də əsassızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 889.7-ci maddəsinə əsasən əmlak sığortası üzrə sığorta hadisəsi kimi tanına bilən hadisə və ya hal baş verdiyi anda sığorta marağı mövcud olmadıqda həmin hadisə və ya hal sığorta hadisəsi hesab edilmir və sığortaçı sığorta ödənişi üzrə vəzifələrinin icrasından azad edilir. Məhkəmə həmçinin qeyd edir ki, “Hyundai Elantra” markalı, **-YJ-*** (xx.xx.2025-ci il tarixdən dövlət qeydiyyat nişanlı **-VX-***) dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2025-ci il tarixdə MVC-B 00314-25 saylı sığorta şəhadətnaməsinə əsasən avtomobillərin tam sığortası Qaydaları əsasında kasko sığorta növü üzrə "xxxx" ASC-də sığortalanmışdır. xx.xx.2025-ci il tarixdə avtomobil özgəninkiləşdirilmiş və iddiaçının adına qeydiyyata alınmış, lakin bu barədə "xxxx" ASC-yə heç bir məlumat verilməmişdir. “Avtomobillərin tam sığortası Qaydaları”nın 29.2.5-ci maddəsinə əsasən sığortalı, sığorta müqaviləsi bağlandıqdan sonra həmin müqavilənin qüvvədə olduğu müddət ərzində avtomobilin özgəninkiləşdirilməsi, onun icarəyə verilməsi və ya ona mülkiyyət hüquqlarının digər formada itirilməsi və ya məhdudlaşdırılması barədə bildiyi və ya bilməli olduğu tarixdən 5 iş günü müddətində bu barədə sığortaçıya yazılı məlumat verməlidir. Beləliklə məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, sığorta təşkilatının sığorta ödənişinin verilməsindən imtinası əsaslı olmuş və bu səbəbdən də sığorta təşkilatına qarşı qaldırılan iddia təmin edilməməlidir. Məhkəmə iddiaçının sığorta hadisəsində dəymiş ziyanın cavabdeh “Azərbaycan Mikro-Kredit Bank Olmayan Kredit Təşkilatı» ASC-dən də müştərək qaydada tutulmaçsı ilə bağlı tələbi üzrə qeyd edir ki, həmin cavabdehə qarşı hissədə də tələb təmin edilməməlidir. İddiaçı həmin cavabdehə qarşı tələbinin əsası kimi “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta qaydalarının” 9.2.5-ci maddəsinə istinad edərək 5 iş günü müddətində mülkiyyətçinin dəyişilməsi ilə bağlı sığortaçıya məlumat verməli olduğu halda sığortalı "xxxx" ASC öz öhdəliyini lazımınca icra etməməsini, bu barədə sığorta təşkilatına məlumat vermədiyinə görə də onun özünə məxsus əmlakına dəyən maddi ziyana görə sığorta ödənişi almaq hüququndan məhrum olmasını göstərmişdir. Məhkəmə iddiaçının bu dəlilləri ilə bağlı aşağıdakıları qeyd edir. AR Mülki Məcəlləsinin 139.2-cu maddəsinə əsasən daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. “Daşınar əmlakın rəsmi reyestrləri, onların tərtib edilməsi və aparılması Qaydaları”na əsasən: 1.1. Bu Qaydalar Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, "İpoteka haqqında" Azərbaycan Respublikasının Qanununa və digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikasının ərazisində mülkiyyət formasından asılı olmayaraq daşınar əmlakın rəsmi reyestrlərinin (bundan sonra - reyestrlər) tərkibini, onların tərtib edilməsi və aparılmasının ümumi qaydalarını müəyyən edir. 1.2. Reyestrlərin tərtib edilməsi və aparılması hər bir növ daşınar əmlak, onun əmələ gəlməsi (istehsalı), həmin əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi), başqasına keçməsi və bu hüquqlara xitam verilməsi barəsində məlumatların reyestrlərə daxil edilməsindən, bu məlumatların təzələnməsindən və ya silinməsindən ibarətdir. 2.1. Reyestrlərdə hər bir daşınar əmlaka dair məlumat bölməsi tərtib edilir. Bölmələr ərəb rəqəmləri ilə nömrələnir. Hər bir bölmədə aşağıdakı məlumatlar qeydə alınmalıdır: 2.1.1. daşınar əmlakın adı, növü və onun (tərkib hissələrinin) fərdi nömrəsi (nömrələri); 2.1.2. daşınar əmlakın mülkiyyətçisi və onun üzərində digər əşya hüquqlarına malik olan şəxslər barədə məlumat; 2.1.3. daşınar əmlaka mülkiyyət hüququnu və digər əşya hüquqlarını təsdiq edən sənədlər barədə məlumat (sənədlərin rekvizitləri göstərilməklə); 2.1.4. daşınar əmlak üzərində hüquqların məhdudlaşdırılmasını, başqasına keçməsini və bu hüquqlara xitam verilməsini təsdiq edən sənədlər barədə məlumat (sənədlərin rekvizitləri göstərilməklə). 2.2. Daşınar əmlakın reyestrlərdə qeydiyyatı aşağıdakı sənədlər əsasında aparılır: 2.2.1. daşınar əmlak barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada bağlanılmış əqdlər; 2.2.2. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 2.2.3. qanunvericiliklə nəzərdə tutulmuş digər əsaslar. 2.3. Daşınar əmlak üzərində hüquqların qeydiyyatı həmin əmlakın mülkiyyətçiləri və ya onun üzərində digər əşya hüquqlarına malik olan şəxslər tərəfindən verilmiş ərizə əsasında aparılır. Həmin qaydaların 2 saylı Əlavəsinə əsasən hüquqi və fiziki şəxslərə məxsus olan nəqliyyat vasitəsinin Daşınar əmlakın rəsmi reyestrlərini aparan inzibati orqan kimi Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi qeyd edilmişdir. Məhkəmə qeyd edir ki, nəqliyyat vasitəsi üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olduğundan, həmin əmlak üzərində mülkiyyət hüquqları da həmin əmlakın reyestrdə qeydiyyata alındığı tarixdən yaranır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh “Azərbaycan Mikro-Kredit Bank Olmayan Kredit Təşkilatı» ASC mülkiyyətində olmuş nəqliyyat vasitəsinin iddiaçının adına keçirilməsinə dair sərəncam verilməsi barədə arayış versə də, yalnız reyestrdə müvafiq qeydiyyatın aparılması nəticəsində iddiaçı əmlak üzərində mülkiyyət hüququ əldə edir ki, həmin hal avtomobilin özgəninkiləşdirilməsi anlamına gəlmiş olur. Başqa sözlə “Azərbaycan Mikro-Kredit Bank Olmayan Kredit Təşkilatı» ASC tərəfindən verilən arayış reyestrdə əmlakın mülkiyyətçisi kimi iddiaçının qeydiyyatının aparılması üçün əsas olsa da, bu hal həmin anda əmlakın özgəninkiləşdirilməsi kimi qiymətləndirilə bilməz. Məhkəmə iclasında eyni zamanda müəyyən edilmişdir ki, iddiaçı əmlak üzərində mülkiyyət hüququnu rəsmiləşdirdikdən, yəni avtomaşını reyestr xidmətində öz adına qeydiyyata aldırdıqdan sonra “Azərbaycan Mikro-Kredit Bank Olmayan Kredit Təşkilatı» ASC-yə bu barədə məlumat verməmiş, nəticədə sığortalı kimi “Azərbaycan Mikro-Kredit Bank Olmayan Kredit Təşkilatı» ASCnin sığorta təşkilatına bununla bağlı məlumat vermək imkanından məhrum etmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, “Azərbaycan Mikro-Kredit Bank Olmayan Kredit Təşkilatı» ASC tərəfindən sığortaçıya sığortalanan nəqliyyat vasitəsinin mülkiyyətçisinin dəyişilməsi barədə məlumat verməməsi obyektiv səbəbdən, iddiaçının bu barədə onu məlumatlandırılmaması ilə əlaqədar olmuşdur. Ona görə də məhkəmə iddiaçının əmlaka dəyən maddi ziyana görə “Azərbaycan Mikro-Kredit Bank Olmayan Kredit Təşkilatı» ASC-nin də məsuliyyət daşıması barədə dəlillərini əsaslı hesab etmir və hesab edir ki, iddiaçının həmin cavabdehə qarşı tələbi də əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbləri təmin olunmadığından, məhkəmə xərcləri - 71,50 manat məbləğində ödənilmiş dövlət rüsumu, hüquqi yardım göstərilməsi üçün 140 manat məbləğində pul iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ: İddiaçı cavabdehlər "xxxx" ASC-yə və "xxxx" ASC-yə qarşı xx.xx.2025-ci ildə tarixdə MVC-B 00314-25 saylı sığorta müqaviləsinə əsasən, “Hyundai Elantra” markalı, **-VX-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə sığorta hadisəsi nəticəsində dəymiş 5.010 manat pul vəsaitinin "xxxx" ASC-dən və "xxxx" ASC-dən müştərək qaydada tutulması, hüquqi yardım göstərilməsi üçün 140 manat məbləğində pulun, eyni zamanda 71,50 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən tutularaq ona ödənilməsi barədə iddia tələbləri əsassız olduğu üçün təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(009)-2393/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2393/2025
04.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver