Məhkəmə qərarları › İş №2(011)-1109/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1109/2021

13.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1109/2021 13.04.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Səfərzadə Kənan Muxtar oğlunun katibliyi, İddiaçı, Cavabdeh və onun nümayəndəsi və vəkili X3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı – Cavabdeh ümumilikdə 54 000 (əlli dörd min) dolların və 30 manat dövlət rüsumunun alınıb İddiaçı verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı özünə maşın almaq istəmişdir. Bu barədə dostlarına və tanışlarına bildirib məsləhətlər almışdır. Çoxdan tanıdığı, bəzi işgüzar münasibətləri olduğu qonşusu Xətai rayonu, Cavanşir küçəsi, ev 15, mənzil 57-də yaşayan Cavabdeh söhbət əsnasında maşın almaq istədiyini soruşub hansı maşının yaxşı olub-olmaması barədə bəzi məsləhətlər vermişdir. Bir neçə gün sonra Cavabdeh bildirmişdir ki, o və şirkəti hər cür bizneslə məşğul olur, o cümlədən xaricdən sifarişlə maşın alıb gətirib yerində sifarişçinin adına keçirirlər. O, hər gün işə gedirdi və bilirdi ki, taxta işi ilə məşğul olurlar. İddiaçı ona bildirmişdir ki, onun bildiyinə görə taxta işi ilə məşğul olurlar. Cavabdeh bildirmişdir ki, onların xariclə əlaqəsi var və orada nümayəndələri var. Maşın və digər şeylər də gətirirlər. Nəhayət, iddiaçı Cavabdeh çoxdan tanıdığını qonşusu olduğunu, kənardan bəzi iş birlikləri olduğunu nəzərə alıb iddiaçı üçün 26 000 (iyirmi altı) min ABŞ dolları dəyərində 2019-cu il buraxışlı Toyota RAV4 2.0L onun tərəfindən maşının xaricdən alınıb gətirilməsinə razılaşmışdır. Bunun üçün aralarında 15.03.2019-cu il tarixli müqavilə imzalandı. Müqaviləyə əsasən Xətai rayonu Cavanşir küçəsi ev 15 mənzil 57-də yaşayan Cavabdeh 26.000 (iyirmi altı) min ABŞ dolları dəyərində 2019-cu il buraxışlı Toyota RAV4. 2.0L onun tərəfindən maşının xaricdən gətirilib iddiaçının adına sənədləşdiriləcəyi razılaşdırılmışdır. Müqaviləyə əsasən Cavabdeh müqavilə üzrə cavabdehlik daşıyaraq öhdəyə götürür ki, 26.000 min dollar məbləği İddiaçı aldıqdan sonra getdiyi yerdə başqa işləri də olduğu üçün 3 ay müddətinə göstərilən tipli markalı maşını xaricdən gətirib İddiaçı adına sənədləşdirəcək. Maşın təhvil-təslim edilərkən İddiaçı Cavabdeh 2000 (iki min) dollar ödəyəcək. Müqaviləyə əsasən Cavabdeh hər hansı maliyyə və ya digər problemi olarsa həmin maşını və ya ödənilmiş 26.000 dolları və hər gecikmiş ay üçün 5 faiz üstünə gəlməklə ödəyəcək. Müqavilənin bəndlərinə əsasən pulu alan tərəf AR Cinayət Məcəlləsinin 178-ci maddəsinin 178.1, 178.2.3, 178.2.4-cü maddələrinə əsasən cavabdehliyini dərk etdiyini və qəbul etdiyini bildirir. Həmin müqaviləyə əsasən müqavilə imzalanan gün Cavabdeh İddiaçı 26.000 ABŞ dolları aldığını imzası ilə təsdiq etmişdir. Cavabdeh tərəfindən müqavilədə göstərilən 26.000 dollar məbləğ alındıqdan bir müddət keçdikdən sonra məlum oldu ki, Cavabdeh heç vaxt maşın alveri ilə məşğul olmamış iddiaçını aldatmaqla pulunu mənimsəmişdir. İddiaçı pulu ondan tələb edəndə bildirmişdi ki, həmin pulla Qazaxıstandan arpa alıb İrana göndərmişdir. İranlılarda pulu vermir. Uzun müddətdir ki, Cavabdeh pulu tələb etsə də o, ya gizlənir, ya da telefona cavab verməməklə yayınır. Artıq müqavilənin şərtlərinə əsasən 3 ay icra müddəti bitdiyindən və icra müddətindən 22 ay (bir il 10 ay) keçməsinə baxmayaraq Cavabdeh müqavilə şərtlərinə uyğun hərəkət etmir və gizlənərək pulu geri qaytarmır. Cavabdeh etibardan sui-istifadə edərək onu aldadıb pulunu ələ keçirməklə ona qarşı dələduzluq etməklə ona böyük maddi ziyan vurmuşdur. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında iddiaya etiraz etdi və məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili məhkəmə iclasında iddiaya etiraz edərək iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan İddiaçı və Cavabdeh arasında imzalanmış 15.03.2019-cu il tarixli Müqaviləyə əsasən: - Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, ev 15 mənzil 46-da yaşayan İddiaçı, Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, ev 15 mənzil 57-də yaşayan Cavabdeh Əiövsət oğlu ilə razılığa gəlir ki, Cavabdeh 26.000 (iyirmi altı min) dollar məbləğində Toyota RAV4 2.0 L 2019-cu il buraxılışlı avtomobili xaricdən alıb gətirib Bakı şəhərində İddiaçı təhvil verir. - Cavabdeh müqavilə üzrə cavabdehlik daşıyaraq öhdəliyə göturür ki, 26.000 dollar məbləği İddiaçı aldıqdan sonra 3 ay müddətinə göstərilən tipli, markalı maşını xaricdən gətirib X1 adına sənədləşdirəcək. - Maşın təhvil-təslim edilərkən İddiaçı Cavabdeh 2000 (iki min) dollar ödəyəcək. - Cavabdeh müqavilə üzrə hər hansı maliyyə və ya digər problemi olarsa həmin maşını və ya ödənilmiş 26.000 dolları və hər gecikmiş ay üçün 5 faiz üstünə gəlməklə ödəyəcək. - Pulu alan tərəf Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsinin 178.1, 178.2.1, 178.2.3, 178.2.4-cü maddələrinin cavabdehliyini dərk edir və qəbul edir. - Müqavilə yerinə yetirildikdən sonra müqaviləyə xitam verilməsi barədə tərəflərin iştirakı ilə akt tərtib edilir. Qeyd edilən müqavilədə Cavabdeh 26000 ABŞ dolları məbləğində pulu aldığı onun imzası ilə təsdiq edilmişdir. Beləliklə mülki işin araşdırılması zamanı müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış müqavilə üzrə Cavabdeh İddiaçı 26.000 ABŞ dolları məbləğində pul almış və aldığı pul müqabilində sonuncunun xeyrinə avtomobil gətirməyi öhdəsinə götürmüşdür. Lakin Cavabdeh müqavilə öhdəliyini yerinə yetirməmiş və iddiaçıdan aldığı qeyd edilən məbləği qaytarmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Həmin Məcəllənin Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur; Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürülə bilər; Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh müqavilə əsasında iddiaçının vəsaiti hesabına xarici ölkədən avtomobil alıb gətirmək barədə öhdəlik götürsə də, bu öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı cavabdehə verdiyi 26.000 ABŞ dolları məbləğində pulun ona geri ödənilməsini tələb etməkdə haqlıdır. Buna görə də iddia həmin hissədə təmin edilməlidir. Məhkəmə iddiaçının, 28000 ABŞ dolları faizin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə tələbini araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi əsassızdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 iyul 2009-cu il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin “ondan faydalanmağa görə” müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Görünüdüyü kimi, iddiaçı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən 28000 ABŞ dolları faizi cavabdehdən tələb etdiyi halda, cavabdehin kredit borcu üzrə pul vəsaitindən istifadəyə görə gəlir, artım, bəhər, törəmə əldə etməsi halını sübut etməli idi. Lakin iddiaçı tərəfindən qeyd edilən halları sübut edən hər hansı dəlil məhkəməyə təqdim edilmədiyindən iddia qeyd edilən hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Avropa Məhkəməsinin Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarına istinadən, məhkəmə qeyd edir ki, məhkəmə araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Yuxarıda istinad edilən xüsusatları nəzərə alaraq məhkəmə hesab edir ki, mülki prosesdə qəbul edilmiş və mülki prosesdə mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Məhkəmə həmçinin iddianın 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Digər tərəfdən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmış, öz qətnaməsini məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Ödəniş gününə qüvvədə olan məzənnə ilə 26.000 (iyirmi altı min) ABŞ dolları məbləğində Azərbaycan Respublikası manatı və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar