Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-1217/2022 05.01.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Abbasova Əminə Rauf qızı, İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı əmanətin geri qaytarılması tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyən etdim: İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı – cavabdehdən 3500 manat pulun və əmanətə görə hesablanmış faizlərin iddiaçıya geri qaytarılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, yolverilməzliyə görə ərizənin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, iddia ərizəsinin məzmunu ilə müəyyən edilir ki, iddiaçı ilə "xxxx" ASC-nin Sumqayıt filialı arasında 07 noyabr 2019-cu ildə, 07 UNİ 2019/0300 saylı universal bank əmanəti müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən bank iddiaçıdan 3500 manat məbləğində pul vəsaitini qəbul edərək müqavilədə nəzərdə tutulmuş şərtlərdə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı həmin məbləğdə pulu "xxxx" ASC-nin Sumqayıt filialına ödəyib. Bakı Apellyasiya Məhkəməsinin 14.05.2020-ci il tarixli, 2-3(103)-132/2020 saylı qərarı ilə "xxxx" ASC müflis elan edilərək iflas proseduruna başlanmış, Əmanətlərin Sığortalanması Fondu bankın ləğvedicisi təyin edilmişdir. Ləğv prosessində olan "xxxx" ASC özünün 25 may 2021-ci il tarixli məktubu ilə iddiaçının adını 30.06.2020-ci il tarixdə, 0105 nömrə ilə kreditorların reyestrinə daxil etmiş və reyestr təsdiq üçün məhkəməyə təqdim olunmuşdur. Lakin, əmanət kimi qəbul edilmiş 3500 manat və əmanət məbləğinə hesablanmış faizlər iddiaçıya ödənilməmişdir. “Banklar haqqında” Azərbaycan Respublikasının qanununa əsasən müflis elan olunmasına dair qərar qüvvəyə mindiyi anından: bankın adından yalnız ləğvedici və ya onun vəkil etdiyi şəxs tərəfindən edilən hərəkətlər hüquqi qüvvəyə malik olur (72.1.1. ), banka qarşı məhkəmə icraatı prosesində olan bütün iddialar dayandırılır (72.1.2.), bank barəsində digər məhkəmə icraatına başlanılmır və banka qarşı bütün tələblər yalnız bu Qanunda nəzərdə tutulan iflas proseduru çərçivəsində irəli sürülür (72.1.3.). “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2 və 72.1.3-cü maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.2, 153.2.1 və 261.0.1-ci maddələri ilə, eləcə də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 178-ci maddəsinin 2-ci bəndinin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72, 77 və 82-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2017-ci il tarixli Qərarında göstərilmişdir ki, müflis elan olunmuş bankın ləğvetmə prosedurunda bankın kreditorlarının banka qarşı tələblər irəli sürməsi və bu tələblərin icrası mülki və mülki prosessual qanunvericilikdə nəzərdə tutulan ümumi əsaslar və qaydalar üzrə deyil, məhz “Banklar haqqında” Qanunun yuxarıda qeyd edilən maddələrinin xüsusi tələbləri çərçivəsində həyata keçirilir. İflas proseduruna məhkəmə nəzarəti məhz bu prosedur çərçivəsində müəyyən edilmişdir. Konstitusiya Məhkəməsinin Plenumu yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, “Banklar haqqında” Qanunun 76-82 və 87-ci maddələrinin müddəalarında bankın kreditorlarının tələblərinin qeydə alınması, tələblərə etiraz edilməsi, qeydə alınmış və etiraz edilmiş tələblərin məhkəmə tərəfindən təsdiq edilməsi, qeydə alınmış tələblərin ödənilməsinin xüsusi proseduru və s. müəyyən edildiyindən, bu cür kreditor tələbləri ilə bağlı məhkəmələrdə olan işlər üzrə icraata Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə uyğun olaraq xitam verilməli, tərəflərə pozulmuş hüquqlarının müdafiə edilməsi üçün iflas proseduruna nəzarət edən məhkəməyə müraciət edilməsi izah olunmalıdır. Bankın müflis elan olunmasına dair məhkəmənin qərarı qüvvəyə mindiyi andan daxil olan ərizələrin Mülki Prosessual Məcəllənin 153.2.1-ci maddəsinə əsasən icraata qəbul edilməsindən imtina olunmalıdır. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2-ci maddəsinin “dayandırma” ifadəsi bankın müflis elan olunmasına dair məhkəmənin qərarı qüvvəyə mindiyi andan banka qarşı kreditor tələblərlə bağlı mülki məhkəmə icraatında olan işlərin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254-cü maddəsində nəzərdə tutulmuş qaydada icraatının dayandırılmasını deyil, bu Məcəllənin 261.0.1-ci maddəsinə əsasən icraatına xitam verilməsini nəzərdə tutur. Həmin andan daxil olan ərizələrin qəbul edilməsindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən imtina olunmalıdır. İddia ərizəsində də göstərilidiyi kimi "xxxx" ASC müflis elan edilərək iflas proseduruna başlanmış, Əmanətlərin Sığortalanması Fondu bankın ləğvedicisi təyin edilmişdir. Eyni zamanda iddiaçının adı 30.06.2020-ci il tarixdə, 0105 nömrə ilə kreditorların reyestrinə daxil edilmişdir. Bu səbəbdən iddiaçı əmanətin geri qaytarılması ilə bağlı ayrıca icraat qaydasında iddia qaldırmaq əvəzinə, bankın ləğv proseduru çərçivəsində öz tələblərini irəli sürməli idi. İddiaçı öz tələbini banka qarşı deyil, Əmanətlərin Sığortalanması Fonduna qarşı yönəltsə də, Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən Qərarında göstərilmişdir ki, bankın adından ləğvedici və ya onun vəkil etdiyi şəxsin hərəkətlərinin hüquqi qüvvəyə malik olması bankın öhdəlikləri və ya tələblərinin ləğvediciyə keçməsi anlamını ifadə etmir. Bu halda ləğvedici müflis elan olunan bankın adından hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olur və qanunvericilikdə hüquqi şəxsin səlahiyyətli orqanının malik olduğu hüquqları həyata keçirməklə bərabər, müvafiq vəzifələri daşıyır. İddiaçının hazırkı tələbi ləğvediciyə qarşı yönəlsə də, bankın öhdəlikləri ilə əlaqədardır. Belə olan halda iddiaçı öz tələbini bankın ləğv proseduru çərçivəsində irəli sürməli idi. Bu səbəbdən hazırkı iddia ərizəsi məhkəmənin icraatına qəbul edilə və baxıla bilməz. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının hazırkı tələbi ləğvediciyə qarşı yönəlsə də, bankın öhdəlikləri ilə əlaqədardır. Belə olan halda iddiaçı öz tələbini bankın ləğv proseduru çərçivəsində irəli sürməli idi. Bu səbəbdən hazırkı iddia ərizəsi məhkəmənin icraatına qəbul edilə və baxıla bilməz. Beləliklə, iddiaçı hazırkı iddia ilə mülki məhkəmə icraat qaydasında deyil inzibati məhkəmə icraatı qaydasında müraciət etməlidir. Odur ki, İddiaçı hazırki iddia ərizəsi mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, kakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Məhkəmə həmçinin izah edir ki, hazırkı tələblə bankın iflas proseduru çərçivəsində çıxış edə bilər. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 153-cü, 263-264-cü və 267-268-ci maddələrini rəhbər tutaraq qərara aldım: İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı əmanətin geri qaytarılması tələbi barədə iddia ərizəsinin iddianın yolverilməzliyə görə qəbul edilməsindən imtina edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhər Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Əminə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-1217/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-1217/2022
05.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr - Banklarla müştərilər arasında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver