Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-125/2022 18.03.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, İddiaçının etibarnamə üzrə nümayəndəsi X1, Cavabdehin etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “əmək müqaviləsinin və əmrlərin ləğv olunması, əvvəlki ixtisas dərəcəsinə və vəzifəyə bərpa olunması, əmək haqqı və pul təminatının ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB-nin üzərinə iddiaçının analıq məzuniyyətinə çıxana qədər işlədiyi və əmək haqqısı, eləcə də, digər təminatları eyni olan 8-ci dərəcəli texnik vəzifəsinə bərpa olunması, analıq məzuniyyətindən qayıtdıqdan sonra qanunsuz olaraq çıxarıldığı əvvəlki 8-ci dərəcəli texnik vəzifəsi ilə hazırkı tutduğu vəzifə üzrə ödənilən əmək haqqı arasındakı məbləğ fərqinin qanunla müəyyən olunmuş qaydada hesablanaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 26 avqust 2008-ci il tarixdə Cavabdeh İB-nin Yasamal rayon Qaz İstismar İdarəsinə Qazın qəbulu, satışı və hesabatı şöbəsinə 7-ci dərəcəli operator (kompüter üzrə) peşəsinə işə qəbul olunmuşdur. Daha sonra o, Cavabdeh İB-nin 11 mart 2009-cu il tarixli, 06/K saylı əmr üzrə 8-ci dərəcəli kompüter operatoru peşəsinə işə qəbul olunmuşdur. Cavabdeh İB üzrə 26 aprel 2011-ci il tarixli, 57 K saylı əmrə əsasən Yasamal rayon Qaz İstismarı İdarəsində təbii qazın qəbulu və satışı şöbəsinə 8-ci dərəcəli texnik vəzifəsinə işə keçirilmişdir və həmin vəzifədə ailə həyatı qurduğu tarixə qədər, yəni 2014-cü ilə qədər işləmişdir. Həyat yoldaşı ilə nikaha daxil olduqdan sonra 30 mart 2015-ci il tarixdə oğlu X2 dünyaya gəlməsi səbəbindən iddiaçı qismən ödənişli sosial məzuniyyət hüququndan istifadə etmiş və analıq məzuniyyətinə çıxmışdır. 20 iyul 2016-cı il tarixdə iddiaçı 2-ci dəfə ana olmuşdur. O, analıq məzuniyyətini autizm xəstəsi olan övladının səhhəti ilə bağlı 2021-ci ilin yanvar ayına qədər uzatmışdır. İddiaçı işə çıxdıqda onun əmək və sosial hüquqlarının kobud şəkildə pozulmasını, autizm xəstəsi olan övladı 30 mart 2015-ci il təvəllüdlü X3 müalicə etdirdiyi dövrdə 22 dekabr 2015-ci il tarixdə Cavabdeh İB ilə saxta əmək müqaviləsi bağlamağını, 2015-ci ilin dekabr ayında 8 aylıq xəstə uşağını qoyub işə çıxmağı barədə onun yerinə və onun xəbəri olmadan adından Cavabdeh İB-nin rəhbərliyinin adına ərizə yazıldığını öyrənmişdir. İşə çıxanda isə iddiaçının ixtisas dərəcəsi 8-ci dərəcədən 5-ci dərəcəyə qanunsuz olaraq salınmışdır. İddiaçı Cavabdeh İB ilə 22 dekabr 2015-ci il tarixdə heç bir əmək müqaviləsi bağlamamışdır. 2014-cü ildən 2021-ci ilədək analıq məzuniyyətində olmağı ilə bağlı əmək kitabçasında heç bir qeydiyyat aparılmamışdır. Daha sonra, iddiaçı Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, analıq məzuniyyətində olduğu dövrdə Cavabdeh İB tərəfindən 22 dekabr 2015-ci il tarixdə tərtib olunmuş əmək müqaviləsinin, habelə iddiaçının Bakı Regional Qazın Satışı Departamentində qaz avadanlıqlarının istismarı və təmiri üzrə 5-ci dərəcəli çilingər vəzifəsinə təyin olunmasına dair əmrin və əmək müqaviləsinin qanunsuz və əsassız olduğu üçün ləğv olunması, Cavabdeh İB-nin üzərinə iddiaçının analıq məzuniyyətinə çıxana qədər işlədiyi və əmək haqqı, eləcə də digər təminatları eyni olan 8-ci dərəcəli texnik vəzifəsinə bərpa olunması, analıq məzuniyyətindən qayıtdıqdan sonra qanunsuz olaraq çıxarıldığı əvvəlki 8-ci dərəcəli texnik vəzifəsi üzrə əmək haqqı və pul təminatının Cavabdeh İB tərəfindən hesablanaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi X4 iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. İş materiallarına əlavə olunmuş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Gündüz Sadıqov iddiaçının əridir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 69.1-1-ci maddəsinə əsasən, fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 19.3-cü maddəsinə əsasən, yaxın qohumlara babalar, nənələr, valideynlər, övladlığa götürənlər, doğma və ögey qardaşlar və bacılar, ər-arvad, uşaqlar, övladlığa götürülənlər, nəvələr aiddirlər. Məhkəmə iclasında cavabdehin etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil2 iddia tələbinə etiraz edərək onun rədd olunmasını xahiş etdi. Məhkəmə ilk öncə qeyd edir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Məhkəmə iş üzrə təqdim edilmiş sənədləri araşdıraraq belə qənaətə gəlir ki, tərəflər arasında yaranmış mübahisə əmək münasibətlərindən irəli gəldiyindən hazırkı işə baxılarkən məhz əmək qanunvericiliyinin normalarına riayət edilib-edilməməsi yoxlanılmalıdır. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı 26 aprel 2011-ci il tarixli, 57 K saylı əmrə əsasən Yasamal rayon Qaz İstismarı İdarəsində təbii qazın qəbulu və satışı şöbəsinə 8-ci dərəcəli texnik vəzifəsinə keçirilmişdir. İddiaçı 19 iyul 2014-cü ildə X4 ilə ailə həyatı qurmuş, o, ilk övladı X3 30 mart 2015-ci il tarixdə dünyaya gətirmişdir. İddiaçı analıq məzuniyyətində olarkən 22 dekabr 2015-ci il tarixli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən başqa işəgötürənlə əmək müqaviləsi bağladığı üçün iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərək tutduğu vəzifədən azad edilmişdir. İş materiallarına əlavə edilmiş 22 dekabr 2015-ci il tarixli ərizədən görünür ki, İddiaçı Cavabdeh İB-nin Bakı Regional Qazın Satışı Departamentinin Qazın balansı və satışı şöbəsində 5-ci dərəcəli qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər peşəsinə qəbul edilməsi ilə bağlı müraciət etmişdir. 22 dekabr 2015-ci il tarixdə iddiaçı və cavabdeh arasında əmək müqaviləsi bağlanmış, iddiaçı 23 dekabr 2015-ci il tarixli əmrlə əmək müqaviləsi əsasında bir il müddətinə Birliyin Bakı Regional Qazın Satışı Departamentinin Qazın balansı və satışı şöbəsində 5-ci dərəcəli qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər peşəsinə təyin edilmişdir. İşin hallarından görünür ki, iddiaçı analıq məzuniyyətində olmasına baxmayaraq onunla bir əmək müqaviləsinə xitam verilmiş, digər müqavilə bağlanmışdır. İlkin olaraq məhkəmə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 111-ci maddəsinə əsasən, qeyd edir ki, məzuniyyətdə olduğu müddət ərzində işçinin iş yeri, vəzifəsi (peşəsi) və bu Məcəllədə nəzərdə tutulmuş hallarda orta əmək haqqı saxlanılır, habelə işəgötürənin təşəbbüsü ilə əmək müqaviləsinin pozulması və işçinin intizam məsuliyyətinə cəlb edilməsi yolverilməzdir. Bu müddət işçinin əmək stajına, həmçinin ixtisası üzrə stajına daxil edilir. Maddənin mənasından da göründüyü kimi, işəgötürənin təşəbbüsü ilə əmək müqaviləsinin ləğvinə yol verilmir, lakin işçinin öz arzusu ilə müqavilənin xitamı ilə bağlı hər hansı məhdudiyyət yoxdur. Eyni zamanda iş materiallarından görünür ki, iddiaçı ilə 22 dekabr 2015-ci il tarixdə birinci müqaviləyə xitam verilmiş və eyni tarixdə onun ərizəsi alınaraq onunla yeni əmək müqaviləsi bağlanmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 1-ci hissəsinə əsasən, işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Məhkəmə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən, qeyd edir ki, işçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. Məhkəmə araşdırması zamanı cavabdeh tərəf məhkəmə iclaslarında iştirak edərək iddiaçının şəxsi ərizəsinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsinə, daha sonra isə öz razılığı ilə yeni vəzifəyə keçirilməsinə istinad edərək iddia tələbinə etiraz etmişdir. Lakin cavabdeh bu halı təsdiq edəcək hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə tərəfindən cavabdehə sorğular göndərilmiş, iddiaçı ilə aralarında bağlanmış əmək müqaviləsinin, iddiaçı tərəfindən yazılmış ərizənin, iddiaçının şəxsi işinin məhkəməyə təqdim edilməsi tələb edilmişdir. Lakin Cavabdeh İB məhkəmənin sorğusuna cavab verməmiş, mülki işin araşdırılması üçün tələb edilən zəruri sənədləri məhkəməyə təqdim etməmişdir. Cavabdeh Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 27 avqust 2021-ci il tarixli 2(011)-5123/2021 saylı qərardadı ilə cərimə olunmuşdur. Məhkəmə daha sonra 22 dekabr 2015-ci il tarixdə tərtib olunmuş əmək müqaviləsinə, habelə iddiaçının Bakı Regional Qazın Satışı Departamentində qaz avadanlıqlarının istismarı və təmiri üzrə 5-ci dərəcəli çilingər vəzifəsinə təyin olunmasına dair 23 dekabr 2015-ci il tarixli əmrə münasibətdə qeyd edir ki, müqavilə qanunvericiliyin tələbləri pozulmaqla bağlanmışdır. Belə olan halda 23 dekabr 2015-ci il tarixli əmr də qanuni hesab edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 241.1-ci maddəsinə əsasən, əmək şəraiti ağır, zərərli olan iş yerlərində, habelə yeraltı tunellərdə, şaxtalarda və digər yeraltı işlərdə qadın əməyinin tətbiqi qadağandır. “Qadın əməyinin tətbiqi qadağan olunan, əmək şəraiti zərərli və ağır olan istehsalatların, peşələrin (vəzifələrin), habelə yerlatı işlərin siyahısının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən, qadın əməyinin tətbiqi qadağan olunan, əmək şəraiti zərərli və ağır olan istehsalatların, peşələrin (vəzifələrin), habelə yeraltı işlərin siyahısına neft-mədən avadanlığının təmiri və texnoloji avadanlığın quraşdırılması və xidməti ilə məşğul olan təmirçi-çilingər vəzifəsi daxildir. Beləliklə, məhkəmə hesab edir ki, cavabdeh tərəf iddiaçının öz ərizəsi və razılığı əsasında onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsini və digər vəzifəyə keçirilməsini təsdiq edəcək hər hansı mötəbər sübutu məhkəməyə təqdim etmədiyindən, iddiaçı analıq məzuniyyətində olduğu halda onunla bağlanmış əmək müqaviləsinə qanunsuz olaraq xitam verildiyindən, həmçinin iddiaçının 23 dekabr 2015-ci il tarixli əmrlə keçirildiyi peşə qadın əməyinin tətbiqi qadağan olunan peşələr siyahısına daxil olduğundan, Cavabdeh tərəfindən tərtib edilmiş 22 dekabr 2015-ci il tarixli, 82/k saylı əmr, İddiaçı ilə Cavabdeh İB arasında bağlanmış 22 dekabr 2015-ci il tarixli, 795 saylı əmək müqaviləsi, habelə iddiaçının Bakı Regional Qazın Satışı Departamentində qaz avadanlıqlarının istismarı və təmiri üzrə 5-ci dərəcəli çilingər vəzifəsinə təyin olunmasına dair 23 dekabr 2015-ci il tarixli əmr ləğv olunmalı, iddiaçı analıq məzuniyyətinə çıxana qədər işlədiyi və əmək haqqı, eləcə də digər təminatları eyni olan 8-ci dərəcəli texnik vəzifəsinə bərpa olunmalıdır. Əlavə olaraq məhkəmə qeyd edir ki, 22 dekabr 2015-ci il tarixli ərizədə və iddiaçı və cavabdehin arasında bağlanmış 22 dekabr 2015-ci il tarixli müqavilədə olan yazılar və imzanın iddiaçı tərəfindən icra olunub-olunmadığını müəyyən etmək üçün məhkəmə tərəfindən xətşünaslıq ekspertizası keçirilməsi barədə qərardad qəbul edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 yanvar 2022-ci il tarixli ekspert rəyinə əsasən həmin ərizənin İddiaçı tərəfindən yazılıb imzalandığı müəyyən edilmişdir. Məhkəmə iddia tələbinin “analıq məzuniyyətindən qayıtdıqdan sonra qanunsuz olaraq çıxarıldığı əvvəlki 8-ci dərəcəli texnik vəzifəsi üzrə əmək haqqı və pul təminatının Cavabdeh İB tərəfindən hesablanaraq iddiaçıya ödənilməsi” hissəsinə qiymət verərək belə hesab edir ki, iddia tələbi həmin hissədə rədd edilməlidir. Belə ki, iddiaçı iddia tələbini həmin hissədə əsaslandırmamışdır, məhkəməyə iddiaçının 5-ci dərəcəli çilingər vəzifəsində çalışarkən aldığı əmək haqqı ilə bağlı sənədlər təqdim olunmuş, lakin onun daha öncəki dövrdə 8-ci dərəcəli texnik vəzifəsində çalışarkən aldığı əmək haqqının miqdarı ilə bağlı hər hansı sənəd məhkəməyə təqdim edilməmişdir. Ona görə də, məhkəmə tərəfindən həmin əmək haqqı fərqinin hesablanması mümkün olmamışdır. Odur ki, iddia tələbi həmin hissədə rədd edilməlidir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını, mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Eyni zamanda, məhkəmə iddia müddətinin tətbiqi ilə bağlı cavabdehin nümayəndəsi tərəfindən verilmiş ərizəyə qiymət verərək hesab edir ki, ərizə əsassızdır. Belə ki, cavabdeh tərəf məhkəməyə iddia müddətinin tətbiqi barədə ərizə ilə müraciət edərək, iddiaçının 1 aylıq iddia müddətini ötürməsinə istinad edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci bəndinə əsasən, fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296.4-cü maddəsinə əsasən, pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Məhkəmə AR Əmək Məcəlləsinin 296-cı maddəsinin tələblərinə əsaslanaraq hesab edir ki, pul tələbi ilə əlaqədar işçinin hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət etmək hüququ mövcuddur. Hazırkı iş üzrə iddiaçı iddia ərizəsində həmçinin pul vəsaiti də tələb etdiyindən, həmçinin o, 2021-ci ildə işə geri qayıtdığından, iddia ərizəsi ilə 04 iyun 2021-ci il tarixdə məhkəməyə müraciət etmiş, iddia müddəti iddiaçı tərəfindən ötürülməmişdir. Ona görə də, cavabdehin ərizəsi əsassızdır. Beləliklə, məhkəmə yuxarıda sadalananlara əsasən belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh tərəfindən tərtib edilmiş 22 dekabr 2015-ci il tarixli, 82/k saylı əmr, İddiaçı ilə Cavabdeh İB arasında bağlanmış 22 dekabr 2015-ci il tarixli, 795 saylı əmək müqaviləsi, habelə iddiaçının Bakı Regional Qazın Satışı Departamentində qaz avadanlıqlarının istismarı və təmiri üzrə 5-ci dərəcəli çilingər vəzifəsinə təyin olunmasına dair 23 dekabr 2015-ci il tarixli əmr ləğv olunmalı, iddiaçı analıq məzuniyyətinə çıxana qədər işlədiyi və əmək haqqı, eləcə də digər təminatları eyni olan 8-ci dərəcəli texnik vəzifəsinə bərpa olunmalı, iddia tələbi qalan hissədə rədd edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. “Dövlət rüsumu haqqında” Qanunun 9.1.1-ci maddəsinə əsasən, əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə -iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən 10 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manatdır. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 10 manat dövlət rüsumu onun özünə aid edilməlidir. Eyni zamanda, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 100 manat iddiaçıdan alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh tərəfindən tərtib edilmiş 22 dekabr 2015-ci il tarixli, 82/k saylı əmr, İddiaçı ilə Cavabdeh İB arasında bağlanmış 22 dekabr 2015-ci il tarixli, 795 saylı əmək müqaviləsi, habelə iddiaçının Bakı Regional Qazın Satışı Departamentində qaz avadanlıqlarının istismarı və təmiri üzrə 5-ci dərəcəli çilingər vəzifəsinə təyin olunmasına dair 23 dekabr 2015-ci il tarixli, SOCAR/15-2900/26-05-001305 saylı əmr ləğv olunsun. İddiaçı analıq məzuniyyətinə çıxana qədər işlədiyi və əmək haqqı, eləcə də digər təminatları eyni olan 8-ci dərəcəli texnik vəzifəsinə bərpa olunsun. İddia tələbi qalan hissədə rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş 10 (on) manat dövlət rüsumu onun özünə aid edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 100 (bir yüz) manat İddiaçı alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №2(011)-125/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-125/2022
18.03.2022 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver