Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2561/2021 14.04.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı cavabdehlər «Cavabdeh1L» Məhdud Məsuliyyətli Cəmiyyəti və Cavabdeh2 qarşı “əmək müqaviləsi bildirişinin etibarsız hesab edilməsi, maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” barədə iddia tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, «Cavabdeh1L» MMC-də İddiaçı adına olan mərkəzləşdirilmiş elektron informasiya sistemində əmək müqaviləsinin bağlanması barədə bildirişin etibarsız hesab edilməsi, «Cavabdeh1L» MMC-in ona vurmuş olduğu 7200 manat məbləğində maddi ziyanın və 20.000 manat məbləğində mənəvi ziyanın cavabdehdən tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, ali təhsillidir, ixtisasca dizaynerdir, onun şəxsi iradəsi və razılığı olmadan 19-iyun 2020-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Naziliyinin (ƏƏSMN) ona heç bir məlumat verilmədən mərkəzləşdirilmiş elektron informasiya sistemində elektron qaydada qeydiyyata alınmaqla işə qəbul edilmişdir, şəxsiyyət vəsiqəsi məlumtları ƏƏSMN-in elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edilərək, əmək müqaviləsi bildirişi həmin informasiya sistemində qeydiyyata alınmışdır, bu barədə məlumatı olmadığına görə 09 fevral 2021-ci il tarixinə qədər heç bir əmək haqqı hesablanmamış və kartına köçürülməmişdir, «Cavabdeh1L» MMC-in onun ilə yazılı əmək müqaviləsi yoxdur, həmçinin sözü gedən şirkətə məxsus olan əmək müqaviləsi və ya hər hansı sənədi imzası ilə təsdiq etməmişdir, 2020-ci il avqust ayında yeni iş yerinə qəbul edilərkən məlumatlar mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edildikdə adına aktiv əmək müqaviləsinin olması ona məlum olmuşdur, nəticə etibarilə bu məsələ onun işə qəbul olmasında problem yaratmışdır, o, iş yeri hesab etdiyi “X4” MMC-də aylıq əmək haqqısı 1200 manat olan bir vəzifə üzrə işə başlamalı olduğu halda 6 ay sırf bu səbəbdən sonuncunda işə başlaya bilməmiş və nəticədə 7200 manat məbləğində maddi ziyan dəymişdir, eyni zamanda ona bütün bu hallar istər şəxsi həyatına istərsə də işgüzar fəaliyyətinə mənfi təsir göstərərək mənəvi ziyan vurmuşdur, bu əsasla dəfələrlə «Cavabdeh1L» MMC-ə müraciət olunsa da müraciətlər cavabsız qalmış və qanunsuz hərəkətlər davam etdirilmişdir, onun tərəfindən ƏƏSMN yanında X2 Xidmətinə adına olan əmək müqaviləsinin ləğv edilməsi ilə əlaqədar müraciət olunsa da, həmin müqavilənin bidirişinin etibarsız hesab edilməsi üçün məhkəməyə müraciət olunması tövsiyə edilmişdir. İddiaçı həmçinin izahatında bildirdi ki, digər cavabdeh kimi cəlb etdiyi Cavabdeh2 ilə bir müddət şəxsi tanışlığı olmuşdur, həmin şəxs cavabdeh təşkilatda təssisçidir və hazırda da müəssisəsnin idarəedilməsində iştirak edir, sonradan həmin şəxslə aralarında ciddi münaqişə yaranmışdır, bu münaqişə hətta o yerə gəlib çatmışdır ki, cavabdeh onun şəxsi avtomobilini qaçırmış, ona hədə-qorxu gəlmişdir, o da məcbur olaraq barəsində polis orqanlarına müraciət etmişdir, həmin şəxs ona əvvəllər də şəxsi həyatında problemlər yaradacağı ilə, o cümlədən də əmək fəaliyyəti göstərə bilməyəcəyi, bununla da başqa əmək münasibətləri zəminində digər şəxslərlə tanış ola bilməyəcəyi barədə əvvəllər xəbərdarlıq etmişdir və hazırkı vəziyyətdə iş materiallarından da görünür ki, heç bir qanuni və müqavilə əsası olmadan onun adını sistemə daxil etməklə digər müəssisələrdə əmək fəaliyyəti göstərməyə süni maneələr yaratmış, vaxtında müəssisəyə müraciət etməsinə baxmayaraq buna reaksiya verməmiş, ancaq məhkəmə mübahisəsi dövründə sistemdən adını çıxartmışdır, cavabdehlərin heç biri məhkəməyə belə gəlməmişlər, çünki onların iddia tələbi üzrə dəlillərə qarşı heç bir sübutları yoxdur, onlar tərəfindən qanunsuzluğa yol vermişlər. Sonda İddiaçı əmək müqaviləsinin ləğv olunması barədə bildiriş cavabdeh tərəfindən elektron informasiya sisteminə daxil edildiyindən iddia tələbini müqavilənin etibarsızlığı hissədə müdafiə etmir, çünki bu artıq əhəmiyyətsizdir və ona yaradılmış maneələr artıq aradan qalxmışdır, lakin onun adının əsassız olaraq sistemdə qalmasına görə əmək hüququ pozulduğundan və o, real olduğu halda əmək münasibətlərinə daxil ola bilməməklə qazana biləcəyi əmək haqqından məhrum olması ilə əldən çıxmış fayda və vurulmuş mənəvi ziyan hissədə iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili A.E.Mirzəyeva iddiaçının izahatına uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının və onun nümayəndəsinin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-sosial.az portalından çıxarışdan görünür ki, İddiaçı ilə “Cavabdeh1L” MMC arasında, aylıq əmək haqqı 270 manat olmaqla dirzayner, qrafika vəzifəsi üzrə əmək müqaviləsinin bağlanması haqqında bildiriş eektron sistemə daxil edilmişdir. İş materiallarında olan əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı və «Cavabdeh1L» MMC arasında 19.06.2020-ci il tarixdə bağlanmış əmək müqaviləsinə 17.03.2021-ci il tarixdə, 1 saylı əmrlə, AR Əmək Məcəlləsinin 68.2-ci maddəsinin a bəndinə əsasən xitam verilmişdir. İş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-sosial.az portalından çıxarışdan görünür ki, 14.08.2020-ci il tarixdə İddiaçı «Cavabdeh1L» MMC ilə əlaqəsi olmadığı, müqavilənin onun xəbəri və razılığı olmadan bağlanması və müqaviləyə xitam verilməsi ilə əlaqədar şikayət ünvanlamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti tərəfindən İddiaçı ünvanlanan 21 avqust 2020-ci il tarixli,**********9 saylı məktubdan görünür ki, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi üçün işəgötürənə və ya etibarsız olunması üçün məhkəməyə müraciət olunması tövsiyə edilmişdir. İş materiallarında olan X4 MMC-in İddiaçı ünvanlanmış 01 iyul 2020-ci il tarixli iş təklifindən görünür ki, İddiaçı 01 avqust 2020-ci il taridən aylıq əmək haqqı 1200 manat olmaqla marketinq üzrə menecer vəzifəsi təklif olunmuşdur. İş materiallrında olan “X4” MMC tərəfindən İddiaçı ünvanlanmış 06.08.2020-ci il tarixli məktubdan görünür ki,İddiaçı ilə əmək müqaviləsi bağlanması məqsədi ilə sonuncuya aid şəxsiyyət vəsiqəsinin məlumatları elektron informasiya sisteminə daxil edildikdə, sonuncunun əsas iş yeri olaraq Cavabdeh1 MMC-də saat 09:00-18:00 iş rejimi ilə tam iş vaxtında çalışmağı haqqında məlumat görünür, bununla əlaqədar olaraq “X4” MMC-də əsas iş yeri üzrə marketinq üzrə menecer vəzifəsində əmək fəaliyyəti ilə məşğul olmaq niyyəti olduğu təqdirdə əsas iş yerindən azad olunması sonuncudan xahiş olunmuş, əks halda onunla əmək müqaviləsi bağlanılmasının mümkün olmaması ona bildirilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, İddiaçı ilə «Cavabdeh1L» MMC arasında 19.06.2020-ci il tarixdə əmək müqaviləsinin bağlanması haqqında bildiriş sonuncu tərəfindən gücləndirilmiş elektronimza vasitəsi ilə elektron portala daxil edilmişdir, iddiaçıya 01.07.2021-ci il tarixdə “X5” MMC tərəfindən aylıq əmək haqqı 1200 manat olan marketinq üzrə menecer vəzifəsi təklif edilmişdir, iddiaçıya “X5” MMC tərəfindən göndərilmiş 06.08.2020-ci il tarixli məktubla “X5” MMC və iddiaçı arasında əmək müqaviləsinin bağlanmasının mümkün olmamasının səbəbi kimi elektron informasiya sistemində iddiaçı ilə Cavabdeh1 MMC arasında bağlanmış əmək müqaviləsi bildirişinin mövcud olması göstərilmişdir, 19.06.2020-ci il tarixli əmək müqaviləsinə 17.03.2021-ci il tarixdə, 1 saylı əmrlə, AR Əmək Məcəlləsinin 68.2-ci maddəsinin a bəndinə əsasən xitam verilməsi barədə əmək müqaviləsi bildirişi elektron informasiya sisteminə cavabdeh tərəfindən gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmişdir, X2 Xidməti tərəfindən əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi üçün işəgötürənə və ya etibarsız olunması üçün məhkəməyə müraciət olunması iddiaçıya tövsiyə edilmişdir. Bununla belə, tərəflər arasında əmək münasibətlərinin olmasına əsas verən hallar, o cümlədən əmək müqaviləsinin olması məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə, iddia tələbinin “əmək müqaviləsinin bağlanması barədə bildirişin etibarsız hesab edilməsi” hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı iddia tələbini həmin hissədə müdafiə etməsə də, tərəflər arasında əmək müqaviləsinin bağlanması və ona xitam verilməsi barədə elektron informasiya sisteminə daxil edilmiş qeydlər, onların əmək münasibətlərində olmasını təsdiq edən faktlardır ki, bu tərəflər arasında yaranmış hər hansı fikir müxtəlifliyinin əmək hüquq münasibətləri çərçivəsində baxılaraq həll edilməsini şərtləndirir və bu münasibətlər üzrə bir sıra hüquqi nəticələr üzrə (sosial təminat və s.) mübahisələrə yol açır, halbuki iş materialları ilə müəyyən olunur ki, tərəflər əmək münasibətlərində olmamış, o cümlədən onlar arasında hər hansı bir vəzifəyə dair əmək müqaviləsi bağlanmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh təşkilat tərəfindən iddiaçı barədə elektron informasiya sisteminə daxil olunmuş “əmək müqaviləsinin bağlanması” və xitam verilməsi barədə məlumatlar (mövcud qeydlər) silinməli, bu vəzifə isə X2 Xidmətinin üzərinə qoyulmalıdır. Məhkəmə, iddia tələbinin “cavabdeh «Cavabdeh1L» MMC-yə” münasibətdə qeyd edir ki, əvvəla, hər kəsin əmək hüququ beynəlxalq hüquq və konstitusiya ilə müdafiə olunur və mülki və əmək qanunvericiliyinə əsasən, müqavilə azadlığı prinsipi qüvvədədir və əmək münasibətləri tərəflərin qarşılıqlı razılığı əsasında bağlanmış əmək müqaviləsinə uyğun olaraq yaranır və hər hansı bir şəxs əmək müqaviləsinin bağlanmasına məcbur edilə bilməz, başqa sözlə desək, hər bir şəxsin əmək hüququ dövlət tərəfindən müdafiə olunur, ikincisi, qanuni və müqavilə əsası olmadan əmək münasibətlərini ehtiva edən bildirişlərin elektron informasiya sisteminə daxil olunması əmək qanunvericiliyində nəzərdə tutulmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı barədə elektron informasiya sisteminə daxil edilmiş məlumatlara görə «Cavabdeh1L» MMC cavabdehlik daşımalı, onun tərəfindən heç bir qanuni (müqavilə) əsası olmadan iddiaçı barədə əmək münasibətləri üzrə məlumatların elektron informasiya sisteminə daxil edilməsi hüquqa zidd əməl kimi qiymətləndirilməlidir. Qeyd edilənlər isə məhkəmə üçün belə nəticəyə gəlməyə əsas verir ki, iddiaçı, cavabdehin hüquqa zidd əməli (hərəkət və ya hərəkətsizliyi) nəticəsində zərər çəkməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Məhkəmə, “vurulmuş maddi zərərə görə hansı məbləğdə pulun cavabdehdən tutulmasına” münasibətdə qeyd edir ki, iddiaçıya edilmiş iş təklifi ilə bağlı əmək müqaviləsinin bağlanması cavabdehin hüquqa zidd əməli nəticəsində mümkün olmadığından, iddiaçı real əldə edə biləcəyi gəlirlərdən (əldən çıxmış faydadan) məhrum olmuşdur ki, bu məbləğin də həddi, əmək müqaviləsinin bağlanması üçün təklif qəbul etmiş müəssisədə nəzərdə tutulmuş əmək haqqı formasında sabit pul məbləğinı müvafiq olaraq əmək müqaviləsi barədə təklifin qəbul edildiyi 06.08.2020-ci il tarixdən, iddiaçının cavabdeh təşkilat tərəfindən yeni əmək müqaviləsi bağlanmasına maneə olan halın aradan qaldırıldığı 17.03.2021-ci il tarix dövr üzrə (7 ay X 1200 manat = 8400 manat) hesablanmalı, bu zaman iddia tələbinin maddi ziyan barədə həddi gözlənilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı tərəfindən maddi zərər kimi müəyyənləşdirilmiş 7200 manat məbləğ bu məqsədlə məqsədəmüvafiq hesab olunmalıdır. Məhkəmə, iddia tələbinin “mənəvi zərər məbləği” hissəsinə münasibətdə qeyd edir ki, cavabdehin hüquqa zidd əməli cavabdeh təşkilat tərəfindən İddiaçı vurulmuş ziyanın aradan qaldırılması və iddiaçının öz hüquqlarının bərpası məqsədilə çəkmiş olduğu xərclərin yaranmasına, o cümlədən, mənəvi sarsıntıya və şüura təsir göstərən mənfi reaksiyaya səbəb olan hallara gətirib çıxarmışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçıya dəymiş mənəvi zərərin əvəzi qismində pozuntunun adekvat və effektiv şəkildə aradan qaldırılması məqsədi ilə kompensasiya müəyyən edilməli və həmin məbləğ İddiaçı dəymiş mənəvi zərərin əvəzi 500 manat həddində qiymətləndirilməlidir. Məhkəmə digər cavabdeh olan “Cavabdeh2 qarşı qaldırılılmış iddia tələbinin hissəsinə” münasibətdə hesab edir ki, iddia tələbi həmin hissədə sübutetmə yükü ilə bağlıdır, belə ki, iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair sübutetmək yükü daşdığı halda, iddiaçı tərəfindən Cavabdeh2 təqsirli hüquqazidd əməli nəticəsində iddiaçıya maddi zərər vurulmasını təsdiq edən hallara dair mötəbər sübutlar iş materiallarına əlavə edilməmiş, belə hallar məhkəmə tərəfindən müyyən olunmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə əsaslı hesab edilə bilməz, buna görə də, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinin tələbinə görə, zərər dedikdə, hüquqi pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış dayda) başa düşülür. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097-ci maddəsinə əsasən Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsi (bundan sonra ismin müvafiq hallarında «bu Məcəllə») əmək münasibətlərində tərəflərin: hüquq bərabərliyinin təmin edilməsi; mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması; maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi; əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. Həmin Məcələnin 3-cü madəsinin 4-1-ci hissəsinə əsasən, əmək münasibətləri – əmək qanunvericiliyində, kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçi tərəfindən onun işə qəbul (təyin) edildiyi, seçildiyi, bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək funksiyasının əməkhaqqı ödənilməklə şəxsən yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət edilməsinə, işəgötürən tərəfindən işçinin əmək şəraitinin, təminatlarının və əməyinin mühafizəsinin təmin edilməsinə, habelə bu Məcəllənin prinsiplərinə əsaslanan münasibətlərdir. Həmin Məcələnin 42-ci maddəsinin 1-ci hissəsinə əsasən, əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Həmin Məcələnin 44-cü maddəsinə əsasən, əmək müqaviləsi yazılı formada bağlanır. Tərəflərin razılığı ilə əmək müqaviləsi bu Məcəlləyə əlavə edilmiş nümunəvi formaya uyğun tərtib edilir. Əmək müqaviləsi iki nüsxədən az olmayaraq tərtib olunub tərəflərin imzası (möhürü) ilə təsdiq edilir və onun bir nüsxəsi işçidə, digər nüsxəsi isə işəgötürəndə saxlanılır. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 23-cü maddəsinə əsasən, hər bir insan işləmək, istədiyi işi sərbəst seçmək, ədalətli və əlverişli iş şəraitinə malik olmaq və işsizlikdən müdafiə olun-maq hüququna malikdir. İqtisadi, sosial və mədəni hüquqlar haqqında beynəlxalq paktın 6-cı maddəsinə əsasən, bu Paktda iştirak edən dövlətlər hər bir şəxsin azad seçdiyi və ya könüllü razılaşdığı işlə həyatını təmin etmək hüququnu əhatə edən əmək hüququnu tanıyırlar və bu hüququn təmin olunması üçün müvafiq addımla atacaqlar. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarında formalaşdırılmış hüquqi mövqeyə görə, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyriəmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər fərdin hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, həm də əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Həmin Qərarda formalaşdırılan hüquqi mövqeyə görə, mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Avropa Məhkəməsi Maksimov Rusiyaya qarşı iş üzrə 2010-cu il 18 mart tarixli Qərarında formalaşdırdığı presedentə görə, kompensasiyanın hesablanması qaydası mürəkkəbdir. Fiziki və ya mənəvi iztirablara dair işlərə baxılarkən bu proses daha da çətinləşir. Ağrı və əzab, fiziki narahatlıq və əqli sıxıntı və iztirabın pul ilə ölçülə biləcəyi standart mövcud deyildir. Məhkəmələr dəymiş mənəvi zərərə görə ərizəçiyə təyin etdiyi kompensasiyanın həcmini qərarlarında kifayət qədər əsaslandırmalıdırlar. Əsaslandırmanın olmaması ərizəçiyə qeyri-mütənasib, az kompensasiyanın təyin edilməsi, pozuntunun adekvat və effektiv şəkildə aradan qaldırılması prinsipinə uyğun olmayaraq həll edilməsi ilə nəticələnə bilər. Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03.11.2008-ci il tarixli qərarında formalaşmış hüquqi mövqeyə görə “mənəvi zərər” anlayışı anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqların, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Həmin qərarda göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına” dair 28 noyabr 2018-ci il Qərarında formalaşdırılan hüquqi mövqeyə görə, mülki prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Materiallar o zaman sübut kimi qəbul oluna bilər ki, onlar faktları təsdiq edən halları nəzərdə tutsun və yalnız obyektiv təsdiqini tapan həmin hallar əsasında məhkəmə iş üçün əhəmiyyət daşıyan faktiki halları müəyyən etsin. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edir ki, sübutlar qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68). “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə Avropa İnsan Hüquqları Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§93). Azərbaycan Respublikasının Konstitusiyasının 35-ci maddəsinə əsasən hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Əmək müqavilələri sərbəst bağlanır, heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə gorə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır (35-ci maddənin İİ. İV. Vİ hissələri). Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, «Cavabdeh1L» MMC tərəfindən İddiaçı barədə elektron informasiya sisteminə daxil daxil edilmiş “əmək müqaviləsinin bağlanması və xitam verilməsi” ilə bağlı məlumatlar silinməli, «Cavabdeh1L» MMC-dən vurulmuş maddi zərərə görə 7200 manat, mənəvi zərərə görə 500 manat məbləğində pul alınaraq İddiaçı ödənilməlidir. Məhkəmə, məhkəmə xərclərinə münasibətdə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, cavabdeh tərəfindən dövlət rüsumunun ödənilməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadığından, 30 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməldir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsininin Plenumunun 24 .11.2005-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, qətnamənin əsaslandırıcı hissəsində məhkəmənin mübahisə edilən hüquq münasibəti barədə gəldiyi nəticə üçün əsas götürdüyü maddi hüquq normaları, istinad etdiyi qanunun və ya digər normativ aktın adı, maddəsi, abzası, bəndi, zəruri hallarda Konstitusiya Məhkəməsinin və Ali Məhkəmə Plenumunun ayrı-ayrı məsələlər barədə qərarları da göstərilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. «Cavabdeh1L» MMC-dən vurulmuş maddi zərərə görə 7200 (yeddi min iki yüz) manat, mənəvi zərərə görə 500 (beş yüz) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat alınaraq İddiaçı verilsin. «Cavabdeh1L» MMC tərəfindən İddiaçı barədə elektron informasiya sisteminə daxil edilmiş “əmək müqaviləsinin bağlanması və xitam verilməsi” ilə bağlı məlumatların silinməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinə həvalə olunsun. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində, Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-2561/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2561/2021
14.04.2021 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver