Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-2941/2023 05.05.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Əhmədova Təranə Rafiq qızının katibliyi ilə, İddiaçı cavabdeh “AZƏRBAYCAN YAŞİLLAŞDİRMA VƏ LANDŞAFT QURULUŞU ASC-yə qarşı” “ASC-də təkrar attestasiya keçirilməsi və attestasiyada iştirakının təmin edilməsi’ barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Cavabdeh ASC-də təkrar attestasiya keçirilməsini və attestasiyada onun iştirakının təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbləri onunla əsaslandırılmışdır ki, iddiaçı X1 Akademiyasının, Aqronomiya fakültəsini bitirmişdir. Xeyli müddətdir ki, "xxxx" ASC-də öz ixtisasına uyğun işdə işləmişdir. İşlədiyi müddətdə işində nöqsana yol verməmişdir. Belə ki, öz vəzifəsinin məsuliyyətini dərk edərək öz üzərinə düşən işin öhdəsindən layiqincə gəlmişdir. Bildirir ki, 16 noyabr 2022-ci il tarixdə keçirilmiş attestasiya vaxtında onun səhhətimdə yaranmış problemlə əlaqədar attestasiyada iştirak etmək istəməmişdir, çünki özünü yaxşı hiss etmirdi və bu barədə rəhbərliyə bildirmişdir. Bildirmişdir ki, məsləhət olsa yazılı müraciət etsin. Sonra özünün səhhəti yaxşılaşandan sonra yenidən attestasiyada iştirak edəcəkdir. Buna baxmayaraq rəhbərlik attestasiyada iştirak etməyinin zəruri olduğunu bildirmişdir. O, çarəsiz oldu və attestasiyada iştirak etdi. Bu səbəbdən iştirak etmişdir və sullara yetərincə cavab verə bilməmişdirsə bunun da səbəbi səhhətində olan problemlə əlaqədar olub. 16 dekabr 2022-ci il tarixdə “ASC’’-nin 627 saylı əmri ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndini tətbiq edərək onunla "ASC” arasında bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Hesab edir ki, bu "ASC” tərəfindən ədalətsizlik, onun hüququnun pozulmasıdır. Yenidən attestasiya keçirilməsi barədə rəhbərliyə müraciət etmişdir. ASC tərəfindən ona verilən cavabda Əmək Məcəlləsinə və “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20001-ci il 23 may tarixli 97 saylı qərarını əsas gətirərək ona imtina verilmişdir. Bildirir ki, həmin qərarda işçilərin attestasiyasının keçirilməsi qaydalarında üzürsüz səbəbdən təkrar attestasiyanın keçirilməsi müəyyən edilmişdir. Nazirlər Kabinetinin 97 saylı qərarının ASC rəhbərliyi tərəfindən əsas gətirməsi əsassız və qərəzlidir. Sual olunur həmin vaxt onun xəstə olmağı, özünü pis hiss etməsi səhhətində problem olmağı əsas deyilmi? Yuxarıda qeyd olunanları nəzərə alaraq, pozulmuş hüquqlarımın bərpası məqsədi ilə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Mülki iş materiallarını və iddiaçının məhkəmədə verdiyi izahatını nəzərdən keçirərək, məhkəmə hesab edir ki, iddia ərizəsinə məhkəmədə baxılmalı olmadığından, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 64.1-ci maddəsinə görə həmin maddənin ikinci hissəsində nəzərdə tutulan məqsədlə (müvafiq iş yerlərində əməyin mühafizəsi tədbirlərinin təmin olunmasını və ya istehsal sanitariyasının, gigiyenasının vəziyyətini müəyyən etmək və yaxşılaşdırmaq məqsədi ilə, habelə əmək məhsuldarlığının və işin səmərəliliyinin artırılması, əməyin təşkilində ən mütərəqqi üsulların, o cümlədən yeni texnikanın və ya texnologiyanın tətbiqi) əmək şəraitindən asılı olmayaraq işəgötürən müvafiq normativ hüquqi aktla müəyyən edilmiş qaydada iş yerlərinin attestasiyasının keçirilməsini təmin etməlidir. Həmin Məcəllənin 294-cü maddəsinə görə həmin maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır. Həmin Məcəllənin 287-ci maddəsinə görə fərdi əmək mübahisələri, işəgötürənlə işçi arasında əmək müqaviləsinin, kollektiv müqavilənin şərtlərinin, habelə əmək qanunvericiliyinin və digər normativ hüquqi aktların tətbiqi zamanı yaranan və bu Məcəllə ilə müəyyən edilmiş qaydada, üsullarla və şərtlərlə tərəflərin hüquq bərabərliyi və qanunun aliliyi prinsipləri əsasında həll edilən fikir ayrılığıdır. Həmin Məcəllənin 288-ci maddəsinin tələbinə görə Əmək Məcəlləsi ilə aşağıdakı məsələlərin tənzimlənməsi zamanı yaranan fərdi əmək mübahisələrinin həlli nizama salınır: a) əmək müqaviləsinin bağlanması, ləğv edilməsi və ya onun şərtlərinin dəyişdirilməsi; b) əmək normalarının, həmçinin işçinin əmək funksiyasının həcminin müəyyən edilməsi; c) əmək müqaviləsində nəzərdə tutulan iş yerinin dəyişdirilməsi; ç) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; d) əmək haqqının, habelə digər ödəmələrin müəyyən edilməsi və hesablanması, yaxud ödənilməsi; e) əmək haqqından, habelə digər ödəmələrdən tutulmaların aparılması; ə) məzuniyyət hüququnun həyata keçirilməsi; f) intizam tənbehi verilməsi; g) əməyin mühafizəsinin təşkili və təmin edilməsi; ğ) işçinin işəgötürənə vurduğu maddi və ya mənəvi ziyanın məbləğinin müəyyən edilməsi və ödənilməsi; h) işəgötürənin işçiyə vurduğu maddi və ya mənəvi ziyanın məbləğinin müəyyən edilməsi və ödənilməsi; x) işçilərin və ya iş yerlərinin attestasiyası komissiyasının qərarının qanunauyğunluğu və ya əsaslılığının müəyyən edilməsi; ı) müsabiqə komissiyasının qərarının qanuni, obyektiv və ədalətli olubolmamasının araşdırılması; i) istehsalat qəzası və ya peşə xəstəliyi nəticəsində işçiyə və ya onun ailə üzvlərinə vurulan ziyana görə əvəzin məbləğinin müəyyən edilməsi və ödənilməsi; j) səhmlər və ya digər qiymətli kağızlar üzrə ödəmələrin məbləğlərinin müəyyən edilməsi və ödənilməsi, habelə özəlləşdirmə prosesində və sonralar əmək münasibətləri ilə bağlı normaların tətbiq edilməsi; k) əmək müqaviləsinin, habelə kollektiv müqavilənin şərtlərinin və əmək qanunvericiliyinin pozulması ilə bağlı digər məsələlərin tətbiq edilməsi. Azərbaycan Respublikası MPM-in 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə, məhkəmə iş üzrə icraata xitam verilməsi haqqında qərardad çıxarır. Belə ki, iş materiallarından görünür ki, iddia tələbləri keçirilmiş attestasiyanın nəticələrinin mübahisələndirilməsi ilə deyil, işəgötürən müəssisədə yenidən (təkrar) attestasiyanın keçirilməsi ilə bağlıdır. Yenidən (təkrar) attestasiyanın keçirilməsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 288-ci maddəsində sadalanmış fərdi əmək mübahisələrinin predmetinə daxil olmadığından həmin tələblərə məhkəmədə baxılmalı deyil. Buna görə də iş üzrə icraata xitam verilməlidir. Bundan başqa, məhkəmə iddiaçıya izah edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 288-ci maddəsində sadalanmış fərdi əmək mübahisələri ilə bağlı məhkəməyə müraciət edərkən həmin Məcəllənin 294.5-ci maddəsinin tələblərinə görə fərdi əmək mübahisələri ilə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 262.3-cü maddəsinə əsasən, həmin Məcəllənin 261.0.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Məhkəmə bununla bağlı iddiaçıya izah edir ki, ərizəçinin attestasiya, onun keçirilməsi qaydaları və şərtləri ilə bağlı aidiyyəti üzrə işəgötürən müəssisəyə müraciət etmək hüququ vardır. İddiaçının Əmək Məcəlləsinin 288-ci maddəsində göstərilən fərdi əmək mübahisələrinin, o cümlədən işçilərin və ya iş yerlərinin attestasiyası komissiyasının qərarının qanunauyğunluğu və ya əsaslılığının müəyyən edilməsi zamanı yaranan fərdi əmək mübahisələrinin həlli ilə bağlı məhkəməyə müraciət etmək hüququ vardır. Azərbaycan Respublikası MPM-nin 114.1.4-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Beləliklə, məhkəmə şərh edilənlərə əsasən hesab edir ki, İddiaçı tərəfindən iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edilməsi üçün "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 261, 263-264, 267-ci maddələrini rəhbər tutaraq qəraraaldı: İddiaçı cavabdeh “AZƏRBAYCAN YAŞİLLAŞDİRMA VƏ LANDŞAFT QURULUŞU ASC-yə qarşı” “ASC-də təkrar attestasiya keçirilməsi və attestasiyada iştirakının təmin edilməsi’ barədə iddia ərizəsi üzrə icraata işə məhkəmədə baxılmalı olmadığından xitam verilsin. İddiaçıya attestasiya, onun keçirilməsi qaydaları və şərtləri ilə bağlı aidiyyəti üzrə işəgötürən müəssisəyə müraciət etmək hüququnun olması izah olunsun. İddiaçıya izah olunsun ki, iddia ərizəsi üzrə işin icraatına xitam verilməsi eyni tərəflər arasında, həmin predmet barəsində və həmin əsaslarla yenidən ərizə ilə məhkəməyə müraciət etməsinə mane olur. İddiaçı tərəfindən iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edilməsi üçün "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu qaytarılsın Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aynur Abdullayeva
Məhkəmə qərarları › İş №2(011)-2941/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-2941/2023
05.05.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver