Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3082/2024 12.07.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh (bundan sonra - iddiaçı) İddiaçı, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı (bundan sonra - cavabdeh) Cavabdeh, onun vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə köçürmə tələbi” barədə ilkin, Cavabdeh İddiaçı qarşı “kompensasiya verilməklə pay hüququna xitam verilməsi” barədə qarşılıqlı iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin faktiki halları:
1. Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsi, 8 nömrəli evin, 22 saylı mənzili (bundan sonra – Mənzil) X1 mülkiyyətində olmuş və onun Mənzilə dair mülkiyyət hüququ AR Bakı şəhər İcra Hakimiyyəti Başçısının Özəlləşdirmə İdarəsi və Bələdiyyə Mülkiyyətinin Texniki İnventarlaşdırma Bürosu Aparatında xx.xx.1992-ci il tarixdə dövlət qeydiyyatına alınmaqla, bu barədə Qeydiyyat Vəsiqəsi verilmişdir. X3 (İsmayıloviç) xx.xx.2023-cü il tarixdə ölmüşdür. Tofiq Dadaşbəyovdan miras qalmış əmlaklar (hazırkı mübahisə üzrə) Mənzildən və “Seat İbiza” minik markalı, ** LS *** dövlət qeydiyyat nişanlı avtomobildən (bundan sonra - Avtomobil) və tərəflərin bildirdiklərinə görə qarajdan ibarətdir.
2. İddiaçı ilə cavabdeh X1 (İsmayıloviçin) övladlarıdır. Tofiq Dadaşbəyov ölümündən qabaq iki dəfə notarial vəsiyyətnamə yazmışdır. Birinci vəsiyyətnamə xx.xx.2016-cü il tarixdə (18 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmişdir) tərtib edilmiş, həmin vəsiyyətnamədə miras qoyan ölən günədək ona məxsus olan bütün əmlakını iddiaçı ilə cavabdehə vəsiyyət etmişdir. İkinci vəsiyyətnamə isə bundan 5 ay sonra, xx.xx.2016-cü il tarixdə (18 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmişdir) tərtib edilmişdir. Həmin vəsiyyətnamədə Tofiq Dadaşbəyov ölən günədək ona məxsus olan Mənzili cavabdehə vəsiyyət etdiyini qeyd etmişdir.
3. İddiaçı, habelə azyaşlı övladları - xx.xx.2008-ci il təvəllüdlü X2, xx.xx.2011-ci il təvəllüdlü X4, xx.xx.2022-ci il təvəllüdlü X7 və cavabdeh Mənzildə pasport qeydiyyatındadırlar.
4. Mənzil “X9” MMC tərəfindən 78000 manata qiymətləndirilmişdir.
İlkin və qarşılıqlı iddia ərizələrinin və onlara dair etirazların dəlilləri: a) İlkin iddia ərizəsinin dəlilləri:
5. İddiaçı azyaşlı övladları – xx.xx.2008-ci il təvəllüdlü X2, xx.xx.2011-ci il təvəllüdlü X5 və xx.xx.2022-ci il təvəllüdlü X7 birlikdə Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsi, 8 nömrəli evin, 22 saylı mənzilinə köçürülmələri barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir (ilkin iddia üzrə iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş ərizə qanunvericliklə müəyyən edilmiş vaxtda verilmədiyindən məhkəmə tərəfindən qəbul edilməmişdir).
6. İddiaçı ilkin iddia ərizəsində qeyd etmişlər ki, Mənzil atasının mülkiyyətində olmuşdur. Onlar ailədə iki övlad olublar. Qardaşı (cavabdeh) uzun illərdir Rusiya Fedrasiyasında yaşadığından atasına mütəmadi qayğı göstərməklə onunla birlikdə Mənzildə yaşamışdır. Atası xəstə olan vaxt cavabdeh atasının nə qayğısına qalmış, nə bir dəfə olsun ona baş çəkmişdir. Rəhmətə getdikdən sonra atasının bütün dəfn xərclərini və yas mərasimlərinin xərcini o çəkmişdir. Lakin cavabdeh Bakı şəhərinə qayıtdıqdan sonra onun Mənzildə yaşadığını bilmiş və oraya gələrək onu bayıra atmışdır. O, üç azyaşlı uşaqları ilə birlikdə kiryədə yaşayır. Həyat yoldaşı ilə aralarında uzun illərdir anlaşımazlıq olduğu üçün ayrı yaşayırlar. Çıxandan sonra ona və uşaqlarına məxsus paltarlar, mebellər, qızıl-zinət əşyaları, 2500 ABŞ dolları və 5000 manat pulu da Mənzildə qalmışdır. O, dəflələrlə azyaşlaı uşaqları ilə birlikdə Mənzilə buraxılmağını xahiş etsə də, cavabdeh israrla imtina edərək hansı yolla olursa olsun, onu qeydiyyatdan çıxaracağını və Mənzili satacağını bildirmişdir. Lakin onun mənzildən istifadə etməklə bərabər gözlənilən mülkiyyət hüququ vardır.
b) Cavabdehin ilkin iddia ərizəsinə etirazlarının dəlilləri:
7. Cavabdeh ilkin iddia ərizəsinə etirazını yazılı şəkildə təqdim etməmişdir.
c) Qarşılıqlı iddia ərizəsinin dəlilləri:
8. Cavabdeh əvvəlcə 10000 manat, daha sonra isə 19500 manat kompensasiya ödənilməklə iddiaçının Mənzilə olan pay hüququna xitam verilməsi barədə qarşılıqlı iddia ərizəsi və iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir.
9. Cavabdeh qarşılıqlı iddia ərizəsində qeyd etmişdir ki, atası xx.xx.2023-cü il tarixdə rəhmətə getmişdir. Onun ölümündən sonra Bakı şəhəri 6 saylı “ASAN xidmət” mərkəzində vərəsəlik işi açılmışdır. Eyni zamanda, Mənzilə dair mərhum atası tərəfindən xx.xx.2016-cı il taixdə ona vəsiyyətnamə verilmişdir. Həmin vəsiyyətnaməyə əsasən daşınmaz əmlakda iddiaçıya nisbətdə onun pay hüququ daha çoxdur. Həmin Mənzil 2 otaqdan ibarətdir və gələcəkdə orada birgə yaşayış qeyri-mümkündür. İddiaçı Mənzil üzərində payların müəyyən edilmədən “mənzilə köçürmə” tələbi ilə məhkəməyə müraciət etmişdir. Halbu ki, o, uzun illərdir əri Süleyman Süleymanlıya məxsus mənzildə övladları ilə birlikdə yaşayır. Ona görə iddiaçıya bildiriş göndərərək Mənzildəki payını ona 10000 manata satmasını təklif etmiş, lakin təklifə cavab verilməmişdir.
ç) İddiaçının qarşılıqlı iddia ərizəsinə etirazlarının dəlilləri:
10. İddiaçının qarşılıqlı iddia ərizəsinə yazılı etirazı məhkəməyə daxil olmamışdır.
Məhkəmə iclasında verilən izahatlar:
11. İddiaçı məhkəmə baxışı zamanı ilkin iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini, qarşılıqlı iddia ərizəsinə etiraz edərək rədd edilməsini xahiş etdi.
12. Cavabdeh, onun vəkili və nümayəndəsi məhkəmə baxışında ilkin iddia ərizəsinə etiraz edərək təmin edilməməsini, qarşlıqlı iddia ərizəsinin isə təmin edilməsini xahiş etdilər.
Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası:
13. Maddə 33. Hər kəsin mənzil toxunulmazlığı hüququ vardır.
14. Maddə 43. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
15. Maddə 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur.
16. Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər.
17. Maddə 213.4. Ümumi mülkiyyət təyinatı dəyişdirilmədən bölünə bilməyən əşyanın (bölünməz əşya) və ya bu Məcəlləyə görə bölünməli olmayan əşyanın iki və ya bir neçə şəxsin mülkiyyətinə daxil olması zamanı yaranır. Bölünən əşyaya ümumi mülkiyyət bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulmuş hallarda yaranır.
18. Maddə 213.5. Birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər.
19. Maddə 215.4. Hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir.
20. Maddə 220.4. Mülki Məcəllənin 220-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər.
21. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.
22. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.
23. Maddə 1134.2. Vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olubolmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər.
24. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır.
25. Maddə 1166. Fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər.
26. Maddə 1170.1. Vəsiyyət edən vəsiyyətnamə ilə təyin edilmiş vərəsələrin miras paylarını müəyyənləşdirə bilər və ya hansı vərəsəyə hansı əmlakın verildiyini konkret göstərə bilər. Əgər vəsiyyətnamədə bu cür göstəriş yoxdursa, miras vərəsələr arasında bərabər bölüşdürülür.
27. Maddə 1171. Əgər vəsiyyətnamə ilə bir neçə vərəsə təyin edilmişdirsə və vərəsələrdən birinə təyin edilmiş pay mirasın hamısından ibarətdirsə, vəsiyyət üzrə bütün vərəsələr bərabər paylar almalıdırlar.
28. Maddə 1193. Vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir.
29. Maddə 1222. Əgər vəsiyyət edən bir neçə vəsiyyətnamə tərtib etmişdirsə, lakin onlar bir-birini tamamlayır və tam əvəz etmirsə, bütün vəsiyyətnamələr qüvvədə qalır. Əvvəlki vəsiyyətnamənin göstərişləri sonrakı vəsiyyətnamə ilə dəyişdirilmədiyi halda qüvvədə qalır.
30. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.
31. Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.
32. Maddə 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır.
33. Maddə 1256. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir.
Azərbaycan Respublikasının Mənzil Məcəlləsi:
34. Maddə 29.1. Yaşayış sahəsinin mülkiyyətçisi ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsi barəsində onun təyinatına uyğun olaraq və bu Məcəllə, həmçinin digər qanunlarla müəyyən edilmiş hüdudlarda sahiblik, istifadə və sərəncam vermək hüquqlarını həyata keçirir.
35. Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.
36. Maddə 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
37. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
38. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
39. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
40. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
İşə baxan Məhkəmənin mövqeyi:
41. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iddia ərizəsinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır.
42. İlk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır.
43. İddiaçı azyaşlı uşaqları ilə birlikdə mübahisəli Mənzilə köçürülmələrini tələb edir. Məhkəmə hesab edir ki, mübahisənin düzgün həlli üçün əvvəlcə iddiaçının Mənzilə dair hansı hüququnun olmasının müəyyən edilməsi mübahisənin düzgün həllinə imkan vermiş olacaq.
44. Mübahisəli Mənzilin tərəflərin mərhum ataları Tofiq Dadaşbəyova məxsus əmlak olaraq vərəsəlik qaydasında keçməsi, tərəflərin onun vərəsələri (övladları) olması, habelə Tofiq Dadaşbəyov tərəfindən iki vəsiyyətnamə tətrib edilməsi, birinci vəsiyyətnamə ilə o, bütün əmlakını tərəflərə, ikinci vəsiyyətnamə ilə yalnız Mənzili cavabdehə vəsiyyət edilməsi işin mübahisəsiz hallarıdır.
45. Qanunda miras əmlakın vərəsələrə keçməsinin 3 əsası nəzərdə tutulmuşdur: birincisi, qanun üzrə; ikincisi vəsiyyətnamə üzrə; üçüncüsü hər iki əsasla, yəni həm qanun, həm də vəsiyyət üzrə. Birinci əsas o zaman qüvvədə olur ki, əmlaka dair vəsiyyətnamə olmasın. İkinci əsasın yaranması, adından da göründüyü kimi, vəsiyyətnamənin verilməsini nəzərdə tutur. Hazırkı mübahisə üzrə də mərhum Tofiq Dadaşbəyov tərəfindən vəsiyyətnamə verildiyindən hüquqi dəyərləndirmə ikinci hüquqi əsas üzrə aparılacaqdır.
46. Əvvəldə də qeyd edildiyi kimi, mərhum Tofiq Dadaşbəyov tərəfindən iki vəsiyyətnamə verilmişdir. xx.xx.2016-cı il tarixdə verilmiş vəsiyyətnamənin məzmunundan da görünür ki, Tofiq Dadaşbəyov konkret göstərməməklə ölən günədək ona məxsus olan bütün əmlaklarını tərəflərə vəsiyyət etmişdir. Bu tərəflərin miras payları Mülki Məcəllənin 1170.1-ci maddəsinə görə bərabər olmalı idi. Belə ki, həmin normada miras əmlaka dair payların müəyyən edilməsinin iki qaydası nəzərdə tutulmuşdur: birincisi, vərəsələrə çatan miras payı (əmlakı) konkret göstərməklə; ikincisi, belə bölgü aparmadan yalnız vərəsənin (vərəsələrin) adını göstərməklə. Məhz ikinci hal miras əmlakın bərabər bölünməsini nəzərdə tutur.
47. Daha sonra, yəni xx.xx.2016-cı il tarixdə Tofiq Dadaşbəyov tərəfindən ikinci vəsiyyətnamə verilir, bu vəsiyyatnamənin məzmunundan isə görünür ki, o, yalnız mübahisəli Mənzili cavabdehə vəsiyyət edir, iddiaçının adını isə qeyd etmir. Mülki Məcəllənin 1222-ci maddəsində deyilir ki, əgər vəsiyyət edən bir neçə vəsiyyətnamə tərtib etmişdirsə, lakin onlar bir-birini tamamlayır və tam əvəz etmirsə, bütün vəsiyyətnamələr qüvvədə qalır. Əvvəlki vəsiyyətnamənin göstərişləri sonrakı vəsiyyətnamə ilə dəyişdirilmədiyi halda qüvvədə qalır. Qeyd edilən müddəanın mənasından da görünr ki, Tofiq Dadaşbəyov tərəfindən verilmiş hər iki vəsiyyətnamə qüvvədə olsa da, birinci vəsiyyətnamə Mənzillə bağlı hissədə ikinci vəsiyyətnamə ilə qüvvədən düşmüş, lakin digər əmlaklarla dair hissədə öz qüvvəsini saxlamaqdadır.
48. İkinci vəsiyyətnamə ilə Mənzilin yalnız cavabdehə vəsiyyət edilməsi isə, qanunla müəyyən edilmiş şərtlərə cavab vediyi halda, iddiaçının məcburi pay hüququnu yaratmış olur. Belə ki, Mülki Məcəllənin 1193-cü maddəsinin məzmunundan da görünür ki, hansı məzmunda verilməsindən asılı olmayaraq vəsiyyət edənin ailə üzvlərinin (aşaqlaı, valideynləri, ər və arvadı) mirasda məcbui payı vardır. Məhkəmə qeyd edir ki, mirasda məcburi pay hüququnun müəyyən edilməsi qanun üzrə vərəsələrin maraqlarının qorunmasına xidmət edən bir hüquqi qaydadır. Vəsiyyətnamənin miras qoyan tərəfindən yalnız ailə üzvləri sırasından deyil, istənilən şəxslər dairəsindən təyin edilməsi nəzərə alındıqda, bu qaydanın tətbiq edilməsinin məqsədi ailə-hüquq münasibətləri çərçivəsində sosial ədalətin təmin edilməsi və ailə dəyərlərinin himayə edilməsidən ibarətdir.
49. Konkret mübahisəyə qayıtdıqda, qanun məcburi pay hüququnun yaranması üçün də bəzi şərtlər irəli sürür. Bunlara ümumilikdə, mirasın açılması, yəni miras qoyan şəxsin ölümü, yaxud məhkəmə qaydasında ölmüş elan edilməsi, məcburi payı tələb edən şəxsin qanun üzrə vərəsələrin dairəsindən olması, məcburi paydan məhrum etmə, yaxud məcburi paydan imtina əsaslarının mövcud olmaması, miras əmlakın qəbul edilməsi və s. Mirasın açılması (Tofiq Dadaşbəyov xx.xx.2023-cü il tarixdə ölmüşdür), iddiaçının miras qoyanın övladı olması, habelə onun məcburi paydan məhrum edilməməsi və imtina etməməsi işin mübahisəsiz hallarıdır.
50. Miras əmlakın qəbul edilməsi məsələsinə gəldikdə isə, bu hal da iş materialları ilə öz təsdiqini tapır. Belə ki, işin mübahisəsiz halıdır ki, miras kütləsinə daxil olan Avtomobil hazırda iddiaçının istifadəsindədir. Mülki Məcəllənin 1243.3-cü maddəsində də göstərildiyi kimi, mirasın tamamilə qəbul edilməsi üçün miras kütləsinə daxil olan bütün əmlakı deyil, onun yalnız bir hissəsinə faktiki sahibliyi həyata keçirmək, nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, mirası bütünlüklə qəbul etmə hesab edilir. Bundan başqa, işdə olan cinayət işinin başlanmasının rədd edilməsi barədə Bakı şəhəri Xətai RPİ-nin 34-cü PŞ-nin xx.xx.2023-cü tarixli qərarının surətindən görünür ki, iddiaçı xx.xx.2023-cü il tarixdə (Tofiq Dadaşbəyovun ölümündən bir ay sonra) Mənzildə olarkən aralarında yaranmış mübahisə zamanı cavabdehin onun üzərinə qaynar su atması ilə bağlı şikayət etmişdir. Həmin Qərarda həm də tərəflərin izahatından müəyyən edilir ki, iddiaçının yaşadığı yer kimi mübahisəli Mənzil göstərilmişdir. Bütün bunlar isə iddiaçının miras əmlak olan Mənzili faktiki olaraq qəbul etdiyini deməyə tam əsas verir. Eyni zamanda, miras cavabdeh tərəfindən də qəbul edilmişdir.
51. İddiaçının iddia tələbinin əsaslılığını təmin edən növbəti addım isə Mənzilin onun mülkiyyəti hesab edilməsi ilə bağlı məsələdir ki, bu hüquqi əsas da Mülki Məcəllənin 1255-ci maddəsində müəyyən edilmişdir. Həmin müddəaya görə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Mirasın açılması, habelə onu tərəflərin qəbul etməsi barədə yuxarıda ətraflı şərh edilmişdir. Göründüyü kimi, nə qədər ki, miras əmlak barəsəində müvafiq şəhadətnamə verilməmişdir, Mənzil vəsiyyətnamə ilə cavabdehin, məcburi pay hüququ əsasında isə iddiaçının ümumi mülkiyyətinə keçmişdir.
52. Məhkəmə qeyd edir ki, qanun ümumi mülkiyyətin hər bir mülkiyyətçisinin hüquq və vəzifələrini bərabər tanımaqla, digər mülkiyyətçilərin hüquqları ilə bir sığan (uzlaşan) dərəcədə onalrın öz əmlaklarından istifadə etmək, həmin əmlaka sahiblik etmək və barəsində sərəncam vermək hüquqlarını imperativ olaraq müəyyən etmişdir. Mülkiyyətçinin, buna kifayət qədər zəruri və qanuni əsaslar olmadan öz mənzilindən məhrum edilməməsi onun konstitusiyon hüququ kimi təsbit edilmişdir. Mülkiyyət hüququnun müdafisinə dair “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsində isə yalnız qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər imkan verdiyi halda, cəmiyyətin maraqları naminə, yaxud dövlətin ümumi maraqlara müvafiq olaraq müəyyən hərkətlərin (mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etməklə bağlı) yerinə yetirilməsi zamanı mülkiyyət hüququnun məhdudlaşdırılmasını və ya məhrum etməni nəzərdə tutmuşdur.
53. Beləliklə, yuxarıda şərh edilənlər əsasında məhkəmə belə qənaətə gəlir ki, iddiaçı məcburi pay hüququ əsasında Mənzilin mülkiyyətçisi olduğundan onun cavabdehlə birgə həmin əmlaka dair mülkiyyət hüquqlarını maneəsiz həyata keçirmək hüququ vardır.
54. Məhkəmə hesab edir ki, iddiaçının iddiası azyaşlı övladlarının onunla birlikdə Mənzilə köçürülməsi hissəsində də əsaslıdır. Belə ki, Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin mənası baxımından mülkiyyətçinin ailə üzvləri 2 qrupa bölünür. Birincisi, mülkiyyətçi ilə birlikdə yaşayan onun arvadı (əri), uşaqları və valideynləri, ikincisi, mülkiyyətçinin himayəsində olmaqla əmək qabiliyyəti olmayan və mülkiyyətçi tərəfindən ailə üzvü kimi köçürüldükdə - digər qohumlar.
55. İddiaçının azyaşlı övladlarının onun ailə üzvü olması qanuni əsasdan əmələ gəlir. Mənzil Məcəlləsinin 30.2-ci maddəsində isə ona məxsus mənzildən ailə üzvlərinin mülkiyyətçi ilə bərabər istifadə etmək hüququ birbaşa göstərilmişdir. Bundan baqşa, Mülki Məcəllənin 27.2-ci maddəsinə görə on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Eyni zamanda, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” AR Qanunun 2-ci maddəsinə əsasən on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir.
56. Beləliklə, şərh edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, ilkin iddia təmin edilməklə, iddiaçının yetkinlik yaşına çatmayan övladları ilə birlikdə Mənzilə köçürülməsi barədə iddiası təmin edilməlidir.
57. Məhkəmə aşağıda şərh edilənlərə əsasən hesab edir ki, qarşılıqlı iddia əsassız olduğundan təmin edilməməlidir. Qarşılıqlı iddia ilə cavabdeh kompensasiya ödəməklə iddiaçının paylı mülkiyyət hüququna xitam verilməsini tələb edir.
58. Mübahisəli Mənzilin tərəflərin ümumi mülkiyyətinə keçməsi barədə ətraflı şərh edilmişdir. İşin mübahisəsiz halıdır ki, tərəflər vərəsəlik hüququ haqqında şəhadətnamə almamışlar, habelə Mənzilə dair paylarının müəyyən edilməsi barədə razılığa da gəlməmişlər. Mülki Məcəllənin 1193-cü maddəsində məcburi payın həcmi ümumi formada “qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısı” həddində müəyyən edilsə də, tərəflər arasında Mənzilə dair paylar hələ müəyyən edilməmişdir.
59. Digər bir tərəfdən, cavabdeh Mülki Məcəllənin 220.4-cü maddəsinə əsasən kompensasiya verilməklə iddiaçının mülkiyyət hüququna xitam verilməsini tələb edir. Lakin həmin müddəada paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinin iki əsası müəyyən edilmişdir. Bunlardan birincisi ayrılan mülkiyyətçinin öz razılığı ilə, ikincisi isə ayrılan mülkiyyətçinin razılığı olmadan da məhkəmə qaydasında kompensasiyanın verilməsini nəzərdə tutur. İkinci qaydada kompensasiyanın verilməsi üçün bu 3 şərtin mütləq nəzərə alınmasını qanun tələb edir: mülkiyyətçinin payı cüzi olması; real surətdə ayrıla bilməməsi; və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyinin olmaması.
60. İddiaçının Mənzilə dair məcburi payının cüzi olması iş materialları ilə müəyyən edilmir. Belə ki, “X9” MMC-nin qiymətləndirməsinə görə Mənzilin hazırkı bazar dəyəri 78000 manatdır. Cavabdehin kompensasiya kimi təklif etdiyi 19500 manat isə Mənzilin ümumi dəyəri ilə müqayisədə heç də cüzi deyil, əksinə bu məbləğ Mənzilin dəyərinin ¼ hissəsinə bərbərdir. Mənzilin real surətdə ayrıla bilməməsi ehtimalı olsa da, iddiaçının həmin miras əmlakdan ümumi istifadə edilməsində mühüm mənafeyinin olması hazırkı mübahisədən açıq-aydın görünür. Bu əsas hər şeydən əvvəl iddiaçının Mənzilə dair məhkəmədə iddia qaldırması ilə yaranmış olur.
61. Beləliklə, məhkəmənin qənaətinə görə cavabdehin kompensasiya ödənilməsi ilə iddiaçının Mənzilə dair məcburi pay hüququna xitam verilməsi üçün qanuni əsaslar mövcud olmadığından qarşılıqlı iddia təmin edilə bilməz.
62. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə
Q Ə T E T D İ:
İlkin iddia təmin edilsin. İddiaçı azyaşlı övladları – xx.xx.2008-ci il təvəllüdlü X2, xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2022-ci il təvəllüdlü X6 ilə birlikdə Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsi, 8 nömrəli evin, 22 saylı mənzilinə köçürülsünlər. Qarşılıqlı iddia təmin edilməsin. İlkin və qarşılıqlı iddia ərizələri üzrə ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Pərviz Zamanlı