Məhkəmə qərarları › İş №2(011)-4535/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4535/2021

04.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4535/2021 04.06.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Səfərzadə Kənan Muxtar oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili X10 iştirakı ilə, İddiaçı Cavabdeh Sığorta Şirkəti ASC-yə qarşı sığorta ödənişinin ödənilməsi tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh Sığorta Şirkəti ASC-yə qarşı – X6 AR Maliyyə Nazirliyinin X18 Xidmətində işlədiyi dövrdə əmək funksiyalarını yerinə yetirərkən öldüyünə görə, Cavabdeh Sığorta Şirkəti ASC və AR Maliyyə Nazirliyi X18 Xidməti arasında bağlanmış 19.05.2011-ci il tarixli QAL-00008241 saylı icbari sığorta müqaviləsi və həmin müqaviləyə 10.07.2020-ci il tarixli PR-09 saylı Prolonqasiya üzrə qanunla müəyyən edilmiş məbləğdə sığorta ödənişinin Cavabdeh Sığorta Şirkəti ASC tərəfindən ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının mərhum əri X15 Azərbaycan Respublikası Maliyyə Nazirliyinin X18 Xidmətinin 02.12.2009-cu il tarixli əmri ilə həmin Xidmətdə aparıcı məsləhətçi-nəzarətçi müfəttiş vəzifəsinə təyin edilmiş, 2019-cu il noyabr ayında baş məsləhətçi-nəzarətçi müfəttiş vəzifəsinə keçirilmiş və vəfat etdiyi 13.01.2021-ci il tarixədək həmin vəzifədə işləmişdir. X15 öz xidməti vəzifəsinin başında olarkən bədbəxt hadisə nəticəsində həyatını itirmişdir. Belə ki, X18 Xidmətinin “nəzarət tədbirlərinin təyin edilməsi haqqında” 16.10.2020-ci il tarixli əmri ilə X1 İcra Hakimiyyətində 50 təqvim günü müddətində aparılacaq yoxlama qrupunun rəhbəri təyin edilmiş və 20.10.2020-ci il tarixdən Biləsuvar rayonuna ezam olunmuşdur. X1 rayonunda ezamiyyətdə olduğu müddətdə yəni, 18.11.2020-ci il tarixdə X18 Xidmətinin rəisinə yazılı məlumat verərək, “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.09 2020-ci il tarixli qərarı ilə Respublika ərazisində tətbiq edilən xüsusi karantin rejimi dövründə 24.10.2020-ci il tarixdən Biləsuvar rayonuna giriş-çıxışın dayandırılması və epidemoloji vəziyyətin daha da gərginləşməsi ilə əlaqədar olaraq Biləsuvar rayonunun büdcə təşkilatlarında nəzarət tədbirlərinin davam etdirilməsinin mümkünsüzlüyü qeyd olunmuş, aidiyyəti şəxslərdən izahatların alınması Xidmət əməkdaşlarının sağlamlığının ciddi şəkildə pozulmasına səbəb olacağı vurğulanmış, odur ki, yoxlamanın 10 təqvim günü müddətinə dayandırılması məqsədə müvafiq hesab edilmişdir. X18 Xidmətinin 19.11.2020-ci il tarixli əmri ilə X6 xidməti məruzəsi məqsədə müvafiq hesab edilmiş və yoxlamalar 10 təqvim günü müddətinə dayandırılmışdır. 14.12.2020-ci il tarixdə X15 ezamiyyətdə olduğu müddətdə bir daha X18 Xidmətinin rəisinə yazılı məlumat verərək, epidemoloji vəziyyətin daha da gərginləşməsi və Xidmət əməkdaşlarının sağlamlığının ciddi şəkildə pozulmasının qarşısını almaq üçün yoxlamanın 21 təqvim günü müddətinə dayandırılmasını məqsədə müvafiq hesab etmişdir. X18 Xidmətinin 15.12.2020-ci il tarixli əmri ilə X6 xidməti məruzəsi məqsədə müvafiq hesab edilmiş və yoxlamalar 15.12.2020-ci il tarixdən etibarən 21 təqvim günü müddətinə dayandırılmışdır. 14.12.2020-ci il tarixədək aparılan nəzarət tədbirləri zamanı X2 tərəfindən vəzifə funksiyalarını icra edərkən nəzarət obyektinin işçiləri və digər aidiyyəti şəxslərlə təmasda olduqdan sonra sağlamlığında narahatlıq hiss etmiş, həmin tarixdə “Davinçi Hospital” tibb müəssisəsinə müraciət edərək müayinə olunmuşdur. Müayinə zamanı mərhumun sağ ağ ciyər nahiyyəsində yeni növ korona virusun (covid 19) patalogiyası hesab olunan “buzlu şüşə” deyilən vəziyyət müşahidə olunmuşdur. X15 13.01.2021-ci il tarixdə “Covid 19” virusundan vəfat etmişdir. Göründüyü kimi, X2 xidməti ezamiyyətdə olduğu müddətdə epidemoloji vəziyyətə görə həyatının təhlükədə olduğunu bilmiş və xidməti məlumat verərək yoxlamaların dayandırılmasının zəruriliyini bildirmişdir. X6 “Covid 19” virusuna yoluxduğu müəyyən edilən 14.12.2020-ci il tarixdən iki aya yaxın müddətdə (20.10.2020-ci il tarixdən 14.12.2020-ci il tarixədək) əmək funksiyalarının icrası ilə əlaqədar Biləsuvar rayonunda xidməti ezamiyyətdə olmuş və həmin müddətdə virusa yoluxmuşdur. X2 Azərbaycan Respublikası Maliyyə Nazirliyinin X18 Xidməti tərəfindən 19.05.2011-ci il tarixli, QAL- 00008241 nömrəli müqavilə ilə “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində əmək qabiliyyətinin itirilməsi hallarında icbari sığorta” olunmuşdur. Sığorta ödənişinin verilməsi məqsədi ilə iddiaçı tərəfindən Cavabdeh Sığorta şirkəti ASC-yə müraciət edilmiş, lakin cavabdeh təşkilat sığorta ödənişinin verilməsindən ölümə səbəb “Covid 19” virusu olması səbəbindən imtina etmişdir. İddiaçı nümayəndəsi və vəkili X17 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianı müdafiə etdi və təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını və mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan İİİ-ЖГ seriyalı 393252 nömrəli Nikahın bağlanması haqqında şəhadətnaməyə əsasən X15 və X3 nikahının bağlanması haqqında 07.06.1985ci il tarixdə 12 nömrəli akt qeydi tərtib edilmişdir, nikah bağlandıqdan sonra ərə Rəcəbov, arvada Rəcəbova soyadı verilmişdir. İş materiallarında olan AR Maliyyə Nazirliyi X18 Xidmətinin 02.12.2009-cu il tarixli K- 31 nömrəli əmrinə əsasən X13 2009-cu il 03 dekabr tarixdən X18 Xidmətinin Qeyri-büdcə təşkilatlarında nəzarət tədbirlərinin aparılması şöbəsinin dövlət mülkiyyətində olan, nəzarət zərfi dövlətə məxsus olan təşkilatlar üzrə nəzarət tədbirlərinin aparılması sektorunda aparıcı məsləhətçi-nəzarətçi müfəttiş vəzifəsinə təyin edilmişdir. İş materiallarında olan sığortaçı Cavabdeh Sığorta Şirkəti ASC və sığortalı AR Maliyyə Nazirliyi X18 Xidməti arasında bağlanmış QAL-00008241 saylı “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi”-nə əsasən sığortalının qanunvericiliklə müəyyən edilmiş müvafiq sığorta tarifləri əsasında hesablanan və bu müqavilədə razılaşdırılmış müvafiq sığorta haqqını ödəməsi müqabilində onunla bağlanmış əmək müqaviləsi əsasında Maliyyə fəaliyyəti sahəsində fəaliyyətə cəlb edilmiş fiziki şəxslərin həyatına və sağlamlığına istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından dəyən zərərlə əlaqədar onların peşə əmək qabiliyyətinin itirilməsinə və ya ölümünə görə sığortaçı qanunvericilikdə müəyyən edilmiş qaydada sığorta ödənişinin verilməsi öhdəliyi götürür. İş materiallarında olan Cavabdeh Sığorta Şirkəti ASC ilə AR Maliyyə Nazirliyi X18 Xidməti arasında bağlanmış 19.05.2011-ci il tarixli, QAL-00008241 saylı İcbari həyat Sığorta müqaviləsinə PR-09 saylı Prolonqasiyaya əsasən X6 bir illik əmək haqqı fondu 10680 manat təşkil edir. İş materiallarında olan AR Maliyyə Nazirliyi X18 Xidmətinin 16.10.2020-ci il tarixli 43 nömrəli əmrinə əsasən Biləsuvar Rayon İcra Hakimiyyətinin mərkəzi aparatının, inzibati ərazi dairələri üzrə nümayəndəliklərinin, tabeliyindəki müəssisələrin, habelə haqqı ödənilən ictimai işlərə dövlət büdcəsindən ayrılmış vəsaitlərin 01 yanvar 2015-ci il tarixdən 29 aprel 2020-ci il tarixə kimi olan dövrdə xərclənməsinin seçmə üsulu ilə yoxlanılması üzrə nəzarət tədbirləri təyin edilməsi, nəzarət tədbirlərinə 20 oktyabr 2020-ci il tarixdə başlanılması və nəzarət tədbiri üzrə qrupun rəhbəri Seymur Rəcəbov və üzvlərinin 50 təqvim günü müddətinə Biləsuvar rayonuna ezam olunması əmr edilmişdir. İş materiallarında olan AR Maliyyə Nazirliyi X18 Xidmətinin 19.11.2020-ci il tarixli 51 nömrəli əmrinə əsasən Xidmətin 16 oktyabr 2020-ci il tarixli N-43 nömrəli əmrinə əsasən Biləsuvar Rayon İcra Hakimiyyətində, Biləsuvar Rayon İcra Hakimiyyətinin Biləsuvar Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyində və Biləsuvar Şəhər Kommunal Müəssisələri Kombinatında aparılan nəzarət tədbirləri 19 noyabr 2020-ci il tarixdən müvəqqəti olaraq 10 təqvim günü müddətinə dayandırılmışdır. İş materiallarında olan AR Maliyyə Nazirliyi X18 Xidmətinin 27.11.2020-ci il tarixli 52 nömrəli əmrinə əsasən Xidmətin 16 oktyabr 2020-ci il tarixli N-43 nömrəli əmrinə əsasən Biləsuvar Rayon İcra Hakimiyyətində və Biləsuvar Şəhər Kommunal Müəssisələri Kombinatında aparılan nəzarət tədbirlərinin 30 noyabr 2020-ci il tarixdən davam etdirilməsi əmr edilmişdir. İş materiallarında olan AR Maliyyə Nazirliyi X18 Xidmətinin 15.12.2020-ci il tarixli 55 nömrəli əmrinə əsasən Biləsuvar rayonunun inzibati ərazisində epidemioloji vəziyyətin daha da gərginləşməsi ilə əlaqədar olaraq Xidmətin 16 oktyabr 2020-ci il tarixli N-43 nömrəli əmrinə əsasən Biləsuvar Rayon İcra Hakimiyyətində, Biləsuvar Rayon Mənzil Təsərrüfatı Təmir İstismar İstehsalat Sahəsində, Biləsuvar Rayon İcra Hakimiyyətinin Xırmandalı Kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyində, eləcə də Biləsuvar rayonunun abadlığına, yolların, mənzil fondunun, büdcə təşkilatlarının yerləşdikləri binaların əsaslı və cari təmirinə, digər təmir-tikinti işlərinin aparılmasına dövlət büdcəsindən ayrılmış vəsaitlərin təyinatı üzrə xərclənməsinin yoxlanılması üzrə aparılan nəzarət tədbirləri 15 dekabr 2020-ci il tarixdən müvəqqəti olaraq 21 təqvim günü müddətinə dayandırılmışdır. İş materiallarında olan AR Maliyyə Nazirliyi X18 Xidmətinin 15.01.2021-ci il tarixli 01 nömrəli əmrinə əsasən Xidmətin baş məsləhətçi-nəzarətçi müfəttişi X9 vəzifə səlahiyyətlərini icra edərkən nəzarət obyektinin işçiləri, eləcə də digər aidiyyəti şəxslərlə təmasda olduqdan sonra yeni növ koronavirus (Covid-19) infeksiyasına yoluxaraq vəfat etməsi və Xidmətin 15.12.2020-ci il tarixli N-55 nömrəli əmri ilə 15.12.2020-ci il tarixdən 21 təqvim günü müddətinə dayandırılmış nəzarət tədbirlərinin “Azərbaycan Respublikasında 2020-ci ilin dekabrın 14-dən xüsusi karantin rejiminin sərtləşdirilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 08.12.2020-ci il tarixli 488 nömrəli Qərarı ilə əlaqədar faktiki olaraq 34 təqvim günü müddətinə dayandırıldığının nəzərə alınması əmr edilmişdir. İş materiallarında olan X15, AR Maliyyə Nazirliyinin X18 Xidmətinin rəisinə ünvanlandığı 18.11.2020-ci il tarixli Məlumata əsasən bildirmişdir ki, epidemioloji vəziyyətin daha da gərginləşməsi ilə əlaqədar olaraq Biləsuvar rayonunun büdcə təşkilatlarında çalışan, haqqı ödənilən ictimai işlərə cəlb olunmuş və digər aidiyyəti şəxslərdən izahatların alınması Xidmətin əməkdaşlarının sağlamlığının ciddi şəkildə pozulmasına və nəzarət tədbirlərinin uzun müddətə təxirə salınmasına səbəb ola bilər. Yuxarıda göstərilənləri nəzərə alaraq Xidmətin 16 oktyabr 2020-ci il tarixli N-43 nömrəli əmrinə əsasən Biləsuvar Rayon İcra Hakimiyyətində, Biləsuvar Rayon İcra Hakimiyyətinin Biləsuvar Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyində və Biləsuvar Şəhər Kommunal Müəssisələri Kombinatında aparılan nəzarət tədbirlərinin 19 noyabr 2020-ci il tarixdən müvəqqəti olaraq 10 təqvim günü müddətinə dayandırılmasını məqsədəmüvafiq hesab edirlər. İş materiallarında olan X15, AR Maliyyə Nazirliyinin X18 Xidmətinin rəisinə ünvanlandığı 14.12.2020-ci il tarixli Məlumata əsasən bildirmişdir ki, epidemioloji vəziyyətin daha da gərginləşməsi ilə əlaqədar olaraq Biləsuvar rayonunun büdcə təşkilatlarında çalışan, haqqı ödənilən ictimai işlərə cəlb olunmuş və digər aidiyyəti şəxslərdən izahatların alınması Xidmətin əməkdaşlarının sağlamlığının ciddi şəkildə pozulmasına və nəzarət tədbirlərinin uzun müddətə təxirə salınmasına səbəb ola bilər. Yuxarıda göstərilənləri nəzərə alaraq Xidmətin 16 oktyabr 2020-ci il tarixli N-43 nömrəli əmrinə əsasən Biləsuvar Rayon İcra Hakimiyyətində, Biləsuvar Rayon İcra Hakimiyyətinin Biləsuvar Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyində və Biləsuvar Şəhər Kommunal Müəssisələri Kombinatında aparılan nəzarət tədbirlərinin 19 noyabr 2020-ci il tarixdən müvəqqəti olaraq 10 təqvim günü müddətinə dayandırılmasını məqsədəmüvafiq hesab edirlər. İş materiallarında olan Nümayəndə, X7, X4, X11 və X12 tərəfindən notarial təsdiq edilmiş ərizəyə əsasən 13.01.2021-ci ildə ölmüş ataları X5 irs qalmış sığorta pulundan (məbləğindən asılı olmayaraq) onlara çatası hissəsindən anaları İddiaçı xeyrinə imtina edir, sığorta pulunu İddiaçı tərəfindən almasına etiraz etmirlər. İş materiallarında olan “Davinci” Hospitalın 14.12.2020-ci il tarixli müayinə nəticələrinə əsasən Rəcəbov Seymurun döş qəfəsi üzvlərinin KT-si nəticəsinə görə sağ tərəfli viral pnevmoniya müəyyən edilmişdir. İş materiallarında olan AZ-İİ seriyalı 160521 nömrəli Ölüm haqqında şəhadətnaməyə əsasən X15 13.01.2021-ci il tarixdə ölmüşdür, ölümün səbəbi “Covid-19” virusudur. İş materiallarında olan Cavabdeh Sığorta Şirkəti ASC tərəfindən İddiaçı ünvanlanmış 03.03.2021-ci il tarixli məktuba əsasən qeyd edilmişdir ki, İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında AR Qanununun tələblərinə uyğun olaraq qanunvericiliklə müəyyən edilmiş formada X16 Xidməti tərəfindən zəruri sənədlər təqdim edildikdən sonra, qaldırdığı iddianın həlli məqsədilə tədbirlər həyata keçiriləcək. İş materiallarında olan Cavabdeh Sığorta Şirkəti ASC tərəfindən İddiaçı ünvanlanmış 31.03.2021-ci il tarixli məktuba əsasən qeyd edilmişdir ki, baş vermiş hadisə İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında AR Qanununun tələblərinə uyğun olaraq sığorta hadisəsinin müəyyən olunması üçün yuxarıda göstərilən sənədlərdən biri təqdim edilmədiyinə görə sığorta ödənişinin həyata keçirilməsi mümkün olmamışdır. İş materiallarında olan sığortaçı Cavabdeh Sığorta Şirkəti ASC və sığortalı AR Maliyyə Nazirliyi X18 Xidməti arasında bağlanmış QAL-00008241 saylı “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi”-nə əsasən sığortalının qanunvericiliklə müəyyən edilmiş müvafiq sığorta tarifləri əsasında hesablanan və bu müqavilədə razılaşdırılmış müvafiq sığorta haqqını ödəməsi müqabilində onunla bağlanmış əmək müqaviləsi əsasında Maliyyə fəaliyyəti sahəsində fəaliyyətə cəlb edilmiş fiziki şəxslərin həyatına və sağlamlığına istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından dəyən zərərlə əlaqədar onların peşə əmək qabiliyyətinin itirilməsinə və ya ölümünə görə sığortaçı qanunvericilikdə müəyyən edilmiş qaydada sığorta ödənişinin verilməsi öhdəliyi götürür. Həmin müqavilənin 11.1-ci bəndinə əsasən Müqavilənin qüvvədə olduğu dövr ərzində işləri, xidmətləri yerinə yetirərkən bədən üzvlərinin, toxumalarının zədələnməsi ilə sağlamlığının qəflətən və kəskin pozulması və (və ya) əlverişsiz və zərərli istehsalat amillərinin orqanizminə təsiri nəticəsində xroniki və ya kəskin xəstəliyi nəticəsində sığorta olunanın peşə əmək qabiliyyətinin itirməsi, yaxud olümü sığorta hadisəsi hesab olunur. İş materiallarında olan Cavabdeh Sığorta Şirkəti ASC ilə AR Maliyyə Nazirliyi X18 Xidməti arasında bağlanmış 19.05.2011-ci il tarixli, QAL-00008241 saylı İcbari həyat Sığorta müqaviləsinə PR-09 saylı Prolonqasiyaya əsasən X6 bir illik əmək haqqı fondu 10680 manat təşkil edir. Məhkəmə İddiaçı iddia tələbi ilə bağlı isə qeyd edir ki, iddia əsaslıdır və iddiaçı sığorta ödənişini tələb etməkdə haqlı olmuşdur. Belə ki, iş materiallarından göründüyü kimi, 13.01.2021-ci ildə vəfat edən X6 vərəsələri – oğulları Nümayəndə, X7, qızları X4, X11 və X12 ataları X5 irs qalmış sığorta pulundan (məbləğdən asılı olmayaraq) onlara çatası hissəsindən anaları İddiaçı xeyrinə imtina etmişdirlər. Sığorta pulunu İddiaçı tərəfindən almasına etiraz etmirlər. İddia tələbinin hüquqi əsasını təşkil edən “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikası Qanunun 10.1-ci maddəsinə əsasən sığorta hadisəsi müvafiq icra hakimiyyəti orqanının istehsalatda bədbəxt hadisə və ya peşə xəstəliyi nəticəsində sığorta olunanın peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsini təsdiq edən qərarı və ya şəxsin ölümü haqqında şəhadətnamə əsasında müəyyən olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Həmin Məcəllənin 922.2.-ci maddəsinə əsasən sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. Həmin Məcəllənin 933.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə, sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin sığortaçıya ünvanladığı sığorta tələbi mövcud olduğu halda həyata keçirilir. Beləliklə mülki işin məhkəmə araşdırması zamanı müəyyən edildi ki, AR Maliyyə Nazirliyi X18 Xidmətinin 15.01.2021-ci il tarixli 01 nömrəli əmrinə əsasən Xidmətin baş məsləhətçi-nəzarətçi müfəttişi X13 ezamiyyətdə olduğu dövrdə əmək vəzifələrini icra edərkən yeni növ koronavirus (Covid-19) infeksiyasına yoluxmuş və “Covid-19” virusuna yoluxma səbəbi ilə 13.01.2021-ci il tarixdə ölmüşdür. Nəticədə, Cavabdeh Sığorta Şirkəti ASC və sığortalı AR Maliyyə Nazirliyi X18 Xidməti arasında bağlanmış QAL-00008241 saylı “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsində nəzərdə tutulmuş sığorta hadisəsi baş vermişdir. Göstərilənlərə əsasən, Cavabdeh Sığorta Şirkəti ASC-nin sığorta ödənişini qeyd edilən icbari sığorta müqaviləsi üzrə faydalanan şəxs İddiaçı ödəmək öhdəliyi yaranmışdır. Odur ki, iddia təmin edilməli, X6 AR Maliyyə Nazirliyinin X18 Xidmətində işlədiyi dövrdə əmək vəzifələrini yerinə yetirərkən ölməsinə görə qanunla müəyyən edilmiş məbləğdə sığorta ödənişinin Cavabdeh Sığorta Şirkəti ASC tərəfindən İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. X6 AR Maliyyə Nazirliyinin X18 Xidmətində işlədiyi dövrdə əmək funksiyalarını yerinə yetirərkən öldüyünə görə, Cavabdeh Sığorta Şirkəti ASC və AR Maliyyə Nazirliyi X18 Xidməti arasında bağlanmış 19.05.2011-ci il tarixli QAL-00008241 saylı icbari sığorta müqaviləsi və həmin müqaviləyə 10.07.2020-ci il tarixli PR-09 saylı Prolonqasiya üzrə qanunla müəyyən edilmiş məbləğdə sığorta ödənişi Cavabdeh Sığorta Şirkəti ASC-dən tutularaq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar