Məhkəmə qərarları › İş №2(011)-4830/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4830/2025

30.07.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4830/2025 30.07.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Novruzova Gülsanə Emin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı müqavilənin bağlanması öhdəliyinin qoyulması barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçının tələb və dəlilləri: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı ünvan 1 ünvan üzrə elektrik enerjisinin alqısatqısı müqaviləsinin bağlanması və iddiaçının adına şəxsi hesabın açılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddianın dəlilləri ondan ibarət olmuşdur ki, xx.xx.2025 ci ildə General Şıxlinski 39b, 11 saylı mənzili almışdır. Kommunal xidmətləri öz adına rəsmiləşdirmək istəyərkən "xxxx" ASC ondan 2005-ci ilə qədər olan 691.0295 manat "Dondurulmuş borc" olduğunu söyləmişdir. Hansı ki, 2005-ci ildən öncə sayğac olmayan dövr üçün göstərilən məbləği tələb edir. Adı çəkilən mənzilin sayğacı X3 adınadır. Bu adam 2019-cu ildə rəhmətə gedib, iddiaçı mənzili onun həyat yoldaşı X2 almışdır. Bu zamana kimi o mənzilin pulu rəhmətə getmiş adamın adına ödənilib. İddiaçı da, göstərilən məbləği ödəməsə rəhmətə getmiş adamın adına ödəniş etməlidir. Tərəflərin izahatları: İddiaçı məhkəmə iclasında iddianın məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin halları - Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reystri publik hüququ şəxsinin çıxarışına əsasən, Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, məhəllə 2942 B-Q, ev 39 B, mənzil 11 (yeni qaydalarla AZ1016, ünvan 4 xx.xx.2025-ci il tarixdində İddiaçı adına qeydiyyata alınmışdır (qeydiyyat nömrəsi: **********, reyestr nömrəsi: **********74-05101-093002) - Abunə haqqında sənəddən görünür ki, ünvan 2 ünvanı üzrə abonent hesabı Həsən adlı şəxsin adınadır və abonent hesabında 691.0296 manat borc vardır. İddia tələbinin hüquqi əsasını təşkil edən normativ-hüquqi aktlar: “Elektroenergetika haqqında” Azərbaycan Respublikasının Qanunun xx.xx.1998-ci il tarixdən sonra qüvvədə olan redaksiyası Maddə 11. Elektroenergetikada müqavilə münasibətləri Elektrik və istilik enerjisinin alqı-satqısı və mübadiləsi müqavilələr əsasında həyata keçirilir. Müqavilələr müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən elektrik enerjisindən istifadə qaydalarına və istilik enerjisindən istifadə qaydalarına uyğun tərtib edilməklə müvafiq olaraq aşağıdakıları əks etdirməlidir: elektrik və istilik enerjisinin qiyməti, həcmi, təchizat rejimi; şəbəkəyə qoşulma və ayırma şərtləri; enerjinin keyfiyyəti (gərginlik, tezlik və təchizatın etibarlılığı); istehlakçının tikinti obyektinin elektrik enerjisi təchizatının etibarlılıq kateqoriyası; enerji dəyərinin ödəmə şərtləri; təbii fəlakət və digər fors-major halları istisna olmaqla qəza vəziyyətləri və enerjinin keyfiyyətinin aşağı olması nəticəsində dəyən ziyanın ödənilməsi şərtləri; istehlakçı-təchizatçı sərhədlərinin müəyyən edilməsi. İstehlakçı müqavilə müddəti qurtarmamış enerjidən imtina edərsə, təchizatçının müqavilə ilə əlaqədar çəkilmiş xərclərin ödənilməsini tələb etmək hüququ vardır. Enerjinin alqı-satqısı zamanı yaranan mübahisələrə qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılır. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi istilik enerjisinin dəyərini sayğacın göstəricilərinə (sayğac yalnız binanın istilik şəbəkəsinə qoşulma nöqtəsində quraşdırıldığı halda isə bu Qanunun 11-ci maddəsinin birinci hissəsində göstərilən istilik enerjisindən istifadə qaydalarına) əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik və istilik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik və istilik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Enerji təchizatı müəssisəsi istehlakçıya elektrik enerjisinin verilməsini aşağıdakı hallarda dayandırır: istehlakçının müvafiq yazılı müraciəti (elektrik enerjisinin verilməsinin dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda; enerji təchizatı müəssisəsinin istehlakçıya verdiyi elektrik enerjisinin sayğacla müəyyənləşən hesabı istehlakçıya enerji təchizatı müəssisəsi tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam məbləğdə ödənilmədikdə; təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda; enerji təchizatı müəssisəsi ilə müvafiq müqavilə bağlanmadıqda; məhkəmənin qərarı ilə; dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparıldıqda, həmin əməliyyatın aparılma zonasında, dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparan orqanın göstərişi əsasında. Maddə 15. Elektrik və istilik enerjisinin istehlakçılarının hüquqları İstehlakçılar elektrik və istilik enerjisini təchizatçılarla bağlanılmış müqavilələr əsasında alırlar. “Elektroenergetika haqqında” Azərbaycan Respublikasının Qanunun xx.xx.2023-cü il tarixdən sonra qüvvədə olan redaksiyası 1.1.40. ikitərəfli müqavilə – istehsalçılarla təchizatçılar və ya sərbəst istehlakçılar, habelə təchizatçılarla sərbəst istehlakçılar arasında bağlanılan elektrik enerjisinin alqısatqı müqaviləsi; Maddə 11. Elektrik enerjisinin istehsalı 11.1. Elektrik enerjisinin istehsalı istehsalçı tərəfindən həyata keçirilir. 11.2. İstehsalçı istehsal etdiyi elektrik enerjisini pərakəndə satış bazarında yalnız elektrik enerjisinin təchizatına icazə aldığı təqdirdə satmaq hüququna malikdir. 11.3. İstehsalçı elektrik enerjisinin ötürülməsi və ya paylanması fəaliyyətini həyata keçirən şəxslərə münasibətdə hüquqi və iqtisadi baxımdan müstəqil olmalıdır. 11.4. İstehsalçı elektrik enerjisinin ötürülməsi və paylanması fəaliyyəti ilə məşğul ola bilməz. 11.5. İstehsalçı istehsal etdiyi elektrik enerjisini ayrı-seçkiliyə yol vermədən və topdansatış bazarı qaydaları ilə müəyyən edilmiş prinsiplər əsasında satır. 11.6. Bərpa olunan enerji mənbələrindən elektrik enerjisi istehsalçıları elektrik enerjisinin ötürülməsi və paylanması üçün üstünlüyə malikdirlər. Maddə 12. Elektrik enerjisi istehsalçısının vəzifələri və hüquqları 12.1. Elektrik enerjisi istehsalçısının aşağıdakı vəzifələri vardır: 12.1.1. “Ətraf mühitin mühafizəsi haqqında” və “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilən ətraf mühitin mühafizəsi və təhlükəsizlik tələblərinə, elektrik şəbəkəsinə dair qaydalarla müəyyən edilən keyfiyyət göstəricilərinə uyğun elektrik enerjisi istehsal etmək; 12.1.2. icazə şərtlərinə uyğun olaraq ötürücü və paylayıcı şəbəkələrə qoşulma nöqtəsində güc həcmlərini təmin etmək; 12.1.3. elektroenergetika sektorunu tənzimləyən normativ hüquqi aktların və normativ xarakterli aktların tələblərinə, icazə şərtlərinə, habelə bu Qanunun 6.4-cü maddəsinə uyğun olaraq verilən yazılı göstərişlərə əməl etmək; 12.1.4. elektrik enerjisi bazarında iştirak etmək üçün bu Qanunun 29-cu maddəsində nəzərdə tutulan müvafiq müqavilələri bağlamaq və onların şərtlərinə əməl etmək; 12.1.5. balanslaşdırma və köməkçi xidmətlər bazarlarında iştirak etmək, habelə balanslaşdırma qaydalarına uyğun olaraq balanslaşdırma məsuliyyətini daşımaq; 12.1.6. elektrik şəbəkəsinə dair qaydalarla müəyyən edilən texniki məsələlər barədə hesabat və məlumatları həmin qaydalara uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və tənzimləyiciyə təqdim etmək; 12.1.7. elektrik stansiyasının etibarlı və fasiləsiz işini təmin etmək; 12.1.8. “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 13.3-cü maddəsi ilə müəyyən edilən enerji resurslarından səmərəli istifadəyə dair öhdəliklərə riayət etmək. 12.2. Elektrik enerjisinin istehsalçısı aşağıdakı hüquqlara malikdir: 12.2.1. topdansatış bazarında elektrik enerjisini almaq və satmaq; 12.2.2. bu Qanunun 11.2-ci maddəsinə uyğun olaraq pərakəndə satış bazarında elektrik enerjisini satmaq; 12.2.3. elektrik şəbəkəsinə qoşulmaq və istehsal etdiyi elektrik enerjisinin qoşulduğu şəbəkə vasitəsilə ötürülməsini tələb etmək; 12.2.4. istehsal etdiyi elektrik enerjisini saxlamaq. Maddə 25. İkitərəfli müqavilələr bazarı 25.1. İkitərəfli müqavilələr bazarında elektrik enerjisinin alqı-satqısı ikitərəfli müqavilələr əsasında həyata keçirilir. 25.2. İkitərəfli müqavilə ilə elektrik enerjisinin alqı-satqısı müddəti (ən azı altı ay olmaqla) topdansatış bazarı qaydaları ilə müəyyən olunan maksimal müddətdən çox olmamalıdır. 25.3. İkitərəfli müqavilədə satılan elektrik enerjisinin həcmi, qiyməti, satış müddəti, ödəniş qaydası və tərəflərin hüquqları və vəzifələri göstərilməlidir. 25.4. İkitərəfli müqavilə bağlayan elektrik enerjisi bazarının subyektləri topdansatış bazarı qaydalarında nəzərdə tutulmuş müddətdə bazar operatorunu ikitərəfli müqavilə üzrə qeydə alınmış elektrik enerjisinin həcmləri barədə məlumatlandırır. Maddə 29. Elektrik enerjisi bazarında müqavilə münasibətləri 29.1. Elektrik enerjisi bazarının subyektləri arasında aşağıdakı müqavilələr bağlanılır: 29.1.1. elektrik enerjisi bazarının subyektləri arasında bağlanılan ikitərəfli alqı-satqı müqaviləsi; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2005-ci il tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrin enerjisindən istifadə Qaydaları”

8. Elektrik enerjisindən (aktiv və reaktiv) istifadəyə görə hesablaşmalar 8.1. Dövlət elektroenergetika müəssisəsindən enerjitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır. 8.2. Elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. 8.18. İstehlakçı, o cümlədən məişət abonenti tutduğu ərazidən, binadan köçdükdə, öz fəaliyyətini dayandırdıqda və ya ləğv edildikdə o, on gün əvvəl enerjitəchizatı müəssisəsinə elektrik enerjisinin alqı-satqı müqaviləsinin ləğv olunması barədə müraciət etməli və sonuncu günə qədər istifadə etdiyi elektrik enerjisinin haqqını ödəməlidir. Yeni istehlakçının, o cümlədən məişət abonentinin elektrik şəbəkəsinə qoşulması və sənədləşdirilməsi bu Qaydalara uyğun aparılır. 8.21. Elektrik enerjisinin alqı-satqı müqaviləsini, şəxsi hesabın digər məişət abonentinin adına keçirilməsi onların müraciətlərinə əsasən enerjitəchizatı müəssisəsi tərəfindən beş gün ərzində baxılır və həll edilir. Elektrik şəbəkəsinə əvvəllər qoşulmuş yaşayış binasındakı mənzilə yeni kirayəçi, yaxud mülkiyyətçi və ya yaşayış evinə yeni mülkiyyətçi köçdükdə, həmin məişət abonenti ilə enerjitəchizatı müəssisəsi arasında beş gün müddətində elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanılmalıdır və enerjitəchizatı müəssisəsi onun adına şəxsi hesab açmalıdır. 8.22. Məişət abonenti mənzildən və ya yaşayış evindən köçərkən, həmin mənzilin və ya yaşayış evinin yeni mülkiyyətçisi, yaxud kirayəçisi ondan köçdüyü günə qədər istifadə etdiyi elektrik enerjisinin haqqının ödənilməsi və elektrik enerjisi sərfinə görə borcunun olmaması barədə enerjitəchizatı müəssisəsinin arayışını tələb etməlidir. 8.23. Məişət abonenti mənzildən köçdükdən sonra, yeni sakin mənzilə köçənə qədər, mənzildə quraşdırılmış hesablaşma elektrik sayğacının qorunmasına və işçi vəziyyətdə saxlanmasına görə yaşayış binasının mülkiyyətçisi və ya mənzil istismar təşkilatı cavabdehlik daşıyır.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəllləsi Maddə 77. Sübütetmə vəzifəsi 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 119 Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

Məhkəmənin mövqeyi: Məhkəmə mülki iş materiallarını və tərəfin izahatını nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddia əsaslı olduğundan və təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, ünvan 3, 0011 saylı mənzilin əvvəlki şahibi X6 ilə "xxxx" ASC arasında elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanmış və enerjitəchizatı müəssisəsi tərəfindən onun adına şəxsi hesab açılmışdır. Qeyd olunan müqaviləyə əsasən "xxxx" ASC öz üzərinə elektrik enerjisinin verilişini təmin etmək, X5 Ərşad oğlu isə istifadə etdiyi elektrik enerjisinin dəyərini ödəmək öhdəliyini götürmüşdür. ünvan 3 ünvanı üzrə yerləşən 0011 saylı mənzil X1 istifadəsində olan zaman sonuncuya elektrik enerjisindən istifadəyə görə "xxxx" ASC tərəfindən 691.0296 manat sərfiyyat borcu hesablanmışdır. Lakin "xxxx" ASC öz üzərinə düşən öhdəliyi yerinə yetirsə də X5 Ərşad oğlu istifadə etdiyi elektrik enerjisinin dəyərini ödəməmiş və bu borc “barmek borcu” kimi qeydə alınmışdır. X1 vəfatından sonra ünvan 3 ünvanı üzrə yerləşən 0011 saylı mənzil İddiaçı satılmışdır. Sözügedən mənzil xx.xx.2025-ci il tarixdə sonuncunun adına rəsmiləşdirilmişdir. Bundan sonra mənzilin yeni mülkiyyətçisi İddiaçı tərəfindən "xxxx" ASC-yə müraciət olunaraq sonuncu ilə elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanması və adına abonent hesabının açılması xahiş edilmişdir. "xxxx" ASC tərəfindən ünvan 3 ünvanı üzrə yerləşən 0011 saylı mənzildə dəyəri ödənilməmiş elektrik enerjisinə görə borc mövcüd olduğundan İddiaçı ilə elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanmasından və abonent hesabının açılmasından imtina edilmişdir. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2005-ci il tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”na əsasən, elektrik şəbəkəsinə əvvəllər qoşulmuş yaşayış binasındakı mənzilə yeni kirayəçi, yaxud mülkiyyətçi və ya yaşayış evinə yeni mülkiyyətçi köçdükdə, həmin məişət abonenti ilə enerjitəchizatı müəssisəsi arasında beş gün müddətində elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanılmalıdır və enerjitəchizatı müəssisəsi onun adına şəxsi hesab açmalıdır. Hazırki mülki iş üzrə İddiaçı xx.xx.2025-ci il tarixdə ünvan 3 ünvanı üzrə yerləşən 0011 saylı mənzilin öz adına özəlləşdirilməsi ilə bağlı çıxarış aldığından həmin tarixdən qeyd olunan mənzilin mülkiyətçisi hesab edilir. Belə olan halda bir qayda olaraq yeni mülkiyətçi ilə "xxxx" ASC tərəfindən “Elektrin enerjisindən istifadə Qaydaları”nda göstərilən müddət ərzində elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanılmalı və enerjitəchizatı müəssisəsi onun adına şəxsi hesab açmalıdır. Göründüyü kimi həmin qaydanın icra olunmaması üçün Qanunvericilikdə heç bir şərt nəzərdə tutulmamışdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilərək, "xxxx" ASC-nin üzərinə Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, məhəllə 2942 B-Q, ev 39 B, mənzil 11 (yeni qaydalarla AZ1016, ünvan 4 ünvan üzrə İddiaçı ilə elektrik enerjisinin alqı-satqı müqaviləsinin bağlanması öhdəliyi və Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, məhəllə 2942 B-Q, ev 39 B, mənzil 11 (yeni qaydalarla AZ1016, ünvan 4 ünvan üzrə İddiaçı adına şəxsi hesabın açılması öhdəliyi qoyulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə

qət etdi :

İddia təmin edilsin. "xxxx" ASC-nin üzərinə Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, məhəllə 2942 B-Q, ev 39 B, mənzil 11 (yeni qaydalarla AZ1016, ünvan 4 ünvan üzrə İddiaçı ilə elektrik enerjisinin alqı-satqı müqaviləsinin bağlanması öhdəliyi qoyulsun. "xxxx" ASC-nin üzərinə Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, məhəllə 2942 B-Q, ev 39 B, mənzil 11 (yeni qaydalarla AZ1016, ünvan 4 ünvan üzrə İddiaçı adına şəxsi hesabın açılması öhdəliyi qoyulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar