Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-6070/2023 15.12.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Kazımov Samir Vaqif oğlunun katibliyi, Ərizəçi, onun vəkili Vəkil, Maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi X4 iştirakları ilə, Ərizəçi “şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması və Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi’’ barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Ərizəçi “heç bir dövlətin vətəndaşlığına mənsub olmaması və Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, onun 1991-ci ildən hal-hazıradək Azərbaycan Respublikasının ərazisində daimi yaşaması və heç bir dövlətin vətəndaşlığına mənsub olmamağı faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi xx.xx.1963-cü ildə Gürcüstan SSR, Bolnisi rayonu, Qəmərli kəndində anadan olmuşdur. Hal-hazırda ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində yaşayır. Ərizəçi orta məktəbi Gürcüstanda bitirdikdən sonra 1991-ci ildə Azərbaycan Respublikasına daimi yaşamaq üçün köçmüşdür. Azərbaycan Respublikasına yaşadığı vaxtdan, yəni 1991-ci ildən Bakı şəhərində müxtəlif sahələrdə dövlət müəssisə və zavodlarında rəsmi olaraq işləmişdir. Bununla bağlı onun əmək kitabçası var və işlədiyi bütün sahələr 1991-ci ildən 2009-cu ilə qədər əmək kitabçasında qeyd edilib. 1991-ci ildən hal-hazıradək Azərbaycan Respublikasında daimi yaşayır. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə ərizə ilə müraciət etmişdir və xahiş etmişdi ki, 1991-ci ildən bu günə qədər Azərbaycan Respublikasının ərazisində daimi yaşadığı üçün ona Azərbaycan Respublikasının vətəndaşlığı verilsin. Dövlət Miqrasiya Xidməti isə imtina edərək ona arayış təqdim etmişdir, arayışda qeyd edilmişdir ki, xx.xx.1963-cü il təvəllüdlü Ərizəçi müraciətinə baxılaraq onun “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının xx.xx.1998-ci il tarixli Qanununa əsasən Azərbaycan Respublikasının vətəndaşı olmadığı müəyyən edilmişdir. Bundan əlavə, o, elektron qaydada Gürcüstan Respublikasına müraciət etmişdir və oradan ona bildirilmişdir ki, o, Gürcüstan vətəndaşı hesab edilmir. Lakin bütün bunlara baxmayaraq indiyənə qədər şəxsiyyət vəsiqəsi ala bilməmişdir. Şəxsiyyət vəsiqəsi almaq üçün Dövlət Miqrasiya İdarəsinə müraciət etdikdə, onun Azərbaycan Respublikası ərazisində daimi yaşamağı faktının məhkəmə qaydasında tanınması vacibliyini və ona adiyyəti üzrə məhkəməyə müraciət etməyi söylənilmişdir. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verdi və məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi. Ərizəçi vəkili Vəkil ərizəni müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verdi və məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi X6 məhkəmə iclasında ərizənin təmin edilməsinə etiraz etməyərək, izahatında göstərmişdir ki, Ərizəçi Gürcüstan Respublikasının vətəndaşı olması barədə vəsiqəsi ümumiyyətlə olmamışdır, o, 2006-cı ildən bu günə qədər də Azərbaycan Respublikasını tərk etməmişdir. Buna görə də, o, məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı oluduğundan təmin edilməlidir. İş materiallarında olan Gürcüstan səfirliyi tərəfindən verilmiş 22/00008895/2023-02 saylı xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Həsənova X1 vətəndaşı hesab olunmur. İş materiallarında olan № 022345 saylı xx.xx.1963-cü il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1963-cü il tarixində Gürcüstan, Bolnisi rayonu, Qəmərli kəndində anadan olmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2005-ci ildə 154 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin ******* saylı arayışından görünür ki, xx xxxxxxxx 1963-cü il təvəllüdlü Ərizəçi Azərbaycan Respublikasının vətəndaşı olmadığı müəyyən edilmişdir. İş materiallarında olan ********** saylı Gürcüstanın Ədliyyə Nazirliyi X3 Agentliyinin nəticəsindən görünür ki, Həsənova X1 vətəndaşı hesab olunmur. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarətinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, xx.xx.1963-cü il təvəllüdlü Ərizəçi dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında məlumat qeydə alınmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri Xətai rayonu İcra Hakimiyyəti Başçısının Əhmədli qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 615 nömrəli xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Ərizəçi Əhmədli qəsəbəsində B.Süleymanov küçəsi, 11 nömrəli evdə 1991-ci ildən qeydiyyatsız yaşayır. İş materiallarında olan Vİİİ-TИ № 721755 saylı Sovet İttifaqı vətəndaşının pasportundan görünür ki, Ərizəçi xx.xx.1963-cü ildə doğulmuşdur və mövcud qeydlər Gürcüstan dilində aparılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 verdiyi ifadəsində bildirmişdir ki, o, 1991-ci ildə doğulmuşdur. Ərizəçi onun bibisidir və o, doğulan vaxtdan bibisi onlarla birlikdə yaşayır. Bibisi heç vaxt evli olmamışdır, subaydır. Bibisinin SSSR pasportu olmuşdur və həmin pasport qüvvədə olduğu dövrdə Gürcüstana getmiş, lakin sonradan isə Respublikamızın ərazisini tərk etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, Ərizəçi 10 ildən çoxdur ki, tanıyır. Ərizəçi onun yoldaşının bibisidir. Onu tanıdığı bu müddət ərzində Azərbaycan Respublikasından kənara çıxmamışdır. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının qanununa əsasən, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda keçmiş SSRİ vətəndaşının pasportu və ya digər sənəd əsasında 2006-cı il yanvarın 1-dək Azərbaycan Respublikasına gələrək burada daimi yaşayan, heç bir dövlətin vətəndaşlığına mənsub olmayan və şəxsiyyətini təsdiq edən etibarlı sənədləri olmayan şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı məhkəmə tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli Qərarının 12.1-ci bəndinə əsasən bu faktın müəyyən edilməsi haqqında ərizədə şəxsin Azərbaycan Respublikasına gəlməsi tarixi və səbəbləri göstərilməli, həmin ərizəyə müvafiq faktları təsdiq edən sənədlər (olduğu halda), həmçinin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması barədə müvafiq icra hakimiyyəti orqanının arayışı və doğulduğu (əvvəllər daimi yaşadığı) ölkənin vətəndaşı hesab edilməməsini təsdiq edən sənəd əlavə edilməlidir. Məhkəmə hesab edir ki, ərizəçinin 1991-ci il tarixdən bu günə qədər Azərbaycan Respublikasında yaşama və heç bir dövlətin vətəndaşı olmamasına dair faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Ərizəçinin izahatı, şahid ifadələri və işin digər materialları ilə Ərizəçi heç bir dövlətin vətəndaşlığına mənsub olmaması və Azərbaycan Respublikasında daimi yaşaması faktı müəyyən edilmişdir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, q ə t e t d i: Ərizə təmin edilsin. xx.xx.1963-cü il tarixində Gürcüstan Respublikası, Bolnisi rayonu, Qəmərli kəndində doğulmuş Ərizəçi heç bir dövlətin vətəndaşlığına mənsub olmaması və Azərbaycan Respublikasında daimi yaşaması faktı müəyyən edilsin Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva
Məhkəmə qərarları › İş №2(011)-6070/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-6070/2023
15.12.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması,habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver