Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-6099/2025 05.11.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Novruzova Gülsanə Emin qızının katibliyi, İddiaçı, Cavabdeh2 ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Bakı şəhəri 36 saylı Notariat Ofisi və Cavabdeh2 ASC-yə qarşı hərracın nəticələrinin ləğvi tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi. İddia tələbi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ASC-yə qarşı Cavabdeh1 8İ-3345 saylı xx.xx.2025-ci il tarixli icra qeydinin ləğvi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddianın dəlilləri: İddianın dəlilləri ondan ibarət olmuşdur ki, Cavabdeh1 8İ-3345 saylı xx.xx.2025-ci il tarixli icra qeydinə görə İddiaçı və zamini X3 "xxxx" ASC-yə ümumilikdə 6710,06 manat məbləğində kredit borcu var. Sözü gedən icra qeydi ilə tanış olduqdan sonra iddiaçıya məlum olmuşdur ki¸ icra qeydinin aparılması üçün Cavabdeh2 ASC-nin təqdim etdiyi maliyyə arayışında 5384,30 manat əsas borc, 1279,34 manat cərimə borcunun olduğu qeyd edilmişdir. Maliyyə arayışında hesablanmış 1279,34 manat cərimə borcu düzgün hesablanmamışdır. Eləcə də Cavabdeh1 bankın iddiaçıdan və zaminindən tələb etdiyi cərimə borcunun mübahisəli olduğunu nəzərə almadan icra qeydi aparmışdır. Cavabdehlərin etirazının dəlilləri Cavabdeh2 ASC-nin nümayəndəsi tərəfindən təqdim edilmiş yazılı etirazın dəlilləri ondan ibarət olmuşdur ki, Cavabdeh2 ASC ilə X4 arasında xx.xx.2024-cü il tarixli, MK- 196171/24 saylı kredit müqaviləsi bağlanılmışdır. Həmin kredit müqaviləsinin təminatı olaraq Cavabdeh2 ASC ilə X7 arasında xx.xx.2024-cü il tarixli, MK- 196171/24 saylı zaminlik müqaviləsi bağlanılmışdır. xx.xx.2024-cü il tarixli, MK-196171/24’saylı kredit müqaviləsinin 2.3-cü bəndinə əsasən əsas və faiz borcu üzrə qrafikin tələbləri pozulduğu gündən etibarən Borcalan bu müqavilədə nəzərdə tutulmuş faizdən əlavə əsas borcun qalığına illik 23.5 % olmaqla cərimə faizi ödəyir. Müqavilə üzrə əsas borcalan və zaminlər öhdəliyi yerinə yetirmədiyindən bank tərəfindən xx.xx.2025-ci il tarixli bildiriş göndərilmiş və bildirişdə qeyd olunmuşdur ki, 20 gün müddətində borc ödənilmədiyi təqdirdə notarius tərəfindən icra qeydi aparılacaqdır. Həmin bildiriş hazırki iş üzrə İddiaçı tərəfindən şəxsən xx.xx.2025-ci il tarixdə alınmışdır (poçt qəbzi etiraza əlavə olunur). Göründüyü kimi tələbkar Cavabdeh2 ASC tərəfindən qanunun tələblərinə riayət olunmuş və borclular barəsində Bakı şəhəri 36 saylı notariat ofisi tərəfindən əsaslı və qanunamüvafiq icra qeydi verilmişdir. Yuxarıda qeyd olunan hallara və qanunun tələblərinə əsasən İddiaçı tərəfindən “icra qeydinin ləğv edilməsi barədə” iddia ərizəsinin təmin olunmaması xahiş edilmişdir. Cavabdeh Bakı şəhəri 36 saylı Notariat Ofisi məhkəməyə yazılı etiraz ilə müraciət etməmişdir. Tərəflərin izahatları: İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. O, məhkəmə iclasında verdiyini izahatında bildirmişdir ki, icra qeydinin aparılacağına dair bankın bildirişini almışdır. Cavabdeh2 ASC-nin nümayəndəsi iddiaya etiraz edərək məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. Cavabdeh Bakı şəhəri 36 saylı Notariat Ofisinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, o heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasını cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. İşin halları: Bakı şəhəri 36 saylı notariat ofisinin xüsusi notariusu X6 tərəfindən “Notariat haqqında” Azərbaycan Respublikası Qanunun 76-cı maddəsinə əsasən Cavabdeh2 ASCnin xeyrinə İddiaçı və X2 MK-196171/24 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 5405,72 manat tutulsun. Bundan əlavə təklif edilmişdir ki, İddiaçı və X2 1279,34 manat məbləğin cərimə, tələbkar tərəfindən ödənilmiş 25 manat məbləğində dövlət rüsumu, cəmi 6710,06 manat məbləğində pul tutulsun. İcra qeydi xx.xx.2025-ci il tarixində aparılmışdır. Məhkəmə sorğusu üzrə məhkəməyə təqdim edilmiş aparılmış icra qeydinin və ona əlavə edilmiş sənədlərin surətlərindən görünür ki, tələbkar Cavabdeh2 ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2024-cü il tarixli Kredit müqaviləsi, hesabdan çıxarışı, maliyyə arayışı, icra qeydinin aparılacağı barədə tələbkar tərəfindən borclular İddiaçı və X5 göndərilən xx.xx.2025-ci il tarixli bildiriş, bildirişin borclulara təqdim edilməsini təsdiq edən poçt qəbzlərini notariat icra qeydi haqqında ərizəyə əlavə etmişdir. İddia tələbinin hüquqi əsası: “Notariat haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 76. İcra qeydləri üzrə pul məbləğlərinin tutulması və əmlakın tələb edilib alınması Borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofislərinə müraciət edə bilərlər. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildirişin surəti, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Elektron formada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Maddə 77. İcra qeydlərinin məzmunu İcra qeydləri aşağıdakı məlumatları özündə əks etdirməlidir: 1) icra qeydini aparan notariusun vəzifəsi, soyadı, adı və atasının adı; 2) tələbkar fiziki şəxsin soyadı, adı, atasının adı, fərdi identifikasiya nömrəsi (əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin müvəqqəti, yaxud daimi yaşamaq üçün icazə vəsiqələrinin, habelə qaçqın vəsiqəsinin seriyası və nömrəsi), yaşayış yeri və olduğu yer, doğum tarixi, hüquqi şəxsin adı, hüquqi və faktiki ünvanları, VÖEN-i; 3) borclu fiziki şəxsin soyadı, adı, atasının adı, fərdi identifikasiya nömrəsi (əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin müvəqqəti, yaxud daimi yaşamaq üçün icazə vəsiqələrinin, habelə qaçqın vəsiqəsinin seriyası və nömrəsi), yaşayış yeri və olduğu yer, doğum tarixi, işlədiyi halda iş yeri, sahibkarlıq fəaliyyəti ilə məşğul olduqda VÖEN-i, hüquqi şəxsin adı, hüquqi və faktiki ünvanları, VÖEN-i; 4) ödəniləsi məbləğ və tələb olunub alınası əşyalar, çatası faiz və dəbbə pulu (olduğu təqdirdə); 5) haqqın miqdarı, tələbkarın ödəyəcəyi dövlət rüsumunun və ya borcludan tutulmalı olan dövlət rüsumunun məbləği; 6) icra qeydinin aparıldığı tarix (il, ay, gün); 7) icra qeydinin reyestrdə rəsmiləşdirildiyi say; 8) icra qeydini aparan notariusun imzası, möhürü. Maddə 79. İcra qeydlərinin icra edilməsi üçün təqdim olunması İcra qeydinin aparılması barədə ərizə müvafiq icra hakimiyyəti orqanının Elektron notariat informasiya sisteminə və ya fiziki şəxsin yazılı ərizəsi notariat ofisinə daxil olduqdan sonra notarius bir iş günü müddətində icra qeydini aparır və icra qeydini müvafiq icra hakimiyyəti orqanının Elektron notariat informasiya sistemi vasitəsilə “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icra olunması üçün müvafiq icra hakimiyyəti orqanının Elektron icra informasiya sisteminə göndərir. “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimat
161. Borclunun olduğu yer üzrə notarius borcludan pul məbləğlərini tutmaq və ya əmlakı (ipoteka predmeti istisna olmaqla) tələb edib almaq və ya bunun əvəzinə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 529.8-ci maddəsinə əsasən öhdəliyin icrası əvəzinə razılaşdırılmış peşman haqqını almaq üçün “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə uyğun olaraq tələbkar tərəfindən borcluya bildiriş göndərildikdə və öhdəlik bildirişin verildiyi müddətdə icra edilmədikdə, borcu müəyyən edən sənədlərdə 1 (bir) iş günü müddətində icra qeydi aparır və icra olunması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə “Elektron icra” informasiya sisteminə göndərir.[275] Notarius tərəfindən borcun mübahisəsizliyi tələbkarın tələbinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli 156 nömrəli Qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş sənədlərlə təsdiq olunması və borclunun həmin tələbdən irəli gələn öhdəliyi icra etməməsinin yoxlanılması ilə müəyyən edilir. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda, icra qeydinin aparılacağı barədə müəyyən edilmiş formada bildiriş göndərməlidir. Bildirişin surəti, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər və ya bununla bağlı məlumatlar (korporativ məlumat mübadiləsinin istifadəçiləri üçün) icra qeydinin aparılması ilə bağlı ərizəyə və ya məlumata əlavə olunur. Tələbkar tərəfindən icra qeydinin aparılacağı barədə bildiriş borcu müəyyən edən sənədlərə və ya borclunun məlumatına (olduğu halda) əsasən tələbkara məlum olan ünvana “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 (beş) gün keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 (üç) gün keçdikdən sonra borclu şəxsə təqdim olunmuş sayılır. Borclunun yaşadığı (olduğu) ünvanda olmaması bildirişin borcluya çatdırıldığını təsdiq edən sənəddə qeyd olunmalıdır. İcra qeydinin aparılması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə elektron qaydada təqdim edilmiş sənədlərin və ya məlumatların qanunvericiliyin tələblərinə uyğunluğu və borcun mübahisəsizliyi notarius tərəfindən müəyyən edildikdən sonra informasiya sistemi vasitəsilə icra qeydi aparılaraq müvafiq sənəd “Elektron notariat” informasiya sistemi ilə “Elektron icra” informasiya sisteminə göndərilir. Tələbkar və ya borclunun müraciəti əsasında icra qeydinin informasiya sistemində saxlanılan nüsxəsi notariat qaydasında təsdiq edilməklə təqdim edilir.
162. İcra qeydi aşağıdakı hallarda aparılır: 1) əgər təqdim olunan sənədlər borcun mübahisəsiz təsdiq edirsə; 2) tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçməmişdirsə. .
164. İcra qeydləri aşağıdakı məlumatları özündə əks etdirməlidir: icra qeydi aparan notariusun vəzifəsi, soyadı, adı və atasının adı; tələbkarın adı və ünvanı; borclunun adı və ünvanı; ödəniləsi məbləğ və tələb olunub alınası əşyalar, çatası faiz və dəbbə pulu (olduğu təqdirdə); haqqın miqdarı, tələbkarın ödəyəcəyi və ya borcludan tutulmalı olan dövlət rüsumunun məbləği; icra qeydinin aparıldığı tarix (il, ay, gün); icra qeydinin reyestrdə qeyd olunduğu nömrə; icra qeydi aparan notariusun imzası və şəxsi gerbli möhürü.
165. İcra qeydi borcu müəyyən edən sənədin əslində qeyd olunur. İcra qeydi borcu müəyyən edən sənəddən ayrılıqda aparılmır.
168. İcra qeydi aparmaq üçün borcu müəyyən edən sənəddən əlavə, borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısında göstərilən digər sənədləri də təqdim etmək zəruridirsə, həmin sənədlər icra qeydinə dair notariat işində və ya elektron formada olan notariat reyestrində saxlanılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 sentyabr 2000-ci il tarixli, 156 saylı qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”
İİ. Hesablaşma və kredit münasibətlərindən irəli gələn əsaslarla borcun alınması
2. Borclular və onlara tapşırıq verənlər tərəfindən kredit idarələrinin kredit əməliyyatları üzrə ödəniş müddətinin keçirilməsinə yol verilməsi ilə əlaqədar sənədlər. İcra qeydi almaq üçün aşağıdakılar təqdim olunur: a) əsasında borcun alındığı sənədlərin, o cümlədən kredit xətti müqaviləsinin əsli; b) müddəti keçirilmiş borcun məbləği göstərilməklə, borclunun hesabından tələbkar tərəfindən təsdiq olunmuş çıxarış; c) alınmış borc üzrə faiz və cərimələrin hesablanma tarixi və məbləğləri göstərilməklə, tələbkar tərəfindən tərtib olunmuş təfsilatlı maliyyə arayışı;
Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatlarını və mülki iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddia əsassızdır və rədd edilməlidir. Belə ki, mülki işin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, notarius tərəfindən icra qeydi qanunvericiliyin tələblərinə uyğun aparılmış, icra qeydinin aparılması üçün qanunvericiliklə müəyyən edilmiş sənədlər notariusa təqdim edilmiş, borclulara tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş vaxtında göndərilmişdir. Bildiriş borclulara təqdim edildiyinə baxmayaraq, bildirişdə göstərilən məbləğ mübahisələndirməmişdir. Eyni zamanda iddiaçı məhkəmə iclasında verdiyi izahatında da icra qeydinin aparılacağı ilə bağlı bank bildirişini aldığını bildirmişdir. O, borc məbləğini mübahisələndirdiyini qeyd etsə də, məhkəməyə bu halı təsdiq edəcək hər hansı sübut təqdim etməmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Bakı şəhəri 36 saylı Notariat Ofisinin notariusu tərəfindən İddiaçı və X7 barəsində aparılmış 8İ-3345 saylı xx.xx.2025-ci il tarixli icra qeydi qanunvericiliyin tələblərinə uyğun şəkildə aparılmış, icra qeydinin ləğvi üçün hər hansı əsas qeydə alınmamışdır. Odur ki, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, İddiaçı cavabdehlər Bakı şəhəri 36 saylı Notariat Ofisi və Cavabdeh2 ASC-yə qarşı 8İ-3345 saylı xx.xx.2025-ci il tarixli icra qeydinin ləğv edilməsi tələbinə dair iddiası əsassız hesab edilərək rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə
qət etdi:
İddiaçı cavabdehlər Bakı şəhəri 36 saylı Notariat Ofisinə və Cavabdeh2 ASC-yə qarşı Cavabdeh1 8İ-3345 saylı xx.xx.2025-ci il tarixli icra qeydinin ləğv edilməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Əminə Abbasova