Məhkəmə qərarları › İş №2(011)-6203/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-6203/2025

17.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-6203/2025 17.12.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Ağazadə Fəridə Elxan qızının katibliyi, İddiaçı, cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdehlər Bakı şəhəri 36 saylı Notariat Kontoru və "xxxx" ASC-yə qarşı icra qeydinin ləğv edilməsi tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi. İddia tələbi: İddiaçı cavabdehlər Bakı şəhəri 36 saylı Notariat Kontoru və "xxxx" ASC-yə qarşı Bakı şəhəri 36 saylı Notariat Kontorunun 8İ-3364 saylı xx.xx.2025-ci il tarixli icra qeydinin ləğvi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddianın dəlilləri: İddianın dəlilləri ondan ibarət olmuşdur ki, barəmdə xx.xx.2025-ci il tarixində cavabdeh tərəfindən 8i-3364 reyestr nömrəsi ilə icra qeydi aparılmışdır. İcra qeydinin aparılmasına əsas Cavabdeh2 ASC tərəfindən “Elektron notariat” avtomatlaşdırılmış informasiya sisteminə daxil edilmiş ərizə əsasında aparılmışdır. İşin faktiki halları ondan ibarətdir ki, Cavabdeh2 ASC ilə iddiaçı arasında RL/31767/A4/35 nömrəli müqaviləyə əsasən bank tərəfindən ona vəsait verilmişdir və o müqavilə üzrə öhdəliklərini hər ay yerinə yetirmişdir. Ödənişlərini vaxtı-vaxtında ödəməyinə baxmayaraq Bank əsassız yerə faizləri sonradan yüksəltmiş, faizə-faiz hesablamalar etmişdir. Bununla bağlı banka dəfələrlə müraciət edərək faizi düzgün hesablamalarını xahiş etmişdir. Bank bununla bağlı heç bir tədbir görməsə də o ödənişlərini etməyə davam etmişdir. Hazırkı icra qeydinin əsasını təşkil edən tələb artıq yerinə yetirildiyindən icra qeydi əsassızdır. Bununla belə, cavabdeh orqan tərəfindən icra qeydi müvafiq qaydada ləğv edilməmişdir və bu hal onun hüquqlarının həyata keçirilməsinə mane olur. Beləliklə, hesab edir ki, iddia tələbi tam qanuni və əsaslıdır. Məhkəmə tərəfindən iş üzrə tam araşdırma aparılacağı təqdirdə və onun Banka ödənişləri hesablanacağı təsdiqdə cavabdeh tərəfindən aparılmış icra qeydinin əsassız olması öz təsdiqini tapacaqdır. Cavabdehin apardığı icra qeydi tamamilə qanunsuz və əsassızdır. Bu səbəblə hesab edir ki, cavabdeh tərəfindən aparılmış xx.xx.2025-ci il tarixli, 8i-3364 saylı icra qeydinin ləğv edilməsi zəruridir. Tərəflərin izahatları: İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi iddiaya etiraz edərək məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. Cavabdeh Bakı şəhəri 36 saylı Notariat Kontoruna məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, o heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasını cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. İşin halları: Bakı şəhəri 36 saylı notariat ofisinin Xüsusi notariusu X7 'Notariat haqqında' Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən AZ1069, Bakı şəhəri, Nərimanov rayonu, X8, ev 42 ünvanında yerləşən "xxxx" ASC /VÖEN:**********/ xeyrinə ünvan 2 ünvanında qeydiyyatda olan İddiaçı (AA*******, xx.xx.2020 - Asan 2; FİN: xxxxxxx; d/t: xx.xx.1983), ünvan 2 ünvanında qeydiyyatda olan X1 (AA2760684, xx.xx.2021 - Asan 2; FİN: 2D2ST16; d/t: xx.xx.1955) RK/31767/A4/35 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 16.362,91 manatın tutulması barədə icra qeydi aparılmışdır. İcra qeydi xx.xx.2025-ci il tarixində aparılmışdır. İş materiallarında olan "xxxx" MMC-nin qəbzinə əsasən "xxxx" ASC-nin borcluya göndərdiyi “İcra qeydinin aparılacağı barədə” bildiriş xx.xx.2025-ci il tarixdə “Məmmədova” tərəfindən əldə edilərək imzalanmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 4/1868 nömrəli xx.xx.2025-ci il tarixli ekspert rəyinə əsasən, ekspertizaya təqdim edilmiş, mülki işin 42-ci vərəqində olan 007217 nömrəli xx.xx.2025-ci il tarixli poçt qəbzində “Alanın soyadı və imzası:” bölməsindəki imza - İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra edilmişdir. İddia tələbinin hüquqi əsası: “Notariat haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 76. İcra qeydləri üzrə pul məbləğlərinin tutulması və əmlakın tələb edilib alınması Borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofislərinə müraciət edə bilərlər. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildirişin surəti, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Elektron formada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Maddə 77. İcra qeydlərinin məzmunu İcra qeydləri aşağıdakı məlumatları özündə əks etdirməlidir: 1) icra qeydini aparan notariusun vəzifəsi, soyadı, adı və atasının adı; 2) tələbkar fiziki şəxsin soyadı, adı, atasının adı, fərdi identifikasiya nömrəsi (əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin müvəqqəti, yaxud daimi yaşamaq üçün icazə vəsiqələrinin, habelə qaçqın vəsiqəsinin seriyası və nömrəsi), yaşayış yeri və olduğu yer, doğum tarixi, hüquqi şəxsin adı, hüquqi və faktiki ünvanları, VÖEN-i; 3) borclu fiziki şəxsin soyadı, adı, atasının adı, fərdi identifikasiya nömrəsi (əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin müvəqqəti, yaxud daimi yaşamaq üçün icazə vəsiqələrinin, habelə qaçqın vəsiqəsinin seriyası və nömrəsi), yaşayış yeri və olduğu yer, doğum tarixi, işlədiyi halda iş yeri, sahibkarlıq fəaliyyəti ilə məşğul olduqda VÖEN-i, hüquqi şəxsin adı, hüquqi və faktiki ünvanları, VÖEN-i; 4) ödəniləsi məbləğ və tələb olunub alınası əşyalar, çatası faiz və dəbbə pulu (olduğu təqdirdə);https://e-qanun.az/framework/107 5) haqqın miqdarı, tələbkarın ödəyəcəyi dövlət rüsumunun və ya borcludan tutulmalı olan dövlət rüsumunun məbləği; 6) icra qeydinin aparıldığı tarix (il, ay, gün); 7) icra qeydinin reyestrdə rəsmiləşdirildiyi say; 8) icra qeydini aparan notariusun imzası, möhürü. Maddə 79. İcra qeydlərinin icra edilməsi üçün təqdim olunması İcra qeydinin aparılması barədə ərizə müvafiq icra hakimiyyəti orqanının Elektron notariat informasiya sisteminə və ya fiziki şəxsin yazılı ərizəsi notariat ofisinə daxil olduqdan sonra notarius bir iş günü müddətində icra qeydini aparır və icra qeydini müvafiq icra hakimiyyəti orqanının Elektron notariat informasiya sistemi vasitəsilə “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icra olunması üçün müvafiq icra hakimiyyəti orqanının Elektron icra informasiya sisteminə göndərir. “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimat Maddə 161. Borclunun olduğu yer üzrə notarius borcludan pul məbləğlərini tutmaq və ya əmlakı (ipoteka predmeti istisna olmaqla) tələb edib almaq və ya bunun əvəzinə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 529.8-ci maddəsinə əsasən öhdəliyin icrası əvəzinə razılaşdırılmış peşman haqqını almaq üçün “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə uyğun olaraq tələbkar tərəfindən borcluya bildiriş göndərildikdə və öhdəlik bildirişin verildiyi müddətdə icra edilmədikdə, borcu müəyyən edən sənədlərdə 1 (bir) iş günü müddətində icra qeydi aparır və icra olunması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə “Elektron icra” informasiya sisteminə göndərir. Notarius tərəfindən borcun mübahisəsizliyi tələbkarın tələbinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli 156 nömrəli Qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş sənədlərlə təsdiq olunması və borclunun həmin tələbdən irəli gələn öhdəliyi icra etməməsinin yoxlanılması ilə müəyyən edilir. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda, icra qeydinin aparılacağı barədə müəyyən edilmiş formada bildiriş göndərməlidir. Bildirişin surəti, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər və ya bununla bağlı məlumatlar (korporativ məlumat mübadiləsinin istifadəçiləri üçün) icra qeydinin aparılması ilə bağlı ərizəyə və ya məlumata əlavə olunur. Tələbkar tərəfindən icra qeydinin aparılacağı barədə bildiriş borcu müəyyən edən sənədlərə və ya borclunun məlumatına (olduğu halda) əsasən tələbkara məlum olan ünvana “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 (beş) gün keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 (üç) gün keçdikdən sonra borclu şəxsə təqdim olunmuş sayılır. Borclunun yaşadığı (olduğu) ünvanda olmaması bildirişin borcluya çatdırıldığını təsdiq edən sənəddə qeyd olunmalıdır. İcra qeydinin aparılması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə elektron qaydada təqdim edilmiş sənədlərin və ya məlumatların qanunvericiliyin tələblərinə uyğunluğu və borcun mübahisəsizliyi notarius tərəfindən müəyyən edildikdən sonra informasiya sistemi vasitəsilə icra qeydi aparılaraq müvafiq sənəd “Elektron notariat” informasiya sistemi ilə “Elektron icra” informasiya sisteminə göndərilir. Tələbkar və ya borclunun müraciəti əsasında icra qeydinin informasiya sistemində saxlanılan nüsxəsi notariat qaydasında təsdiq edilməklə təqdim edilir. Maddə 162. İcra qeydi aşağıdakı hallarda aparılır: 1) əgər təqdim olunan sənədlər borcun mübahisəsiz təsdiq edirsə; 2) tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçməmişdirsə. Maddə 164. İcra qeydləri aşağıdakı məlumatları özündə əks etdirməlidir: icra qeydi aparan notariusun vəzifəsi, soyadı, adı və atasının adı; tələbkarın adı və ünvanı; borclunun adı və ünvanı; ödəniləsi məbləğ və tələb olunub alınası əşyalar, çatası faiz və dəbbə pulu (olduğu təqdirdə); haqqın miqdarı, tələbkarın ödəyəcəyi və ya borcludan tutulmalı olan dövlət rüsumunun məbləği; icra qeydinin aparıldığı tarix (il, ay, gün); icra qeydinin reyestrdə qeyd olunduğu nömrə; icra qeydi aparan notariusun imzası və şəxsi gerbli möhürü. Maddə 165. İcra qeydi borcu müəyyən edən sənədin əslində qeyd olunur. İcra qeydi borcu müəyyən edən sənəddən ayrılıqda aparılmır. Maddə 168. İcra qeydi aparmaq üçün borcu müəyyən edən sənəddən əlavə, borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısında göstərilən digər sənədləri də təqdim etmək zəruridirsə, həmin sənədlər icra qeydinə dair notariat işində və ya elektron formada olan notariat reyestrində saxlanılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 sentyabr 2000-ci il tarixli, 156 saylı qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı” İİ. Hesablaşma və kredit münasibətlərindən irəli gələn əsaslarla borcun alınması

2. Borclular və onlara tapşırıq verənlər tərəfindən kredit idarələrinin kredit əməliyyatları üzrə ödəniş müddətinin keçirilməsinə yol verilməsi ilə əlaqədar sənədlər. İcra qeydi almaq üçün aşağıdakılar təqdim olunur: a) əsasında borcun alındığı sənədlərin, o cümlədən kredit xətti müqaviləsinin əsli; b) müddəti keçirilmiş borcun məbləği göstərilməklə, borclunun hesabından tələbkar tərəfindən təsdiq olunmuş çıxarış; c) alınmış borc üzrə faiz və cərimələrin hesablanma tarixi və məbləğləri göstərilməklə, tələbkar tərəfindən tərtib olunmuş təfsilatlı maliyyə arayışı;

Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatlarını və mülki iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddia əsasılıdır və təmin edilməlidir. Məhkəmə “Notariat haqqında” Qanunun 76-cı maddəsinə istinadən qeyd edir ki, icra qeydinin verilməsi üçün iki şərt eyni zamanda mövcud olmalıdır: 1. Borcun mübahisəsiz olduğunun təsdiq edilməsi; 2. Qeydi aparılan tələb üçün qanunla müəyyən edilmiş müddətin keçməməsi. Bu normanın təhlili onu deməyə əsas verir ki, borcun mübahisəsiz olmasının müəyyən olunmasında həlledici hal, tələbkarın icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildirişin borcluya çatdırılmasının müəyyən edilməsidir. Mülki işin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, borclulara tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə qanunvericiliyin tələblərinə uyğun olaraq tərtib olunmuş bildirişlər təqdim edilməmişdir. Belə ki, icra qeydinin aparılmasına dair notariat işində, borclu X2 ünvanlanmış icra qeydinin aparılması barədə bildiriş mövcud deyildir. Digər tərəfdən məhkəmə tərəfindən təyin edilmiş məhkəmə-xətşünaslıq ekspertizası nəticəsində müəyyən edilmişdir ki, borclu İddiaçı ünvanlanan xx.xx.2025-ci il tarixli bildirişin təqdim edilməsi barədə poçt qəbzində olan imza İddiaçı məxsus deyildir. Göründüyü kimi borclu İddiaçı kredit müqaviləsi üzrə tutmanın ipoteka predmetinə yönəldilməsi ilə bağlı qanunvericilklə müəyyən edilmiş qaydada məlumatlandırılmamış və bununla da ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət etmək hüququndan məhrum edilmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, xx.xx.2025-ci il tarixli, 8i-3364 saylı icra qeyd Bakı şəhəri 36 saylı Notariat Ofisinin Xüsusi notariusu X7 tərəfindən i qanunvericiliyin tələblərinə uyğun aparılmamışdır. Məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, eyni zamanda digər hüquq və azadlıqların təminatı qismində çıxış edir. Məhkəmə müdafiəsi hüququ pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinin şərh edilməsinə dair” 2015-ci il 22 may tarixli Qərar). Bununla belə, Konstitusiya Məhkəməsinin Plenumu L.İ.Binnətovanın şikayəti üzrə 2008-ci il 8 may tarixli Qərarında qeyd etmişdir ki, məhkəmə müdafiəsi hüququ mütləq hüquq olmadığına görə müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər. Lakin yalnız qanunvericilik səviyyəsində müəyyən oluna biləcək belə məhdudiyyətlər Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqları ləğv edə bilməz. Bu məhdudiyyətlər məhkəmələr tərəfindən özbaşına deyil, hüququn təbiətinə uyğunlaşa bilən, müvafiq hüquqa mütənasib şəkildə və eyni zamanda, bu hüququn hüdudları kimi düzgün tətbiq edilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – Avropa Məhkəməsi) hüquqi mövqeyinə əsasən, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində təsbit edilmiş “məhkəmə hüququ” məhkəmənin əlçatan olmasını, o cümlədən məhkəmədə mülki işlər üzrə iddia qaldırmaq imkanını ehtiva edir. Bununla belə, bu hüquq mütləq deyil və məhdudiyyətlərə məruz qala bilər (X3rşı iş üzrə 1985-ci il 28 may tarixli, Bellet Fransaya qarşı iş üzrə 1995-ci il 4 dekabr tarixli Qərarlar). Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, icra qeydinin qanunvericiliyin tələblərinə uyğun verilməməsi İddiaçı konstitusion hüququ olan məhkəmə müdafiəsi hüququndan məhrum etmişdir. Odur ki, Bakı şəhəri 36 saylı Notariat Ofisinin Xüsusi notariusu X7 tərəfindən aparılmış xx.xx.2025-ci il tarixli, 8i-3364 saylı icra qeydi ləğv edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə

qət etdi:

İddia təmin edilsin. Bakı şəhəri 36 saylı Notariat Ofisinin Xüsusi notariusu X7 tərəfindən aparılmış xx.xx.2025-ci il tarixli, 8i-3364 saylı icra qeydi ləğv edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar