Məhkəmə qərarları › İş №2(011)-6284/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-6284/2025

02.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-6284/2025 02.10.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi, X8 Rafiq qızının katibliyi Cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı ipoteka müqaviləsinin etibarsız hesab edilməsinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ:

1. İddiaçı cavabdeh Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı ipoteka müqaviləsinin etibarsız hesab edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddiaçı xx.xx.2007-ci il tarixdə X4 ilə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Bu barədə nikahın bağlanması akt qeydləri kitabında 2007-ci ilin mart ayının 29 günündə 48 nömrə ilə qeyd olunmuşdur. Hazırda həyat yoldaşı ilə ayrı yaşayır və birgə təsərrüfatları yoxdur. Lakin hələ də rəsmi nikahdadırlar.

3. X3 ilə birgə nikah dövründə birgə gəlirləri hesabına ünvan 1 ünvanında yerləşən fərdi evi alınmışdır. Sözügedən yaşayış evi xx.xx.2022-ci il tarixdən yoldaşı X1 mülkiyyətindədir. Lakin fərdi yaşayış evi birgə nikah dövründə əldə olunduğundan onların birgə mülkiyyətindədir.

4. Cavabdeh Bank "xxxx" ASC ilə borcalan X4 arasında bağlanılmış "23" fevral 2023cü il tarixli BKN-00014-17/23A nömrəli Əsas Kredit Müqaviləsinin ayrılmaz tərkib hissəsi olan "16" may 2024-cü il tarixli BKN-C0014-17/23A saylı "Əlavə Razılaşma üzrə X2 Dövriyyə vəsaitinin alınması və cari xərclər məqsədi ilə 36 (otuz altı) ay müddətinə, illik 23 (iyirmi üç) faiz hesablanmaqla, 63 300 AZN (altmış üç min üç yüz manat) məbləğində kredit verilmişdir. Müqavilədə kreditin hissə-hissə, annuitet qrafiki üzrə qaytarılması nəzərdə tutulmuşdur.

5. Bu öhdəliyin təminatı olaraq bağladıqları "23" fevral 2023-cü il tarixli BKNG-00014- 17/23A saylı "İpoteka müqaviləsi"nə əsasən X2 məxsus olan 0.0483 ha torpaq sahəsi və onun üzərində yerləşən ünvan 1 ünvanlı fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. (Yüklü Çıxarış: Reyestr nömrəsi: **********88-10301,qeydiyyat nömrəsi: ********** qeydiyyat tarixi: xx-xx-2023)

6. İddiaçı, Cavabdeh Bank "xxxx" ASC ilə borcalan X4 arasında bağlanılmış "23" fevral 2023-cü il tarixli BKN-00014-17/23A nömrəli Əsas Kredit Müqaviləsində yoldaşına zamin dursa da bağlanmış ipoteka müqaviləsindən ümumiyyətlə xəbəri olmamışdır. Heç bir müqavilə imzalamamış, habelə mübahisə predmeti olan fərdi yaşayış evinin girov qoyulmasına da heç bir razılıq verməyib. Sözügedən fərdi ev birgə mülkiyyətdədir. Ev girov qoyularkən iddiaçının notarial razılığı alınmamış və müqavilə ondan xəbərsiz bağlanmışdır.

7. İddiaçı xx.xx.2023-cü il tarixli Sumqayıt şəhərində bağlanmış 00014-17/23A saylı ipoteka müqaviləsi etibarsız hesab edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq:

8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM): 259.0. məhkəmə aşağıdakı hallarda iddia ərizəsini baxılmamış saxlayır: 259.0.7. işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə;

9. Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikasi Ali Məhkəməsi Plenumunun 31 mart 2011-ci il Qərarı.

İşə baxan məhkəmənin mövqeyi:

10. Məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır.

11. Belə ki, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməsinə baxmayaraq İddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Eyni zamanda məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi borcun ödənildiyini, hal-hazırda tərəflər arasında hər hansı mübahisənin olmadığını bildirmişdir.

12. Məhkəmə MPM-nin 259-cu maddəsinə əsasən iddia ərizəsinin baxılmamış saxlanılmasını mümkün hesab edir. Belə ki, mülki iş üzrə 2 məhkəmə hazırlıq iclası keçirilmiş, tərəflər lazımi qaydada məlumatlandırılmış, lakin İddiaçı məhkəmə iclaslarında iştirak etməmiş və iştirak etməməsinin üzrlü səbəbləri barədə heç bir məlumat verməmişdir.

13. Məhkəmə hesab edir ki, sadalanan hallar İddiaçı Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6284/2025 nömrəli mülki işin baxılmamış saxlanılması üçün əsasdır.

14. Mülki iş baxılmamış saxlanıldığından iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu da iddiaçıya geri qaytarılmalıdır.

15. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 259.0.6, 263- 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə,

QƏRARA ALDİ:

1. İddiaçı cavabdeh Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı ipoteka müqaviləsinin etibarsız hesab edilməsinə dair iddia ərizəsi baxılmamış saxlanılsın.

2. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu geri qaytarılsın.

3. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) şikayət verilə bilər.

Sədrlik edən: Samirə Eyvazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar