Məhkəmə qərarları › İş №2(011)-6643/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-6643/2025

15.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-6643/2025 15.08.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Abdullayeva Aynur Aydın qızı – İddiaçı iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyənetdi: İddiaçı cavabdeh Aqrar Sığorta Fonduna qarşı – cavabdehlə bağlanmış BS- **********-PS nömrəli sığorta müqaviləsinə əsasən, sığorta predmeti olan buğda sahəsinə dəymiş 13.000 (on üç min) manat məbləğində zərərin cavabdeh Aqrar Sığorta Fondundan onun xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsinin yolverilməzliyinə görə qəbulundan imtina olunmalıdır. İddia tələbindən görünür ki, iddiaçı sığorta predmeti olan buğda sahəsinə dəymiş 13.000 (on üç min) manat məbləğində zərərin cavabdeh Aqrar Sığorta Fondundan onun xeyrinə tutulmasını xahiş edir. Məhkəmə belə nəticəyə gəlir ki, mövcud iddia tələbinə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmadığından, iddia ərizəsinin qəbulundan imtina olunmalıdır və iddiaçıya aidiyyəti üzrə inzibati məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, bir qayda olaraq sığorta münasibətlərindən irəli gələn mübahisələrə mülki icraat qaydasında baxılsa da hazırkı halda Aqrar Sığorta Fondunun sığorta ödənişinin verilməsindən imtina barədə qərarına qarşı iddialara inzibati icraat qaydasında baxılmalı olduğu qanunla müəyyən edilmişdir. Belə ki, “Aqrar sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən aqrar sığorta orqanı nizamnaməsi ilə müəyyən edilən qaydada aqrar sığorta sisteminin təşkilini, inkişafını və dayanıqlılığını təmin etmək məqsədi ilə fəaliyyət göstərir, habelə idarəedici qurumun fəaliyyətinə nəzarəti həyata keçirir, idarəedici qurum ləğv edildikdə yenisinin formalaşdırılmasını təmin edir. Qanunun qeyd edilən normasına və Aqrar Sığorta Fondunun xx.xx.2019-cu ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 472 saylı Qərarı ilə təsdiq edilmiş Nizamnaməsinə əsasən fond aqrar sığorta sisteminin təşkilini, inkişafını və dayanıqlılığını təmin etmək, habelə idarəedici qurumun formalaşmasını təmin etmək məqsədi ilə yaradılmış qeyri-kommersiya hüquqi şəxsidir. Eyni zamanda Qanunun 17.1-ci maddəsində qeyd edilir ki, sığorta qaydalarına uyğun olaraq, sığorta ödənişinin verilməsi üçün tələb olunan bütün sənədlər təqdim edildikdən sonra aqrar sığorta orqanı 7 iş günü ərzində sığorta ödənişinin tam və ya qismən verilməsi və ya ödənişin verilməsindən imtina barədə qərar qəbul edir və bu barədə aqrar sığortalıya “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş qaydada rəsmi məlumat verir. Qanunun 17.4-ci maddəsinə əsasən sığortalı ödənişin tam və ya qismən verilməsindən imtina barədə qərardan inzibati qaydada və məhkəmə qaydasında şikayət verə bilər. Bununla da, Aqrar Sığorta Fondunun sığorta ödənişinin tam və ya qismən verilməsi və ya ödənişin verilməsindən imtina barədə qərarı inzibati akt kimi göstərilərək bu qərarın “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş qaydada qəbul edilməsi nəzərdə tutulmuşdur. Eyni zamanda qanunda bu qərardan hüququ pozulan şəxsin inzibati qaydada şikayət vermək hüququ müəyyən edildiyindən Qanunun 17.4-cü maddəsində bu mübahisəyə baxmaq səlahiyyəti olan “məhkəmə” olaraq inzibati məhkəmələrin nəzərdə tutulduğu müəyyən olunur. Normanın məzmunundan aydın olur ki, hüququ pozulmuş şəxs iddia qaldırarkən razılaşmadığı inzibati aktı-yəni Fondun sığorta ödənişinin verilməsindən imtina barədə qərarını mübahisələndirməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 2.0.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab edilir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 10 aprel 2015-ci il tarixli qərarının 5.1-ci bəndində göstərilir ki, inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Qeyd edilən qərarın 15.4-cü bəndində isə göstərilir ki, eyni ilə, inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Göstərilən xüsusata əsasən məhkəmə hesab edir ki, mövcud iddia ərizəsi inzibati orqan tərəfindən inzibati icraatın aparılması ilə bağlı olduğundan, iddia ərizəsinə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı deyildir. Buna görə də ərizənin yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilir. Sadalanan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, mövcud ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmadığından, yolverilməzliyə görə ərizənin qəbul edilməsindən imtina edilməli və ərizəçiyə düzgün cavabdehə qarşı aidiyyəti üzrə inzibati məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 153.5-ci maddəsinə əsasən, ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 153, 263-264, 267-ci maddələrini rəhbər tutaraq qəraraaldı: İddiaçı cavabdeh Aqrar Sığorta Fonduna qarşı – cavabdehlə bağlanmış BS- **********-PS nömrəli sığorta müqaviləsinə əsasən, sığorta predmeti olan buğda sahəsinə dəymiş 13.000 (on üç min) manat məbləğində zərərin cavabdeh Aqrar Sığorta Fondundan onun xeyrinə tutulması barədə iddia ərizəsinin, ərizənin yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilsin. Qərardad və iddia ərizəsinə əlavə olunmuş sənədlər İddiaçı rəsmi qaydada verilsin. İddiaçıya aidiyyəti üzrə inzibati məhkəməyə müraciət etmək hüququnun olması izah olunsun. İddiaçıya izah olunsun ki, ərizəni qəbul etməkdə imtina edilməsi həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. İddiaçı tərəfindən “BirBank” mobil tətbiqi vasitəsilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hesabına xx.xx.2025-ci il tarixdə ********** nömrəli qəbzlə ödənilmiş 130 (bir yüz otuz) manat məbləğində dövlət rüsumu iddiaçıya geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) şikayət verilə bilər. Hakim: Aynur Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar