Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-708/2021 18.05.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi, Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili X2, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi tələbinə dair” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, M.Hüseynzadə küçəsində yerləşən fərdi yaşayış evinə (abonent kodu: **********00001) hesablanmış 3456 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Maştağa ısəbəsi, M.Hüseynzadə küçəsində yerləşən fərdi yaşayış evində ailəsi ilə birlikdə yaşayır. Vaxtıvaxtında qaz sayğacından qanunauyğun formada istifadə etmişdir. “Cavabdeh” İB-nin əməkdaşları məlumatı olmadan sözügedən ünvana gəlmiş, həmin ünvana baxış keçirmiş, guya təbii qazdan qeyri-qanuni istifadə etdiyini aşkar etmişdirlər. Buna görə də itirilmiş qaz sərfiyyatının bərpa edilməsi məqsədi ilə 3456 manat məbləğində əsassız borc yazmışdırlar. Sözügedən akt iştirakı olmadan tərtib olunmuş və yalnız Birliyin əməkdaşları tərəfindən imzalanmışdır. Akta əlavə olunmuş fotoşəkil isə həmin ünvana məxsus deyildir. Sözügedən ünvanda təbii qazdan qeyri-qanuni istifadə halı mövcud olmamışdır. Digər tərəfdən akt 31.05.2020-ci il tarixdə tərtib olunmuşdur. Bu tarix isti aylara təsadüf etdiyindən bu dövrdə qaz sərfıyyatı ən minimum səviyyədə olduğu üçün ilin bu mövsümündə təbii qazdan qeyri-qanuni istifadə edilməsi heç bir halda ağlabatan deyildir. “Cavabdeh” İB-nin əməkdaşlarından ibarət hesablama komissiyasının rəyində guya ona məxsus ünvanda təbii qaz ilə işləyən “kvadrat şəkilli su qızdırıcısının və “odluq” adlı isitmə cihazının mövcud olması qeyd olunmuş, həmin cihazlara görə ümumilikdə 17280 kub metr sərfıyyat hesablanmışdır. Ona məxsus ünvanda Birliyin əməkdaşları tərəfindən tərtib olunmuş aktda göstərilən hər hansı bir istilik sistemi mövud olmamışdır. Lakin buna baxmayaraq, Komissiya mövcud olmayan cihaza görə Sərfiyyat hesablamış və əsassız borc yükləmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili X5 iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X4 iddia ərizəsini qəbul etməyərək təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəməyə təqdim olunan sübutları tədqiq edib, hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Belə ki, iş materiallarında olan 31.05.2020-ci il tarixli, ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən müəyyən olunur ki, İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, M.Hüseynzadə küçəsində yerləşən fərdi yaşayış evində (istixanada) sayğacdan kənar qeyri-qanuni olaraq təbii qazdan istifadə edildiyindən dəymiş ziyanın hesablanması qərara alınmışdır. Cavabdeh 31.05.2020-ci il tarixli qərarının surətindən müəyyən olunur ki, itirilmiş qazın bərpası üçün hesabat apanlmış, hesablanmış 17280 m3 qazın dəyərinin ödənilməsi qərara alınmışdır. Məhkəməyə təqdim olunan **********00001 saylı abonentin saldosundan müəyyən olunur ki, İddiaçı aktlar üzrə tələb olunan qaz sərfiyyatına görə borc 3456 manat təşkil edir. Məhkəmənin 17.11.2020-ci il tarixli qərardadı ilə İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, M.Hüseynzadə küçəsində yerləşən fərdi yaşayış evində qaz xəttinə sayğacdan kənar qoşulmanın olmasının, olduğu təqdirdə dəymiş ziyanın məbləğinin müəyyən edilməsi məqsədi ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. 04.05.2021-ci il tarixli, 28 saylı ekspert rəyi ilə ekspertin və tərəflərin iştirakı ilə keçirilmiş baxış zamanı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, M.Hüseynzadə küçəsində yerləşən fərdi yaşayış evinə dair Cavabdehnə məxsus təbii qaz xəttinə qeyri-qanuni qoşulma faktının aşkar edilmədiyi müəyyən olunmuşdur. Evin daxilində bir ədəd kustar üsulu ilə hazırlanmış qızdırıcı (kombi) avadanlığı və mətbəxdə, stolun üzərində bir ədəd üç gözlü qaz avadanlığı quraşdırılmışdır. Beləliklə, məhkəmə iclasında işin həqiqi halları ilə müəyyən edilmişdir ki, iddiaçının yaşadığı ünvanda yoxlama keçirilmiş, təbii qazdan istifadə qaydalarının pozulması barədə akt tərtib edilmiş və itirilmiş qazın bərpası üçün hesablanmış məbləğ iddiaçıdan tələb edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. Həmin Qanunun 18-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədi ilə özündə istehlak bazarında satılan malların (xidmətlərin, işlərin) texniki, təhlükəsizlik standartlarına, ticarət norma və qaydalarına uyğun olmasına dövlət nəzarətini ehtiva edir. Həmin Qanunun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 6-cı maddəsinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.8-ci bəndinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydalar”ın 5.1ci bəndinin ikinci hissəsinə görə qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmçinin, Azərbaycan Respublikası MPM-nin 77.2-ci maddəsinə əsasən Dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, işin araşdırılmış halları ilə İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, M.Hüseynzadə küçəsində yerləşən fərdi yaşayış evinə yeni qaz sayğacının quraşdırılması və dəyişdirilməsi, onun normal qaydada işləməsinə nəzarət etmək cavabdehin vəzifəsi olduğu halda o, öz vəzifələrini yerinə yetirdikdən sonra istehlakçıya qarşı qanunsuz və əsassız akt tərtib edib bu akt əsasında qərar qəbul etməklə qanunsuz tələb irəli sürməsi, yəni istehlakçının təqsirini sübuta yetirmədən ondan itirilmiş qaz sərfiyyatına görə pul vəsaiti tələb etməsi, həmçinin göstərilən evdə qaz xəttinə sayğacdan kənar qoşulmanın aşkar olunmadığı tam olaraq təsdiq edilmişdir. Ona görə də məhkəmə iddia tələblərini əsaslı hesab edib təmin edir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 04.05.2021-ci il tarixli, 28 saylı ekspert rəyinə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişdən göründüyü kimi, aparılmış tədqiqatların dəyəri 300 manat təşkil etməklə X3” MMCnin hesabına ödənilməlidir. Məhkəmə hesab edir ki, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyinə, iddia tələbi təmin edildiyinə görə ödənilməli olan 30 manat dövlət rüsumu tutulub dövlət büdcəsinə keçirilməli, ekspertiza tədqiqatının dəyəri 300 manat cavabdehdən tutulub X3” MMC-nin hesabına ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, M.Hüseynzadə küçəsində yerləşən fərdi yaşayış evinə (abonent kodu: **********00001) qaz sərfiyyatına görə hesablanmış 3456 (üç min dörd yüz əlli altı) manat borcun silinməsi Cavabdehnə həvalə edilsin. Cavabdehndən dövlət rüsumuna görə 30 (otuz) manat dövlət nəfinə tutulsun. Cavabdehndən ekspertiza tədqiqatının dəyəri 300 (üç yüz) manat tutularaq “X3” MMCnin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Sərdar Mehrəliyev
Məhkəmə qərarları › İş №2(011)-708/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-708/2021
18.05.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver