Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-778/2021 24.02.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “müqavilə öhdəliyinin icra edilməsi və pul tələbi”nə dair ilkin iddiası, iddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı qarşı “müqavilənin ləğv edilməsi və sair” tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh MMC-yə qarşı “müqavilə öhdəliyinin icra edilməsi və pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, TLS/011 nömrəli, xx xxxx 2017-ci il tarixli müqaviləyə əsasən “xxxx” MMC-dən 20.930,25 manat pulun alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə “xxxx” MMC arasında bağlanmış TLS/011 nömrəli, xx xxxx 2017-ci il tarixli müqaviləyə əsasən, iddiaçı tərəfindən MMC üçün nəqliyyat vasitəsinin icarəyə verilməsi və nəqliyyat vasitəsinin icarəsinin 1.395,35 manat təşkil etməsi nəzərdə tutulmuşdur. Müqavilənin xx xxxx 2017-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək qüvvədə olması göstərilmişdir. Müqavilənin qüvvədə olmasına baxmayaraq, “xxxx” MMC tərəfindən müqavilə öhdəlikləri icra olunmamış və xx xxxxxx 2019-cu il tarixdən xx xxxx 2020-ci il tarixədək nəzərdə tutulan icarə haqqının məbləğini təşkil edən 20.930,25 manat iddiaçıya ödənilməmişdir. Bununla bağlı iddiaçı tərəfindən MMC-yə pretenziya məktubları göndərilsə də, heç bir cavab verilməmişdir. İddiaçı Cavabdeh MMC-nin etibarnamə üzrə nümayəndəsi və vəkili X1 cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xidmət göstərilmədiyindən müqavilə üzrə öhdəliyi olmadığı üçün müqavilənin ləğv edilməsi, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx xxxx 2017-ci il tarixli TLS/011 saylı müqavilənin xidməti müqavilədən irəli gələn öhdəliklərə faktiki olaraq dayandırıldığı xx xxxxxx 2018-ci il tarixdən xitam verilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh MMC ilə cavabdeh İddiaçı arasında xx xxxx 2017-ci il tarixli TLS/011 saylı nəqliyyat vasitəsinin icarə müqaviləsi bağlanmışdır. Həmin müqavilənin predmetini cavabdehin mülkiyyət hüququ ilə ona məxsus olan nəqliyyat vasitəsinin aylıq 1.395,35 manat olmaqla icarəyə verilməsi təşkil etmişdir. Müqavilə xx xxxx 2017-ci il tarixindən 3 illik müddətə bağlanmşdır. Cavabdeh tərəfindən faktiki göstərilmiş icarə xidməti xx xxxx 2017-ci il tarixindən xx xxxxxx 2018-ci il tarixinədək olmuşdur. xx xxxxxx 2018-ci il tarixində iddiaçı tərəfindən icarə müqaviləsinin icarə predmetinin dəyişdirilməsi səbəbilə ləğv edilməsi barədə müraciət edilsə də, cavabdeh tərəfindən Səbail Rayon Məhkəməsinə müraciət edilmiş və məhkəmənin xx xxxx 2019-cu il tarixli 2(009)-694/2019 saylı qətnaməsi ilə həm də bu qətnaməni qüvvədə saxlayan Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli 2(103)-9601/2019 saylı qətnaməsi ilə tərəflər arasında olan icarə müqaviləsinin nəqliyyat vasitəsinin dəyişdirilməsi səbəbilə xitam verilməsi əsassız hesab edilmiş, həmçinin xx xxxxxx 2018-ci il tarixindən xx xxxxxx 2019-cu il tarixinədək olan aylıq ödənişin ödənilməsi barədə müvafiq qətnamə qəbul edilmişdir. İddiaçı tərəfindən cavabdehin hesabına cəmi 4.228,57 manat həcmində vəsait ödənilmişdir. Daha sonra iddiaçı Cavabdeh MMC tərəfindən cavabdeh İddiaçı xx xxxxxx 2018-ci il tarixli müqavilənin ləğvi haqqında saziş göndərilərək tərəflər arasında imzalanmış xx xxxx 2017-ci il tarixli TLS/011 saylı nəqliyyat vasitəsinin icarə müqaviləsinin ləğv edilməsi niyyətində olunması bildirilmişdir. Lakin həmin bildiriş İddiaçı tərəfindən imzalanmaqdan imtina edilmiş və bu barədə müvafiq akt tərtib edilmişdir. Göründüyü kimi tərəflərindən müqavilənin ləğvi ilə əlaqədar ilkin müraciət göndərilmiş, həmin göndərişə rədd cavabı alınmışdır. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iddia tələbini müdafiə edərək, onun təmin edilməsini xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş Cavabdeh MMC-nin nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə İddiaçı izahatlarını dinləyib, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, ilkin iddia və qarşılıqlı iddia tələbləri rədd olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 29-cu maddəsinin İİ hissəsinə və 59-cu maddəsinə uyğun olaraq Azərbaycan Respublikasında mülkiyyətin toxunulmazlığına, həmçinin azad sahibkarlıq fəaliyyətinə və qanunla qadağan edilməmiş digər iqtisadi fəaliyyət növü ilə məşğul olmaq hüququndan irəli gələn mülki dövriyyədə müqavilə azadlığına təminat verilir. Konstitusiyanın göstərilən müddəalarına müvafiq olaraq hüquqi dövlətdə mülki dövriyyə sahəsində hüquq münasibətlərinin tənzimlənməsi hər kəsin qanun və məhkəmə qarşısında bərabərliyi, mülkiyyətin toxunulmazlığı və müqavilə azadlığı, bu münasibətlərin subyektlərinin hüquqi statusu müəyyənləşdirilərkən ictimai və xüsusi maraqların tarazlığı, onların hüquqlarının həyata keçirilməsi və mümkün məhdudlaşdırma şərtlərinin müəyyənləşdirilməsi zamanı mütənasiblik və tarazlıq meyarlarının gözlənilməsi prinsiplərinə əsaslanmalıdır. Məhkəmə qeyd edilən halla bağlı mülki hüququn əsas prinsiplərinə istinad etməyi zəruri hesab edir. Belə ki, mülki hüququn əsas prinsipləri mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı prinsipləridir. Mülki hüquq subyektlərinin iradə sərbəstliyi dedikdə mülki hüquq münasibətlərinin iştirakçılarının müstəqil surətdə istədikləri kimi öz mənafelərinə uyğun davranışı nəzərdə tutulur. Hər bir şəxs mülki hüquq münasibətlərinə daxil olmaqda və ya olmamaqda, qarşı tərəfdən öhdəliyin icrasını tələb etməkdə və ya etməməkdə, pozulmuş hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etməkdə və ya etməməkdə sərbəstdir. Müqavilə azadlığı prinsipi dedikdə mülki hüquq subyektləri müqavlə bağlamaqda azaddırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Marine Plaza” Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxxx 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxx 2018-ci il tarixli Qərarına əsasən, müqavilə azadlığı Konstitusiyanın 29-cu və Mülki Məcəllənin 152.1-ci maddələrində nəzərdə tutulmuş mülkiyyət, eləcə də Konstitusiyanın 59-cu maddəsində təsbit edilmiş azad sahibkarlıq hüquqlarının reallaşdırılması elementlərindən biri kimi çıxış edir. Mülki qanunvericiliyə müvafiq olaraq müqavilə azad qaydada bağlanılır və məzmunu tərəflərin iradəsi ilə müəyyənləşdirilir. Belə ki, Mülki Məcəllənin 390-cı maddəsi ilə fiziki və hüquqi şəxslərə azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verilir. Müqavilə azadlığının məzmununu formalaşdıran elementlər sırasına seçdiyi kontragentlə müqavilə bağlamaq (və ya bağlamamaq), onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini, o cümlədən müvafiq qiymətləri müəyyən etmək azadlığını aid etmək olar. Müqavilələrdən irəli gələn öhdəliklərin vicdanla yerinə yetirilməsi ilk növbədə tərəflərin qanuni maraqlarına və mülki dövriyyənin sabitliyinə xidmət edir. İş materiallarından görünür ki, tərəflər arasında bağlanmış xx xxxx 2017-ci il tarixli, TLS/011 saylı müqaviləyə əsasən, iddiaçı mülkiyyətində olan **-CA-*** qeydiyyat nömrəli minik avtomobili ilə cavabdehə 3 il müddətinə xidmət göstərməyi və cavabdeh isə xidmət müqabilində ona hər ay 1.395,35 manat pul ödəməyi öhdəsinə götürmüşdür. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh MMC-yə qarşı, iddiası qismən təmin edilmiş, cavabdehdən xidmət müqabilində xx xxxxxx 2018-ci il tarixdən xx xxxxxx 2019-cu il tarixədək aylıq xidmət haqqı məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli 2(103)- 9601/2019 saylı qətnaməsi ilə həmin qətnamə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsinə əsasən, tərəflər müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Məhkəmə iş materiallarını araşdıraraq belə hesab edir ki, mübahisələndirdiyi müqaviləyə dair hüquqi proseslər barəsində iddiaçının müqavilə tərəfi kimi azadlığı olmuş, “müqavilə azadlığı” prinsipi çərçivəsində o, tam sərbəst iradəsi ilə hərəkət etmiş, müqavilə şərtləri qarşılıqlı razılıq çərçivəsində müəyənləşdirilmişdir. İş materiallarından görünür ki, qanuni qüvvəsini almış məhkəmə qətnamələri ilə tərəflər arasında bağlanmış icarə müqaviləsinə xidmət müqaviləsi kimi qiymət verilmişdir. Məhkəmə qeyd edir ki, xidmət müqaviləsi bağlanarkən tərəflərin məqsədi müəyyən hüquqi nəticənin əldə edilməsi ilə birbaşa əlaqəlidir. Məhz bu səbəbdən xidmət müqavilələrinin əsasını hüquqi məqsəd və hüquqi nəticə təşkil edir. Mülki dövriyyənin sabitliyini təmin edən və fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri mülki hüquq subyektlərinin müqavilələrdən irəli gələn öhdəlikləri vicdanla və lazımınca yerinə yetirmələrindən ibarətdir. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (Mülki Məcəllənin 385.1-ci maddəsi). Məhkəmə yuxarıda sadalananlara əsasən belə qənaətə gəlir ki, İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış müqavilənin qüvvədə olma tarixi xx xxxx 2020-ci il tarixinədək olmuşdur. İş materiallarından və tərəflərin məhkəmə iclaslarında verdikləri izahatlardan görünür ki, tərəflər arasında müqavilə şərtlərinə qarşılıqlı qaydada xx xxxxxx 2018-ci il tarixə qədər əməl olunmuşdur. Daha sonra tərəflər arasında mübahisə yaranmış və cavabdeh olan şirkət iddiaçının xidmətlərindən artıq yararlanmamışdır. Qeyd edilənlərin hüquqi nəticəsi olaraq iddiaçı müqavilə şərtlərinin icrası ilə bağlı məhkəməyə müraciət etmiş və onun iddiası qismən təmin edilərək xx xxxxxx 2018-ci il tarixdən xx xxxxxx 2019cu il tarixi əhatə edən dövr üçün iddiaçının əmək haqqı ödənilmişdir. İş materiallarından görünür ki, cavabdeh təşkilat tərəfindən iddiaçıya müqaviləyə xitam verilməsi ilə bağlı dəfələrlə müraciətlər edilmiş, lakin iddiaçı müqaviləyə xitam verilməsi üçün müsbət cavab verməmişdir. Tərəflərin istinad etdiyi müqavilə iş görmə müqavilələrinə aid edilir və bu kateqoriya müqavilələrin əsas xüsusiyyəti ondan ibarətdir ki, müqavilə tərəfini zorla müqaviləni icra etməsi üçün məcbur etmək mümkün deyil. Hazırkı işdə cavabdeh tərəfin iddiaçının göstərdiyi xidmətdən imtina etməsi, iddiaçı üçün öhdəliyin icrasını mümkünsüz etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı Səbail Rayon Məhkəməsində və Bakı Apelyasiya Məhkəmələrində işə baxıldıqdan sonra yenidən cavabdeh təşkilata müraciət etməmiş, müqavilənin ləğv edilməsi ilə bağlı məhkəməyə müraciət etməmişdir. Lakin yenidən müqavilənin icrasını da tələb etməmişdir. İş materiallarından görünür ki, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə məhkəmə qətnaməsi qüvvəyə minəndən sonra da əməl edilməmiş, yəni tərəflər arasında müqavilə münasibətləri dəvam etdirilməmişdir. Beləliklə yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı müqavilə şərtlərinin icra edilməməsi nəticəsində ona dəymiş ziyanı tələb edə bilərdi. Məhkəmə araşdırması zamanı iddiaçı ona hər hansı ziyan dəyməsini halları barədə sübut təqdim etməmişdir. Odur ki, məhkəmə belə hesab edir ki, ilkin iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Məhkəmə iddiaçı Cavabdeh MMC-nin İddiaçı qarşı qarşılıqlı iddia tələbinə qiymət verərək belə hesab edir ki, qarşılıqlı iddia tələbi də əsassız olmaqla rədd edilməlidir. Məhkəmə qarşılıqlı iddia tələbinə qiymət verərək qeyd edir ki, iddia tələbi müqaviləyə xx xxxxxx 2018-ci il tarixdən xitam verilmiş hesab edilməsi ilə bağlı bağlıdır. İş materiallarında olan xx xxxx 2017-ci il tarixli müqavilədən görünür ki, müqavilənin qüvvədə olma tarixi xx xxxx 2020-ci il kimi qeyd edilmişdir. Belə olan halda məhkəmə qeyd edir ki, hər iki iddia tələbi üzrə tərəflər məhkəməyə müraciət edərkən müqavilə artıq qüvvədən düşmüş idi. Qarşılıqlı iddia tələbinə münasibətdə məhkəmə qeyd edir ki, qüvvədə olan məhkəmə qətnaməsi ilə tərəflərin müqavilə münasibətlərinə istinad edilmiş, müqavilə qüvvədə olduğu qeyd edilmiş və xx xxxxxx 2018-ci ildən xx xxxxxx 2019-cu ili əhatə edən dövr üçün İddiaçı xeyrinə xidmət haqqı tutulmuşdur. Azərbaycan Respublikasının MPM-nin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Əlavə olaraq məhkəmə qeyd edir ki, Cavabdeh MMC-nin İddiaçı ünvanına göndərdiyi müqavilənin xitam ilə bağlı pretenziya məktublarının mövcudluğu məhkəmə tərəfindən öhdəliyin icrasını mümkünsüz edən hal kimi qiymətləndirilmiş və faktiki olaraq tərəflər arasında müqavilə münasibətlərinin pozulması kimi qəbul edilmişdir. Beləliklə, məhkəmə belə hesab edir ki, ilkin və qarşılıqlı iddia tələbləri əsassız olduğu üçün rədd edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, ilkin iddia üzrə İddiaçı Laçın rayonundan məcburi köçkündür. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən məhkəməyə verilən iddialar üzrə - qaçqınlar və məcburi köçkünlər dövlət rüsumu ödəməkdən azad olunurlar. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, hazırkı iş üzrə ərizəçi məcburi köçkün olduğu üçün o qanunvericiliklə müəyyən edilmiş qaydada rüsum ödəməkdən azad edilmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC tərəfindən 10 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, ilkin və qarşılıqlı iddia tələbləri rədd edildiyindən, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC tərəfindən ödənilmiş 10 manat dövlət rüsumu onun özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh MMC-yə qarşı “müqavilə öhdəliyinin icra edilməsi və pul tələbi”nə dair ilkin iddia tələbi, iddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı qarşı “müqavilənin ləğv edilməsi və sair” tələbinə dair qarşılıqlı iddia tələbi rədd edilsin. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC tərəfindən ödənilmiş 10 (on) manat dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №2(011)-778/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-778/2021
24.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver