Məhkəmə qərarları › İş №2(011)-820/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-820/2025

23.04.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-820/2025 23.04.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh1nə və Cavabdeh2 qarşı “istehlakçı hüquqlarının müdafiəsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları:

1. İddiaçı Sabunçu rayonu, Sabunçu qəsəbəsi, E.Mehdiyev küçəsində yerləşən fərdi yaşayış evinin tikintisi üçün qeyd edilmiş 200 kv.m. torpaq sahəsi ilə bağlı vergi ödəyicisi olan fiziki şəxs kimi qeydiyyata alınmış və bu barədə Bakı şəhəri Sabunçu rayon Bələdiyyəsi tərəfindən tərtib olunmuş YVÖK 18091xxxxxxx nömrəli, xx.xx.2023-cü tarixli Şəhadətnamə verilmişdir.

2. Sözügedən ünvanda yerləşən torpaq sahəsində fərdi yaşayış evi (bundan sonra – Fərdi yaşayış evi) tikilmiş və həmin fərdi yaşayış evinin qazla təmin edilməsi üçün **********000002 saylı abonent kodu xx.xx.2014-cü il tarixdə iddiaçının adına qeydiyyata alınmış, lakin elə həmin gün iddiaçının arvadı X1 adına dəyişdirilmişdir.

3. Sonradan, X2 xx.xx.2024-cü il tarixdə notarial qaydada verdiyi razılıq ərizəsi əsasında **********000002 saylı abonent kodu onun anası (iddiaçının qaynanası) Cavabdeh2 adına dəyişdirilmiş və sonuncu ilə Cavabdeh1 İB arasında xx.xx.2024-cü il tarixdə qazın alqı-satqısına dair müqaviə bağlanmışdır.

4. Abonent saldosuna əsasən **********000002 saylı abonent kodu üzrə qaz sayğacı sonuncu dəfə xx.xx.2022-ci il tarixdə quraşdıılmışdır.

İddia ərizəsinin və ona etirazın dəlilləri: a) İddia ərizəsinin dəlilləri

5. İddiaçı Cavabdeh2 ilə Cavabdeh1 İB arasında “Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, E.Mehdiyev küçəsi, nömrəsiz fərdi yaşayış evinə qazın paylanması haqqında” bağlanmış müqavilənin etibarsız hesab edilməsi, həmin fərdi yaşayış evi üzrə qaz təchizatının Cavabdeh2 adına olan **********000002 saylı abonent kodunun ləğv edilrək onun (İddiaçı) adına bərpa olunması öhdəliyinin Cavabdeh1 İB-nin üzərinə qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

6. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, 2011-ci il tarixində yaşadığım Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, E.Melıdiyev küçəsi nömrəsiz tərdi yaşayış evinə qaz təchizatının təmin olunması ilə bağlı rəsmi müraciəti əsasında istifadəsinə **********00002 nömrəsi abunə kodu verilmişdir. Bir müddət sonra qaz təchizatı ilə bağlı qəbzə diqqət etdikdə abunəçi kimi həyat yoldaşı X1, daha sonra onun aidiyyəti qurumlara mürciətindən sonra kodun Cavabdeh2 admın qeyd olunduğunu aşkar etmişdir. Yaranmış yanlışlığın aradan qaldırılması ilə bağlı aidliyyatı xidməti bölməyə müraciət etsə də, guya onun tərəfindən rəsmi müraciəti olmıış və bu səbəbdən adına olan abunə kodu həyat yoldaşı X1 adına dəyişdirilmişdir. Sonradan öyrənmişdir ki, 2013-eü ildə səhhəti ilə bağlı xəstəxanaya yerləşdirildiyi zaman şəxsiyyət vəsiqəsi oğurlanmışdır. Ona məxsus olan yaşayış evinin abunə kodunun dəyişdirilməsi də elə həmin ərəfələrdə baş vermişdir. Bu səbəbdən X1 adına olan **********00002 nömrəli abunə kodunun ləğv edilməsi və onun adına bərpa olunması barədə Cavabdeh1 İB-yə etdiyi rəsmi müraciətindən imtina edilmişdir.

b) Cavabdehlərin iddia ərizəsinə etirazının dəlilləri:

7. Cavabdeh2 iddia ərizəsinə yazılı etirazında qeyd etmişdir ki, iddiaçının həmin evə heç bir aidiyyəti yoxdur. Həmin fərdi yaşayış evi qanunsuz tikili olmaqla onun həyat yoldaşı Xaləddin və oğlanları tərəfindən 2011-ci il tarixdə tikilmişdir. Həyat yoldaşı 6 aydır vəfat edib, hazırda həmin evdə o, qızı Əfsanə öz uşaqları ilə orada yaşayırlar. Onlar həmin evdə qeydiyyatdadırlar. İddiaçı qızı ilə rəsmi ər-arvad olsalar da, həmin evdə yaşamır, lakin hərdən uşaqlara baş çəkməyə gəlir.

8. Digər Cavabdeh1 İB etirazını yazılı şəkildə məhkəməyə təqdim etməmişdir.

Məhkəmə iclasında verilən izahatlar:

9. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək təmin edilməsini xahiş etdi.

10. Cavadeh Cavabdeh2 əvvəlki məhkəmə iclaslarında yazılı etirazına uyğun izahat verərək iddinın təmin edilməməsini xahiş etdi.

11. Cavabdeh1 İB-nin nümayəndəsi əvvəlki məhkəmə iclaslarında iddia ərizəsinə etiraz edərək təmin edilməməsini xahiş etdi.

Mülki işə tətbiq edilən hüquq:

Azərbaycan Respublikası Mülki Məcəllə:

12. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.

13. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.

14. Maddə 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır.

15. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

16. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.

“Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu:

17. Maddə 13.1. Energetika müqaviləsinə müvafiq olaraq qaz paylayıcısı müqavilə ərazisində istənilən şəxsin sifarişilə onu qaz şəbəkəsinə birləşdirib təchiz etməlidir və paylayıcının şəbəkəsinə qoşulan istehlakçıların tələblərinin keyfiyyət və kəmiyyətcə daim təmin ediləcəyi dərəcədə qazın istehsalını, alınmasını, ötürülməsini və sаtılmаsını təşkil etməlidir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın:

18. 1.3-cü bəndi. Qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt əlavə edilir. Qaz paylayıcısı və istehlakçının bu Qaydalara əsasən müəyyənləşdirilən vəzifələri və hüquqları, habelə istehlakçılara verilən qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlığı), həcmi, dəyərinin ödəmə şərtləri və digər məsələlər qazın alqı-satqı müqaviləsində göstərilir. Qazın alqı-satqı müqaviləsi bu Qaydalara əlavə edilmiş formaya uyğun (2 və ya 3 nömrəli əlavələr) bağlanılmalıdır.

19. 4.2-ci bəndi. Qaz sayğacı ilə təchiz edilmə onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir.

20. 6.4-cü bəndi. Qazlaşdırılmış obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişildikdə, əvvəlki istehlakçı obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişildiyi günədək qazdan istifadəyə görə olan borcunu ödəməli, qazpaylayıcısından borcunun olmaması barədə arayış almalı və həmin arayışı yeni istehlakçıya təqdim etməlidir. Yeni mülkiyyətçi (istifadəçi) qazın alqı-satqısına dair yeni müqavilənin bağlanılması üçün qaz paylayıcısına 10 (on) iş günü müddətində yazılı müraciət etməlidir. Yazılı müraciət daxil olduğu gündən başlayaraq, 3 (üç) iş günü müddətində yeni mülkiyyətçi (istifadəçi) ilə qaz paylayıcısı arasında müqavilə bağlanılmalıdır.

“Təbii İnhisarlar haqqında” Azərbaycan Respublikası Qanunu

21. Maddə 1. Bu Qanun Azərbaycan Respublikasında təbii inhisarlarla bağlı dövlət tənzimlənməsinin təşkilati və hüquqi əsaslarını müəyyən edir. Təbii inhisar subyektləri ilə istehlakçıların maraqlarının uzlaşdırılmasını təmin etməyə yönəldilmişdir.

22. Maddə 10.3 Təbii inhisar subyektləri təbii inhisar sahələrinə aid olan əmtəəni istehsal etmək (satmaq) imkanına malik olduqda istehlakçılarla belə əmtəənin satışına dair müqavilə bağlamaqdan imtina edə bilməzlər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

23. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

24. Maddə 76.1 Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

26. Maddə 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.

27. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

İşə baxan məhkəmənin mövqeyi:

28. Məhkəmə tərəflərin izahatını dinləyərək, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassızdır.

29. Yuxarıda qeyd edilən müddəalardan da göründüyü kimi, qanun istehlakçıların qazla təmin edilməsini yalnız qazın alqı-satqı müqaviləsinin bağlanması, eyni zamanda, qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən aktın tərtib edilərək müqaviləyə əlavə edilməsi ilə şərtləndirilmişdir. Həmçinin, “Qazdan istifadə Qaydaları”nın yuxarıda göstərilən müddəlarının tələblərindən görünür ki, istehlakçılar olan məişət abonentlərinin qaz sayğacı ilə təchiz edilməsi onların özləri tərəfindən deyil, qaz paylayıcısı hesabına həyata keçirilir. Bunun üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti quraşdırılmalı olan qaz sağaclarının tipini təsdiq etməklə, onların dövlət reyestrini və sertifikatlaşdırılmasını həyata keçirir, bundan sonra istehlakçı ilə qaz paylayıcı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyət sərhədini müəyyən edilməsi barədə akt tərtib edilməklə məişət qaz istehlakçıları sayğacla təmin edilirlər.

30. İddiaçı əvvəllər onunla Cavabdeh1 İB arasında qazın alqı-satqısına dair müqavilə bağlanaraq abonent kodunun adına qeydə alınmasını, sonadan isə onun xəbəri olmadan kodun arvadı Əfsanə Abdullayevanın adına dəyişdirilməsini bildirsə də, onun bu dəlili işin məhkəmə araşdırması zamanı təsdiqini tapmamışdır. Belə ki, Cavabdeh1 İB-nin istehlakçı hesabı üzrə abonent məlumatlarının onun adına dəyişdirilməsinə dair müraciəti ilə bağlı xx.xx.2024-cü il tarixdə iddiaçıya göndərdiyi məktubunda qeyd etmişdir ki, istehlakçı X4 “Qaz paylayıcı illə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqısatqısı barədə” Müqavilə öhdəliklərini yerinə yetirdiyinə görə onunla bağlanmış müqaviləyə birtərəfli qaydada xitam verilməsi müqəsədə müvafiq hesab edilmir.

31. Həmçinin, Cavabdeh1 İB tərəfindən xx.xx.2025-ci il tarixdə məhkəmənin sorğusuna verdiyi cavabdeında qeyd edilmişdir ki, **********00002 nömrəli istehlakçı hesabı xx.xx.2014-cü il tarixdə X3 Sistemində iddiaçının adına qeydiyyata alınmışdır. Həmin gün abonent məlumatlaına dəyişiklik edilərək istehlakçı hesabı X1 adına dəyişdirilmişdir. Sənədlərin saxlanılması müddəti 5 il nəzərdə tutulduğuna görə hazırda həmin sənədlər mövcud deyil. xx.xx.2024-cü il tarixdə X1 razılığı əsasında **********00002 nömrəli istehlakçı hesabı Cavabdeh2 adına dəyişdirilmişdir.

32. Şərh edilənlərdən də görünür ki, **********00002 nömrəli istehlakçı hesabı xx.xx.2014-cü il tarixdə əvvəlcə iddiaçının adına qeydiyyatdan keçsə də sonradan elə həmin gün onun arvadı Əfsanə Abdullayevanın adına dəyişdirilmiş, həmin vaxtdan sonra hal-hazıradək iddiaçı ilə Əfsanə Abdullayeva brilikdə yaşamışdır. Məhkəmə baxışında müəyyən edimişdir ki, iddiaçı **********00002 nömrəli istehlakçı hesabının Əfsanə Abdullayevanın adına keçdiyini əvvəlcədən bilmiş, ödənişlə bağlı qəbzlərdə onun adını görmüş, habelə həmin qəbzlər üzrə qaz sərfiyyatının dəyərini mütamədi olaraq ödəmişdir. İddiaçı istehlakçı kodunun Əfsanə Abdullayevanın adına keçməsinə etiraz etməsi ilə bağlı əvvəldən Cavabdeh1 İB-nə müraciətlər etdiyini bildirsə də, iş materiallarından görünür ki, onun bu məsələ ilə bağlı Cavabdeh1 İB-nə müraciətləri yalnız 2024-cü ilin əvvəlindən başlanmışdır.

33. Göründüyü kimi, iddiaçı istehlakçı hesabının Əfsanə Abdullayevanın adına keçiridiyindən xəbəri olmadığını, Cavabdeh1 İB isə müvafiq sənədlərin 5 ildən sonra saxlanmadığından kodun dəyişdirilməsinə əsas olmuş sənədlərin verilməsinin mümkün olmadığını bildirdiyindən **********00002 nömrəli abonent kodunun Əfsanə Abdullayevanın adına keçirilməsinə iddiaçının razılığının olub-olmamasını müəyyən etmək mümkün düyil. Lakin məhkəmə qeyd edir ki, iddiaçı hələ xx.xx.2014-cü il tarixdən, yaxud hesab edilsə ki, ondan bir müddət sonra abonent kodunun təqdim edilmiş qəbzlər əsasında onun adına olmadığını görmüş, istifadə olunmuş qazın sərfiyyatına görə uzun müddət ödənişlər etmiş, bununla da sözügedən istehlakçı hesabının Əfsanə Abdullayevanın adına olmasını qəbul etmiş və bu halı uzun müddət müahisələndirməmişdir. Bu hal onu deməyə əsas verir ki, Cavabdeh2 adına keçirilənədək **********00002 nömrəli istehlakçı hesabının qanuni sahibi Əfsanə Abdullayeva olmuş, sonradan isə həmin hesabın Cavabdeh2 adına dəyişdirilməsinə razılıq vermiş, bunun əsasında istehlakçı hesabı sonuncunun adına dəyişdirilməklə onunla Cavabdeh1 İB arasında xx.xx.2024-cü il tarixdə qazın alqı-satıqısına dair müqavilə bağlanmışdır.

34. Məhkəmə qeyd edir ki, müqavilə iki və ya bir neçə şəxsin konkret münasibətlərindən irəli gələn hüquq və vəzifələrinin müəyyən edilməsi, dəyişdirilməsi və xitamı üçün, qanunla müəyyən edilmiş hallarda yazılı, yaxud şifahi formada öz iradə azadlıqları ilə, əldə etdikləri razılaşmadır. Müqavilənin bağlanması əqli (süuru) iradəyə söykənir və bu özünü müqaviləni bağlayan tərəflərin onun məzmununu sərbəst (iradə azadlığı çərçivəsində) müəyyən etməkdə ifadə edir (Mülki Məcəllənin 389.1 və 390.1-ci maddələri). Əqdin bağlanması üçün əqli iradənin (müqaviləni bağlayan tərəflərin onun məzmununu və hüquqi nəticələrini dərk etməsi) mövcud olmaması əqdin etirbarsızlığına səbəb olan ən zəruri əlamətdir.

35. Yuxarıda qeyd edilən müddəalarda əqdlərin etibarsızlığı anlayışı və əsasları göstərilmişdir. Qanunun etibarsız əqdlərə verdiyi anlayışdan görünür ki, etibarsızlıq üçün əsas şərt əqdin qanunda müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanılması ilə bağlıdır. Əqdin etibarsızlığına səbəb olan şərtləri qanunvericiliyə əsasən, ümumi formada (şərti olaraq) subyektə (əqdin tərəflərinə) bağlı olan, iradə ifadəsinə bağlı olan və əqdin forma və məzmununa bağlı olan şərtlərə ayırmaq olar.

36. İddiaçı Cavabdeh1 İB ilə Cavabdeh2 arasında bağlanmış qazın alqı-satqısına dair müqavilənin etibarsız hesab edilməsinə dair dəlili ondan ibarətdir ki, əvvəl onun adına olan istehlakçı kodunun sonradan Əfsanə Abdullayevanın adına dəyişdirilməsinə razılıq verməyib, 2013-cü il tarixdə səhhəti ilə bağlı xəstəxanaya yerləşdirildiyi vaxt şəxsiyyət vəsiqəsi itmiş və abonent kodunun dəyişdirilməsi həmin ərəfələrdə baş vermişdir. Başqa sözlə, iddiaçı hesab edir ki, istehlakçı hesabının Əfsanə Abdullayevanın adına keçirilməsi saxta yolla baş verib, bu əsasla da sonuncunun həmin hesabı sonradan anasının adına keçiriməyə səlahiyyəti olmadığından Cavabdeh1 İB ilə Cavabdeh2 arasında qazın alqı-satqısına dair bağlanmış müqavilə etirbarsızdır.

37. Məhkəmə iddiaçının bu dəlili ilə razılaşmır, belə ki, əvvəla sözühedən istehlakçı kodunun iddiaçının adından Əfsanə Abdullayevaının adına keçirilməsinə dair müvafiq sənədlər, yaxud keçirilməsinin saxta yolla edilməsi ilə bağlı sübutları heç bir tərəf məhkəməyə təqdim edə bilməmişdir. İddiaçı istehlakçı kodunun keçirilməsi ilə bağlı hərəkətlərin 2013-cü il tarixdə şəxsiyyət vəsiqəsinin itməsi ilə əlaqələndirsə də, Cavabdeh1 İB-nin yazılı məlumatına əsasən istehlakçı kodu Əfsanə Abdullayevaının adına xx.xx.2014-cü il tarixdə keçirilmişdir. Digər bir tərədən, işin əvvəldə də şərh edilən hallarından görünür ki, iddiaçı sözügedən istehlakçı kodunun Əfsanə Abdullayevaının adına keçirilməsini lap əvvəlcədən bilmişdir.

38. Bləliklə, şərh edilənlər əsasında məhkəmə bu qənaətə gəlir ki, cavabdehlər arasında xx.xx.2024-cü il tarixdə bağlanmış qazın alqı-satqısı barədə müqavilənin etibarsız hesab edilməsi üçün əsaslar yoxdur, müqaviləni bağlayan tərəflər müqaviləni bağlamaq üçün səlahiyyətli olmuşlar.

39. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏTETDİ:

İddia təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi (“Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılmış elektron kabinetdə yerləşirildiyi) gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar