Məhkəmə qərarları › İş №2(012)-5167/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-5167/2021

02.11.2021 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-5167/2021 02.11.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı və onun vəkili-nümayəndəsi Məmmədova Könül Rafiq qızının, Cavabdeh Barəsində Abşeron rayonu, Qobu qəsəbəsi 11 saylı Körpələr Evi-Uşaq Bağçasının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Abşeron rayonu, Qobu qəsəbəsi 11 saylı Körpələr Evi-Uşaq Bağçasına qarşı “əmrin ləğvi, işə bərpa və məcburi iş buraxma dövrü üçün əmək haqqı” tələbinə dair mülki işə 02 noyabr 2021-ci il tarixdə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Abşeron rayonu, Qobu qəsəbəsi 11 saylı körpələr evi-uşaq bağçasındakı işinə bərpa olunmağı və qanunsuz olaraq işləməkdən məhrum olduğu dövr üzrə orta aylıq əmək haqqının cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ünvanlayaraq, Barəsində ünvan 07.2021-ci il tarixli əmrinin ləğv edilməsi, onun işə bərpa olunmağı və qanunsuz olaraq işləməkdən məhrum olduğu dövr üzrə orta aylıq əmək haqqının cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, 01.08.2014-cü ildən Abşeron rayonu, Qobu qəsəbəsi 11 saylı körpələr evi-uşaq bağçasında dayə-texniki işçi kimi çalışmışdır. Cari ilin aprel ayına kimi fəaliyyətində hansısa problem yaranmasa da onun hüquqları kobud şəkildə pozulmağa başlanmışdır. Belə ki, qrup üzrə birgə işlədiyi müəllim Narıncan Məmmədli onunla kobud rəftar etməyə başlamışdır. 23 may tarixində otaqları təmizləyən vaxt otağa daxil olaraq üstünə gələrək onu kobud sözlərlə təhqir etmiş, o, da danışıqlarına fikir verməyini xahiş etsə də yenə də təhqir etməyə, üstünə gəlməyə başlamışdır. O da ailəsinin, işinin xatirinə dava düşməsin deyə cavab verməyərək əlindəki süpürgəni yerə atıb otaqdan çıxmışdır. Bu müəllimənin kobud davranışı kameralara düşsə də sonradan əldə etdiyi məlumata görə görüntüləri silmişlər. Müəllimin etdiyi pozuntu barədə aidiyyəti qaydada polisə şikayət etdikdən sonra müdir ona şikayətini geri götürməyini, bir müddət onu başqa işlərə cəlb edəcəklərini, müəllimlə vəziyyət normallaşar sonra öz qrupuna tam şəkildə qayıdacağını bildirmişdir. Dedikləri kimi də etmiş, şikayətini geri götürmüşdür. Lakin o, şikayətini geri götürdükdən sonra təhqir edən müəllimə onu qovduracağını bildirmişdir. O da bu hərəkətə çox pis olaraq müdir Kəmalə Nəcəfovaya mücariət etmişdir. Rəhbərliyə məruzə edərək hüquqlarının bərpa ediləcəyini düşünsə də müdir Kəmalə Nəcəfova da eynilə təhqir edərək, ona süpürgəçi olduğunu bildirmişdir. O da haqlı olaraq etirazını bildirmişdir. Onu qovandan sonra və ağrıları olduğundan oranı tərk etmişdir. Səhəri gün ağrıyaağrıya da olsa işə gedərək bülleten üçün müraciət etmişdir. Bülleten vaxtı iyulun beşi bitdiyi halda sonradan xəbər tutmuşdur ki, müdir öz statusundan istifadə edərək işçilərin iştirakı ilə barəsində aktlar tərtib etməyə, töhmətlər verməyə nail olmuş və 04.07.2021-ci il tarixində əmrini verərək, 14.07.2021-ci il tarixində onu qanunvericiliyin tələblərinə tam zidd şəkildə işdən çıxarmışdır. Onu da qeyd edir ki, onun səhhətiylə əlaqədar götürdüyü bülletenin vaxtı 05.07.2021-ci il tarixdə bitməsinə baxmayaraq göründüyü kimi ona töhməti, işdən çıxma əmrini məhz o bülletendə olan zaman yəni 04.07.2021-ci il tarixində veriblər ki, bu da qanunvericiliyin tələblərinə tamamilə ziddir. Onun bülleteni bitdikdən sonra, yəni 05.07.2021-ci il tarixdə işə çıxmaq istəsə də ona onu işdən çıxarıldığı bildirilmişdir. Bundan sonra aidiyyəti qaydada Cənab Prezidentə, Ombdusmana və səlahiyyətli digər şəxslərə müraciət edərək pozulmuş hüquqlarının bərpasına köməklik göstərmələrini xahiş etmişdir. Yoldaşı onun pis vəziyyətdə olduğunu görüb müdiriyyətlə əlaqə yaradaraq ailə vəziyyətini, işin əsl hallarını diqqətə almağı xahiş etdikdə yoldaşını da təhqir etmişlər. Onu işdən qeyri-qanuni çıxarmaqla yanaşı ona bu vaxta kimi əmək kitabçasını təqdim etməmişlər. O, hələ də əmək kitabçasıyla, işdən çıxma əmriylə tanış edilməmişdir, əmək kitabçama hansı maddə yazıldığını tam bilmir. Aidiyyəti qaydada əmək müfəttişliyinə də müraciət etdikdə ona bildirildi ki, kobud pozuntulara yol verməklə, kimlərəsə xəsarət yetirməklə işdən çıxarılmışdır. Hətta son-haqq hesabı da 04.08.2021-ci il tarixində hesabına yüklədiklərini bildirdikdə ona bu barədə cavabdehlə əlaqə saxlanılacağı və zəruri tədbirlər görüləcəyi deyilmişdir. Xüsusilə qeyd edir ki, o, ailəli olmaqla üç azyaşlı övladı vardır, yoldaşı ikinci qrup əlil olmaqla əmək qabiliyyətsizdir, övladından biri ürək qüsurludur və X4 dəstəyi ilə əməliyyat olunmuşdur. Bir sözlə ailədə işləyən tək odur. Abşeron Rayon İcra Hakimiyyətinə ünvanladığı qanuni müraciətimə cavab olaraq bildirilmişdir ki, 17.05.2021-ci il tarixdə təbiyəçi ilə dava saldığı üçün 24.05.2021-ci il və 26.05.2021-ci il tarixlərində qeyri-etik davranışlarına görə xəbərdarlıq olunmuş, 23.06.2021-ci il tarixdə təlim-tərbiyə prosesini pozmaq, iş yerini üzrsüz səbəbdən tərk etmək barəsində aktlar tərtib olunmuşdur. Bütün bunlarla əlaqədar olaraq Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddənin a) bəndinə əsasən töhmət, 186-cı maddənin b) bəndinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət almışdır. Barəsində hansı aktların tərtib edildiyindən, verilmiş qanunsuz töhmətlərdən xəbəri olmamışdır, sənədlərlə tanış edilməmiş, nə tərtib edilibsə qanunsuz şəkildə və gizli tərtib olunmuşdur. İş materiallarına diqqət yetirilərsə qısa müddətdə iki töhmətin verilməsi, verildiyi tarixlər açıq-aşkar göstərir ki, özlərinə haqq qazandırmaq üçün bu cür qanunsuz yollara əl ataraq onu günahkar çıxartmağa çalışmışlar. Lakin ədalətli məhkəmə araşdırması aparılarsa onu işdən qanunsuz çıxardıqları bəlli olar. Onu da qeyd edir ki, onun övladının həmin bağçaya getməsinə də imkan vermirlər. Qeyd olunanlara əsasən o, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. İddiaçı vəkili-nümayəndəsi Məmmədova Könül Rafiq qızı məhkəmə iclasında İddiaçı izahatına uyğun izahat verdi. Cavabdeh Barəsində Abşeron rayonu, Qobu qəsəbəsi 11 saylı Körpələr Evi-Uşaq Bağçasının nümayəndəsi X2 məhkəmə iclasında izahatında bildirdi ki, iddia ərizəsində qeyd olunan tələblər absurddur, iddiaçının cavabdehə qarşı olan qərəzli mövqeyidir. Belə ki, İddiaçı Qobu qəsəbəsi 11 saylı Körpələr Evi-Uşaq bağçasında tərbiyəçi-köməkçi vəzifəsində çalışmışdır. İddiaçı həmin vəzifədə çalışdığı müddətdə, xüsusilə də son dövr ərzində bağça daxili nizam-intizama əməl etmədiyi, əsaişi pozması və kollektivlə kobud və təhqiredici formada münasibətinə görə dəfələrlə xəbərdarlıq edilmiş, yeddi sayda Akt tərtib edilmiş bu kifayət etmədiyi üçün isə ilkin olaraq 18.04.2021-ci il tarixdə AR Əmək Məcəlləsinin 186-cı maddəsinin “a” bəndinə əsasən töhmət verilmiş, bu tədbir də iddiaçıya müsbət təsirini göstərmədiyi üçün 24.05.2021-ci il tarixdə AR Əmək Məcəlləsinin 186-cı maddəsinin “b” bəndinə əsasən İddiaçı qızma şiddətli töhmət verilmişdir. Bundan əlavə 24.5.2021-ci il tarixdə və 25.06.2021-ci il tarixdə Həmkarların növbədənkənar iclası keçirilmiş və müvafiq qərarlar qəbul edilmişdir.İddiaçı ilə bağça rəhbərliyi və kollektivin üzvləri tərəfindən müvafiq söhbətlər aparılmış lakin, iddiaçı etdiyi əməllərdən əl çəkməyərək kobud rəftarı ilə işçilər və rəhbərliklə mübahisə etmişdir. Bu əməli ilə o nəinki bağça işçiləri və rəhbərlik, hətta orda olan körpə uşaqlarda belə psixoloji sarsıntılar yaratmışdır. Əksər uşaqların valideynləri övladlarının İddiaçı əməlindən şikayətlənərək bağçaya getmək istəmədiklərini bildirmişlər. Eyni zamanda bağçanın kollektivi də İddiaçı barədə ciddi tədbir görülməsi üçün dəfələrlə rəhbərliyə müraciət etmişlər. İddiaçı bağça müdiri ilə mübahisə etmiş və bu azmış kimi iddiaçının özü və iddiaçının həyat yoldaşı dəfələrlə müdirin özünü və ailəsini təhdid etmişdir. İddiaçı adından göründüyü kimi Körpələr Evi və Uşaq bağçasında çalışmışdır. İddiaçının etdiyi hər bir hərəkət və etdiyi əməl, işlətdiyi qeyri etik sözlər bağçada tərbiyə alan və orada günün müəyyən vaxtını keçirən uşaqlara (körpələrə) mənfi təsir göstərmişdir. İddiaçı bülletendə olmuşdur. İddiaçıya zəng edildikdə iddiaçının qaynatası ayın 5-i iddiaçının işə çıxacağını bildirsə də, həmin vaxt işə çıxmamışdır. Bununla bağlı əmr verilmişdir. İddiaçı isə əmr verildkdən sonra bülleteni gətirmişdir. Odur ki, o, iddianın təmin edilməməsini xahiş etdi. İş materiallarında olan Abşeron rayonu, Qobu qəsəbəsi 11 saylı Körpələr Evi-Uşaq Bağçası tərəfindən verilmiş 05.07.2021-ci il tarixli, 25 nömrəli əmrindən çıxarışdan görünür ki, Qobu qəsəbəsi 11 saylı k/e/u/b-nın tərbiyəçi köməkçisi 05.07.2021-ci il tarixdən Əmək Məcəlləsinin 70 ci maddəsinin “ç” bəndinə əsasən əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyindən yaxud Əmək Məcəlləsinin 72-ci maddəsinin “ə” bəndinə istinadən əmək funksiyasını pozduğuna görə verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq 6 ay ərzində təkrarən əmək funksiyasını pozduğu üçün İddiaçı ilə bağlanan əmək müqaviləsinə xitam verilməsi, iş günlərinin hesablanması və axırıncı haqq-hesabının ödənilməsi əmr edilmişdir. Məhkəmə iddiaçını və cavabdehi dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Məhkəmədə sübutların tədqiqatı zamanı müəyyən edilir ki, Abşeron rayonu, Qobu qəsəbəsi 11 saylı Körpələr Evi-Uşaq Bağçasının rəhbərliyi AR Əmək Məcəllləsinin 70-ci maddəsinin “ç” bəndinə və 72-ci maddəsinin “ə” bəndinə istinad edərək İlham qızı ilə bağlanan əmək müqaviləsinə xitam vermiş, lakin iş materillarında olan Qobu qəsəbə xəstəxanası tərəfindən verilmiş 06 iyul 2021-ci il tarixli,082185 saylı əmək qabiliyətinin olmaması barədə vərəqəsindən görünür ki, İddiaçı bülletendə olduğu zaman işdən çıxarılması barədə 25 nömrəli, 05.07.2021-ci il tarixli əmr verilmiş və bu isə Əmək Məcəlləsinin tələblərinə tamamilə ziddir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu maddəsində qeyd olunur ki, (Əmək müqaviləsinin ləğv olunması qadağan edilən işçilər və hallar) işəgötürən tərəfindən əmək qabiliyyətini müvvəqqəti itirən işçilərin, məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Məhkəmə iş materiallarının araşdırılmasına əsasən hesab edir ki, iddiaçı iddia tələbinin əsasını məhkəmə baxışında sübuta yetirə bilmişdir. Yuxarıda sadalan iş materiallarından görünür ki, cavabdeh Barəsində Abşeron rayonu, Qobu qəsəbəsi 11 saylı Körpələr Evi-Uşaq Bağçasının rəhbərliyi tərəfindən İddiaçı işdən azad olunarkən əmək qanunverciliyinin tələblərinə düzgün əməl olunmamış, eyni zamanda Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “ə” bəndində göstərilən hallar mötəbər süburlarla təstiqini tapmamışdır. Məhkəmə, bu sadalananları cavabdeh barəsində Barəsində Abşeron rayonu, Qobu qəsəbəsi 11 saylı Körpələr Evi-Uşaq Bağçasının rəhbərliyinin əməlindəki ciddi qanun pozuntusu kimi qiymətləndirir və belə qənaətə gəlir ki, hazırki iş üzrə iddiaçının pozulmuş hüquqlarının bərpası məqsədi ilə 05.07.2021-ci il tarixli əmri ləğv edilməklə, o, öz işinə bərpa edilməli və məcburi işburaxma dövrü üçün əmək haqqlarının hesablanaraq ödənilməsi cavabdehə həvalə edilməlidir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsində qeyd olunur ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. Azərbaycan Respublikasının Əmək Məcəlləsi fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir. Azərbaycan Respublikasının Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi; mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması; maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi; əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi; əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 12-ci maddəsində qeyd olunur ki, Əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri bunlardır: əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etmək; bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək; əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq; kollektiv müqavilələrin, sazişlərin şərtlərinə, onlarda nəzərdə tutulmuş öhdəliklərə əməl etmək; fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək; işçilərin ərizə və şikayətlərinə qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada baxmaq; işçilərin əmək, maddi, sosialməişət şəraitinin, onların ailəsinin rifah halının yaxşılaşdırılması üçün müəssisənin əsasnaməsinə (nizamnaməsinə), kollektiv müqaviləyə müvafiq olaraq zəruri tədbirlər görmək; işə qəbul, işdə irəli çəkilmək, peşə hazırlığını artırmaq, yeni ixtisasa yiyələnmək və ixtisasını artırmaq zamanı, işin keyfiyyətini qiymətləndirərkən, işdən azad edərkən cinsindən asılı olmayaraq işçilərə eyni yanaşmaq və bərabər imkanlar yaratmaq; cinsindən asılı olmayaraq eyni işlə məşğul olan işçilərə eyni iş şəraitini yaratmaq, eyni pozuntuya görə işçilərə fərqli intizam tənbehi tədbirini tətbiq etməmək, cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin və seksual qısnamanm qarşısını almaq üçün lazımi tədbirlər görmək; uşaqları onların həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb etməmək; əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək; vəs. Azərbycan Respublikası Əmək Məcəlləsinin 187-ci maddəsinin (İntizam tənbehinin verilməsi qaydaları) tələbinə əsasən İntizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. İntizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir. Aazərbycan Respublikası Əmək Məcəlləsinin 189-cu maddəsinin (İntizam tənbehinin verilməsi şərtləri) tələbinə əsasən Bir intizam xətasına görə yalnız bir intizam tənbehi verilir. Bir dəfə törədilən bir intizam xətasına görə eyni zamanda bir neçə intizam tənbehi verilə bilməz. İntizam tənbehi işçiyə işdə olduğu iş günü ərzində yerilə bilər. Məzuniyyətdə, ezamiyyətdə olan, əmək qabiliyyətini müvəqqəti itirdiyi müddət ərzində işçiyə intizam tənbehi verilə bilməz. İntizam tənbehi işəgötürənin əmri (sərəncamı, qərarı) ilə verilir. İşçi həmin əmrlə (sərəncamla, qərarla) tanış edilməli və onun tələbi ilə əmrin surəti ona təqdim olunmalıdır. İntizam tənbehi verilməsi barədə əmrdə (sərəncamda, qərarda) işçinin şərəf və ləyaqətini alçaldan, onun şəxsiyyətini, mənəvi hisslərini gözdən salan, habelə intizamsızlığına görə qisas almaq motivli məlumatların göstərilməsi yolverilməzdir. Azərbycan Respublikası Əmək Məcəlləsinin 190-cu maddəsinin (İntizam tənbehinin müddəti və vaxtından əvvəl götürülməsi) tələbinə əsasən İntizam tənbehi verilən gündən altı ay müddətində qüvvədə olur. İşçi verilən intizam tənbehindən nəticə çıxararaq əmək funksiyasını yüksək səviyyədə yerinə yetirərsə, müəssisədaxili əmək və intizam qaydalarını pozmazsa işəgötürən işdə fərqləndirilmə qaydasında intizam tənbehini vaxtından əvvəl öz əmri (sərəncamı, qərarı) ilə ləğv edə bilər. İşçi intizam tənbehi verilərkən işəgötürən tərəfindən qanunvericiliyin tələblərinin və onun hüquqlarının pozulduğunu iddia edərsə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisəsinin həlli üçün məhkəməyə müraciət edə bilər. Bu Məcəllənin 294-cü maddəsində qeyd olunur ki, bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır. Əmək müqaviləsində fərdi əmək mübahisələrinin bu Məcəllə ilə müəyyən edilmiş həlli qaydalarından fərqli olan, tərəflərin hüquq bərabərliyi prinsipini və bu Məcəllə ilə nəzərdə tutulmuş əmək, sosial və iqtisadi hüquqlarını pozmayan qaydalar nəzərdə tutula bilər.Məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın çıxardığı qərar işçini və ya işəgötürəni qane etməzsə, həmin mübahisənin həlli üçün onlar məhkəməyə müraciət edə bilərlər. Bu halda məhkəməyə müraciət etmək üçün müəyyən edilmiş iddia müddəti məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın müvafiq qərar qəbul etdiyi gündən başlanır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinə uyğun olaraq fərdi əmək mübahisələri mediasiya vasitəsilə həll oluna bilər. Fərdi əmək mübahisələri ilə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Əmək Məcəlləsinin 300-cü maddəsində qeyd olunur ki, əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarım pozaraq və ya 71, 76-c.ı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. İşəgötürən və işçi fərdi əmək mübahisəsinin məhkəmədə həlli prosesində qarşılıqlı razılıqla yazılı barışıq sa'zişi bağlayarlarsa, hakim tərəflərin həmin sazişlə müəyyən edilmiş öhdəliklərin icrasının təmin edilməsi barədə qərardad qəbul edir. Qeyd: Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş «dəymiş zərərin məbləği» dedikdə işçinin işdən çıxarılması ilə əlaqədar işləmədiyi müddətin orta əmək haqqı, eləcə də işçinin iddia ərizəsi ilə tələb etdiyi mənəvi ziyanın, işsiz qalması ilə əlaqədar borc alınası, şəxsi əşyalarının satılması nəticəsində çəkdiyi, habelə digər xərclərin məcmusu başa düşülməlidi Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsinin yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı barəsində Abşeron rayonu, Qobu qəsəbəsi 11 saylı Körpələr Evi-Uşaq Bağçasının 25 nömrəli, 05.07.2021-ci il tarixli əmri ləğv edilsin, işə bərpa olunsun və qanunsuz olaraq işləməkdən məhrum olduğu dövr üzrə orta aylıq əmək haqqı cavabdehdən tutularaq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar